Almaniyada təhsil
sistemi
Almaniya Federativ
Respublikası
Ərazisi: 357 min kv. km.
Əhalisi: 82 milyon nəfər
Dövlət dili: Alman dili
Paytaxtı:
Pul vahidi: Avro
Almaniya ideyalar ölkəsidir.
Burada təhsilə, elmə və elmi tədqiqatlara hər
zaman xüsusi diqqət ayrılıb. Ölkədə 50 mindən
çox orta məktəb, 3000 mindən artıq gimnaziya
mövcuddur. Bu tədris müəssisələrində
12 milyondan çox şagird təhsil alır. 370 ali təhsil
müəssisəsi, o cümlədən elmlər namizədi
hazırlayan 140 universitet və təxminən 200
ixtisaslaşmış ali təhsil ocağı fəaliyyət
göstərir. Bundan əlavə, ölkədə 63 özəl
universitet və 40-dan artıq dini təmayüllü ali məktəb
var. Ölkənin demək olar ki, hər bir iri şəhərində
ali təhsil müəssisəsi mövcuddur. Təhsil sistemi mərkəzləşmiş
qaydada idarə olunmur. Federal torpaqların hər birinin
müvafiq idarəetmə strukturları fəaliyyət
göstərir. Bu səbəbdən ölkənin, müxtəlif
əyalətlərində təhsilalma şərtləri və
təhsil proqramları arasında fərqlər
mövcuddur.
Məktəbəqədər
təhsil
Almaniyada uşaqların məktəbəqədər
təhsili icbari təhsil sisteminə daxil
olmadığından məcburi deyil. Yalnız zəif
inkişaf etmiş azyaşlı uşaqların təhsili
istisnadır. Belə ki, məktəbə yeni gedən uşaq
hər hansı səbəbə görə öz
yaşıdlarından geri qalırsa, o zaman xüsusi məktəbəqədər
siniflərdə (vorklassen) və ya məktəbdaxili uşaq
bağçalarında (schulkindergarten) birinci sinfə
hazırlıq kursu keçir. Uşaq
bağçalarının (kindergarten) təqribən 20 faizi
dövlətin, qalan 80 faizi isə kilsənin, xeyriyyə cəmiyyətlərinin
və yerli hakimiyyət orqanlarının (bələdiyyələrin)
himayəsindədir. Bundan əlavə, uşaq
bağçaları müəssisə və təşkilatlar
tərəfindən də
yaradıla bilər.
Bağçalara 3
yaşından 6 yaşadək uşaqlar qəbul edilir.
Uşaqların bağçalarda saxlanılması xərcləri
yerli hakimiyyət orqanları, məktəbəqədər təhsil
müəssisəsi və valideynlər tərəfindən
ödənilir. Valideynlərin xərcləri ailənin gəlirindən,
ailə üzvlərinin və ya ailədəki
uşaqların sayından asılıdır.
Orta təhsil
Almaniyada bütün uşaqlar altı
yaşından etibarən 9 il ərzində icbari qaydada məktəbə
getməlidirlər. Dövlət məktəblərində təhsil
pulsuzdur. Adətən, uşaqlar 4 il ibtidai məktəbdə
oxuyurlar. Sonra onlar müxtəlif növ məktəblərə
- əsas məktəb, real məktəb və gimnaziyaya daxil
olurlar. Məktəblər şagirdlərin bacarıqlarına
olan tələblərə, həmçinin nəzəri və
praktik təlim nisbətinə görə bir-birindən fərqlənirlər.
Bundan əlavə, ölkədə birləşmiş məktəblər
mövcuddur. Burada bütün növ məktəblərin
şagirdləri paralel şəkildə təhsil alır, bir
məktəbdən digərinə keçə bilirlər. Əsas
məktəbdə V sinifdən X sinfə qədər təhsil
icbari, X sinifdə isə könüllüdür. Real məktəbdə
şagirdlər V sinifdən X sinfə qədər oxuyur və
sonda kamillik attestatı alırlar. Gimnaziyada federal torpaqdan
asılı olaraq tədris XII-XIII siniflərə qədər
aparılır və kamillik attestatının alınması
ilə başa çatır. Bu attestat ali təhsil müəssisəsinə
daxil olmaq hüququ verir.
Məktəblərin əksəriyyətində dərslər
günün birinci yarısında aparılır. Məktəb
təhsili torpaqların səlahiyyətinə daxildir. Məktəb
siyasəti isə təhsil və mədəniyyət nazirliklərinin
Daimi Şurası tərəfindən əlaqələndirilir.
Peşə təhsili
Almaniyada peşə təhsili sahəsində
dual sistem geniş yayılıb. Bu sistemin təməlində
nəzəriyyə ilə təcrübənin
qarşılıqlı əlaqəsi prinsipi dayanır. Burada
tərəflərdən biri peşə məktəbi, digəri isə təlim müəssisəsidir.
