Löven Katolik Universiteti
Yerləşir: Belçika Krallığı,
Flandriya vilayəti, Löven
şəhəri
Yaranma tarixi: 1425-ci il
Tipi:
Özəl
İşçi heyətinin ümumi
sayı:
9560 nəfər
Tələbələrin ümumi sayı: 36923 nəfər
Ümumi büdcəsi: 646 milyon avro
Rəsmi saytı: www.kuleuven.be
Löven Katolik Universiteti (Catholic University of Leuven)
Belçikanın Flandriya siyasi-coğrafi regionunda, Löven
şəhərində yerləşir. Universitet ölkənin
ən böyük və qədim ali məktəbidir.
Kortreyk şəhərində də ali məktəbin
kampusu mövcuddur.
Böyük
Britaniyanın "Times Higher Education Supplement - QS World Universities
Rankings" jurnalının 2009-cu ildə apardığı
dünya universitetlərinin reytinqinə əsasən, Löven
Katolik Universiteti 100 ən yaxşı ali məktəb
arasında 65-ci yerdə olub. "Times Higher Education World
University Rankings"in 2010-cu il üzrə
dünyanın ən nüfuzlu universitetləri arasında
apardığı araşdırmaya əsasən Löven
Katolik Universiteti 119-cu, "QS World University Rankings"in
açıqlamasına görə isə 86-cı yerdə
olub.
Tarixi
Löven
Katolik Universitetinin tarixi üç mərhələyə
bölünür: Qədim universitet (1425-1797), Dövlət
universiteti (1816-1835), Katolik universiteti (1835-1968).
Qədim universitet: XV əsrdə Löven
şəhərinin mülki rəhbərliyi Brabanta hersoqu IV
İoannın dəstəyi ilə universitet yaradılması
haqqında Roma katolik kilsəsində Müqəddəs
Prestola (Roma katolik kilsəsinin yepiskoplar tərəfindən
idarə olunan yurisdiksiyasıdır, yepiskop burada adətən
Papa kimi tanınır) müraciət edir. 1945-ci il dekabrın 9-da Papa V Martin Lövendə
universitet (Studium Generale) yaradılması haqqında papa
bullası çıxarır. Yeni yaradılacaq
universitet yerli dini iyerarxiyalardan müstəqil olmalı idi.
Yarandığı gündən ləğv edilənədək
universitetdə dərslər latın dilində
tədris edilir. Ali məktəb ilk dövrlərdə
Fransa inqilabından sonra Fransa və Avstriya arasında
Kampo Formio sazişinə əsasən, Avstriya Niderlandı
(hazırda Belçika) Fransaya, Venesiya Respublikası isə
Avstriyaya birləşdirilir. 1797-ci il
oktyabrın 25-də Dil Departamentinin (Belçikada mövcud
olan Birinci Fransız imperiyasının departementi olub,
departamentin ərazisindən axan çayın şərəfinə
Dil adlandırılıb) fərmanına uyğun olaraq
Löven Universitetinin fəaliyyəti dayandırılır. Universitetin kitabları və digər əşyaları
müsadirə edilərək, Brüsseldəki Mərkəzi
Məktəbə köçürülür. Həmin dövrdə qüvvədə olan qanun əsasında
bu məktəb qədim Löven Universitetinin rəsmi varisi təyin
edilir, lakin məktəb 1802-ci ildə bağlanır.
Dövlət universiteti: Löven Dövlət
Universiteti 1817-ci ildə Birləşmiş Niderland
Krallığının kralı I Vilhelm tərəfindən
yaradılıb. 1830-cu ildə Belçika Niderland
Krallığından ayrılaraq müstəqillik əldə
edir. 1834-cü ildə Belçikanın
Mexlin (fransızca Malin) şəhərində Mexlin Katolik
Universiteti yaradılır. Bir il sonra
- dekabrın 1-də Mexlin Katolik Universiteti Löven şəhərinə
köçürülür və Löven Dövlət Universiteti
bağlanır. Sonradan Mexlin Katolik Universiteti isə
Löven Katolik Universiteti adlandırılır.
