Azərbaycanın
Milli Qəhrəmanları
Rzayev Canpolad Yaqub oğlu
1968-ci il fevralın
26-da Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olub. Rayonun
Əhmədavar kəndindəki orta məktəbin səkkizinci
sinfini bitirib. O, bir müddət kolxozda işləyib. 1988-ci ildə ordu sıralarına
çağırılıb, hərbi xidmətini raket qoşunları hissəsində keçirib.
Xidmətini başa
çatdırdıqdan sonra hərbi hissədə
qalıb təhsilini davam etdirib.
1992-ci il fevralın
26-da xalqımız öz taleyinin
ən ağır və acılı
anlarını yaşayırdı. XX əsrin sonunda
təkcə Azərbaycan
xalqına qarşı deyil, bütün insanlığa
qarşı ən ağır cinayətlərdən biri - Xocalı faciəsi baş verdi. Belə bir gərgin vəziyyətdə Canpolad
əhalinin təhlükəsizliyinin
təmin edilməsində fədakarlıq göstərib.
C.Rzayev
Qaraqaya uğrunda erməni işğalçılarına
qarşı gedən döyüşlərdə əsl qəhrəmanlıq
nümunəsi nümayiş etdirərək qəhrəmancasına
həlak olub.
Ailəli
idi. İki övladı var.
Azərbaycan
Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli
Fərmanı ilə Rzayev Canpolad Yaqub oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Məzarı
Ağdamın düşmən işğalı altında olan
Şəhidlər xiyabanındadır.
Salahov Şakir Şamil oğlu
1966-cı
il iyunun 15-də Xocalı rayonunun Cəmilli kəndində
anadan olub. 1981-ci ildə kəndlərindəki səkkizillik məktəbi,
sonra isə orta məktəbi bitirib. Şakir 1984-cü ildə
hərbi xidmətə çağırılıb. 1986-cı
ildə əsgəri xidmətini başa
çatdırdıqdan sonra Xankəndi Şəhər Daxili
İşlər İdarəsinin mühafizə şöbəsində
işə qəbul olunub. Ş.Salahov 1991-ci ildə Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Şuşa şəhər
filialında fizika-riyaziyyat fakültəsinə daxil olub. 1991-ci
il avqustun 23-də Kosalar və Cəmilli kəndləri
uğrunda erməni işğalçılarına
qarşı gedən
ağır döyüşlərdə xüsusi igidlik
nümayiş etdirərək yağı düşmənin xeyli
canlı qüvvəsini məhv edib. Amma erməni hərbi birləşmələri
irimiqyaslı hücum əməliyyatlarını davam
etdirirdi. Cəbhə xəttini yarıb hərbi hissələri
mühasirəyə almaq istəyirdilər. Şakir isə
düşmənin bu bəd niyyətinin həyata keçməsinə imkan
vermirdi.
Ş.Salahov
1992-ci ildə Kosalar kəndi uğrunda gedən qeyri-bərabər
döyüşlərdə qəhrəmancasına həlak
olub.
Azərbaycan
Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli
Fərmanı ilə Salahov Şakir Şamil oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Bərdə
şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.
Sarıyev Zaur Rəşid oğlu
1974-cü
il iyunun 28-də Şəmkir rayonunun Qaralar kəndində
anadan olub. 1989-cu ildə orta məktəbi bitirdikdən sonra Gəncə
şəhərindəki peşə məktəbində
elektrik qaynaqçısı peşəsinə yiyələnib.
1993-cü ildə Milli Ordu sıralarına
çağırılıb. Qusar rayonunda hərbi təlim
keçdikdən sonra döyüş bölgəsinə
göndərilib. Döyüş yolu Tərtərdən
başlayan Zaur sonralar Füzuli, Ağdam, Kəlbəcər və
Murovdağa qədər gedib çıxıb. 1994-cü ildə
Murovdağ istiqamətində kəşfiyyata çıxarkən
mühasirəyə düşməsinə baxmayaraq, cəsurluğu
nəticəsində 13 gündən sonra geri qayıdıb. Bir
müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə
yollanıb. Daha sonra 776 nömrəli
hərbi hissədə xidmətə başlayıb. O, komandirlərinin
tapşırıqlarını ləyaqətlə yerinə
yetirib. Müstəqilliyimizin qorunub saxlanılmasında Milli
Ordunun əsgəri kimi həmişə özünü şərəflə
doğruldub.
