Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anıldı

 

Bu günlərdə A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 23-cü ili münasibəti ilə anım mərasimi keçirilib. Azərbaycanın Dövlət himni səsləndi. Qəhrəmanın həyat və döyüş yoluna həsr olunmuş videogörüntülər izlənildi.

Mərasimdə qəhrəmanlığı tərənnüm edən musiqilər və şeirlər səsləndirildi. Məktəbin şagirdləri-Xəyalə, Münasib, Gülnar, Aysel və Əfsanə Milli Qəhrəman Mübarizə həsr olunan şeirlərlə onun ən yüksək zirvədə - qəhrəmanlıq zirvəsində olduğunu söylədilər. IX sinif şagirdi Seymur Səmədzadə isə hərbi geyimdə Mübariz İbrahimovun atasına və anasına yazdığı son məktubunu oxudu.

Məktəbin müəllimi Sədaqət İsazadənin Milli Qəhrəmana həsr etdiyi "Mübarizi düşünərkən" şeiri öz emosionallığı ilə hamını duyğulandırdı.

Tədbirdə iştirak edən İsmayıllı Rayon Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin, İsmayıllı RTŞ-ın, YAP Rayon Təşkilatının məsul şəxsləri və məktəbin direktoru Ramil Dadaşov çıxış edərək Azərbaycan gənclərinə örnək olan Mübarizin  misilsiz qəhrəmanlığından danışdılar.

Sonda şagirdlər Milli Qəhrəmanın həyat və döyüş yolundan bəhs edən guşənin önünə tər çiçək dəstələri qoyaraq öz ehtiramlarını bildirdilər. Qonaqlar Mübariz İbrahimova həsr olunmuş "Xatirə kitabı"na ürək sözlərini yazdılar.

 

 

Eminə ORUCOVA

 

Azərbaycan müəllimi.- 2011.- 18 fevral.- S.20.