Dərketmə
problemi
Görmək təkcə tamaşa eləmək
deyil, gördüyünü həm də dərk eləmək
lazımdır. Müəllimin müqəddəs vəzifəsi
şagirdlərə dərketmə bacarığını
aşılamaqdır. Uzun illər pedaqoji sahədə
çalışan və kifayət qədər təcrübəsi
olan müəllimlər indiyə kimi saysız-hesabsız tədris
formalarından və metodlarından istifadə ediblər ki, hər
bir şagirdin özünəməxsus qabiliyyətini üzə
çıxarsın, onun dərketmə
bacarığını daha tez formalaşdırsın.
Şagirdlərin, hətta müəllimlərin də bu sahədə
özünü göstərməsi üçün qeyri-ənənəvi
tədris formalarından, tərbiyəvi üsullardan da istifadə
etmək lazımdır.
Məsələn,
müəllim dərsi adi qaydada deyil, şagird təxəyyülünə
uyğun qeyri-standart formada elə təşkil etməlidir ki,
bu prosesdə şagirdin qabiliyyəti asanlıqla üzə
çıxsın. Belə tədris prosesində ənənəvi
və müasir təlim üsullarından geniş istifadə
olunmalıdır. Bir sözlə, müəllimin hər bir dərsi
adi dərs yox, yaradıcı dərs olmalıdır.
Məlumdur
ki, dərketmə bacarığının erkən
formalaşması məktəbəqədər müəssisələrdə,
xüsusilə ibtidai siniflərdə başlayır. Hələ
tam formalaşmamış uşaq fantaziyalarında işıq
da çoxdur, qaranlıq da - kim hansını istəyir, onu
seçir. Müəllim nəzəri biliyindən,
pedaqoji təcrübəsindən ustalıqla yararlanıb
uşağın qaranlığı yox, məhz
işığı seçməsinə kömək etməlidir.
Bu seçim kor-koranə olmamalıdır. Müəllim
uşağın bu seçimi etməsinə onun başa
düşmədiyi mürəkkəb elmi-metodik üsullarla
yox, sadə, eyni zamanda qeyri-adi tədris yolu ilə yardım
etməlidir. Şagird ilk təhsil illərindən tədricən
başa düşməlidir ki, düşünmədən oxumaq
və oxumadan düşünmək faydasızdır! Ancaq həqiqi
biliyin sayəsində hər bir işdə-seçdiyin hər
bir peşədə məğrur və kamil olmaq
mümkündür. Başqa yol yoxdur.
Keçdiyim
çoxsaylı belə dərslərdən birini misal gətirmək
istəyirəm. İbtidai sinifdə "Azərbaycanın
təbiəti" mövzusunda dərs keçdim. Dərs
"Təbiət nədir" sualı ilə başladı.
Cavablar verilən vaxt saysız-hesabsız hipotezlər irəli
sürüldü, səslənən informasiyaların mənbələri
tapıldı, məlumatlar analiz olundu və nəticələr
çıxarıldı. Bu dərsə biz əvvəlcədən
hazırlaşmışdıq. Dərs təkcə sinfi yox, həm
şagirdlərin, həm də mənim evimi əhatə elədi.
Dərs boyu şagirdlərdən geri qalmayan valideynlər
verilmiş mövzuda həm yaxından, həm də ürəkdən
iştirak etdilər. Mən onlara uşaqlarla mövzunu necə
müzakirə etməyi və onlara necə düzgün
kömək etməyin yollarını göstərdim. Hamı
birlikdə şəkil çəkdi, yazdı,
danışdıE Bu müddət ərzində biz birlikdə
təcrübə mübadiləsi apardıq, dünyanı
yenidən kəşf elədik və öz
fantaziyalarımızdan heyrətə gəldik.
Uşaqların üzündəki sevinc, heyrət və maraq
bu dərsin alındığını göstərirdi. Sifətlərindəki
ifadədən aydın olurdu ki, onlar
iştirakçısı olduqları dərsdə
gördüklərinə sadəcə tamaşa etməyiblər,
həm də dərk ediblər.
Milli
Konservatoriyanın nəzdində Respublika İncəsənət
Gimnaziyasında təhsilin həyatla, incəsənət və
mədəniyyətlə əlaqələndirilməsinə,
tədris prosesində fərdiləşdirməyə, yəni
hər bir şagirdə özünəməxsus şəkildə
yanaşma metodlarına və eyni zamanda pedaqoji eksperimentlərə
geniş yer verilir. Təsadüfi deyil ki, gimnaziyamız Təhsil
Nazirliyinin həyata keçirdiyi təhsil islahatlarında fəal
iştirak etdiyinə və qazandığı uğurlara
görə "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin qalibi olub.
Uzun
illərin təcrübələri göstərir ki, bir təlim
metodunu hər sinifdə eynilə təkrar eləmək
mümkün deyil, çünki hər sinif, hər şagird
özü təkrarsızdır. Bir pedaqoq kimi mən
özüm də bir dəfə keçdiyim dərsi başqa
sinifdə təkrar keçə bilmirəm. Öyrənmədə
təkrarçılığa tez-tez ehtiyac duyulsa da, tədrisdə
təkrarçılıq fayda vermir. Şagirdin ürəyinə,
dünyagörüşünə yol açmaq, möcüzəli
dünyanı onlar üçün yenidən "kəşf
etmək"dən ötrü müəllim yorulmadan,
ardıcıl olaraq çalışmalıdır. Gənc nəslin
tərbiyəsi hər bir müəllimin fəaliyyətində
aparıcı yer tutmalı, vətənpərvərlik, estetik
tərbiyə, milli adət və ənənəyə
hörmət, mədəni davranış qaydaları və
düzlük kateqoriyaları onun tədris metodlarında
dominantlıq təşkil etməlidir.
Müəllim, dahi fizik İ.Nyutonun dediyi "Əgər mən başqalarına nisbətən daha uzağı görürəmsə, deməli, nəhənglərin çiyni üstündə dayanmışam!" kəlamındakı həqiqəti dərk edərək, şagirdlərinin əlindən tutub, özü fəth etdiyi zirvəyə qaldırmalıdır ki, onlar daha uzağı görə bilsinlər və onlarda hüdudsuz dünyagörüşü olsun. Və onlar o zirvədən sadəcə tamaşa eləməsinlər, dərsdə və həyatda baş verənlərə tamaşaçı kimi baxmasınlar, baş verənləri obyektiv şəkildə dərk edə bilsinlər. Bu dərketmə bacarığı onlara hər an dəyişən dünyada öz layiqli yerini tapmağa kömək etsin, müstəqil həyata atılanda onlar cəmiyyətin layiqli vətəndaşı olsunlar!
Leyla ƏSGƏROVA
Azərbaycan müəllimi.- 2011.-
11 fevral.- S.14.