"Elektron təlimləndirən
sistemlər" layihəsinə
həsr olunmuş tədbir
Fevralın
5-də Təhsil Nazirliyində xüsusi qayğıya
ehtiyacı olan məktəbyaşlı uşaqlar
üçün "Elektron təlimləndirən sistemlər"
layihəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə
Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin rəhbər işçiləri,
layihəni reallaşdıran "Nobel-T" MMC-nin əməkdaşları,
Səbail rayonundakı 219 nömrəli evdə məktəbin
layihənin həyata keçirilməsi üçün cəlb
olunmuş 30 nəfər xüsusi qayğıya ehtiyacı
olan şagirdi və müəllimləri iştirak edirdi.
Tədbiri
giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov
bildirdi ki, "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" çərçivəsində ölkədə
distant təhsilin inkişaf etdirilməsi, eyni zamanda xüsusi
qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə daha
yaxından cəlb olunması ilə əlaqədar
"Elektron təlimləndirən sistemlər" adlı
layihə işlənib hazırlanıb. Layihə haqqında məlumat
verən nazir qeyd etdi ki, əsas məqsəd məsafədən
təhsilin inkişafı, layihəyə cəlb olunmuş
xüsusi qayğıya ehtiyacı olan şagirdlərin təhsilalma
imkanlarının yaxşılaşdırılması,
kompüter və elektron resurslardan istifadə
bacarıqlarının artırılması, Azərbaycan təhsil
səbəkəsinə və İnternetə
çıxış imkanlarının
yaxşılaşdırılmasından ibarətdir. Təhsil
naziri daha sonra vurğuladı ki, layihə çərçivəsində
30 şagird və 7 müəllimə ən yeni texnologiya
proqram təyinatları ilə təchiz olunmuş APL- İN
şirkətinin istehsalı olan noutbuklar təqdim ediləcək.
30 şagirdin təhsil aldığı müəssisənin
Azərbaycan təhsil şəbəkəsinə və
İnternetə çıxışla təmin olunmasına
artıq başlanılıb. Şagirdlərin dərs
prosesinin idarə edilməsi məqsədi ilə müəllimlər
üçün ayrılan tədris məkanının
yüksək sürətli fibro-optik İnternet və İntranet
bağlantılarla təchiz olunması təmin ediləcək.
"Elektron təlimləndirən sistemlər" təlim məsafəsi
əsasında 16 təlimçi müəllimin
hazırlanması təmin olunacaq. Yeni hazırlanmış təlimçilər
tərəfindən məktəbyaşlı uşaqlar
üçün məsafədən təhsilin köməyi
ilə "Elektron təlimləndirən sistemlər" təlim
məsafəsi əsasında təlimlərin təşkil
olunması planlaşdırılıb. Nəhayət, müəllim,
şagird və valideynlərin təhsil prosesinə cəlb
olunması üçün yeni portalın yaradılması da
nəzərdə tutulur. Bu işi görərkən
şagirdlərin daha yaxşı təlim almasına,
müasir təlim texnologiyalarından istifadə olunmasına
diqqət daha da artırılacaq. Misir Mərdanov layihənin həyata
keçirilməsinə dəstək verən Heydər Əliyev
Fonduna və bu işdə əməyi olan bütün təşkilatlara
təşəkkürünü bildirdi.
Sonra
təhsil naziri Bakı şəhərindəki
219 nömrəli evdə məktəbin 30 şagirdinə və
müəllimlərə noutbuk və sertifikatlar təqdim edərək
onlara uğurlar arzuladı.
Tədbirin
sonunda çıxış edən 219 nömrəli evdə məktəbin
direktoru Sədaqət Məmmədova layihənin əhəmiyyətindən
danışaraq Heydər Əliyev Fonduna, Təhsil Nazirliyinə,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə
və "Nobel-T" MMC-nin rəhbərliyinə, məktəbin
müəllim və şagirdlərinə göstərdikləri
yüksək qayğıya görə təşəkkürünü
bildirdi.
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2011.-
11 fevral.- S.3.