Bioetika müasir elm sahəsidir
Mütəxəssislər onu
insanın təbabət və biologiyadakı fəaliyyətinin
mənəvi tərəfləri haqqında elm
adlandırırlar
Vüqar Qurban oğlu Məmmədov
1969-cu il oktyabrın 4-də Bakı şəhərində
anadan olub. 1986-cı ildə Bakı şəhərindəki
42 nömrəli orta məktəbi qızıl medalla, 1992-ci
ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu
ilə bitirib. 2 il həmin universitetin məhkəmə təbabəti
kafedrasında kliniki ordinaturada, 3 il isə aspiranturada təhsil
alaraq elmi tədqiqat işləri aparıb. 1997-ci ildə məhkəmə
təbabəti üzrə namizədlik,
2004-cü ildə isə Rusiya Federasiyasının paytaxtı
Moskva şəhərindəki Məhkəmə Tibbi Ekspertiza
Mərkəzində doktorluq dissertasiyaları müdafiə
edib. Tibb elmləri doktorudur. 2010-cu ildən Azərbaycan Tibb
Universiteti məhkəmə təbabəti kafedrasının
professoru vəzifəsində çalışır. V.Məmmədov eyni
zamanda 2004-cü ildə
Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirərək
ikinci ali təhsil alıb. 1995-ci ildə Böyük Britaniyanın
Dandi, 1998-ci ildə Şotlandiyanın Qlazqo universitetlərində məhkəmə
təbabəti üzrə,
2001-ci ildə isə
ABŞ Dövlət Departamentinin
qrantı əsasında
Vaşinqtonda Amerika Universitetinin
Transmilli Cinayətkarlıq
və Korrupsiya ilə Mübarizə Mərkəzində ixtisaslaşma
kursu keçib. 2010-cu ildə YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan
Bürosunun rəhbəri
təyin olunub. Ötən ilin mart ayından Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunda bioetika və tibbi hüquq
şöbəsinin
müdiridir.
Ümumdünya və
Amerika Tibbi hüquq assosiasiyalarının
üzvüdür. Ailəlidir, 2 övladı var.
Dünyada
baş verən güclü inkişaf prosesi, bu
inkişafın əsasını təşkil edən
elmi-texniki tərəqqinin getdikcə daha böyük vüsət
alması, onun tətbiq sahələrinin genişlənməsi
yeni-yeni elm sahələrinin yaranmasına və sürətli
inkişaf yoluna çıxmasına səbəb olur. Belə
elm sahələrindən biri də ötən əsrin 70-ci
illərində meydana gəlmiş və elə
yarandığı vaxtdan da dünya elmləri sırasında
özünə vətəndaşlıq hüququ
qazanmış bioetikadır.
Yeni
elm sahəsi hansı zərurətdən meydana gəlib, tətbiq
sahələrinə nələr daxildir, onun dünyada və
ölkəmizdə inkişafı, tətbiqi, tədrisi vəziyyəti
necədir?
Əməkdaşımızın
ölkəmizdə bu elm sahəsi üzrə
tanınmış mütəxəssis, AMEA-nın İnsan
Hüquqları İnstitutunun Bioetika və tibbi hüquq
şöbəsinin müdiri, YUNESKO-nun Bioetika
kafedrasının Azərbaycan Bürosunun rəhbəri,
Ümumdünya və Amerika Tibbi hüquq
assosiasiyalarının üzvü, Azərbaycan Tibb
Universitetinin Məhkəmə təbabəti
kafedrasının professoru Vüqar Məmmədovdan
aldığı və aşağıda oxuculara təqdim
etdiyimiz müsahibəsində həmin məsələlərə
aydınlıq gətirilir.
- Vüqar müəllim, istərdik
öncə bioetika elmi haqqında məlumat verəsiniz. Bu elm
nə vaxt, harada, hansı zərurətdən yaranıb?