Gənclərin təxminən yarısı məktəbdən
sonra dual sistem çərçivəsində dövlət tərəfindən
tanınmış 350 rəsmi peşədən birinə yiyələnir.
Peşə təhsili orta məktəblərdə tədris
olunan təhsildən fərqlənir. Peşə təhsilinə
yiyələnənlərə həftədə 3-4 gün
müəssisələrdə təcrübə keçilir və
bir-iki gün isə peşə məktəbində nəzəri
biliklər verilir. Təhsil müddəti 2 ildən
3,5 ilə qədərdir.
Texniki peşə
təhsili bu məktəblərdə təhsil xərclərini
öz üzərinə götürən dövlət və
müvafiq müəssisələr tərəfindən
şagirdlərə ayrılan pul mükafatları hesabına
maliyyələşdirilir. Hazırda 500 mindən çox
müəssisə və dövlət xidməti sistemi gənclərin
peşə təhsilinə yiyələnmələri ilə məşğuldur.
Şagird yerlərinin 80 faizdən çoxunu kiçik və
orta şirkətlər təqdim edirlər. Dual sistemin sayəsində
Almaniyada peşəsi və ya müəssisələrdə
şagirdlik yeri olmayan gənclərin sayı o qədər də
çox deyil. Bu ölkədə 15-19 yaşındakı gənclər
arasında bu göstərici cəmi 4,2 faiz təşkil edir.
Nəzəriyyə ilə təcrübənin əlaqələndirilməsi
peşəkarların və fəhlələrin yüksək
ixtisasa yiyələnmələrini təmin edir. Peşə təhsili
usta olmaq imkanı verən karyeranın
başlanğıcı hesab edilir. Peşə təhsilinin səviyyəsinin
artırılması üzrə həyata keçirilən
müxtəlif tədbirlər universitetlərdə magistr dərəcəsi
almaq imkanı da yaradır.
Ali təhsil
Qloballaşma Almaniyanın elmi və ali təhsili
qarşısında yeni tələblər qoyur. Müvafiq
islahatlar nəticəsində universitetlər ali təhsil
sistemini yeni beynəlxalq tələblərə
uyğunlaşdırmağa başlayıblar. Buraya
çoxpilləli təhsil sistemi (bakalavr və magistratura), ali
təhsilin ödənişli olması, qəbul testləri, universitetlər
və qeyri-universitet müəssisələri ilə strateji tərəfdaşlığın
gücləndirilməsi aid edilə bilər. Bütün
bunların sayəsində ali təhsil böyük dəyişikliklərə
məruz qalıb.
Almaniyada verilən elmi dərəcələr
digər Avropa ölkələrindən bir qədər fərqlidir.
Ali məktəblərin riyaziyyat, təbiət elmləri,
iqtisadiyyat və sosiologiya fakültələrinin məzunları
ali təhsil haqqında dövlət diplomu alırlar. Humanitar
fakültənin tələbələrinə təhsillərini
bitirdikdən sonra, adətən, magistr (magister artium) dərəcəsi
verilir. Bundan sonra aspiranturaya (promotion) daxil olaraq doktorluq dərəcəsi
(doktor) almaq mümkündür. 2010-cu ildən Almaniya
universitetlərinin fakültələri əsasən bakalavr və
magistr dərəcələri (beynəlxalq nümunəli)
almaq imkanı verən təhsil sisteminə keçməyə
başlayıblar. Bu, Avropa dövlətlərinin qoşulduqları Boloniya prosesinə uyğundur.
Almaniyada ali
təhsil müəssisələrinə qəbulun ümumi
standartları müəyyən edilib. Belə ki, universitetə
daxil olarkən gimnaziyada və ya gimnaziya proqramı üzrə
əsas və ya real məktəbdə təhsilin nəticələrinə
uyğun verilən sənəd (abitur diplomu) əsas
götürülür. Abitur diplomu ilə təsdiqlənmiş
təhsil standartlarına uyğunluq, adətən, universitetə
imtahansız qəbul olmaq
imkanı verir.
Almaniya ali
təhsilinin əsas prinsipi "akademik sərbəstlik"
sistemidir. Bu sistem hər bir tələbəyə
öyrənmək istədiyi fənlərin
siyahısını müəyyənləşdirmək
imkanı yaradır. Almaniyanın ali təhsili təlim prosesi
ilə elmi tədqiqatların birləşdirilməsini də
nəzərdə tutur. Belə ki, universitetlərdə hər
semestr mühazirə (14-20 həftə) və qeyri-mühazirə
dövrlərindən ibarətdir. Qeyri-mühazirə
dövründə tələbələr müstəqil elmi işlə məşğul olurlar.
Ali təhsilin ilk pilləsi
baza dövrüdür (grundstudium). Bu pillədə təhsil
adətən dörd semestrdir (iki tədris ili) və aralıq
imtahanlarının (diplom - vorprüfung, zwischenprüfung)
verilməsi ilə başa çatır. Bu imtahanları
uğurla verən tələbələr ikinci pillədə
(hauptstudium) təhsilini davam etdirmək hüququ qazanırlar.
