Şəhidin xatirəsinə
ehtiram
Fevralın
12-də Bakıdakı Ş.Əfəndizadə adına 13
nömrəli orta məktəbdə bu təhsil
ocağının məzunu, şəhid Məhəmməd
Sabir oğlu Əhmədovun anım günü münasibəti
ilə tədbir keçirildi.
Tədbir
iştirakçıları əvvəlcə şəhidlərin
ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Dövlət
himninin səslənməsi ilə başlayan tədbiri
giriş sözü ilə açan məktəbin
direktoru Rəfiqə Məmmədova
erməni millətçilərinin tarixən
xalqımızın başına gətirdiyi müsibətlərdən söhbət
açaraq mənfur düşmənə qarşı mübarizədə
şəhid olmuş Məhəmməd kimi vətənpərvər
qəhrəman oğullarımızın heç vaxt
unudulmayacağını, onların xatirəsinin daim hörmətlə
yad olunacağını bildirdi.
Tədbirin
aparıcıları 1970-ci il fevralın 12-də Bakı şəhərində
ziyalı ailəsində anadan olmuş şəhid Məhəmməd
Əhmədovun həyatı haqqında qonaqlara məlumat
verdilər. Bildirdilər ki, ilk təhsilini Yasamal rayonunda yerləşən
13 nömrəli orta məktəbdə almış M.Əhmədov Moskva Poliqrafiya İnstitutuna daxil
olmuş, sonradan təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında davam etdirmişdir. Ordu
sıralarında xidmət edən Məhəmməd 1994-cü ilin 12 fevral tarixində
Murovdağda torpaqlarımızın bütövlüyü
uğrunda gedən döyüşlərdə qəhrəmancasına
şəhid olmuşdur.
Tədbirdə
iştirak edən qonaqlar da şəhidlərimiz haqqında
danışdılar. Təhsil ocaqlarında belə tədbirlərin
keçirilməsini müsbət qiymətləndirdilər.
Tədbirin
sonunda məktəb kollektivi və qonaqlar şəhid Məhəmməd
Əhmədovun II Fəxri xiyabandakı məzarını
ziyarət etdilər.
Rəşad ZİYADOV
Azərbaycan müəllimi.- 2011.-
18 fevral.- S.20.