- Bu
gün "bioetika" sözü alimlər, siyasətçilər,
ilahiyyatçılar, hüquqşünaslar və digər fəaliyyət
sahələrinin təmsilçiləri tərəfindən
tez-tez işlədilir. Bioetika biotibbi elmlərin tərəqqisi
və ən yeni texnologiyaların insanın gündəlik həyatına
tətbiqi ilə əlaqədar yaranan, etik, tibbi, bioloji və
hüquqi problemlərlə məşğul olan elmlərarası
tədqiqat sahəsidir. Bioetika ənənəvi etikanın,
hüquq, fəlsəfə və təbabətin elementlərini
özündə birləşdirir. Əksər mütəxəssislər
onu insanın təbabət və biologiyadakı fəaliyyətinin
mənəvi tərəfləri haqqında elm hesab edirlər.
Planetimizdə
bioetika və tibbi hüququn bərqərar olması yüksək
biotibbi texnologiyalar sahəsindəki inqilabi nailiyyətlərlə
şərtlənmişdir. XX əsrin 70-ci illərinin əvvəllərində
təbabətdə elmi-texniki tərəqqinin nailiyyətlərini,
transplantalogiya, gen mühəndisliyi, reanimotologiya, rerroduktiv
texnologiyalar və s. sahələrdə yeni imkanları qiymətləndirmək
zəruriliyindən ABŞ-da yaranan bioetika tezliklə həm
tibb elminin, həm də tibbi etikanın hüdudlarından kənara
çıxdı. Tibbi hüquq isə hüququn müstəqil
sahəsi kimi formalaşmağa başladı. Belə bir vəziyyətin
yaranması biologiya və təbabət sahəsində ən
yeni ixtiraların təkcə həyat və ölüm, norma
və patologiya, xeyir və şər
haqqında təsəvvürlərimizi deyil, eləcə də
bütün bəşəriyyətin həyatının
inkişaf perspektivlərini dəyişməyə qadir
olması ilə şərtləndi. Müasir təbabətin
sürətlə dəyişilməsi, demək olar ki,
bütün tibb aləminin qarşısında bioetik və
hüquqi problemlərin nəzərdən keçirilməsinin
və həllinin zəruriliyi məsələsini
qaldırdı və indi də qaldırmaqda davam edir. Bioetikaya
yeni reproduktiv texnologiyaların (suni mayalandırma, surroqat
analıq), insanlar və heyvanlar üzərində eksperimentlərin
keçirilməsinin, evtanaziyanın etik və hüquqi
problemlərini, ölməkdə olan xəstələrə
münasibət, vaksinləşdirmə və QİÇS,
genetika, transplantologiya, təbabətdə ədalət,
insanın klonlaşdırılması, kötük hüceyrələri
ilə manipulyasiya, həkimlər və biznesin
qarşılıqlı münasibəti problemlərini aid
edirlər.
"Bioetika"
termini ilk dəfə 1969-cu ildə Amerika həkimi Van Rensseler Potter tərəfindən
"Bioetika: gələcəyə körpü" kitabında
müasir dünyada bəşəriyyətin
yaşamasına potensial təhlükə ilə bağlı
etik problemləri ifadə etmək üçün işlədilib.
Dar mənada
bioetika anlayışı həkim və pasiyentin
qarşılıqlı fəaliyyətinin bütün etik
problemlərini ifadə edir. Bu planda "bioetika" termini
tibbi etikanın bütün məzmununu, Ümumdünya Tibb
Assosiasiyası 3-cü Baş Assambleyasının 1949-cu ildə
Londonda qəbul etdiyi və 1968-ci ildə Sidneydə,
1983-cü ildə Venesiyada əlavələr etdiyi Beynəlxalq
Kodeksi özündə birləşdirir.
- Bu elm sahəsinin inkişafı,
yayılması, tədrisi sahəsində son illər
dünyada nə kimi işlər görülüb, hansı
addımlar atılıb?
-
Bioetika və tibbi hüquq sürətlə inkişaf etməkdə
olan elm sahələrinin bütün xüsusiyyətlərinə
malikdir. Nüfuzlu beynəlxalq konfransların fəaliyyəti
bu elmlərin problemlərinə həsr olunur, bir sıra
ixtisaslaşdırılmış jurnallar nəşr edilir,
çoxlu sayda kitab və dərsliklər işıq
üzü görür, milli və beynəlxalq bioetik təşkilatlar
yaradılır. Bioetika yeni sosial institutlar - etik komitələr
formalaşdıraraq öz elmi fəaliyyətini də dəyişdirir.
