Məktəblilərin vətənpərvərlik tərbiyəsinə xüsusi fikir verilir 

 

2010-2011-ci dərs  ilində Bakıdakı 17 nömrəli orta məktəbdə şagirdlərə möhkəm və əsaslı bilik vermək, proqram materiallarını şüurlu surətdə   dərindən mənimsətməklə yanaşı, onların vətənpərvərlik, estetik, fiziki, əxlaqi tərbiyəsinə və  hərtərəfli inkişafına  da xüsusi diqqət yetirilir.  Məktəbin direktoru Bədəl Bədəlov bildirdi  ki,  pedaqoji kollektivin səyi nəticəsində məktəbdə bununla əlaqədar sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu çoxsahəli işlər arasında vətənpərvərlik tərbiyəsinə istiqamətlənmiş tədbirlər mühüm yer tutur. Bu işlər əsasən 3 formada həyata keçirilir.

Birincisi, bilavasitə təlim prosesində mövzuların tədrisi həyatla, vətənimizin azadlığı və bütövlüyü uğrunda  vuruşan, şəhid olan Mübariz İbrahimov kimi  qəhrəmanların, görkəmli şəxsiyyətlərin, əfsanəvi sərkərdələrin həyatı ilə əlaqələndirilir. Onların keçdikləri şərəfli ömür yolu, vətən qarşısında xidmətləri təhlil olunub şagirdlərə çatdırılır. Həmçinin doğma torpaq, el-oba haqqında ulularımızın yaratdıqları atalar sözü və zərb-məsəllərdən, bayatı və əfsanələrdən nümunulər söylənilir.

İkincisi, respublikamızı hər bir şagirdə ətraflı şəkildə tanıtmaq  məqsədilə aparılan  işlər. Bu mərhələdə müxtəlif tədbirlərdən istifadə olunmaqla, bütün şəhər və rayonların timsalında Azərbaycan ərazisinin, təbii sərvətlərinin, təhsilinin, mədəniyyətinin  və s. öyrənilməsi təmin edilir.

Nəhayət, üçüncü forma sinifdənxaric və məktəbdənkənar işləri əhatə edir. Bura ayrı-ayrı şəhər və rayonlara, bütövlükdə demokratik, azad, müstəqil respublikamıza həsr olunan sərgilər, ədəbi-bədii axşamlar, disputlar, viktorinalar, ekskursiyalar və gəzintilər daxildir. Bütün bunlar ölkəmiz haqqında şagirdlərin biliklərini zənginləşdirir, onların doğma yurdumuzun-Azərbaycanımızın hər qarış torpağına ülvi məhəbbət, tükənməz sevgi ruhunda böyüməsinə imkan verir.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 18 fevral.- S.21.