Amerika Birləşmiş
Ştatlarında təhsil sistemi
Amerika Birləşmiş
Ştatları
Ərazisi: 9,8
milyon kv.km.
Əhalisi: 317,6
milyon nəfər
Paytaxtı: Vaşinqton şəhəri
Dövlət
dili: İngilis
dili
Pul vahidi: ABŞ dolları
(USD)
Amerika
Birləşmiş Ştatları (ABŞ) geniş perspektivlər
və hədsiz imkanlar ölkəsidir. ABŞ elmi-tədqiqatların,
qabaqcıl texnologiyaların tətbiqi və sənayenin
inkişafı sahəsində böyük uğurlar
qazanıb. Bütün bu uğurlar
Amerikanın təhsil sisteminə də təsirsiz
ötüşməyib. ABŞ təhsil
sistemi dünyanın ən qabaqcıl tələblərinə
cavab verən, texniki və elmi bazasının
unikallığı ilə seçilən və analoqu olmayan
bir sistemə çevrilib. Amerika universitetləri sadəcə
ali təhsil müəssisələri
deyil. Onların hər biri elmin bütün sahələri
üzrə qabaqcıl elmi tədqiqatların
aparıldığı və böyük kəşflərin
edildiyi elmi tədqiqat mərkəzləridir. Təsadüfi
deyil ki, ABŞ-ın Milli Aeronavtika və Kosmik
Administrasiyasının (NASA-National Aeronautics and Space
Administration) Cet Propuljon laboratoriyası Kaliforniya Texnologiya
İnstitutunda yerləşir. Nüfuzlu təhsil müəssisələri
dünyanın hər yerindən minlərlə şagird və
tələbəni, eləcə də alimləri bu ölkəyə
cəlb edir. Məhz yüksək keyfiyyətinə
görə dünyada ən bahalı təhsil də məhz
ABŞ-dadır. ABŞ-da tarixi, iqtisadi və sosial amillərin təsiri
altında formalaşmış müasir təhsil sistemi
özünəməxsusluğu ilə seçilir. Burada dövlətin vahid təhsil sistemi yoxdur. Hər ştat təhsilin strukturunu müstəqil
şəkildə müəyyən etmək hüququna
malikdir.
Təhsil sistemi
Digər ölkələrlə
müqayisədə Amerika məktəbləri daha demokratik
olmaları ilə fərqlənir. İngiltərədə,
Fransada və digər Qərbi Avropa ölkələrində
uşaqlar adətən erkən yaşlarından ibtidai siniflərdə
2-4 il oxuduqdan sonra müxtəlif növ məktəblərə
daxil olurlar. Məsələn, İngiltərədə
uşaqların təxminən 10-15 faizi qrammatik məktəblərə,
Fransada isə liseylərə gedirlər. ABŞ-da
isə belə məktəb sistemi yoxdur. Ölkədə
vahid məktəb strukturu da mövcud deyil.
Dövlətə məxsus məktəblərlə
yanaşı, ABŞ-da kilsə və özəl təhsil
müəssisələri də mövcuddur. Kilsə məktəbləri dini təşkilatlar tərəfindən
maliyyələşir və buradakı təlim-tərbiyə
işləri dini ruhda aparılır. Özəl
məktəblərdə isə təhsil bahalı
olduğundan burada, adətən imkanlı ailələrin
övladları təhsil alırlar.
Uşaq bağçalarını
başa vuran uşaqların təxminən 99 faizi məktəblərə
daxil olurlar (6 yaşdan 13 yaşadək). Onların 94 faizi təhsillərini 18 yaşadək
davam etdirirlər. 18-24 yaş arası gənclərin
29 faizi isə kollec və universitetlərə qəbul olurlar.
ABŞ-da universitet və ya kolleclərə
daxil olmazdan əvvəl 12 illik ibtidai və orta məktəb təhsilini
başa vurmaq əsas tələblərdən biridir.
Məktəbəqədər
təhsil
ABŞ-da məktəbəqədər
təhsil icbari deyil. Valideynlər
övladlarını istədikləri təhsil müəssisəsinə
verə bilərlər. Ölkədə məktəbəqədər
təhsil müəssisələri sırasına oyun məktəbləri
(play school - azyaşlı
uşaqlar əşyaları oynayaraq tanıyırlar), körpələr
evi (nursery school) və
bağçalar (kindergarten)
daxildir.