Biotibbi etika üzrə xüsusi komitə və komissiyalar həm
milli həkim assosiasiyalarında, həm də Avropa
Şurası, YUNESKO, ÜST, ÜTA və s. kimi beynəlxalq təşkilatların
nəzdində təsis edilir.
1994-cü
ilin oktyabrında Cenevrədə Ümumdünya Səhiyyə
Təşkilatının bioetikanın təlim olunması məsələləri
üzrə IV Konfransı keçirilib. Tədbir
iştirakçıları yekdilliklə qeyd ediblər ki,
bioetikanın tədrisi tibbi təhsilin ayrılmaz hissəsi
olmalıdır, bu, bütün tədris prosesi və diplomdan
sonrakı təhsil boyu məcburi və fasiləsiz şəkildə
həyata keçirilməlidir. Bu məqsədlə
bütün tibb məktəblərində hökmən
bioetika və tibbi hüquq kafedrası və lazımi sayda
müəllimlər olmalıdır.
1996-cı
ildə Avropa Şurası tərəfindən "İnsan
hüquqları və biotəbabət haqqında" Konvensiya
qəbul edilib. Konvensiyanın qüvvəyə minməsi ilə
bioetikanın prinsip və müddəaları Azərbaycan da
daxil olmaqla, Avropa Şurasının üzvü olan ölkələrdə
qanun qüvvəsinə minib. Bioetik və tibbi hüquq təkcə
Şimali Amerika və Avropanın deyil, həmçinin Asiya,
Afrika və Latın Amerikasının əksər ölkələrinin
ali və tibbi təhsil müəssisələrində məcburi
fənn kimi tədris edilir.
YUNESKO-da
1993-cü ildə yaradılmış Bioetika proqramı təşkilatın
2002-ci ildən etibarən əsas prioritetlərdən birinə
çevrilmişdir. Təşkilatın 2 məşvərət
orqanı yaradılıb - Bioetika üzrə Beynəlxalq Komitə
və Bioetika üzrə Hökumətlərarası Komitə.
2005-ci ilin oktyabr ayında YUNESKO-nun 33-cü Baş
Assambleyasında 191 ölkə "Bioetika və İnsan
Hüquqları üzrə Ümumi Bəyannaməni" qəbul
edib. Bəyannamənin 23-cü maddəsi: "Bioetika sahəsində
təhsil, peşə hazırlığı və
informasiya" adlanır və bu cür ifadə olunur:
A."....dövlətlər bioetika sahəsində təhsilin
və peşə hazırlığının dəstəyinə
səylər göstərməli, bu sahədə biliklərin
və məlumatların yayılmasını təqdir etməlidirlər...."B.
"...bu səylərdə iştirak edən beynəlxalq,
regional və milli qeyri-hökumət təşkilatlarının
iştirakını dövlətlər dəstəkləməlidir....".
Bəyannamə haqda məlumatın dünyada geniş
yayılması üçün YUNESKO bioetika sahəsində
tədris proqramı işləyib hazırlayıb. Proqram məzmunu
bioetika sahəsində elə prinsiplər əsasında
qurulmuşdur ki, bu prinsipləri YUNESKO universal kimi qəbul edib
və onlar heç bir milli, dini, irqi, siyasi, iqtisadi, sosial, mədəni
fərqliliklərdən asılı deyil.
- Bioetika elmi və onun ali məktəblərdə
tədrisi ilə bağlı ölkəmizdə vəziyyət
necədir?
-
Bioetika və tibbi hüquq dünyada çox yüksək
sürətlə inkişaf edən ən müasir elm sahələrindən
biridirlər. Son illər yeni texnologiyalar, biotexnologiyaların,
gen mühəndisliyinin və tibbin sürətli
inkişafı nəticəsində çoxsaylı etik və
hüquqi boşluqlar yaranmışdır. Bunu bu gün
bütün dünya alimləri, siyasətçilər,
YUNESKO-nun və digər beynəlxalq təşkilatların
mütəxəssisləri etiraf edir. 2010-cu ilin avqust ayında
Zaqreb şəhərində Dünya Tibbi Hüquq
Assosiasiyasının son 18-ci Konqresinin
açılışında Xorvatiyanın prezidenti, cənab
İvo Cosipoviç demişdir ki, "Tibbi hüquq və
bioetikanin sürətlə inkişaf etməsi demokratik ölkələri
səciyyələndirən cəhətdir". Bu fikirlə
razılaşmamaq mümkün deyil. Odur ki, demokratik Azərbaycanın
qurulması üçün bu elmlərin inkişafına
xüsusi diqqət verilməlidir.