Katolik universiteti: Löven Katolik Universiteti
1835-ci ildən fəaliyyət göstərir. 1914-cü
ildə I Dünya müharibəsi dövründə universitet
alman ordusu tərəfindən qarət olunur, Löven şəhərinin
böyük hissəsi yandırılır. Universitet kitabxanasından 300000 kitab, eləcə də
çoxlu sayda əlyazma yoxa çıxır.
Löven Katolik Universiteti yarandığı gündən
burada dərslər fransız dilində keçilir. Universitetdə Belçika,
holland və digər rəsmi dillərdə mühazirələrə
1930-cu ildən icazə verilir. 1962-ci ildə
konstitusiya islahatlarına əsasən, universitetin fransız və
holland dilli bölmələri muxtariyyat qazanır. Fələməng millətçilər universitetin
bölünməsini tələb edir, hollandlılar fransız
dilli müəllimlərə edilən güzəşt və
imtiyazlara etirazlarını bildirirlər. Fransız
dilli sosial-coğrafiyaçının televiziya
çıxışında Löven şəhərinin
inzibati statusunun dəyişdirilməsi təklifi gərginliyi
daha da artırır, fələməngli siyasətçilər
və tələbələr etiraz aksiyaları keçirir,
nümayişlər 60-cı illərdə davam edir və
yalnız 1968-ci ildə Belçika hökuməti tərəfindən
yatırılır.
1968-ci ildə universitetin bölünməsi nəticəsində
mübahisəyə son qoyulur. Universitetin holland dilli hissəsi
Löven şəhərində qalır və Löven Katolik
Universiteti kimi fəaliyyət göstərir, fransız dilli
hissəsi isə Brüsseldən 20 km cənub-şərqdə
yerləşən Löven-la-Nev bələdiyyə şəhərində
Qrinfild kampusuna köçürülür və de Löven
Katolik Universiteti adlandırılır.
1972-ci ildə Löven şəhərindəki Löven
Katolik Universiteti universitetin "Löven tədqiqatları və
inkişafı" adlı layihə həyata keçirir. Bu layihə nəticəsində
universitetin tədqiqatları üçün bir sıra
şirkətlər milyonlarla avro vəsait ayırırlar. 1999-cu ildə
Avropanın 29 ölkəsinin iştirakı ilə Boloniya
deklarasiyası imzalanır. Deklarasiya nəticəsində
Avropada ali təhsil islahatları
aparılır, beynəlxalq əməkdaşlıq gücləndirilir,
Löven Katolik Universitetində təhsil bakalavr və
magistratura dərəcələrinə bölünür.
Hazırda bu iki - "bacı universitetlər"
arasında sıx əməkdaşlıq, tələbə
mübadiləsi aparılır və geniş əlaqələr
qurulur.
Büdcəsi və təhsil
haqqı
Löven Katolik Universitetinin illik büdcəsi 646 milyon
avro təşkil edir. Həmin məbləğin 272 milyonu dövlət vəsaiti,
259 milyonu elmi tədqiqatlar, 108 milyonu şəxsi, 7 milyonu isə
digər vəsaitlər hesabına əldə olunmuş gəlirlərdir. Universitet xəstəxanasının
illik büdcəsi isə ümumilikdə 650 milyon avrodur.
Löven
Katolik Universitetinin bakalavr pilləsində yerli və Avropa
İqtisadi Məkanına (1993-cü ildə
yaradılmış 19 ölkədən ibarət Qərbi
Avropada geniş iqtisadi birlik) daxil olan ölkələrin tələbələri
üçün təhsil haqqı 567 avrodur. Magistratura
pilləsində təhsil haqqı 1400-8750 avro arasında dəyişir.
Əksər ixtisaslar üzrə əcnəbi tələbələrin
təhsil haqqı bakalavr və magistratura pilləsində 5600
avrodur. Erasmus Mundus proqramı çərçivəsində
Avropa İqtisadi Məkanına daxil olan ölkələrin tələbələri
üçün magistratura pilləsində təhsil haqqı
1000, daxil olmayan ölkələrin tələbələri
üçün isə 7000 avrodur. Nanoelmlər
və nanotexnologiya üzrə Erasmus Mundus proqramı çərçivəsində
Avropa İqtisadi Məkanı ölkələri
üçün magistratura pilləsində təhsil haqqı
4000, əcnəbilər üçün isə 8000 avrodur.
