Kurikulumların tətbiqi
ilə bağlı "dəyirmi masa"
Fevralın 4-də
Bakı şəhərindəki 283 nömrəli orta məktəbdə
"Kurikulumların tətbiqi və şagirdlərin təlim
nailiyyətlərinin qiymətləndirməsi"
mövzusunda "dəyirmi masa" keçirildi. Tədbirdə
Bakı Şəhəri üzrə Təhsil İdarəsi
Metodmərkəzinin əməkdaşları, ibtidai sinif
müəllimləri iştirak edirdilər. "Dəirmi
masa"nın proqramına uyğun olaraq müzakirələrdən
əvvəl məktəbin yeni fənn kurikulumları ilə
işləyən 3 ibtidai sinif müəlliminin
"açıq dərs"i dinlənildi. Tədbir iştirakçıları
öncə Rəfiqə Əliyevanın I "a" sinfində
apardığı oxu dərsində oldular. Mövzu "P səsi,
P hərfi" idi. Müəllim dərsi qruplarla iş
formasında təşkil etmiş, şagirdləri hər
birində 5-6 şagird olmaqla 4 qrupa bölmüşdü.
Fəal təlim üsullarından, İKT-dən
geniş istifadə edən R.Əliyeva
hazırladığı müxtəlif tapşırıqlara
dair slaydları dərs boyu proyektor vasitəsi ilə lövhədə
nümayiş etdirir, şagirdlərlə işi onlara istinadən
qururdu. Bu da sinifdə lazımi interaktivliyi təmin edirdi.
Müəllim dərsin motivasiya, problemin qoyuluşu və həlli
mərhələlərini ustalıqla qurub yeni mövzunu dərslikdəki
mətn və tapşırıqlar əsasında şagirdlərə
izah etdi. Öyrədilən hərfə aid dərslikdə
verilmiş "Qırmızıpapaq" nağılı
üzərində iş apardı, şagirdlərə
"p" hərfinin sözün müxtəlif yerlərində
işlənməsinə dair müstəqil
tapşırıqlar verdi, onları krossvordlar üzərində
işlətdi. Hər qrupun lideri tapşırılmış
müstəqil işlərlə bağlı təqdimatlar
etdilər, digər qrupların verdikləri sualları
cavablandırdılar, müvafiq cədvəl əsasında
qrupların cavabları bir neçə parametr üzrə qiymətləndirildi.
Sonra şagirdlərə tətbiqetməyə dair müstəqil
iş verildi. Onlar on dəqiqə ərzində əvvəlində,
ortasında və sonunda "p" hərfi işlənən sözlər
tapıb yazdılar.
Müəllim
Dilruba Cabbarovanın III "b" sinfində riyaziyyatdan
apardığı "Təxmini və dəqiq
ölçü vahidləri" mövzusunda
"açıq dərs"dən də tədbir
iştirakçıları razı qaldılar. Bu dərsdə
də müəllim motivasiyanı maraqlı qurdu - riyaziyyatdan
nələrin öyrənildiyi sualı ilə şagirdlərə
müraciət edib onların verdikləri cavablar içərisindən
ölçmələri seçərək öyrədiləcək
mövzunun məhz onunla bağlı olduğunu bildirdi. Sonra
proyektor vasitəsi ilə uzunluğu ölçmək
üçün nəzərdə tutulan şərti
ölçü vahidlərinin adları (addım, qulac,
qarış və s.) və onların insanın müəyyən
bədən üzvləri ilə ifadəsini əks etdirən
slayd nümayiş etdirildi. Müəllim bu ölçülərin nə
üçün şərti ölçü vahidi
adlandırıldığını izah etdi.