Dövlətimizin
başçısı, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin, eləcə də Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevanın səhiyyəyə
və təbabətə ciddi diqqət ayırdıqları
bir şəraitdə, Səhiyyə Nazirliyinin rəhbərliyi
altında əhaliyə göstərilən müalicə-profilaktik
xidmətlərin təkmilləşdirilməsi istiqamətində
əhəmiyyətli işlərin görüldüyü bir
vaxtda tibbi hüquq və bioetika sahəsində olan
boşluqların aradan qaldırılması, görülən
böyük işlərin nəticəsiz qalmaması
üçün hüquqi və etik normaların
inkişafına da lazımi diqqət yetirmək gərəkdir.
YUNESKO-nun
və MDB ölkələrinin Parlamentlərarası
Assambleyasının sənədlərindən aydın
görünür ki, ölkəmizdə hazırda bioetika
arzuolunan səviyyədə deyildir.
Tibbi
hüquq sahəsində isə ümumiyyətlə heç
bir ciddi işin aparılmamasını etiraf etməliyik. Bu elm
istiqamətlərinin nə Azərbaycan Milli Elmlər Akademiyasında,
nə Azərbaycan Respublikası Prezidenti yanında Ali
Attestasiya Komissiyasında ixtisas şifrləri var, nə də
bu sahədə ixtisaslaşmış azərbaycanlı
mütəxəssislər. Hazırda bioetikanin və tibbi
hüququn tədrisi yalnız Azərbaycan Tibb Universitetində
təşkil olunub. Lakin o, dövlət tibbi təhsil
standartlarına daxil edilmədiyindən əsasən kafedralararası
xarakter daşıyır. Bu sahədə respublikamızda
ixtisaslaşmış mütəxəssislər
olmadığından bu fənlərin tədrisini digər
ixtisas sahibləri aparır. Heç bir digər ali və orta
təhsil ocağında, o cümlədən Ə.Əliyev
adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunda, tibb kolleclərində, Bakı Dövlət
Universitetinin hüquq, biologiya, sosiologiya, jurnalistika, psixologiya
fakültələrində bioetika fənni tədris olunmur.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev demişdir
ki, "Həkim üçün....ən əsas keyfiyyət
yüksək mənəviyyatdır". Bunun
üçün də həkimlər, tibb işçiləri
bioetika və tibbi hüququ yaxşı mənimsəməlidirlər.
Səhiyyə, tibb, biotexnologiyalar bu gün hər bir vətəndaşın
gündəlik həyatında böyük əhəmiyyət
kəsb edən sahələrdir. Lakin sürətlə
inkişaf edən transplantologiya, ekstrakorporal mayalanma və
reproduktiv texnologiyalar, cəmiyyətdə aktiv müzakirə
olunan evtanaziya, embrion statusu, insan genomu, klonlaşdırma,
donorlar və s. məsələləri yalnız sadə
insanları, həkim və tibb işçilərini deyil, digər
mütəxəssisləri, siyasətçiləri, alimləri
də bəzən məəttəl bir vəziyyətə
salır.
Bu
sahələrdə bir çox etik və hüquqi
normaların hazırlanması istiqamətində elmi tədqiqatların
və araşdırmaların aparılmasında digər
ölkələrə nisbətən xeyli gecikmişik. Xəstə
hüquqları, məlumatlandırılmış
razılıq, ölüm hallarının
araşdırılmasına yanaşmalar, həkimlərin əczaçılıq
biznesi ilə əlaqələrinin etik və hüquqi tərəfləri
sahələrində ölkəmizdə hələ heç
bir ciddi elmi araşdırma və yaxud tədqiqat
aparılmamışdır.
