Azərbaycanın
Milli Qəhrəmanı
Mübariz İbrahimovun
xatirəsinə həsr olunmuş
atletika yarışı
Fevralın
10-da Respublika Olimpiya Mərkəzində, Təhsil Nazirliyinin
"Təhsil" Respublika İdman Mərkəzinin, Uşaq-Gənclər
Futbol Məktəbinin Azərbaycan Respublikasının Milli Qəhrəmanı
Mübariz İbrahimovun xatirəsinə
həsr olunmuş atletika
yarışının açılış mərasimi oldu.
Mərasimi
giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov
qonaqları, gəncləri və idmançıları
salamlayaraq bu gün ölkəmizin hər yerində Azərbaycan
xalqının Milli Qəhrəmanı Mübariz İbrahimovun ad
gününə həsr olunmuş tədbirlər
keçirildiyini bildirdi. Qeyd etdi ki, xalqımız
canını onun yolunda qoymuş bütün qəhrəman
övladlarının xatirəsini həmişə əziz tutur. Mübarizin əziz və
unudulmaz xatirəsinə həsr olunmuş Azərbaycan gənclərinin
atletika yarışının keçirilməsi buna bariz
nümunədir.
Tədbirdə
Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin birinci
vitse-prezidenti Çingiz Hüseynzadə, Daxili
Qoşunların Qərargah rəisi, general- mayor Şirin Xəlilov,
Könüllü Hərbi-Vətənpərvərlər
Texniki İdman Cəmiyyətinin
Respublika Şurasının sədri, general- mayor
Növruzəli Orucov çıxış edərək
Mübariz İbrahimovun qəhrəmanlığından qürur
hissi duyduqlarını, onun Azərbaycanın ən
qüdrətli oğullarından biri olduğunu vurğuladılar.
Mərasimin
sonunda çıxış edən Milli Qəhrəmanın
atası Ağakərim İbrahimov
atletika turnirinin iştirakçılarına uğurlar
arzuladı və tədbirin təşkilatçılarına
minnətdarlığını bildirdi.
Çıxışlardan
sonra Milli Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycanın
Dövlət himni səsləndi. Tədbirin bədii hissəsində
Milli Qəhrəmana aid kompozisiya nümayiş etdirildi və
üç gün davam edəcək atletika yarışına
start verildi.
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2011.-
11 fevral.- S.5.