"Səhnəyə
həmişə yaşıma görə çətin
olan əsərlərlə
çıxmışam"
O, 1994-cü il Xaçmaz şəhərində anadan
olub. Hələ kiçik yaşlarından
musiqiyə olan istedadı ilə yaşıdlarından fərqlənər,
Ü.Hacıbəyovun romans və ariyalarına qulaq asar, bu
əsərləri pianoda səsləndirməyə
çalışardı. Musiqiyə olan marağı və istəyi
ilə valideynləri onu 7 yaşında
ikən Bakı şəhəri Leopold və Mstislav Rostropoviçlər
adına 21 nömrəli musiqi məktəbinə gətirirlər. Müsabiqə
yolu ilə onu məktəbin skripka
şöbəsinə, İlhamə Ağayevanın sinfinə
qəbul edirlər. Haqqında
söhbət açacağımız, rubrikamızın budəfəki
qonağı gənc olmasına baxmayaraq, beynəlxalq səviyyəli
səhnələrdə ölkəmizi uğurla
təmsil edən, Prezident
təqaüdçüsü, skripka
ifaçısı Kamran Ömərlidir.
Musiqi
məktəbinə daxil olandan 6 ay sonra Kamran ilk dəfə
dünya şöhrətli bəstəkar Sebastian Baxın
kiçik əsəri ilə məktəb səhnəsində
uğurlu çıxışını etdi. Müəllimi
İlhamə Ağayeva fitri istedadını üzə
çıxararaq onun gələcəkdə əsl
musiqiçi olacağına inanırdı. Kamranın həm
də gözəl səsi var. O, II sinifdə oxuyarkən
Dövlət Uşaq Filarmoniyasında Mobil Əhmədovdan dərs
almışdır. Xalq artisti Kamrana həmişə dahi sənətkarlarla
olan gözəl xatirələrindən danışar, onun gələcəkdə
yaxşı vokalist olacağını söyləyərdi.
Lakin
çox sonralar Kamran skripka alətində ifa etməyi daha
üstün saydı. V sinifdə ikən Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə yenicə yaranmaqda olan Azərbaycan Dövlət Gənclər
Orkestrinə skripka ifaçısı kimi daxil oldu. Orkestrin tərkibində
dəfələrlə müxtəlif dövlət tədbirlərində
iştirak etdi.
Solo
skripka ifaçısı kimi ilk dəfə böyük səhnəyə
10 yaşında çıxaraq Q.Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestri ilə, xalq artisti, dirijor
T.Göyçayevin rəhbərliyi altında S.Baxın əsərlərini
ifa etdi. Onun qeyri-adi ifaçılıq qabiliyyəti bir çox görkəmli
musiqiçiləri təəccübləndirirdi.
Artıq
kiçik yaşlarından böyük nailiyyətlər
qazanan Kamran dəfələrlə Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Simfonik Orkestri və Q.Qarayev
adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti
ilə solo ifaçı kimi Azərbaycan Dövlət
Filarmoniyasının səhnəsində uğurlu ifalar
etmişdir. Onun repertuarında S.Bax, P.İ.Çaykovski,
O.Sarasate, K.Sen-Şans, De Falya, N.Paqanini, H.Venyavski, Q.Qarayev, F.Əmirov,
Brams, Şuman və s. kimi dünya klassiklərinin əsərləri
mühüm yer tuturdu. Kamranın səhnədəki hər
bir ifası yüksək peşəkarlığı ilə
seçilir, hər bir əsəri obrazlı çatdırmaq
bacarığı dinləyiciyə mənəvi qida verir. Kamranı
dinləyən görkəmli musiqiçilər - xalq artisti,
dirijor R.Abdullayev, professor, xalq artisti T. Atakişiyev, T.Aslanov,
professor N.Abbaszadə, Z.Quliyeva, M.Adıgözəlzadə, F.Bədəlbəyli
və respublikamıza qonaq gələn görkəmli və
dünyaşöhrətli musiqiçilər -
O.Rostropoviç, italyan skripkaçı S.Krılov, M.Vengerov və
dahi M.Rostropoviç onun perspektivli bir ifaçı olduğunu
və beynəlxalq səviyyəli musiqiçi
olacağından əmin olduqlarını bildirirdilər.
Kamran
Ömərli Azərbaycan Dövlət Kamera Orkestrinin tərkibində
Hollandiya, Moskva, Kazan və s. şəhərlərdə
keçirilən Azərbaycanın mədəniyyət
günlərində iştirak etmiş, və bu səfərlər
zamanı T.Atakişiyev, S.Krılov, M.Vengerov kimi dahi
musiqiçilərdən dərs alaraq böyük təcrübə
qazanmışdır.