Bu
gün hüquq fakültəsinin tələbələri
hansı hərəkətin hüquqi, hansının hüquqa
zidd olmasını öyrənir. Lakin onların gələcəkdə
hansı hərəkətin doğru olub-olmamasını
düzgün qiymətləndirməsi, mürəkkəb etik
dilemmalar zamanı doğru qərarlar verməsi
üçün bioetika sahəsində müasir proqramlar əsasında
tədris aparılmalıdır. Hüquqşünaslar vətəndaşlarımızın
həyat hüququ, sağlamlıq hüququ kimi vacib
konstitusional insan hüquqlarının müdafiəsi
üçün tibbi hüquq fənnini yaxşı öyrənməlidirlər.
Cəmiyyətimizin
düzgün istiqamətdə inkişaf etməsi
üçün belə fənlərin tədrisi formal
xarakterli yox, interaktiv şəkildə, müasir tədris
vasitələrindən, real həyatdan gətirilmiş
misallardan istifadə edilməklə aparılmalıdır.
İnkişaf
etmiş demokratik dövlətlərdən fərqli olaraq,
MDB-nin heç bir ölkəsində, eləcə də Azərbaycanda
bu gün mütəxəssislərin, o cümlədən,
bioetika və tibbi hüquq üzrə elmlər namizədlərinin
və doktorlarının hazırlanması prosesi gerçəkləşmir.
"Elmi işçilərin ixtisaslarının
siyahısı"nda bu ixtisasın adı
olmadığından bioetik problemlərə toxunan
dissertasiyalar MDB-nin müxtəlif ölkələrində
ayrı-ayrı ixtisasların şifri əsasında müdafiə
edilir.
MDB
Dövlətlərinin Parlamentlərarası
Assambleyasının "MDB ölkələrinin ali tibbi təhsil sistemində bioetika tədrisinin
vəziyyəti" üzrə 2009-cu il iclasının sənədlərində
qeyd edilir ki, "biotibbi etika sahəsində MDB həkimlərinin
sistematik təhsilinin olmaması onların imicinə beynəlxalq
tibbi ictimaiyyət gözündə neqativ təsir göstərir,
onları bu sahədə daha hazırlıqlı xarici həmkarları
yanında əlverişsiz vəziyyətə salır
(xüsusilə də birgə elmi əməkdaşlıq
proqramlarının tərtibi zamanı), diplomların
konvertasiyasında maneələr yaradır, milli səhiyyə
sistemlərində yeni münasibətlərin
formalaşmasına imkan vermir". MDB məkanında bioetika
yalnız 5 ölkədə dövlət təhsil
standartına daxil edilib. Bunlar Gürcüstan, Moldova, Rusiya
Federasiyası, Tacikistan və Özbəkistandır. Odur ki,
Parlamentlərarası Assambleyanın 2009-cu ildəki son sənədində
Azərbaycan da daxil olmaqla bütün MDB ölkələri bu
qərara gəlmişlər ki, bioetika kursu həm diplomaqədər,
həm də diplomdansonrakı mərhələlərdə
tibbi təhsilin dövlət standartına salınmalı, ali
məktəblərdə bioetika və tibbi hüquq
kafedraları yaradılmalı, həmin fənlərin ali məktəblərin
yuxarı kurslarında vahid bir blokda tədrisi təmin
olunmalı, "Bioetika" elmi ixtisası və müvafiq
elmi şifri təsdiq edilməli, bioetika və tibbi hüquq
üzrə milli tədris proqramları, tədris
materialları və vəsaitlərinin hazırlanması
istiqamətində bütün lazımi tədbirlər
görülməlidir.
- Bəs yaxın gələcəkdə
bu sahədə vəziyyət dəyişilə bilərmi?
Bunun üçün hansısa işlər
görülürmü?
-
Bununla əlaqədar olaraq, hazırda YUNESKO-nun Bioetika
kafedrasının Azərbaycan Bürosunun dəstəyi ilə
AMEA İnsan Hüquqları İnstitutunda biz Azərbaycanda
bioetika və tibbi hüququn inkişafı, tibbi və
hüquqi təhsil müəssisələrinin tədris
planlarına bioetika və tibbi hüquq fənlərinin daxil
edilməsi, bu fənlər üzrə yeni elmi ixtisasların
yaradılması və elmi şifrlərin qeydiyyatdan
keçirilməsi istiqamətində layihə üzərində
işə başlamışıq. Layihə Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin Dəstəklənməsi Fonduna təqdim
olunmuşdur.