Mühəndislik, kimya texnologiyaları üzrə
isə Erasmus Mundus proqramı çərçivəsində
Avropa İqtisadi Məkanı ölkələri
üçün 3200, əcnəbilər üçün isə
8000 avrodur. Tələbə təhsil haqqından əlavə
qeydiyyat, nəqliyyat, yataqxana, qidalanma, tibbi sığorta və
s. xərcləri də nəzərə almalıdır.
Universitet bu gün
Löven şəhəri 5 bələdiyyə vilayətindən
(Löven, Heverli, Kassel-Lo, Vilsel və Uijqmaal) ibarət
aqlomerasiyadır və Brüsseldən 30 km şərqdə
yerləşir. Löven sakit və qonaqpərvər qədim
Avropa şəhəridir. Şəhərdə
90000 nəfərdən çox əhali yaşayır. "Tələbə şəhəri"
adlandırılan Lövenin əhalisinin 46000-ni tələbələr
təşkil edirlər. Şəhərin
mərkəzində "Əbədi tələbə"
abidəsi qoyulub. Heykəl bir əlində
kitab tutur, digər əli ilə isə qədəhdən
başına "elm" tökür. Löven
şəhərində Löven Katolik Universitetinin 421
binası mövcuddur. Məşhur qotik üsluba aid Citi
Hollun yanında yerləşən orta əsrlərə aid
Klos Holl tikilisi universitetin əsas inzibati binasıdır. Həmçinin
Belçikanın Kortreyk şəhərinin cənubunda, Hoog
Kortreyk kvartalında
universitetin kampusu yerləşir.
Löven Katolik Universitetində aşağıdakı
kafedra, fakültə və institutlar fəaliyyət göstərir.
Humanitar və ictimai elmlər qrupu
İlahiyyat, Kilsə hüququ, Hüquq, Biznes və
iqtisadiyyat, İctimai elmlər, İncəsənət,
Psixologiya və pedaqogika elmləri fakültələrindən,
KADOC-Din, Mədəniyyət və Cəmiyyət Sənədləşməsi
və Tədqiqatı Mərkəzindən, Fəlsəfə,
Löven Xarici Dillər
institutlarından ibarətdir.
Dəqiq elmlər, mühəndislik və texnologiya qrupu Dəqiq elmlər, Mühəndislik,
Bioelmlər mühəndisliyi, Memarlıq, şəhərsalma
və regional planlaşdırma, Biologiya, Biosistemlər,
Mülki tikinti, Kimya, Kimya texnologiyası, Kompüter elmləri,
Yer və ətraf mühit haqqında elmlər,
Elektrotexnika, Metallurgiya və
materialşünaslıq, Mikrob və molekulyar sistemlər,
Fizika və astronomiya, Riyaziyyat, Maşınqayırma fakültələrindən,
Dəqiq Elmlər, Texnologiya və Etika Mərkəzindən ibarət
Biotibbi elmlər qrupu Tibb, Əczaçılıq,
Kineziologiya və reabilitasiya elmləri fakültələrindən, Kəskin tibbi elmlər, Biotibbi
kineziologiya, Eksperimental tibb, Əczaçılıq elmləri,
Ürək-damar xəstəlikləri, Cərrahiyyə,
İnsan kineziologiyası, Səhiyyə, Tibbi diaqnostika elmləri,
İnsan genetikası, Mikrobiologiya və immunologiya, Molekulyar və hüceyrə
biologiyası, Əzələ-sümük, Neyroelmlər,
Onkologiya, Patofiziologiya, Reabilitasiya elmləri, Stomatologiya,
patalogiya və çənə-üz cərrahiyyəsi,
Qadın və uşaq departamentlərindən, Gövdə
Hüceyrəsi İnstitutundan, İnfeksion xəstəliklər,
Fiziki fəallıq və Sağlamlıq mərkəzlərindən
ibarətdir.