Bu pillədə təhsil daha beş semestr davam edir və
ixtisasın daha dərindən öyrənilməsini nəzərdə
tutur. O, adətən, buraxılış imtahanı ilə
başa çatır. Bir sıra ixtisasların (pedaqogika, tibb,
hüquq) məzunları buraxılış imtahanı qismində
dövlət imtahanı
(staatsexamen) verirlər.
Yuxarıda qeyd
etdiyimiz kimi, ikinci pillənin yekunlarına əsasən
universitetlər daha çox bakalavr (bachelor) dərəcəsi
verirlər. Bunun üçün universitetdə 3-4 il ərzində
təhsil almaq zəruridir. Bundan sonra məzunlar, adətən,
peşəkar fəaliyyətə başlayırlar. Magistr
(Master) dərəcəsi namizədin verdiyi magistr
imtahanları əsasında təqdim olunur. Təlim kursu iki əsas
ixtisası və ya bir əsas və iki əlavə
ixtisası əhatə edir. Universitetlərin əksəriyyətində
magistr dərəcəsi yeni tətbiq olunmağa
başlayıb. Yaxın gələcəkdə
magistraturanı bitirənlərə verilən sənədin,
diplomu tamamilə əvəz edəcəyi nəzərdə
tutulub.
Ali təhsilin
üçüncü pilləsi aspiranturadır (promotion).
Doktorluq dərəcəsinin alınması məqsədilə
dissertasiya hazırlığı yalnız universitetlər tərəfindən
həyata keçirilir. Elmi tədqiqatın aparılması ilə
əlaqədar dissertasiyanın hazırlanması magistr dərəcəsi
alandan sonra 2-4 il ərzində davam edir. Dissertasiyanın
yazılmasının və şifahi imtahanın uğurla
verilməsinin nəticələrinə əsasən
doktorluq dərəcəsi
verilir.
Almaniyada təhsilin
ödənişli olması haqqında uzun müddət davam
edən müzakirələr (Studiengebühren) nəticəsində
təhsil qismən ödənişli olub. 2005-ci ildə Federal
Konstitusiya Məhkəməsinin qərarı ilə təhsilə
görə ödənişə qoyulan qadağa aradan götürülüb.
Son illərə qədər
Almaniyada ali təhsil yalnız dövlət tərəfindən
maliyyələşdirilirdi. 2007-ci ildən etibarən
Baden-Vürtemberq, Bavariya, Hamburq, Aşağı Saksoniya və
Şimali Reyn-Vestfaliya torpaqları birinci semestrdən etibarən
universitetlərdə ödənişli təhsil tətbiq etməyə
başlayıblar. Məbləğ əsasən bir semestr
üçün 500 avro təşkil edir. Təhsilin maliyyələşdirilməsi
məqsədilə bu torpaqlar dövlət zəmanəti ilə
kredit də təklif edirlər.
Bundan əlavə, dərsliklərə
çəkilən xərclər bir semestr ərzində təqribən
200 avro və tibbi sığorta haqqı isə bir semestr
üçün 280 avro məğləğində (qiymətlər
tədris ilinə görə dəyişə bilər) müəyyən
edilib.
Ölkənin özəl təhsil müəssisələri
uzun müddətdir təhsili ödənişli əsaslarla həyata
keçirirlər. Məsələn, ingilis dilində magistr
proqramları il ərzində 4-15 min avroya və daha artıq məbləğə
başa gəlir.
Universitetlər
Qeyd etdiyimiz kimi, hazırda Almaniyada təqribən
370 ali təhsil müəssisəsi, o cümlədən elmlər
namizədi hazırlayan 140 universitet və təxminən 200
ixtisaslaşdırılmış ali təhsil ocağı fəaliyyət
göstərir. Bundan əlavə, ölkədə 63 özəl
universitet və 40-dan artıq dini təmayüllü ali məktəb
var. Universitetlərin böyük əksəriyyəti dövlətə
məxsusdur və vətəndaşlığından, eləcə
də milli mənsubiyyətindən asılı olmayaraq
bütün tələbələr üçün
açıqdır.
Almaniya universitetləri 12500-dən
artıq müxtəlif ixtisas üzrə təhsil təklif
edirlər. Təkliflərin əksəriyyəti əcnəbi
tələbələr üçün nəzərdə
tutulub. Bundan başqa, ötən illər ərzində
çoxlu sayda strukturlaşdırılmış və əcnəbi
tələbələr üçün ideal şərtlərə
malik aspirant proqramları
yaradılıb.