Büromuz
YUNESKO-nun Bioetika kafedrası, qurumun Azərbaycandakı daimi
nümayəndəliyi, Azərbaycanda Milli Komitəsi, Moskva
Bürosu, Dünya Tibbi Hüquq Assosiasiyası ilə sıx əməkdaşlıq
edir. Artıq bioetika və tibbi hüquq fənlərinin
müxtəlif fakültələrdə tədrisi
üçün nəzərdə tutulmuş kurikulumlar əldə
edilib və Azərbaycan dilinə tərcüməsinə
başlanıb. Təhsil və Səhiyyə nazirlikləri,
ali və orta ixtisas məktəblərin rəhbərliyi ilə
sıx əməkdaşlıq qurmaq istəyirik. Ali məktəblərin
birində "Bioetika və tibbi hüquq" mərkəzinin
və ya kafedrasının yaradılması da məqsədlərdən
biridir.
Bu fənlərin
respublikamızda tədrisinin bugünkü vəziyyəti hərtərəfli
təhlil olunub, onların ali məktəblərin tədris
proqramlarına daxil edilməsinin prinsipləri işlənilib
hazırlanacaq. Bu cür yanaşma YUNESKO-nun 19 oktyabr 2005-ci ildə Parisdə
keçirilən 33-cü Sessiyasının Baş
Assambleyasında bioetika və
insan hüquqları üzrə qəbul edilmiş Ümumi Bəyannamə
siyasətinə və MDB ölkələrinin Parlamentlərarası
Assambleyasının 2009-cu il qətnamələrinə
uyğundur. Bioetika və tibbi
hüquq fənlərinin Azərbaycanın təhsil sisteminə
tətbiq edilməsinin yolları və prinsipləri Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 4 may 2009-cu il
tarixdə imzaladığı "Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiya"dan, "Təhsil qanunu"ndan irəli
gələn vəzifələrlə
uzlaşdırılmışdır. Gələcəkdə
bu fənlər tibb, hüquq, fəlsəfə, sosiologiya,
psixologiya, jurnalistika, biologiya, kənd təsərrüfatı
və texnologiyalar üzrə respublikamızın bütün
ali və orta ixtisas məktəblərində tədris
olunmalıdır. Ali və orta ixtisas məktəblərində
dərs deyə biləcək müəllimlər
üçün treyning və
seminarlar təşkil olunmalı, iştirakçılar
lazım olan materiallar və informasiyalarla təmin edilməlidir.
Qarşıya qoyulan məsələlərin həlli
üçün müasir təhsil metodlarından, bu sahədə
mövcud beynəlxalq təcrübədən,
dünyada tanınmış aparıcı xarici ekspertlərin
köməyindən istifadə olunmalıdır.
- Reallaşdırmaq istədiyiniz
layihədən nə kimi praktik əhəmiyyət gözlənilir?
-
Onun ən böyük əhəmiyyəti bu olacaq ki, bioetika və
tibbi hüquq elm sahələrinin tədrisi
respublikamızın təhsilinin beynəlxalq təhsil sistemlərinə
inteqrasiyasına dəyərli töhfə olacaq. Yaxın bir zamanda "Bioetika və
tibbi hüquq" elmi ixtisasın və müvafiq elmi
şifrin rəsmi qeydiyyatını gözləyirik. Bu haqda təkliflərimizi
artıq bir neçə aydır müvafiq dövlət təşkilatlarına
göndərmişik. Onlar müsbət həll olunduğu
halda bioetika və tibbi hüquq sahəsində mütəxəssislər
hazırlanacaq. Layihənin gedişi və nəticələri
kütləvi informasiya vasitələrində
işıqlandırıldığı üçün
ictimaiyyətin müasir bioetik problemlər (həyat və
ölüm, transgen məhsullar, xəstələrin
hüquqları, süni mayalanma, məlumatlandırılmış
razılıq və s.) haqda maarifləndirilməsi
aparılacaq.
- İllərlə etika ali məktəblərdə
tədris olunur. Həmin fənlə hazırda tədrisinə
səy göstərilən bioetika
arasında nə kimi fərq var?
