Səhnə
xadimləri ilə görüş
Bakıdakı 5 nömrəli
orta məktəbdə
Azərbaycan Dövlət Akademik
Milli Dram
Teatrının bir qrup
səhnə ustası ilə görüş keçirilib.
"Maskasız, qrimsiz görüşlər" silsiləsindən
olan tədbirdə xalq artistləri İlham Əsgərov,
Firəngiz Mütəllimova, aktrisa Vəfa Rzayeva ilə
yanaşı, teatrın direktor müavini, əməkdar artist
Azər Mirzəyev, ədəbi hissə müdiri, əməkdar mədəniyyət işçisi
Atababa İsmayıloğlu
da iştirak
ediblər. Məclisi məktəbin direktoru
Nərminə Gündüzlü
açaraq şagirdlərin
incəsənətə, məktəbdə hazırlanan səhnəciklərə
marağından söhbət açıb. Azər
Mirzəyev teatrın təşəbbüsü ilə həyata
keçirilən bu tədbirlərin
məqsədini açıqlayıb, Atababa İsmayıloğlu
müsəlman Şərqinə nümunə
olan Azərbaycan teatrının məktəbdə təşəkkül
tapmasını, məktəblə səhnə müəssisələrinin
qarşılıqlı əlaqəsini diqqətə
çatdırıb. Məktəbin müəllimləri
İradə Hacıyeva, Südabə Mehdiyeva
teatr tamaşalarının, belə
görüşlərin şagirdlərin yaddaşında
buraxdığı əbədi izdən, onların həyat və
sənət yollarını müəyyənləşdirərkən
köməklərinə çatmasından
danışıblar. Sonra qonaqlar şagirdlərin
çoxsaylı suallarını cavablandırıblar.
Görüşdə
qərara alınıb ki, qocaman səhnə ocağı ilə
məktəb arasında qarşılıqlı əlaqə
möhkəmləndirilsin, belə görüşlər
qocaman səhnə ustaları ilə də keçirilsin,
şagirdlərin hazırladığı tamaşalara metodiki
köməklik göstərilsin, mənbə kimi teatr
tamaşalarından da istifadə olunsun.
A.XİLƏLİ
Azərbaycan müəllimi.- 2011.-
18 fevral.- S.23.