Onu da
qeyd edək ki, Almaniyanın ən qədim universiteti
1386-cı ildə yaradılmış Karl Ruprext adına
Heydelberq Universitetidir. Tələbələrinin sayına
görə ölkənin ən böyük universiteti Lüdviq - Maksimilian
adına Münhen Universitetidir ki, burada 44400 tələbə təhsil
alır. Ən güclü elmi-tədqiqat potensialına malik
universitet isə Axen şəhərində yerləşən
Reyn-Vestfal Ali Texniki Məktəbidir.
Almaniya universitetləri ("vahid elmi tədqiqatlar
və tədris" prinsipinə əsasən) yalnız ali təhsil
müəssisəsi deyil, həmçinin qabaqcıl elmi tədqiqatlar
mərkəzidir. Ölkə daxilində və xaricində
alimlərlə elmi tədqiqat müəssisələri
arasındakı sıx əməkdaşlıq bunun
üçün geniş imkanlar yaradır. Ali təhsil məktəbləri
dövlətdən, fondlardan və üçüncü
şəxslərdən (elmi tədqiqatların sifarişçilərindən)
maliyyə vəsaitləri alırlar. Universitetlərin
fakültə və kafedraları əsasən
aşağıdakı ixtisaslar üzrə
ixtisaslaşıblar: tibb, təbiət və texniki elmlər,
incəsənət və humanitar elmlər,
hüquqşünaslıq, ilahiyyat, iqtisadiyyat, sosial elmlər,
kənd təsərrüfatı və meşəçilik.
Klassik universitetlər sırf elmə
üstünlük verərək qədim dünya tarixindən
iqtisadiyyata qədər bütün növ ixtisaslar təklif
etdiyi halda, texniki universitetlər daha çox mühəndislik
və təbiət elmlərinin öyrənilməsinə diqqət
ayırırlar. Texniki universitetlər alman mühəndislik sənətinin
əsas mərkəzi kimi böyük nüfuza malikdirlər. Bu universitetlərə daha çox əcnəbi
tələbələr maraq göstərirlər.
Ötən əsrin 60-cı illərinin
sonundan ölkədə ixtisaslaşdırılmış
universitetlər (İU) inkişaf etməyə başlayıb.
Almaniyadakı bütün tələbələrin demək
olar ki, üçdə biri peşəkar akademiya adlanan və
müəssisələrlə sıx əməkdaşlıq
edən bu cür universitetlərdə təhsil alırlar. Sənətə
qısa zamanda yiyələnmək imkanı yaradan
ixtisaslaşdırılmış universitetlərdə təhsil
müddəti 3 ildir. Ciddi şəkildə təşkil
edilmiş təlim kursları və aralıq imtahanlar təhsilin
orta müddətini qısaltmaq imkanı yaradır. Lakin bu,
elmi fəaliyyətdən imtina edilməsi kimi başa
düşülməməlidir. Belə ki, ölkənin təqribən
200 ixtisaslaşdırılmış universitetində elmi tədqiqatlar
aparılır. Onlar əsasən sənayenin
ehtiyaclarını ödəmək üçün nəzərdə
tutulduğundan tətbiqi xarakter daşıyırlar.
Almaniyanın 167 tətbiqi elmlər universiteti (Fachhochschulen) tələbələrə
peşə təhsili təklif edir. Bu universitetlərdə tədris
kursunun müddəti qısadır və elmi-tədqiqat
universitetlərindən fərqli olaraq daha çox praktik
yönümlüdür. Həmin universitetlərdə aspirantura
yoxdur.
Almaniyanın 57 ali incəsənət və musiqi təhsili müəssisəsi
yaradıcılıq peşələri (rəssamlıq,
qrafika, dizayn, heykəltəraşlıq, bədii tərtibat,
fotoqrafiya, kino, musiqi) üzrə akademik təhsil təkilf
edir. Bu universitetlərdəki təhsil peşəkar rəssam
və musiqiçilər, eləcə də bədii-estetika fənləri
üzrə müəllim yetişdirməyə yönəlib.
Son vaxtlar hər bir konkret universitetdə təhsilin
keyfiyyətinin obyektiv qiymətləndirilməsi tendensiyası
geniş yayılıb. "Die Zeit" qəzeti ilə Ali məktəbin
inkişaf mərkəzinin (CHE) birgə
hazırladıqları reytinq buna misal ola bilər. Ənənəvi
olaraq bu reytinqdə ən yaxşı mövqeləri
Baden-Vyurtemberq, Bavariya, Meklenburq-Şərqi Pomeraniya, Turinqiya və
Saksoniya torpaqlarının universitetləri tuturlar.