-
Bioetika tibbi etika ilə
qarışdırılmamalıdır. Bu gün həqiqətən
də Tibb Universitetində tibbi etika tədris olunur. Lakin
bioetika tibbi etikanı da əhatə etməklə daha
geniş anlayışdır. Bunlar arasında bir sıra fərqlər
vardır. Birincisi, bu gün bəşəriyyətin
qarşısında duran problemləri təkcə həkimlər
yox, artıq filosoflar, hüquqşünaslar,
ilahiyyatçılar, psixoloqlar, politoloqlar, siyasətçilər
və digər mütəxəssislər də tədqiq edirlər.
Məsələn, modifikasiya olunmuş məhsullar tək
bioloqların, həkimlərin problemi deyil. O həm də siyasətçilərin
problemidir, yəni o problem artıq ictimai-siyasi məna kəsb
etmişdir. Ona görə əgər
əsrlər, minilliklər boyu həyat problemləri ilə,
xüsusən də insanların həyatı ilə məşğul
olan yeganə elm təbabət olubsa, hazırda bu sahədə
çoxlu sayda elm və peşələr vardır.
İkinci
prinsipial fərq budur ki, bioetika akademik və maarifçi fəaliyyət
sahəsidir. Artıq bir çox ölkələrdə
uşaq bağçalarından, məktəblər və
liseylərdən başlayaraq universitetlərə qədər
müxtəlif bioetik kurslar tədris edilir. 2000-ci ildən
etibarən, məsələn, qonşu Rusiyanın ali tibb məktəblərində
tibbi etika yox, bioetika məcburi fənn kimi tədris edilməyə
başlanıb.
Üçüncü
fərq də odur ki, bu, çox sürətlə inkişaf
edən sosial bir institutdur. Bununla BMT, YUNESKO, ÜST və s.
kimi beynəlxalq təşkilatlar, dövlət və
müvafiq peşə təşkilatları məşğuldur.
Bioetika
müəyyən baxımdan səhiyyə sahəsində
insan hüquqlarının qorunması hərəkatının
bir hissəsidir. Bunları nəzərə alaraq bioetikanı
tibbi etika ilə qarışdırmaq düzgün olmaz. Bir
daha vurğulamaq istəyirəm ki, bioetika tibbi etikadan daha
geniş bir sahədir.
- İrəlidə qeyd etdiniz ki, bu
sahədə ölkəmizdə kifayət qədər mütəxəssis
yoxdur. Xüsusən də bioetikanı tədris etmək
üçün. Tutaq ki, sabahdan bütün kolleclərdə,
ali məktəblərdə bu fənn keçildi, onu kim tədris
edəcək?
-
Hazırda ölkəmizdə belə mütəxəssislər
yoxdur. Ona görə də təhsil naziri cənab Misir Mərdanovla
bu yaxınlardakı görüşümüzdə bu məsələni
müzakirə etdik. Qeyd olundu ki, ilk mərhələdə
pilot olaraq ali məktəblərin birində ya mərkəz,
ya kurs, ya da kafedra şəklində bir qurumun, strukturun
yaradılması və kurs keçildikdən sonra gələn
illərdən etibarən bu ixtisas üzrə magistraturanın
açılması, elmi şifrin, elmi ixtisasın olduğu
halda isə bu sahə üzrə ali dərəcəli mütəxəssislərin,
yəni elmlər namizədi və s. hazırlanması həyata
keçirilə bilər.
- Vüqar müəllim, siz ölkəmizdə
bioetika məsələləri ilə yaxından məşğul
olan, bu sahədə layihələr tərtib edib həyata
keçirilməsinə səy göstərən bir mütəxəssis,
YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan Bürosunun rəhbəri
kimi, yəqin bu elmin inkişafını izləyir, onunla
bağlı keçirilən beynəlxalq tədbirlərdə
iştirak edirsiniz?