Universitetdə,
həmçinin Avropa Etika, Universitet Statistika, Aqrar Tarix,
LUKAS-Qayğı Tədqiqatları və Məsləhətləşmə
mərkəzləri, HIVA-Əmək və Cəmiyyət Elmi-Tədqiqat, Energetika institutları mövcuddur.
Löven Katolik Universiteti özəl olsa da,
universitetin tədris proqramları və diplomları
bütövlükdə Flandriya dövləti tərəfindən
akkreditə olunub. Universitetə TEMPUS və Erasmus, tələbə
mübadiləsi proqramları çərçivəsində
əcnəbi tələbələr qəbul olunurlar. Ali məktəbdə dərslər holland dilində
keçilməklə yanaşı, ingilis dilində də
proqramlar təklif olunur. Bakalavr pilləsində
təhsil 3 ildir və bu mərhələdə dərslər,
əsasən, holland dilində keçilir. Yalnız Fəlsəfə İnstitutunun və
İlahiyyat fakültəsinin bakalavr pilləsində
bütöv ingilis dilində proqramlar mövcuddur. Diplomdan sonrakı təhsildə isə əcnəbilər
üçün geniş imkanlar yaradılıb və tədris
holland dili ilə yanaşı, ingilis dilində
aparılır.
Diplomdan
sonrakı təhsil, bir çox ölkələrdə
olduğu kimi, iki pillədən ibarətdir - magistratura (1 və
ya 2 il) və doktorantura (PhD). Hər iki pilləni bitirərkən dissertasiya
müdafiə edilir. Bu ali məktəbdə
ingilis dilində 70-dən çox beynəlxalq proqram (ixtisas) təklif
olunur. Universitetdə tələbələrin
müstəqil işinə, tədqiqatlarına xüsusi diqqət
ayrılır. Tədris metodikası iki variantda təqdim
edilir: klassik mühazirə-monoloq və dərsliklərlə
iş. Löven Katolik Universitetinin doktorantlar
üçün 3 məktəbi mövcuddur. Bunlar Dəqiq
Elmlər, Mühəndislik və Texnologiya, Biotibbi Elmlər,
Humanitar Elmlər və İncəsənət doktorantura məktəbləridir.
Məktəbin vəzifəsi milli və beynəlxalq
səviyyədə elmlər namizədlərinin təhsilini,
onların bütün sahələrdə akademik karyera əldə etmələrini
təmin etməkdir.
Löven Katolik Universitetinin hazırkı
kitabxanasının yaranma tarixi 1834-cü ilə təsadüf
edir. Naamsestraat binasındakı kolleksiya XVII əsrdən
toplanmağa başlanıb. Qədim
universitetə məxsus arxivlər hazırda Belçika Milli
Arxivinin əsas hissələrindən biridir. I Dünya müharibəsi zamanı universitet
kitabxanası dağıdıldıqdan sonra 1921-1928-ci illərdə
Ladeuzepleində amerikalı memar Uitni Uorren tərəfindən
yeni kitabxana binası tikilir.
Həmin bina hazırda universitetin ən
böyük tikililərindən biridir.
Dünyanın əksər ölkələrindən olan
insanlar universitetin kitabxanasına edilən vandalizm aktından bərk
hiddətlənirlər və onların verdiyi ianələr nəticəsində
kitabxana kolleksiyası bərpa olunur. Lakin 1940-cı ildə alman ordusunun
Löven şəhərinə hücumu nəticəsində
kitabxana binası yandırılır, 900000 əlyazma və kitab məhv
edilir. Müharibədən sonra isə bina
Uorrenin dizaynına uyğun olaraq bərpa edilir və 1968-ci ildə
kitabxana 4 milyondan çox kitaba malik olur. Həmin il universitetin holland və fransız dilli hissələrə
ayrılmasından sonra kitabxana kolleksiyası da iki yerə
bölünür.