Ötən əsrin 70-ci illərindən
etibarən dövlət və dini universitetlərlə
yanaşı, dövlət tərəfindən
tanınmış bir sıra özəl universitetlər də
fəaliyyətə başlayır. Hazırda Almaniyada 130
özəl ali təhsil müəssisəsi (əsasən
kiçik), o cümlədən 10 özəl universitet fəaliyyət
göstərir. Bunlara Oestrix-Vinkeldə yerləşən
Avropa Biznes Məktəbini, Vitten-Herdekke Özəl
Universitetini, eləcə də 12 dini universiteti misal çəkmək
olar. Lakin bir çox digər ölkələrdən fərqli
olaraq Almaniyada özəl universitetlər böyük
nüfuza malik deyillər. Tələbələrin 90 faizdən
çoxu dövlət universitetlərində təhsil
alır. Buna səbəb dövlət universitetlərinin
dövlətin nəzarəti altında fəaliyyət
göstərməsi və fəaliyyətlərinin dövlət
tərəfindən əlaqələndirilməsidir. Bundan
başqa, dövlət universitetləri ali məktəbə
daxil olmaq hüququ verən kamillik attestatına (və ya orta təhsil
haqqında şəhadətnaməyə bərabər tutulan
hər hansı bir sənədə) malik hər bir şəxs
üçün açıqdır.
Almaniyada 39 aspirant məktəbi fəaliyyət
göstərir. Onlar "Əla keyfiyyət təşəbbüsü"
çərçivəsində dövlət tərəfindən
dəstəklənirlər. Bu məktəblər 3-illik
aspirant proqramları təklif edirlər. Aspirant məktəbləri
ilə yanaşı, ölkədə ali təhsilli şəxslər
üçün 226 təhsil müəssisəsi (GRK - Almaniya
elmi-tədqiqat cəmiyyətinin (DFG) dəstəklədiyi
nisbətən dar tematik yönümlü) fəaliyyət
göstərir. Bu universitetlərdən 59-u digər ölkədə
ali təhsil almış şəxslər (IGK)
üçün nəzərdə tutulub. IGK - müxtəlif
ölkələrin bir və bir neçə universitetinin alman
universitetlərindən biri ilə əməkdaşlıq etməsi
deməkdir.
Son zamanlar ölkə üzrə
universitetlərə daxil olmaq istəyənlərin
sayının çoxluğu bir neçə ixtisas üzrə
ali təhsil ocağına qəbula say məhdudiyyəti
(Numerus clausus) qoymaq zərurəti yaradıb. 2005-ci ildən
etibarən bəzi ixtisaslar üçün "20-20-60"
qaydası qüvvəyə minib. Qaydaya əsasən yerlərin
20 faizi ən yüksək bal toplayan və öz istədikləri
universiteti seçmək hüququ qazanan abituriyentlərə
verilir. Yerlərin qalan 20 faizi gözləmə müddətinə
müvafiq olaraq təqdim edilir. Universitetlərdəki yerlərin
60 faizi isə ali məktəblər tərəfindən
abituriyentin attestatdakı orta balına və universitetin meyarlarına əsasən
bölüşdürülə bilər.
Almaniya ali
təhsil almaq istəyən istənilən gənc
üçün cəlbedici ölkədir. O, ABŞ və
Böyük Britaniyadan sonra əcnəbi tələbələrin
ən çox axın etdiyi üçüncü dövlətdir.
Bu gün alman universitetlərində 240 min əcnəbi tələbə
təhsil alır. Bu, 1995-ci ilin göstəricisi ilə
müqayisədə 70 faiz çoxdur. Onların hər
dörd nəfərindən biri Almaniyada müvafiq kamillik
attestatı alıb. Əcnəbilər üçün
universitetlərdə əcnəbi tələbələrlə
iş üzrə xüsusi şöbələr (Akademisches
Auslandsamt, AAA) yaradılıb. Bundan əlavə, təxminən
25 min əcnəbi alim Almaniya universitetlərinin əməkdaşıdır.
Öz növbəsində, 85 min alman xarici
ölkələrin universitetlərində təhsil alır.
Almanlar Niderland, Böyük Britaniya, Avstriya və
İsveçrə ali məktəblərinə daha çox maraq göstərirlər.
Dünyada təxminən
3 milyon tələbə xaricdə təhsil alır. Onların
12,2 faizi Almaniyanın payına düşür. Ümumiyyətlə,
bu gün Almaniya universitetlərində təxminən 2 milyon gənc
təhsil alır.
Almaniyada ali təhsilini
yarımçıq qoyanların sayı isə tələbələrin
təxminən 23 faizini təşkil edir. Bu, dünyada
mövcud olan ən yaxşı göstəricilərdən
biridir.
