"Öyrədənləri öyrədən" təlim kursu keçirilib

 

Təhsil Nazirliyinin  müvafiq əmrinə uyğun olaraq Şirvan şəhərində "Öyrədənləri öyrədən" təlim kursu keçirilmişdir. Kursa 26 nəfərlik rəhbər heyət cəlb olunmuşdur.

Təlim kursuna  Təhsil Problemləri İnstitutunun şöbə müdiri, pedaqoji elmlər namizədi İlham Cavadov və institutun böyük elmi işçisi Fəridə Hüseynova rəhbərlik edirdilər. Kursun ilk günü ənənəvi və fəal təlimlə aparılan iki "açıq dərs" nümayiş etdirildi. Sonra həmin dərslərin üstün və çatışmayan cəhətləri barədə müzakirələr aparıldı.

Müdavimlərin dünyagörüşünün diaqnostikası göstərdi ki, yeni pedaqoji yanaşmalara münasibət hələ də fərqlidir. Müxtəlif təhsil fəlsəfəsi baxımından müasir tələblərə cavab verən pedaqoji yanaşmalar müəyyənləşdirildi. Habelə fənn kurikulumlarının strukturu və məzmunu, müasir kurikulumlar və yeni təlim strategiyaları (müəllimin illik və cari planlaşması, təlimin forma və üsulları) öyrənildi.

Kurs ərzində yeni pedaqoji texnologiyaların mahiyyəti və məzmunu, fəal təlimin və qiymətləndirmənin mexanizmləri ilə yaxından tanışlıqdan sonra onun ənənəvi pedaqoji texnologiyalarından, qiymətləndirmədən və təlimdən üstünlüyü müdavimlər tərəfindən bir daha  vurğulandı. Bundan sonra yeni dərsliklərlə və əlavə resurslarla işin xüsusiyyəti də öyrənildi. Həm şəhər ümumtəhsil məktəblərinin fənn kurikulumları tətbiq olunan siniflərində, həm də müdavimlərin hazırladığı nümunəvi dərslər dinlənildi və müzakirə edildi.

Bu kursun əvvəlkilərdən fərqi həm də ondan ibarət idi ki, burada islahatın uğurla həyata keçirilməsi üçün "kimin hansı vəzifəsi ola bilər" sualı ətrafında fikir mübadiləsi aparıldı. Təhsil işçilərinin məsuliyyət və vəzifələri onların özləri tərəfindən müəyyənləşdirildi. Diqqətçəkən  məsələlərdən biri də dərsdinləmə idi.  Hazırlıq kursu keçməyən məktəb rəhbərləri dərsdinləmə mexanizmini bilmədikdə təbii ki, onun səmərəliliyi də yetərincə olmur. Yeni təlim texnologiyaları baxımından ənənəvi dərsdinləmə mexanizmi müasir təlimin təşkili prosesini tam üzə çıxarmadığından  onun hazırlanmasına ciddi ehtiyac var idi. Hazırda təklif olunan mexanizm  rəhbər və müəllim heyətinə böyük kömək olacaqdır.

Təlim kursunun davamı olaraq  şəhərimizdə zona məktəbləri  yaradılmışdır.  Həmin məktəblərin  hər birinin fəaliyyətinə 26 nəfərdən seçilmiş bir məsul şəxs cavabdehdir. Artıq zona məktəblərinin Fəaliyyət Planı hazırlanmış, şəhər üzrə bütün müəllimlərin siyahısı bir daha dəqiqləşdirilmiş, onlar məktəblər arasında bölüşdürülmüş və hər bir məktəbdə yaradılımış  elektron mərkəzində qeydə alınmışlar. Məktəblərin hər birində 8-9  təlimçinin müdavimlərlə məşğələsi təşkil olunacaqdır. 

2011-ci il yanvarın 31-də kursda iştirak edən təlimçilərə təhsil naziri  tərəfindən müvafiq sertifikatlar təqdim olundu. 

 

 

Elçin HƏSƏNOV

 

Azərbaycan müəllimi.- 2011.- 18 fevral.- S.21.