Universitetin kitabxana sisteminə hazırda Mərkəzi,
Humanitar, İncəsənət, Biznes və iqtisadiyyat, Fəlsəfə,
Hüquq, Psixologiya və pedaqogika, Sabbe ilahiyyat, İctimai,
Biotibbi elmlər, Arenberq, Kortreyk kitabxanaları daxildir. Ümumilikdə kitabxana
kolleksiyasına 4,3 milyon cild kitab, 14500
jurnal, 7492 tam mətnli elektron jurnal daxildir. Təkcə Mərkəzi
kitabxananın kolleksiyası 1300000-dən çox materialdan
ibarətdir,
İlahiyyat kitabxanası isə bu sahə üzrə
Avropanın ən zəngin
kitabxanalarından biridir.
Löven Katolik Universitetinin müəllim və tələbələri
vəzifələrinin icrasında akademik sərbəstliyi,
eyni zamanda məsuliyyətliliyi ilə seçilir. Universitetin
müəllimləri arasında gənc kadrlara geniş yer
ayrılıb. Löven Katolik Universitetinin
rektoru hazırda professor Mark Vaerdir. Ali məktəbin
əməkdaşlarının ümumi sayı 9560 nəfərdir.
Onların 1463 nəfəri böyük akademik, 5136 nəfəri
kiçik akademik, 3098 nəfəri isə inzibati heyətdir. Universitet xəstəxanasında 8500-dən çox
işçi çalışır.
Löven Katolik Universitetində ümumilikdə 36923 tələbə
təhsil alır, onlardan 5078 nəfəri əcnəbi tələbələrdir. Tələbələrin
2518 nəfəri Avropa Şurasına daxil olan, 2560 nəfəri
isə dünyanın digər ölkələrindən olan
gənclərdir.
Löven şəhərində tələbələrə
uyğun qiymətə geniş spektrdə universitet və
özəl yataqxanalar təklif
olunur. Mənzil idarəsi otaqla təmin olunmaqda tələbələrə
yardım edir. Tələbələrin
Löven şəhərinə gəlməmişdən
öncə yataqxana ilə bağlı universitetə müraciət
etmələri daha məqsədəuyğundur. Yaşayış yeri tapmaq üçün ən
çətin vaxt sentyabr ayıdır. Universitet
yataqxanaları 20-dən başlayaraq 400-ə qədər otağa
malikdir. Mətbəx və hamam otaqları
ümumidir. Löven Katolik Universiteti Erasmus proqramı
çərçivəsində təhsil alan
əcnəbi tələbələrin məskunlaşmaları
üçün 1200 yataqxana otağının 200-nü
ehtiyat kimi ayırıb. Mübadilə proqramı çərçivəsində
təhsil alan tələbələr
universitet yataqxanalarında qala bilməzlər, onlar özəl
mənzillərdə məskunlaşdırılır. Universitet yataqxanalarında ailəli tələbələr
üçün də otaqlar mövcuddur. Yataqxanalarda
mebel, avadanlıqlarla təchiz edilmiş, ümumi mətbəx
və vanna otağından ibarət bir otağın (başqa
tələbələrlə bir yerdə qalmaq şərti ilə)
aylıq qiyməti 260-300, ayrıca mətbəx və vanna
otağı olan, mebel və avadanlıqlarla təchiz
edilmiş otağın aylıq qiyməti isə 400-500 avrodur.
Adətən tələbələr boş
vaxtlarını dostları ilə birgə Löven şəhərini
gəzməklə, şəhərin kafelərində söhbət
etməklə keçirirlər. Tələbələrin
toplaşdıqları ən məşhur məkan Qədim
Bazar Meydanıdır. Tələbələr
kinoteatrda vaxtlarını keçirməyi də çox
sevirlər. Şəhərin böyük
kinoteatrı 8 kino zalından ibarətdir və burada ən yeni
filmlər nümayiş olunur. Şəhərdə
video-studiyalar da fəaliyyət göstərir. İyul-avqust aylarında Löven şəhəri
konsert meydanına çevrilir - hər kəs sevdiyi musiqini
canlı dinləmək fürsəti qazanır, rok, caz, blyuz,
Latın-Amerika, klassik musiqi festivalları təşkil edilir.