Elmi tədqiqatlar
Almaniyada qabaqcıl elmi tədqiqatlar, əsasən
elmi tədqiqat institutlarında aparılır. Onlara Helmholts
adına Alman Elmi-Tədqiqat Mərkəzləri Cəmiyyəti,
Fraunqofer adına Cəmiyyət və ya Qotfrid Vilhelm
Leybniç adına Elmi Cəmiyyət kimi təşkilatlar
daxildirlər. Məhz universitetdənkənar elmi tədqiqat
müəssisələrində aparıcı alimlər
dünyada çox az institutların təklif edə biləcəyi
optimal iş şəraiti tapa bilirlər. Burada ən məhsuldar
alman tədqiqatçıları çalışır,
maraqlı elmi nəşrlər işıq üzü
görür. Bu xüsusilə Maks Plank adına Cəmiyyətin
77 institutuna aiddir. Cəmiyyət 1948-ci il fevralın 26-da
yaradılmışdır. Marsda su axtarışı, insan
genomu layihəsi, insan davranışlarının öyrənilməsi
kimi məsələlərin araşdırılmasında Maks
Plank adına Cəmiyyətin institutları yaxından
iştirak edirlər. Yarandığı 1948-ci ildən bu
günə qədər cəmiyyətin əməkdaşları
17 Nobel mükafatına və çoxlu sayda digər
nüfuzlu beynəlxalq mükafatlara layiq görülüblər.
2007-ci ildə kimya üzrə Nobel
mükafatına Maks Plank adına Cəmiyyətin
institutlarından birinin direktoru Gerhard Ertl layiq görülüb.
Maks Plank adına Cəmiyyətin cəlbediciliyi
onun elmi tədqiqatlara yanaşması ilə əlaqədardır.
Onun tərkibinə daxil olan institutlar bütün
mövzuları özləri müəyyən edirlər.
İş üçün optimal şərait yaratmaqda və əməkdaş
seçimində də bu institutlar sərbəstdirlər. Cəmiyyətin
institutlarından birinə rəhbərlik etmək alimlər
üçün karyeranın ən uca zirvəsi hesab olunur.
Helmholts adına Cəmiyyətin 16 elmi tədqiqat
mərkəzi var. Bunların arasında Ağır
İonların Öyrənilməsi Cəmiyyəti (GSII) Alman
Onkologiya Mərkəzi (DKFZ), Hamburqdakı Alman Elektron Sinxrotron
(DESY) və ya Bremerhafendəki Alfred Vegener adına Qütb və
Dəniz Tədqiqatı institutlarının adlarını
çəkmək olar. Bu cəmiyyət Almaniyanın ən
iri elmi təşkilatıdır. İllik büdcəsi təxminən
2,8 milyard avro olan cəmiyyətdə 28 min əməkdaş
çalışır. Cəmiyyətin institutları
energetika, torpaq haqqında elmlər, ekologiya, səhiyyə, əsas
texnologiyalar, maddənin strukturu, eləcə də nəqliyyat
və kosmos sahələri ilə məşğuldurlar. Hər
il minlərlə əcnəbi alim fiziki və tibbi sınaqlar
aparmaq, dünyada ən nadir qurğulardan istifadə etmək məqsədilə
Helmholts adına Cəmiyyətin institutlarına gəlirlər.
Fraunqofer adına Cəmiyyətin
institutları isə sənaye ilə sıx əməkdaşlığa
üstünlük verirlər. Cəmiyyətin 80-dən
çox elmi tədqiqat müəssisəsi tətbiqi tədqiqatlarla,
əsasən də mühəndislik elmləri ilə məşğuldur.
Cəmiyyətin mütəxəssisləri sifarişləri əsasən
kiçik və orta müəssisələrdən
aldıqları üçün laboratoriyalarla yanaşı,
zavod sexlərində də çalışırlar. Cəmiyyətdəki
elmi tədqiqat işlərinin illik həcminin dəyəri 1,5
milyard avro təşkil edir. Fraunqofer adına Cəmiyyətin
Avropa ölkələrində, ABŞ, Asiya və Yaxın
Şərqdə filialları var.
Leybniç adına Elmi Cəmiyyətin 86
institutu yalnız həyat və təbiət elmləri sahəsində
deyil, həmçinin humanitar, ictimai və iqtisadi elmlər sahəsində
də ixtisaslaşıb. Cəmiyyətin institutlarında 14
min nəfər çalışır. İllik büdcəsi
bir milyard avrodan çoxdur.
Elmi tədqiqatlar
innovasiyalar üçün mühüm açardır.
İnnovasiyalar isə iqtisadi artımın təkanverici
gücüdür. Bunu nəzərə alan federal hökumət
məqsədyönlü yardım ilə elmi və elmi tədqiqatları
daha irəli aparmaq istəyir. Bu məqsədlə 2010-2013-cü
illər ərzində təhsil və elmi tədqiqatlar sahəsinə
xərclərin ümumilikdə, 12 milyard avro
artırılması əsas məqsəd kimi qarşıya
qoyulub. Bu istiqamətdə əsas hədəf 2015-ci ildən
gec olmayaraq ümumi daxili məhsulun 10 faizinin bu sahəyə
yönəldilməsinə nail olmaqdır.