Bundan əlavə, ibtidai məktəblərin
(elementary schools) əksəriyyətini beş
yaşlı uşaqlar üçün məktəbəqədər
təhsil müəssisələri təşkil edir. Adətən bu, ibtidai məktəbin birinci sinfi hesab
olunur.
Amerikanın bəzi məktəbəqədər
təhsil müəssisələrində Montessori metodundan
istifadə olunur. Bu metod doktor Mariya
Montessori tərəfindən 1900-cü ilin əvvəllərində
yaradılıb. Həmin metoda əsasən
hər bir uşağın özünəməxsus
ehtiyacı, marağı və inkişaf xüsusiyyətləri
olduğu üçün ona fərdi yanaşma tətbiq
olunmalıdır. Bəzi Montessori məktəbləri
(Montessori schools) məktəbəqədər təhsil müəssisələrindən
(2-5 yaşlı uşaqlar üçün) və ibtidai məktəblərdən
(6-12 yaşlılar üçün) ibarətdir.
2010-cu ildə ABŞ-da uşaq
bağçalarına cəlb olunmuş uşaqların
sayı 1 milyon 94 min nəfər olub.
Orta təhsil
ABŞ-da təxminən 120 min orta məktəb
var. Onların 27 mini özəldir. Şagirdlərin
15 faizi özəl təhsil müəssisələrində və
ya kilsə məktəblərində təhsil alırlar.
Məktəb məzunlarının təxminən
30 faizi universitetlərə qəbul olur.
Amerikanın orta təhsil strukturu 12 illik təhsil
təklif edir və aşağıdakı pillələri əhatə
edir:
1. İbtidai məktəb (elementary school):
6-11 yaşlı uşaqlar üçün (I-VI siniflər);
2. Əsas məktəb (secondary school):
12-15 yaşlı uşaqlar üçün (VII-IX siniflər);
3. Orta məktəb (High school): 16-18
yaşlı uşaqlar üçün (X-XII siniflər).
Məktəblərdə fənlərin
tədrisi baxımından vahid tələblər qoyulmur. Onlar məktəbin yerləşdiyi ərazidən
(ştatdan) və ya həmin məktəbin öz siyasətindən
asılı olaraq dəyişə bilər.
Bütün məktəblərdə
tədris olunan icbari fənlərə ingilis dili (İngiltərə
və Amerika ədəbiyyatı), riyaziyyat (cəbr və həndəsə),
xarici dil (əsasən ispan dili), tarix (Amerika və Avropa tarixi)
və təbiət elmləri (biologiya, kimya, ekologiya) daxildir.
Amerikanın məktəb sistemində
biliyin qiymətləndirilməsi bir qədər demokratik
xarakter daşıyır. Burada
fənlər üzrə vahid dövlət imtahanları
mövcud deyil, onları aralıq və semestr testləri əvəz
edir. İlin sonunda isə yekun imtahan
verilir.
Təhsil alanların bu və ya digər
fəndən aldığı qiymət yalnız testlərin nəticəsi
əsasında müəyyənləşdirilmir. Qiymətləndirməyə onun təhsilə
münasibəti, məktəb həyatında iştirakı və
digər müvafiq meyarlar da təsir göstərir. Yeganə dövlət imtahanı SAT-dır (Scholastic
Aptitude Test-Təhsil Nailiyyətləri Testi). Buraya bacarıqlar üzrə ümumi akademik test,
riyaziyyat biliyi və dil bacarıqlarının səviyyəsi
daxildir. Bu test kollec və universitetlərə daxil olmaq
imkanı yaradır.
Tədris ili semestrlərə
bölünür və 170-186 gün davam edir. Dərslər
5-6 saat olmaqla həftənin beş
günü keçirilir.
İbtidai
məktəb. Əsasən 6
yaşdan etibarən başlayır. Burada təhsil
ştatdan asılı olaraq 5-6 il davam edir.
Amerikada adətən məktəbə
uşaqları 6 yaşında qəbul edirlər. Bütün dərslər (oxu, ədəbiyyat,
şifahi nitq, orfoqrafiya, musiqi, təsviri incəsənət,
hesab, tarix, təbiətşünaslıq, gigiyena, bədən
tərbiyəsi və əmək) bir müəllim tərəfindən
aparılır.