Z.Sarıyev
1995-ci ilin martında dövlət çevrilişinə cəhdin
qarşısı alınan zaman silahlı dəstə ilə
üz-üzə gələrkən qəhrəmancasına həlak
olub.
Azərbaycan
Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli
Fərmanı ilə Sarıyev Zaur Rəşid oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Şəmkir
rayonundakı Şəhidlər xiyabanında dəfn
olunub.
Sayadov Mehman Qəzənfər
oğlu
1972-ci
il noyabrın 21-də Qərbi Azərbaycanın Vardenis
rayonunun Günəş kəndində anadan olub. Yeddinci sinfə
kimi doğma kəndlərində oxuyub. Sonra məlum səbəblərdən
ailələri ilə birlikdə Samux rayonuna gəlib. Sovet
ordusu sıralarına hərbi xidmətə
çağırılan Mehman 6 ay Sverdlovskidə xidmət
etdikdən sonra Vətənə qayıdıb. 1992-ci ildə
"Azərbaycan bayrağı" könüllü
müdafiə batalyonuna üzv
yazılaraq Qarabağa - cəbhə bölgəsinə
yollanıb. Bu o vaxtlar idi ki, ölkədə baş verən hərc-mərclikdən,
siyasi qarışıqlıqlardan, vahid komandanlığın
olmamasından, vətən xainlərinin ucbatından Azərbaycanın
dilbər guşələri bir-bir erməni
işğalçılarının caynağına
keçirdi. Mehman Şuşa döyüş bölgəsində
erməni yaraqlılarına qarşı aparılan hərbi əməliyyatlarda
mərdliklə döyüşüb. Şuşa şəhərinin
bir sıra kəndlərinin müdafiəsində xüsusi qəhrəmanlıq
nümayiş etdirib.
M.Sayadov
1992-ci il mayın 9-da Nəbilər kəndinin erməni
faşistlərindən müdafiəsi zamanı qəhrəmancasına
həlak olub.
Azərbaycan
Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli
Fərmanı ilə Sayadov Mehman Qəzənfər oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Meyitini
döyüş bölgəsindən götürmək
mümkün olmayıb.
Sədiyev Vəzir İsa
oğlu
1961-ci
il iyunun 6-da Gürcüstan Respublikasının Marneuli rayonunun
Aşağı Qullar kəndində anadan olub. Orta təhsilini
Qərbi Azərbaycanın Körpülü kəndində
başa çatdırdıqdan sonra Tbilisi Ali Hərbi
Artilleriya Məktəbinə daxil olub. Məktəbi bitirdikdən
sonra Rusiyanın Qorki şəhərindəki hərbi məktəbə
müəllim təyin edilib. Sonra könüllü olaraq Əfqanıstana
yola düşüb. Əfqanıstan müharibəsində
iştirak etdikdən sonra mayor rütbəsi ilə qərargah
rəisinin müavini təyin edilib. Xocalı
soyqırımı başlayanda Azərbaycana gələrək
Artilleriya və Hərbi Hava Qüvvələri İdarəsində
döyüş hazırlığı şöbəsinin rəis
müavini vəzifəsində çalışıb. Vəzir
Laçın, Qubadlı, Füzuli və Ağdərə
rayonlarında erməni işğalçılarına
qarşı gedən döyüşlərdə iştirak edərək
xüsusi qəhrəmanlıq nümayiş etdirib.
V.Sədiyev
1993-cü il fevralın 19-da Ağdərənin Aterk kəndi
uğrunda gedən döyüşdə qəhrəmancasına
həlak olub.
Ailəli idi. Bir övladı var.
Azərbaycan Respublikası Prezidentinin
15 yanvar 1995-ci il tarixli 262 nömrəli Fərmanı
ilə Sədiyev Vəzir İsa oğlu ölümündən
sonra Azərbaycanın
Milli Qəhrəmanı
adına layiq görülüb.
Bakı şəhərində Şəhidlər
xiyabanında dəfn olunub.
Milli Qəhrəmanlar Beynəlxalq
İnformasiya Mərkəzinin
materialları əsasında
hazırladı:
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2011.-
18 fevral.- S.22.