Nümayiş
olunan digər bir slaydda şagirdlərə ölçülməsi
mümkün olan əşyalar, onları ölçmək
üçün müxtəlif uzunluq ölçülərinin
adları təqdim olundu. Slayd üzərində iş aparan
müəllim şagirdlərə dəqiq ölçü
vahidləri barədə məlumat verdi, onları uzunluq
ölçü vahidlərindən metr, destimetr, santimetr,
millimetrlə tanış etdi, bu ölçülərin
bir-birinə nisbəti barədə izahat verdi. Şagirdlər
müxtəlif cismlərin ölçülməsi, bir uzunluq
vahidinin digəri ilə ifadə olunması ilə
bağlı müstəqil iş üzərində işlədilər.
Müşahidələrimizi
II "a" sinfində davam etdirdik. Burada da müəllim
İradə Həmzəyeva həyat bilgisindən "Ana təbiətin
uşaqlara məktubu" mövzusunda inteqrativ dərsini
maraqlı qurmuşdu. Sinif hər birində 6 şagird olan 5
qrupa bölünmüşdü. Müəllim bütün
qrupları və qruplardakı şagirdləri fəal işə
qoşmuşdu. Müəllim mətn üzərində iş
apardıqdan, sual-cavabla mövzunun necə mənimsədildiyini
müəyyənləşdirdikdən sonra adları
sözügedən təbiət amillərinə uyğun olan
qruplara müstəqil yerinə yetirmək üçün
tapşırıq verdi. Tədqiqat sualı belə idi: "Təbiəti
qorumaq üçün insanlar nə etməlidirlər?".
Şagirdlər 10 dəqiqə ərzində müstəqil
işləyib tədqiqat sualına ətraflı cavablar
hazırladıqdan sonra qrup liderləri cavabları təqdim
etdilər. Onların cavabları qiymətləndirildi.
Sonra
qruplara testlər verildi. Dərsin sonunda şagirdlərə
evdə ana təbiətə cavab məktubu yazmaq
tapşırıldı.
"Açıq
dərs"lər başa çatdıqdan sonra "dəyirmi
masa" ətrafında mövzu ilə bağlı müzakirələr,
dinlənilən dərslərin təhlili aparıldı. Məktəbin
direktoru Şükufə Axundova tədris ocağında
kurikulumların tətbiqi, şagirdlərin təlim nailiyyətlərinin
qiymətləndirilməsi sahəsində aparılan işlər
barədə məlumat verdi, bu sahədə müəllimlərin
topladıqları təcrübələri paylaşmaq məqsədi
ilə tez-tez "açıq dərs"lərin
keçirildiyini, yenilikləri öyrənməyə
böyük səy göstərdiklərini qeyd etdi.
Məktəbin
ibtidai siniflər üzrə direktor müavini Əsmayə Qərnayeva
və əməkdar müəllim Naidə İsayeva
"Kurikulumların tətbiqi və şagirdlərin təlim
nailiyyətlərinin qiymətləndirilməsi"
mövzusunda təqdimat etdilər. Təqdimatda yeni fənn
kurikulumlarının tələbləri, qiymətləndirmə
formaları və onların tədris prosesində nəzərə
alınması məsələlərindən, bu sahədə
məktəbdə toplanmış təcrübədən bəhs
olundu. Ötən ilin sonunda aparılmış makrosummativ qiymətləndirmənin
nəticələri açıqlandı.
"Dəyirmi
masa"da çıxış edən Bakı Şəhəri
üzrə Təhsil İdarəsi Metodmərkəzinin direktor
müavini Sitarə Məmmədova, mərkəzin Nəsimi-Binəqədi
bölməsinin müdiri Həvva Əsgərova, 248 nömrəli
məktəbin müəllimi, əməkdar müəllim Mənzərə
Cəfərova və başqaları dinlədikləri dərslərin
maraqlı təşkil olunduğunu, müəllim və
şagirdlərin yüksək hazırlıq nümayiş
etdirdiklərini, interaktiv təlim üsullarından və
resurslardan bacarıqla istifadə olunduğunu, dərslərin
yeni kurikulumların tələblərinə uyğun
qurulduğunu qeyd etdilər, mövzu ilə bağlı fikirlərini
bildirdilər, müəllimlərin suallarını
cavablandırdılar.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.-
11 fevral.- S.14.