O,
2007-ci il birinci Respublika müsabiqəsində II, 2009-cu il
M.Rostropoviç adına birinci Bakı şəhər
müsabiqəsində I, 2009-cu
il "Azərbaycan - dünyam mənim" müsabiqəsində
I, 2010-cu il II Respublika müsabiqəsində I yerləri
tutmuş, 2010-cu il M.Əliverdibəyov adına gənc
ifaçıların V Bakı şəhər müsabiqəsində
Qran-Pri qazanmış, 2010-cu ilin aprelində
"Kaunas-2010" gənc musiqiçilərin XIX Beynəlxalq
festivalında xüsusi diploma layiq
görülmüşdür. Kamran bu beynəlxalq festivalın
təntənəli bağlanışında Litva Dövlət
Simfonik Orkestrinin müşayiəti və dirijor Modestas
Riternasın rəhbərliyi ilə Çaykovskinin əsərlərini
çox böyük uğurla ifa etmişdir. Konsert zamanı əfsanəvi
skripkaçı və musiqiçi, dirijor Sandetski Kamranın
ifasını çox bəyəndi və ona master skripka
alınmasını tövsiyə etdi. Qeyd edək ki, bu
istedadlı gənc
üçün Heydər Əliyev Fondu və Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən İtaliyanın Kremons
şəhərindən skripka alınıb. Kamran həm
festivalda, həm də seçim turunda mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva
tərəfindən ona şəxsən təntənəli təqdim
olunan bu qiymətli alətdə ifa edib.
2010-cu
ilin iyununda məşhur musiqiçi Maksim Vengerov ölkəmizdə
olarkən Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində
Kamrana qulaq asıb və ifasını yüksək qiymətləndirərək
onun 2011-ci ilin oktyabrında Polşa Respublikasında
keçiriləcək H.Venyatsi adına Gənc
skripkaçıların Beynəlxalq müsabiqəsinin
seçim turunda iştirak etməsi üçün təqdimat
yazıb.
2010-cu
ilin dekabrı da Kamran üçün çox uğurlu oldu. Bakıda
keçirilən IV Beynəlxalq festivalda o, Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Simfonik Orkestrinin
müşayiəti ilə beynəlxalq müsabiqənin
seçim turunda 4 klassik əsərlə
çıxış edib. Çıxışı
münsiflər heyəti tərəfindən heyranlıqla qarşılanıb.
Kamranın
dediklərindən: "Mən hələ uşaqlıqdan
texniki baxımdan ifa edilməsi çətin olan irihəcmli və
virtuoz əsərləri ifa etməyi çox sevmişəm. Səhnəyə
həmişə yaşıma görə çətin olan əsərlərlə
çıxmışam. Mürəkkəb texnikalı klassik əsərlər
həmişə məni özünə cəlb edib. Paqanini,
Çaykovski və s. kimi dahilərin mürəkkəb
texnikalı əsərlərini ifa etmişəm. İfa
etdiyim hər bir əsərdə özümün xüsusi dəst-xəttimin
olmasına çalışmışam. Çox sevinirəm
ki, artıq mənim adımı afişalarda oxuyanda
tamaşaçı ifamı dinləmək üçün
konsertlərə gəlir. Bu məni çox sevindirir. Hazırda Polşa Respublikasında
keçiriləcək beynəlxalq müsabiqəyə
hazırlaşıram. Azərbaycanımızı uğurla təmsil etməyi qarşıma
məqsəd qoymuşam. Mənə elə gəlir ki, öz
üzərində işləyən hər bir istedadlı gənc
istəyinə çata bilər. Mənim missiyam dünya
klassiklərinin musiqilərini ifa etməklə onları daim
yaşatmaq və insanlara çatdırmaqdır. Məncə,
gənc nəslin yüksək zövqünün formalaşması
üçün bundan gözəl vasitə ola bilməz. Mən
sənətimi çox sevirəm və həmişə
çalışıram. Sevinirəm ki, yanımda mənə
həmişə dəstək olan İlhamə Ağayeva kimi
müəllimim var. Mənim bu səviyyəyə
çatmağımda onun rolu əvəzsizdir. Səfərlər
zamanı və konsertlərdə məni pianoda müşayiət
edən Arzu Səfərovanı da xüsusilə qeyd edərdim.
Onun kimi təcrübəli və istedadlı pianoçu ilə
işləmək mənə əlavə stimul verir. Ümumiyyətlə,
mənə və mənim kimi bütün gənclərə
dəstək olan hər bir kəsə, xüsusilə ölkə
Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı
bildirirəm.
Ən
böyük arzum
ifaçılıq vərdişlərimi daha da mükəmməlləşdirmək
üçün xaricdə təhsil almaq, solist skripka
ifaçısı kimi respublikamızı dünyanın ən
nüfuzlu səhnələrində uğurla təmsil etməkdir.
Bəli,
bir gənc ilə söhbətimiz və onun musiqiyə olan məhəbbəti
bir daha sübut edir ki, Azərbaycan dahilər vətənidir və
bu vətən dahiləri daim yetişdirəcəkdir.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2011.-
18 fevral.- S.24.