Beynəlxalq elmi əməkdaşlıq
Almaniyada elmin beynəlmiləlləşdirilməsi
sahəsində əldə edilmiş uğur universitetlərin,
elmi-tədqiqat müəssisələrinin və siyasətçilərin
birgə səylərinin məhsuludur. Dəstək məqsədyönlü
layihələrin, təqaüdlərin və həvəsləndirici
mükafatların yardımı ilə beynəlxalq tələbə,
aspirant və alim mübadiləsinə göstərilir. Bu tədbirlər
təhsildə nailiyyətlərin artırılması və əcnəbi
tələbələrin sosial inteqrasiyası üzrə
proqramlarla daha da möhkəmləndirilir. Almaniya universitetləri
böyük uğurla dünyanın hər yerindən tələbə
və gənc alimləri cəlb edirlər. Bu işdə
xaricdəki alman məktəbi sistemi və alman universitetlərinin
xarici ölkələrin ali məktəbləri ilə əməkdaşlığı
mühüm rol oynayır. Bu qəbildən olan təşəbbüslərin
reallaşmasında dünya üzrə tələbə və
alim mübadiləsinə dəstək olan Alman Akademik
Mübadilə Xidmətinin (DAAD) fəaliyyəti də
danılmazdır. DAAD-ın 100-dən çox ölkədə
nümayəndəliyi və ya Keçmiş Təqaüdçülər
Cəmiyyəti fəaliyyət göstərir. Bu qurum həmçinin
alman universitetlərində yüzlərlə xarici dil (əsasən
ingilis) kurslarının açılmasında
iştirak edir.
Aleksandr Humbolt
adına Fond da beynəlxalq elmi əməkdaşlığa
yardım göstərən əsas təşkilatlardan biridir.
2009-cu ildən başlanılan "xarici elmi siyasət sahəsində
təşəbbüs" sayəsində federal xarici işlər
nazirliyi elmi mübadilə üzrə mövcud vasitələri
möhkəmləndirir və yeni tədbirlər hesabına
onları genişləndirir. Xaricdə yaradılmış
Almaniya Elm və İnnovasiya Evləri isə alman elminin
inkişafına daha əlverişli
şərait yaradır.
Almaniya universitetlərinin
dəstəyi ilə xaricdə tərəfdaş müəssisələrlə
birgə nümunəvi elmi tədqiqatlar və təlim mərkəzləri
yaradılır. Bundan əlavə, əcnəbi tələbələrə
təqaüdlərin verilməsi üzrə təkliflər
artır və dünyada alman dilinin öyrənilməsi
üçün yaxşı şərait yaradılır.
Almaniyanın
Nobel mükafatı laureatları
Almaniyanın 80 Nobel mükafatı
laureatından 68-i bu mükafatı təbiət elmləri və
tibb sahəsindəki xidmətlərinə görə
alıb. Fizika sahəsində ilk Nobel mükafatına Konrad
Rentgen "şüalanmanın yeni növünə görə"
layiq görülüb. Növbəti laureatlar Robert Kox, Maks
Plank, Albert Eynşteyn və Verner Heyzenberq olublar. Bu ən
yüksək elmi mükafatı alan sonuncu alman alimləri isə
Kristiane Nüssleyn - Volhard, Harald zur Hausen (tibb sahəsi üzrə), Horst Ştörmer, Herbert Kremer,
Volfqanq Ketterle, Teodor Henş, Peter Grünberq (fizika sahəsi
üzrə) və Gerhard Ertldir (kimya sahəsi üzrə).
Təqaüd
proqramları
Almaniyada təqaüd proqramları alman və
ingilis dillərini yaxşı bilən istedadlı tələbələrə,
aspirantlara və müəllimlərə təqdim olunur. Təqaüdlər
əsasən Alman Akademik Mübadilə Xidməti (DAAD), həmçinin
siyasi partiyalar, kilsə, iri şirkətlər və
ayrı-ayrı torpaqlar tərəfindən maliyyələşən
müxtəlif ictimai fondların xətti ilə verilir.
DAAD Almaniyanın 230
universitetini və 126 tələbə təşkilatını
birləşdirir. Bu qurum Almaniyanın xarici mədəniyyət,
ali təhsil və elm üzrə siyasətinin təşkilində
bir vasitəçidir. Xidmətin xarici dövlətlərdə
14 nümayəndəliyi və dünya üzrə 48 məlumat
mərkəzi fəaliyyət göstərir. DAAD ildə 55 mindən
çox təqaüd ayırır.
DAAD-la Azərbaycan Republikası Təhsil
Nazirliyi arasında imzalanmış Azərbaycan tələbələrinin
Almaniyada təhsili üzrə təqaüd proqramı ilə
bağlı sazişə əsasən son illər azərbaycanlı
tələbə, magistr və doktorantların (aspirantların)
Almaniyada təhsil alması üçün geniş imkanlar
yaranıb. Bu proqram çərçivəsində namizədin
akademik səviyyəsindən asılı olaraq onlar alman
universitetlərindən bakalavr, magistr və ya PhD dərəcəsi
alırlar. Proqramda muhəndislik, tibb və səhiyyə, təbiət
elmləri, sosial və humanitar elmlər, biznes və
iqtisadiyyat, kompüter və informasiya elmləri, hüquq, incəsənət
və musiqi, kənd təsərrüfatı, ekologiya və
turizm sahələrinin tələbələri
iştirak edə bilərlər.