İbtidai məktəblərdə
şagirdləri adətən testlərin nəticələrinə
uyğun qruplara bölürlər. Bu
testlər xüsusi hazırlıq tələb etmir,
istedadlı uşaqları üzə çıxarır və
riyazi dəqiqliklə intellekt əmsalını - IQ
(intelligence quotient) müəyyənləşdirməyə
imkan verir. IQ (ay kyu) testləri insanın
intellekt səviyyəsinin qiymətləndirilməsidir. ABŞ-da orta intellekt əmsalı 100-dür. Ölkə məktəblərinin məzunlarının
orta IQ-su 115, əlaçıların 135-140 təşkil edir.
70-dən aşağı IQ əqli gerilik hesab
olunur.
IQ müəyyən edildikdən sonra
A, B və C (istedadlı, normal və qabiliyyətsizlər)
qrupları yaradılır və təhsil
diferensiallaşdırılır. Təhsildə
geri qalan uşaqlarla ciddi iş aparılır. İstedadlılar
isə adətən kollec və universitetlərə
hazırlaşırlar.
Əsas
məktəb (secondary school). Təhsilin
bu pilləsi 3 illikdir (VII-IX siniflər). Burada tədris
olunan əsas fənlər aşağıdakılardır:
ingilis dili, riyaziyyat, təbiətşünaslıq, bədən
tərbiyəsi, gigiyena, musiqi, təsviri incəsənət, əmək
və ya evdarlıq. Səkkizinci sinifdən
etibarən şagirdlər maraq göstərdikləri fənləri
seçmək hüququna malikdirlər.
Orta məktəb (high
school). Təhsil müddəti 3
ildir (X-XII siniflər). Əsas fənlərə riyaziyyat
(2 il), ingilis dili (4 il), təbiət elmləri
(2 il) və sosial elmlər (3 il) daxildir.
Orta məktəbdə qiymətləndirmə
sistemi ingilis əlifbasının A,
B, C, D, F hərfləri ilə aparılır. Orta qiymətin
müəyyən edilməsi üçün hərflərə
uyğun ballardan (A=4,
B=3, C=2, D=1 və F= 0) istifadə olunur.
C-dən
yuxarı qiymətlər yaxşı qiymətlər hesab
edilir. Təhsilin davam etdirilməsi
üçün tədrisin sonunda B və ya A qiymətləri
alınmalıdır. D
- biliyin orta səviyyədən
aşağı olduğunu, F
isə qeyri-qənaətbəxş nəticə və ya tədris
materialının tamamilə öyrənilməməsi deməkdir.
Orta məktəbin bitirilməsi haqqında
diplom almaq üçün son 4 il ərzində
16 akademik kurs üzrə zaçot almaq kifayətdir. Akademik kurs adətən 90-180 məşğələdən
ibarət olur. Adətən hər
yarımilə 5-6 kurs düşür. Son 4 ildə
şagirdlərə 5 əsas fənnin - ingilis dili (4 il),
riyaziyyat (3 il), təbiət elmləri (3 il), sosial elmlər (3
il), kompüter (5 ay) öyrənilməsi məsləhət
görülür. Universitet və dördillik kolleclərdə
təhsilini davam etdirmək istəyənlər
üçün xarici dil kursunu (2 il)
keçmək də tələb olunur.
Əsas fənlər 20-30
ixtisaslaşmış kurslara bölünür. Məsələn, ingilis dilinə Amerika ədəbiyyatı
və ədəbi yaradıcılıq daxil edilir. Məqbul qiymət almaq üçün müasir
yazıçıların yaradıcılığı və
ya jurnalistika sahəsindən də imtahan vermək
mümkündür.
Təhsil Nailiyyətlərinin Milli Qiymətləndirilməsi
(National Assessment of Educational Progress - NAEP) təşkilatının
verdiyi məlumata əsasən, 2010-2011-ci tədris ilində təxminən
49,4 milyon şagird dövlət ibtidai və
orta məktəblərində təhsil alır. Bundan əlavə,
5,8 milyon şagird özəl məktəblərdə
təhsil alır. Bütün bu məktəblərdə təxminən
3,8 milyon müəllim
çalışır.
2010-2011-ci tədris ilində isə 19,1 milyon nəfər iki və dördillik kolleclərə
və universitetlərə daxil olub. Bu rəqəm 2000-ci illə
müqayisədə 3,8 milyon nəfər
çoxdur.
2010-2011-ci tədris ilində orta təhsilə
təxminən 340 milyard dollar məbləğində vəsait
ayrılıb. Ölkə üzrə
hər şagirdə orta hesabla 10 min 792 dollar düşür.
Müqayisə üçün qeyd edək ki,
2007-2008-ci tədris ilində bu məbləğ 10 min 297 dollar
təşkil edib.
