"Səmərəli
məktəb layihəsi"nin təqdimatı oldu
Fevralın
5-də Təhsil Nazirliyində "Səmərəli məktəb
layihəsi"nin təqdimat mərasimi keçirildi. Tədbirdə
təhsil naziri Misir Mərdanov, nazir müavinləri,
müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri,
layihənin həyata keçirildiyi məktəblərin
nümayəndələri iştirak edirdilər. Qeyd edək ki, Dünya
Bankının maliyyələşdirdiyi "Səmərəli
məktəb layihəsi" Müasir Təhsil və Tədrisə
Yardım Mərkəzi tərəfindən həyata
keçirilir. Layihənin reallaşdırılmasına 2010-cu
ilin noyabr ayında başlanıb. İcra müddəti 2 il
olan bu layihədə 2-si Bakı, 9-u respublikanın digər
şəhərlərindən olmaqla 11 məktəb iştirak
edir.
Təhsil
naziri Misir Mərdanov mərasimi açaraq
iştirakçıları salamladı və layihənin icra
edildiyi məktəblərin nümayəndələri ilə
tanış oldu.
Sonra
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin
proqramlar üzrə direktoru Elmina Kazımzadə layihə
haqqında ətraflı məlumat verdi. E.Kazımzadə
bildirdi ki, layihənin əsas məqsədi məktəblərdə
öyrənən mühitin yaradılması və məktəblərin
öyrənən təşkilat kimi
formalaşdırılmasıdır. Öyrənən
mühit yalnız şagirdləri deyil, bütün məktəb
heyətini əhatə edir. Öyrənən mühitdə
şagirdlərin nailiyyətlərinin yüksəldilməsi və
müəllimlərin davamlı peşəkar inkişafı əsas
məqsədlər kimi götürülür. Paylaşdırılmış
liderliyin yaradılması, məktəb heyətinin İKT
bacarıqlarının təkmilləşdirilməsi və
kitabxananın öyrənən mərkəz kimi möhkəmləndirilməsi
isə əsas məqsədlərə xidmət edən digər
hədəflərdir. Məktəbin davamlı
inkişafını təmin etmək üçün məktəb
daxilində müəllimlərin peşəkar
inkişafını təmin edəcək mühitin
yaradılması, hər bir məktəb heyəti tərəfindən
müəssisələrin inkişaf istiqamətinin təyin
edilməsi, özünüqiymətləndirmə alətlərinin
yaradılması da layihənin əsas məqsədlərindəndir.
Bu iş eksperiment kimi həyata keçirildiyindən ölkənin
ayrı-ayrı şəhərlərindən müəyyən
şəraiti olan və qabaqcıl təcrübəsi ilə
tanınan məktəblər seçilib.
Layihənin
təqdimatından sonra ilkin mərhələnin nəticələrinə
dair hesabatlar dinlənildi.
Müasir
Təhsil və Tədrisə Yardım Mərkəzinin icraçı
direktoru Ülviyyə Mikayılova və proqram meneceri Yuliya Kərimova
"Səmərəli məktəb layihəsi"nin
konsepsiyası və komponentləri", layihənin İKT
üzrə mütəxəssisi Aygün Əzizova "Səmərəli
məktəb layihəsi" saytının təqdimatı və
saytdan istifadə qaydaları" və MTTYM-in proqramlar üzrə
direktoru Elmina Kazımzadə "Diaqnostika mərhələsinin
ilkin nəticələri" mövzusunda təqdimatlarla
çıxış etdilər.
Aydın
oldu ki, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi
Layihənin icrasına seçilmiş məktəblərdə
ilkin görüşlərin keçirilməsi və məktəb
heyətinin bu işlə bağlı məlumatlandırılması
ilə başlamışdır. Bu məqsədlə layihədə
iştirak edən hər bir məktəbə səfərlər
təşkil olunmuş, məktəbin direktoru və müəllimlərlə
görüşlər keçirilmiş, məlumat paketləri
paylanmışdır. Məktəblərdə bununla
bağlı müəyyən təsəvvürün
yaranmasından sonra mövcud vəziyyəti təyin etmək
məqsədi ilə müəssisənin qiymətləndirilməsi
həyata keçirilmişdir. MTTYM-in mütəxəssisləri
tərəfindən hazırlanmış qiymətləndirmə
alətləri məktəb mühiti, liderlik, müəllimlərin
peşəkarlığı və şagirdlərin nailiyyətləri
məsələlərini əhatə etmişdir. Bu tədbirdə
şagirdlər, müəllimlər, direktor
və valideynlər iştirak etmişlər.
Qiymətləndirmə
mövcud vəziyyət haqqında geniş təsəvvür
yaratmaqla yanaşı, məktəbin inkişaf istiqamətinin
təyin olunmasında da mühüm rol oynayacaq. Layihə
çərçivəsində qiymətləndirmə ilə
yanaşı, həm də müəllimlərin İKT
bacarıqlarının inkişaf etdirilməsi
üçün məktəblərdə bu istiqamətdə
təlimlərin keçirilməsinə başlanılıb. Artıq
Bakıdan seçilmiş 164 nömrəli məktəbdə
11, 225 nömrəli məktəbdə isə 9 müəllim
"İntel"in "Gələcək üçün təhsil"
təlimini uğurla başa çatdırıb. Bundan əlavə,
"Mütaliə və yazı - tənqidi təfəkkürün
inkişafı" təliminin cədvəli
hazırlanmış və fevralın ilk həftəsindən
başlayaraq hər məktəbdə 15 müəllimin
iştirakı ilə 2 gün müddətində həyata
keçirilir.
Sonra
dinlənilən təqdimatlar ətrafında müzakirələr
aparıldı. Müzakirələrdə məsələ ilə
bağlı müəyyən təkliflər səsləndirildi
və suallara aydınlıq gətirildi.
Təhsil
naziri Misir Mərdanov pilot olaraq həyata keçirilən bu
layihənin son nəticədə məktəbin davamlı
inkişafı istiqamətlərinin təyin edilməsində,
ölkədə yaxşı məktəb modelinin
formalaşmasında təkan rolunu oynayacağına umid
etdiyini bildirdi. Məktəb kitabxanalarının fəaliyyəti
ilə bağlı fikirlərini səsləndirən nazir bu məsələyə
xüsusi diqqət yetirilməsinin zəruri olduğunu
vurğuladı. "Səmərəli məktəb layihəsi"nin
təqdimatına və ilkin mərhələnin hesabatına həsr
olunmuş tədbir başa çatdıqdan sonra layihənin
iştirakçısı olan məktəb nümayəndələri
ilə işçi cədvəlinin hazırlanması məsələsi
müzakirə olundu.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2011.-
11 fevral.- S.3.