ERP-nin (Avropa
Bərpa Proqramı) illik təqaüdləri isə iqtisadiyyatçı
tələbələr üçün nəzərdə
tutulub. Bu təqaüdlərin sayəsində iqtisadiyyat və
müəssisə idarəçiliyi sahələri üzrə
üçüncü kurs tələbələri iki semestr
(10 ay) ərzində Almaniyanın dövlət universitetlərində
təhsil almaq imkanı əldə edirlər. Almaniyada müəssisələrin
birində təcrübənin keçirilməsi proqramın
mühüm hissəsini təşkil edir. Daxilolma şərtlərinə
əsasən şəxsin yaş həddi 32-dən yuxarı
olmamalı və o, alman dilini
yaxşı bilməlidir.
Almaniyanın müxtəlif
siyasi partiyalarına yaxın fondların təqaüd proqramları
da yetərincədir. Əsasən, Adenauer adına Fond
(Konrad-Adenauer-Stiftung) magistratura təhsili və Almaniyada elmi tədqiqatların
aparılması istiqamətində təqaüdlər
ayırır.
1860-cı ildə təsis olunmuş
Aleksandr Humbolt adına fond əcnəbi və yerli alimlər
arasında elmi əməkdaşlığın
yaradılmasına yardım edir. O, hər il 1900-dən
çox əcnəbi alimin elmi məqsədlərlə
Almaniyaya gəlməsinə şərait yaradır və 23
minlik keçmiş təqaüdçülərin dünya
şəbəkəsini dəstəkləyir. Onların
arasında 130 ölkədən
43 Nobel mükafatı laureatı
da var.
Daha bir
nüfuzlu yardım proqramını Beynəlxalq
Maks Plank Tədqiqat Məktəbləri (International Max Planck
Research Schools - IMPRS) təqdim edirlər. Onlar savadlı alman və əcnəbi tələbələr üçün
nəzərdə tutulub.
IMPRS strukturlaşdırılmış təhsil və tədqiqatlar üçün
gözəl şərait
yaradır. IMPRS çərçivəsində
elmi tədqiqatlarla təxminən 2100 aspirant məşğul
olur. Onların əksəriyyətini xarici
ölkələrdən gələnlər
təşkil edir. Bu proqramın təqaüdçüləri
namizədlik dissertasiyasını
Almaniya universitetlərindən
birində və ya öz ölkəsindəki
universitetdə müdafiə
edə bilərlər.
İstənilən təqaüdün alınması
üçün adətən
standart sənədlər
paketi tələb olunur. Buraya müraciət anketi, qısa tərcümeyi-hal,
diplomun, orta təhsil haqqında attestatın surəti, iki və daha
artıq xasiyyətnamə
və dil kurslarından alman dilinin öyrənilməsi
barədə arayış
daxildir. Bəzi hallarda sağlamlıq haqqında arayış, aspirantlar üçün
elmi nəşrlərin
siyahısı, alman professorun elmi rəhbər olmasına namizədin razılığı,
Almaniyada təhsilin zəruriliyinin ətraflı
əks olunduğu əlavə məktub (Beratung) və konkret təlim proqramının seçilməsi
də tələb edilə bilər.
Azərbaycanlı tələbələrin
Almaniyada təhsili
Sevindirici haldır
ki, universitetlərinə
dünyanın bütün
ölkələrdən böyük axın olan Almaniya ali
məktəblərində təhsil
alan azərbaycanlıların
sayı son illər durmadan artmaqdadır. Azərbaycanla Almaniya arasında inkişaf edən təhsil əlaqələrinin nəticəsidir
ki, 1998-2010-cu illərdə
Alman Akademik Mübadilə Xidmətinin
xətti ilə 800-dən
çox həmvətənimiz
bu ölkənin ali məktəblərinə
göndərilib. Onu da qeyd edək
ki, "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı"
çərçivəsində isə 120-yə yaxın azərbaycanlı Almaniyanın
ən nüfuzlu universitetlərində təhsil
almaq imkanı qazanıb. Artıq onların bir çoxu ali təhsillərini başa vuraraq yüksək ixtisaslı mütəxəssis
kimi Azərbaycanda çalışmaqda, ölkə
həyatının ayrı-ayrı
sahələrinin inkişafına
layiqli töhfələr
verməkdədir.
Hazırladı: Leyla HEYDƏROVA
Yazı Almaniya Federativ Respublikasının
ölkəmizdəki səfirliyinin
təqdim etdiyi rəsmi materiallar əsasında hazırlanıb.
Azərbaycan müəllimi.-
2011.- 11 fevral.- S.15-17.