Ali təhsil
ABŞ-da ali təhsil
müəssisəsi anlayışının dəqiq təyinatı
mövcud deyil. Orta məktəbdən sonra təhsil
verən istənilən təhsil müəssisəsi kollec, məktəb,
institut və hətta universitet adlandırıla bilər.
Hər hansı təhsil müəssisəsinin statusunu müəyyənləşdirən
yeganə meyar orda tədris olunan ixtisasların keyfiyyəti və
həyata keçirilən elmi tədqiqatlar ola
bilər.
Ali məktəblərə qəbul
olunmaq üçün abituriyentlərə qarşı vahid tələblər
yoxdur. İkiillik kolleclərə
daxil olmaq üçün heç bir qəbul şərtləri
və yaş məhdudiyyəti qoyulmur. Abituriyentlərdən
sadəcə olaraq orta təhsil haqqında sənəd tələb
edilir.
Ali təhsil müəssisəsinin
növündən və nüfuzundan asılı olaraq, qəbul
olmaq istəyənlərdən müsabiqə imtahanları,
müsahibələr və test imtahanları götürülə
bilər. Əsasən namizədlərdən
aşağıdakı sənədlər tələb edilir:
- orta məktəb
nailiyyətləri haqqında sənəd (GPA - Grade Point
Average, orta bal);
- SAT (Scholastic Aptitude Test) - təhsil nailiyyətləri
testinin nəticələri;
- müəllimlərin
zəmanəti;
- yazılı inşa;
- liderlik
potensialının olması haqqında və tədrisdənkənar
tədbirlərdə (məsələn, məktəb qəzetində,
idman komandalarında, yaradıcılıq müsabiqələrində,
ictimai işlərdə) iştirakı təsdiqləyən sənədlər.
Amerika ali təhsilində
çoxpilləli sistem qəbul edilib. Bu sistemə əsasən
ölkədəki ali təhsil müəyyən
dövrlərə bölünür.
Bakalavr (Undergraduate) dövrü 4 il davam edir və humanitar (Bachelor of Arts, BA) və
ya təbiət elmləri (Bachelor of Science, BS) bakalavr dərəcəsinin
alınması ilə başa çatır. Bakalavr
kursunun proqramına təxminən 30 tədris fənni daxildir.
Onlardan hər biri müəyyən kredit balı
ilə qiymətləndirilir. Ümumilikdə,
bakalavr dərəcəsini almaq üçün 120 kredit
toplamaq lazımdır. Əgər tələbə
müəyyən sayda mühazirədə iştirak edibsə
(akademik saatlarla ölçülən), laborator işləri
yerinə yetiribsə, müstəqil iş (referat, esse, hesabat
və s.) yazıbsa, o zaman müvafiq krediti qazanmış hesab
olunur.
Amerika təhsil sistemi özünəməxsus
çevikliyi ilə fərqlənir. Məsələn,
bakalavr proqramı üzrə təhsilin ilk iki ili
bir sıra əsas fənlərin icbari qaydada öyrənilməsi
nəzərdə tutulur. Növbəti iki ildə
isə tələbələr kifayət qədər geniş
siyahıdan istədikləri kursu seçə bilirlər.
Magistr (Graduate) dövrü magistr dərəcəsinin
(MasterTs Degree) verilməsi ilə nəticələnir. Magistraturada təhsil iki ildir. Sonda
məzunlar magistr dissertasiyası yazır və müdafiə
edirlər.
Ali təhsil
müəssisələri
ABŞ-ın ali təhsil
müəssisələrinin sayı 4480-dən çoxdur. Buraya ikiillik və dördillik kolleclər, eləcə
də universitetlər daxildir.
Universitetlər proqram seçimində
və onların məzmununun müəyyən edilməsində
sərbəstdirlər. Bundan əlavə,
ölkənin ən yaxşı universitetləri böyük
maliyyə sərbəstliyinə malikdirlər. Onların
maliyyə mənbələri yalnız tələbələrdən
alınan təhsil haqları hesabına deyil, həmçinin
elmi-tədqiqat işlərindən, sponsor yardımından əldə
edilən gəlirlər hesabına formalaşır.
Ölkənin ən qədim ali təhsil müəssisəsi 1636-cı ildə
yaradılmış Harvard Universitetidir. 1693-cü ildən
1749-cu ilədək ABŞ-da daha dörd ali
təhsil ocağı - Vilyam və Meri Kolleci (1693, