132-134 nömrəli
Təhsil Kompleksində "Məzun
günü" keçirildi
Fevralın
5-də Bakının 132-134
nömrəli Təhsil Kompleksində ənənəvi
"Məzun günü"
keçirildi. Tədbiri kompleksin müdiri, respublikanın əməkdar
müəllimi Sara Xanlarova giriş
sözü ilə açaraq bildirdi ki, artıq neçə illərdir
məktəbin kollektivi tərəfindən böyük həvəslə qeyd
olunan məzun günü təhsil kompleksində
aparılmış yenidənqurma
işlərindən sonra ilk dəfədir ki,
keçirilir. Müasir
şəkildə yenidən
qurulmuş kompleksi Azərbaycanda
təhsilə göstərilən qayğının ən
bariz nümunəsi kimi
qiymətləndirən S.Xanlarova tədbirə
yığışanlara təhsil
kompleksinin tarixi haqqında
məlumat verdi. Bildirdi ki, binanın özülü qədim
Bakının möhtəşəm Qala
divarlarının
yaxınlığında 1866-cı ildə
qoyulmuşdur. Hərbi xəstəxana kimi layihələşdirilən bina
1866-cı il iyunun 13-də "Müqəddəs Nina"
Qadın Xeyriyyə Cəmiyyətinin
nəzdində qızlar pansionunun ixtiyarına
verilmişdir. Azərbaycan Demokratik Respublikası
dövründə isə binada Hərbi Akademiya fəaliyyət göstərmişdir. 1933-1937-ci illərdə
beynəlmiləl təhsil ocağı kimi fəaliyyətini
davam etdirərək sonradan 132 nömrəli (Azərbaycan) və
134 nömrəli (rus) məktəblərinə
çevrilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı
ilə 150 illik tarixi olan bu möhtəşəm tikilinin
dövlətimiz tərəfindən
qorunub saxlanıldığını diqqətə
çatdıran kompleksin müdiri məzunları qazanılan
uğurlarla, keyfiyyətli tədrislə bu memarlıq abidəsinin tarixinə yeni
şanlı səhifələr yazacaqlarına əmin etdi.
Sara
Xanlarova bu qocaman məktəbin məzunları
sırasında XX əsrin görkəmli şərqşünas
alimi, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva,
akademik Nailə Vəlixanlı, əməkdar memar Ofelya
Babayeva və Azərbaycan elminin
inkişafında xidmətləri olan yüzlərlə
tanınmış şəxslərin olduğunu bildirdi.
Sonra
tədbirdə 1940-1960, 1990-2010-cu illərin məzunları
çıxış edərək təhsil
ocağının müasir şəkildə yenidən qurulmasına görə
dövlətimizin başçısı İlham Əliyevə
öz minnətdarlıqlarını bildirdilər, məktəb illərindən
xatirələr danışdılar.
Tədbirdə
təhsil kompleksinin şagirdləri məzunlara bədii proqram
təqdim etdilər.
Gülşən HÜSEYNOVA
Azərbaycan müəllimi.- 2011.-
11 fevral.- S.13.