Tələbələr ekskursiyalara getməyi, səyahət
etməyi də çox sevirlər.
Avropanın aparıcı elmi-tədqiqat mərkəzlərindən
biri olan Löven Katolik Universiteti Koimbra (aparıcı Avropa
universitetlərindən ibarət şəbəkə), LERU
(Avropa Tədqiqat Universitetləri Liqası) qruplarının
üzvüdür. Universitet İsa peyğəmbərin
anası Müqəddəs Mariyanın şərəfinə
fəaliyyət göstərir və bu, onun emblemində də
təsvir edilib. Ali məktəbin devizi isə
"Müdriklik taxtı" sözləridir. Hər il fevralın 2-də universitetdə Müqəddəs
Mariyaya həsr olunmuş təntənəli mərasim
keçirilir. Həmin gün universitet fəxri
doktor mükafatı təqdim edir. Bu ali məktəb
katolik universitet olduğu üçün elm və din
arasındakı əlaqələrlə məşğul olur,
kilsə və dünya arasında dialoq yaratmağa
çalışır, eləcə də bəşəriyyətin
elmi və mədəni inkişafında fəal iştirak edir.
Universitetin məşhur məzunları
VI
Adrian Roma papası
Herman
van Rompey 2009-cu ildən
Avropa Şurasının
prezidenti
Otto fon Qabsburq müasir Qabsburqlar
ailəsinin başçısı,
Avstriya
və Macarıstan kralı I Karlın böyük oğlu
Rafael Anxel Kalderon Quardiya Kosta-Rikanın sabiq prezidenti
Frans van Kauvelaert siyasi xadim
Əbdül Qədir xan Pakistanın nüvə
silahı proqramının
yaradıcısı
Piter de Somer Löven Katolik Universitetinin birinci rektoru
Patrik Frensis Hili Corstaun Universitetinin
29-cu prezidenti
Kristian de Duve tibb üzrə Nobel
mükafatı laureatı
Andreas
Vasalius müasir anatomiyanın
atası
Venq Venhao Çin coğrafiyasının
banisi
Karl
Jan de
Mauris Entoni Bio Belçika-Amerika fiziki, poroelastiklik
nəzəriyyəsinin banisi
Andre Qoffeau mayanın DNT kodunun
kəşfində iştirak
etmiş alim
Corc Lemetr keşiş, astronom
Rembert Dodoens botanik
Yustus Lipsius humanist
Antuan Verqote ilahiyyatçı, filosof,
psixoloq və
psixoanalitik
Leonardus Lessius etik və iqtisadçı
Antanas Baranaukas Polşa-Litva şairi
Albrext Rodenbax şair
Emil Cozef Dillon yazıçı və jurnalist
Universitetin fəxri doktorları
Meri Robinson İrlandiyanın sabiq prezidenti
Patriarx I Varfolomey dünya ortodoks xristianlarının lideri,
Konstantinopol kilsəsinin rəhbəri
Oskar Arnulfo Romero
San-Salvador arxiyepiskopu,
insan hüquqları müdafiəçisi
Karla
Del Ponte BMT-nin beynəlxalq cinayət hüququ
tribunalının baş prokuroru
Helmut Koll Almaniyanın sabiq kansleri
Helmut Şmidt Almaniyanın sabiq kansleri
Rocer Penrouz Oksford Universitetinin
riyaziyyat-fizika
üzrə professoru
Timoti Qarton Eş Oksford Universitetinin
Avropa tədqiqatları
üzrə
professoru
Mario Varqas Lyosa
Nadin Qordimer Cənubi Afrika yazıçısı, ədəbiyyat
üzrə Nobel
mükafatı laureatı
Con Breytueyt Avstraliya kriminalisti,
ədalətli və sülhpərvər
ideyaların müəllifi
Jak Derrida fransız filosof
Marta
Nussbaum Amerika filosofu,
Çikaqo Universitetinin
əməkdaşı
Roberto
Beninyi İtaliya aktyoru və rejissoru
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2011.-
11 fevral.- S.18-19.