- Təbii
ki. 2010-cu ildə YUNESKO-nun
Bioetika kafedrasının, İnsan Hüquqları Forumunun,
tibbi hüquq təşkilatlarının keçirdiyi beynəlxalq
konfranslarda Azərbaycanı təmsil etmişik. O cümlədən sonuncu dəfə Ümumdünya Tibbi Hüquq Assosiasiyasının
(World Association of Medical Law,
WAML) üzvü olaraq
2010-cu il avqustun 8-dən
12-nə qədər Zaqreb
şəhərində (Xorvatiya)
Assosiasiyanın XVIII Konqresində
iştirak etmişəm.
Assosiasiyanın konqresləri
iki ildən bir təşkil edilir və dünyanın hüquq, tibb və etika
sahəsində aparıcı
mütəxəssislərini toplayır. Konqresin açılış mərasimində
Xorvatiyanın prezidenti,
Zaqreb şəhərinin
meri, səhiyyə, ədliyyə nazirləri,
təxminən 60 min tələbənin təhsil
aldığı Zaqreb
Universitetinin rektoru iştirak edirdilər. Xorvatiyanın Prezidenti İvo
Cosipoviç təbrik
nitqində çox haqlı olaraq qeyd etdi ki,
"İnsan hüquqlarını
müdafiə etmək
məqsədilə tibbi
hüququn intensiv inkişafı hazırda bütün demokratik dövlətlərin səciyyəvi
xüsusiyyətidir. Ölkədə
tibbi hüququn inkişaf dərəcəsi
cəmiyyətin
tərəqqisinin və
demokratikliyinin göstəricisinə
çevrilmişdir". Konqresə
təqdim olunmuş 486
məruzənin əksəriyyəti
insan hüquqları, pasiyentin hüquqlarının
müdafiəsi, həkimlərin
və tibbi heyətin hüquqları,
məlumatlandırılmış razılıq məsələlərinə
həsr olunmuşdu. Ayrı-ayrı sessiyalar uşaq hüquqları, ruhi xəstələrin hüquqları, QİÇS xəstələri,
əlillərlə bağlı
idi. Bundan başqa, tibbi hüquq və ictimai səhiyyənin digər aspektlərinə
aid maraqlı iclaslar, "dəyirmi masa"lar və
sessiyalar da oldu. Konqresin geniş iclasında Azərbaycan Milli Elmlər Akademiyasının
İnsan Hüquqları
İnstitutunda tədqiq
etdiyimiz "MDB ölkələrinin
qida məhsulları üzrə milli qanunvericiliklərinin genetik
modifikasiya olunmuş məhsullara münasibəti
haqqında" elmi işimiz təqdim olundu. Bu iş
auditoriyanın böyük
marağına səbəb
oldu və çoxlu sayda suallar doğurdu. Məruzədən sonra Assosiasiyanın Baş Katibi, professor Roy Beran, amerikalı
professorlar Robert Uilbur və Con Konomi, Çin
Tibbi Hüquq Cəmiyyətinin sədri,
professor Vu Çenqfu və başqaları məsələ
ilə bağlı müsbət fikirlərini
bildirdilər. Növbəti
gün institutumuz tibbi hüququn müxtəlif məsələlərinə
həsr olunmuş ingilis dilində daha üç məruzə təqdim etdi. Bu məruzələr
konqresin rəhbərliyinin
və iştirakçılarının
diqqətini cəlb etdi.
Konqresin
təşkilat komitəsi mənə "Tibbi hüquq və
tibbi araşdırmalar" və "Məlumatlandırılmış
razılıq" adlı iki mühüm elmi sessiyanın sədrliyini
həvalə etdi. Bu tədbirlərdə Böyük Britaniya,
Fransa, Belçika, Avstraliya, Çin, Yaponiya, Xorvatiyanın və
digər ölkələrin professorları çox maraqlı
məruzələrlə çıxış etdilər.
Bu
cür görüşlər, digər ölkələrdən
olan həmkarlarımızla olan söhbətlər, həmçinin
müxtəlif sessiyalardakı məruzələri dinləmək
sayəsində hüquq və təbabətin vəhdəti
olan tibbi hüquq elminin nə qədər irəli getdiyini,
hazırda dünyada bu fənnin nə qədər yeni istiqamətlərinin
olduğunu xüsusi qeyd etməyi lazım bilirik.
- Müsahibə üçün
sağ olun.
Söhbətləşdi: Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.-
11 fevral.- S.6-7.