Strateji planlaşdırma mexanizmi
və onun tətbiqi
İdarəetmə
sahəsində təhsilin keyfiyyətinin yüksəldilməsinə
təsir göstərən amilləri öyrənmək və
onları düzgün planlaşdıraraq inkişafa gedən
yolun - strategiyanın dəqiq müəyyənləşdirilməsini
təmin etmək aktual problem kimi qarşıya qoyulur.
Ümumiyyətlə, təhsildə keyfiyyət dedikdə təhsilin
keyfiyyətinin məzmunu, idarə olunması, monitorinqi, qiymətləndirilməsi,
keyfiyyətə nəzarət amilləri ilə yanaşı
"keyfiyyətin planlaşdırılması" kimi də
başa düşülməlidir. Təbii ki, keyfiyyət
öz-özünə yaranmır, o
planlaşdırılmalıdır. Bu məqsədlə qeyd
etmək istərdik ki, həm sovet dövründə, həm də
müasir müstəqillik dövrümüzdə təhsildə
idarəetmə sisteminin ilkin funksiyalarından sayılan
planlaşdırma anlayışı öz yerini tutmuşdur. Təhsilin
keyfiyyətinin planlaşdırılması təhsil sahəsindəki
fəaliyyətin ümumi planlaşdırılmasının tərkib
hissəsidir.
Təhsil
sistemində planlaşdırma cari və perspektiv
planlaşdırma mərhələlərinə
bölünür. Əgər cari strategiya düzgün
planlaşdırılmırsa, müsbət nəticələr
əldə etmək mümkün olmur. Bu baxımdan, təhsil
sistemində aparılan islahatların strateji istiqamətlərindən
biri də təhsilin idarə olunması sahəsində yeni
model və mexanizmlərin tətbiqidir. Bununla əlaqədar
başlıca vəzifə inkişaf etmiş ölkələrin
təhsili idarəetmə təcrübəsini öyrənməklə
ölkəmizdə müasir idarəetmə sisteminə,
xüsusən də, "strateji planlaşdırma"
mexanizminə keçilməsinə nail olmaqdır. Strateji
planlaşdırma mexanizmi təhsil sistemində səmərəli
idarəetmə üçün real zəmin yaradır.
Strateji
planlaşdırma anlayışını izah etməzdən əvvəl
"strategiya"nın nə olduğunu bilmək məqsədəmüvafiqdir.
Strategiya təşkilatın məqsədlərinə
çatması üçün ətraflı
hazırlanmış kompleks plan, gözlənilən nəticələrə
doğru istiqamətlənmiş hərəkətdir. Eyni
zamanda strategiya müəyyənləşdirildikdən sonra
mütləq planlaşdırılmalıdır.
Planlaşdırma
müəyyən müddət ərzində nəzərdə
tutulan nəticələrin əldə edilməsinə yönəldilmiş
fəaliyyətin müəyyənləşdirilməsi
prosesidir.
Strateji
planlaşdırma isə təşkilatın fəaliyyətinin
səmərəliliyini daha da artırır, təşkilatın
gələcək fəaliyyət istiqamətlərini (strateji
istiqamətləri) və uzunmüddətli məqsədlərini
müəyyənləşdirir. Strateji planlaşdırma həmin
məqsədlərə nail olmaq üçün tədbirləri,
ayrılan büdcə hesabına inkişaf üçün xərclərin
necə sərf edilməsini müvafiq qaydada müəyyən
edir, müntəzəm olaraq fəaliyyətin qiymətləndirilməsinə
imkan yaradır.
Strateji
planlaşdırmanın missiyası təşkilatın gələcəyini
əks etdirməklə yanaşı onun prioritetlərini,
uzunmüddətli məqsədlərini və həmin məqsədlərə
nail olmaq üçün tədbirləri müəyyənləşdirmək,
bir sıra müvafiq proqramları yenidən hazırlamaq,
onları təkmilləşdirmək, idarəetməni, əməkdaşlığı
inkişaf etdirmək, təşkilatın inkişafını
dəyərləndirmək və həmin təşkilatda
yenilikləri, dəyişiklikləri yüksək səviyyədə
təmin etməkdir. Bu baxımdan qeyd etmək lazımdır
ki, strateji planlaşdırma mexanizminin tətbiq olunması idarəetmə
sisteminin təkmilləşdirilməsi üçün vacib
hesab olunur.
Strateji
planlaşdırma mexanizmi cari vəziyyətin, perspektivlərin
və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi,
idarəetmə sisteminin və planlaşdırmanın təkmilləşdirilməsi,
müasir informasiya-kommunikasiya texnologiyaları vasitələrindən
səmərəli istifadə edilməsi, tədqiqat işlərinin
aparılması və inkişaf etdirilməsi, təşkilatda
iş sisteminin effektiv qurulması, koordinasiya edilməsi və
nəzarətin həyata keçirilməsi, təşkilatın
fəaliyyətinin müəyyən indikatorlar vasitəsilə
qiymətləndirilməsi məqsədilə tətbiq olunur.
Strateji
planlaşdırma prosesi hər hansı təhsil müəssisəsinin
ümumi səbəb və məqsədini (missiyasını),
inkişaf istiqamətlərini (dəyərləri, perspektivləri
və məqsədləri) müəyyənləşdirməklə
həyata keçirilir, həmin müəssisədə digər
əsas funksiyalara, xüsusilə bir sıra proqram və
resursların planlaşdırılmasına olan tələbatı
təmin edir. Belə ki, əgər strateji planlaşdırma səmərəli
həyata keçirilmirsə, təşkilat arzuolunan nəticəni
əldə etmir.
Bu
mexanizmin tətbiqi zamanı cari vəziyyətlə bərabər
uzunmüddətli məqsədlər, perspektivlər müəyyənləşdirilir,
monitorinq və qiymətləndirməyə imkan verilir və
hesabatvermənin təşkilinə zəmin yaradılır.
Strateji planlaşdırma təhsil müəssisələrinin
fəaliyyətinin inkişafı üçün çox
faydalıdır və fəaliyyətin
planlaşdırılması üçün uzunmüddətli
baza yaradır. Fəaliyyətin perspektiv
planlaşdırılması ondan ibarət olmalıdır ki,
gələcəkdə əldə olunacaq nəticələrə
verilən tələblər perspektiv nöqteyi-nəzərdən
müəyyənləşdirilməli, planlarda arzu olunan nəticələr
öz əksini tapmalıdır.
Strateji
planlaşdırma yerli idarəetmə orqanları və təhsil
müəssisələrinin struktur bölmələrində
planlaşdırma işlərini aparmaq məqsədilə baza
formalaşdırır və gələcəkdə təhsilin
necə təşkil olunacağını müəyyənləşdirir.
Təhsil sahəsində bu proses təşkilatın ətraf
mühit ilə qarşılıqlı əlaqələrini
aşkar edir, ehtimal olunan problemləri təhlil edərək
müəyyən qərarlar çıxarmağa imkan verir.
Strateji
planlaşdırma bir sıra məqsəd və vəzifələrə
xidmət edir ki, onlar da aşağıdakı kimi ümumiləşdirilə
bilər.
Belə
ki, strateji planlaşdırma məqsəd və vəzifələrin
təşkilatın struktur bölmələri ilə əlaqələndirilməsi,
hər bir şəxsin fəaliyyəti və yüksək
nailiyyətin əldə olunması üçün zəmin
yaradılması, səmərəliliyin və keyfiyyətin
artırılmasının təmin edilməsi, təşkilatda
rəhbərlik, struktur bölmə rəhbərləri və
işçilər arasında səmərəli əməkdaşlığın
yaradılması, müəyyən məsələlərlə
bağlı işçi qrupların yaradılmasını və
onların fəaliyyətinin təmin edilməsini, səmərəlilik
və keyfiyyətlilik nəticəsində fəaliyyətin məhsuldarlığının
artırılması kimi məqsədlərə, eyni zamanda təşkilatın
ümumi məqsədlərinin, vəzifə və
funksiyalarının müəyyənləşdirilməsi, təqdim
olunan hesabatların və təkliflərin ümumiləşdirilməsi,
nəzərdən keçirilməsi və qiymətləndirilməsi,
inkişaf proqramlarının yerinə yetirilməsi, təşkilatın
şəraiti və işçi heyətinin
inkişafının qiymətləndirilməsi prosesinin həyata
keçirilməsi, məktəb-valideyn fəaliyyətinin səmərəli
həyata keçirilməsi məqsədilə valideynlərin
işçi qruplarının işinə cəlb edilməsi,
tədrisin keyfiyyətinin
yaxşılaşdırılması istiqamətində
yönəldilmiş təşkilati-pedaqoji tədbirlərin
planlaşdırılması, müəyyən edilmiş idarəetmə
nəticələrinə əsaslanaraq siyasətin yerinə
yetirilməsinin monitorinqi və qiymətləndirilməsi
prosesinin həyata keçirilməsi, idarəetmə sistemində
çalışan əməkdaşların fəaliyyət
istiqamətlərinin müəyyənləşdirilməsi,
büdcə vəsaitindən istifadənin nəzərə
alınması və idarəetmə sahəsində həyata
keçirilən tədbirlər üçün geniş
imkanların yaradılması kimi vəzifələrə xidmət
edir.
Strateji
planlaşdırma sahəsində aparılan bir sıra
aparıcı strateji istiqamətlər də vardır ki, həmin
istiqamətlər aşağıdakı kimi həyata
keçirilir:
1. Təşkilatın fəaliyyət
istiqamətini və gözlənilən nəticələrini
müəyyənləşdirmək üçün illik fəaliyyət
planının hazırlanması;
2. Təşkilatda
çalışan işçilərin birgə fəaliyyət
göstərməsinə zəmin yaradılması;
3. Təşkilat haqqında ictimai rəyin
formalaşdırılması;
4. Təşkilatın infrastrukturunun təşkilinin
müasir tələblər səviyyəsində nəzərdə
tutulması;
5. Təşkilatın güclü və zəif cəhətlərini,
imkan və risklərini müəyyənləşdirmək
üçün imkanın
yaradılması.
Yuxarıda qeyd olunan məqsəd
və vəzifələr,
strateji istiqamətlər
təhsil sisteminə daxil olan ayrı-ayrı
pillələr üçün
spesifikdir, yəni təhsil müəssisələrində
strateji planlaşdırmaya
aid olan istiqamətlər
daha dəqiq (spesifikaya uyğun) müəyyənləşdirilməlidir.
Strateji planlaşdırma
prosesində nəzərdə
tutulan mühüm məsələlərdən biri
də büdcə planlaşdırılmasının həyata keçirilməsidir. Strateji planlaşdırma
ilə büdcənin
idarə olunması arasında sıx əlaqə vardır.
Hər hansı təhsil müəssisəsində strateji
planlaşdırma prosesi
həyata keçirilərkən
həmin müəssisənin
məqsədləri büdcənin
planlaşdırılmış xərcləri ilə əlaqələndirilməli, eyni
zamanda həmin məqsədlərə nail olmaq
üçün lazımi
resurslardan istifadə olunması müəyyənləşdirilməlidir.
Bu prosesin üstünlüyü
ondan ibarətdir ki, burada resurslardan
(maliyyə və insan resursları, avadanlıqlar) daha səmərəli istifadə
olunur. Təhsil müəssisəsinin büdcə planlaşdırması
strateji planlaşdırmanı
həyata keçirməyə
kömək edir və "strateji plan"dakı prioritetlər
üzrə ayrılan
büdcənin necə
sərf edilməsi müəyyən olunur.
(Ardı var)
Vüqar ƏBDÜLRƏHİMOV
Azərbaycan müəllimi.-
2011.- 11 fevral.- S.13.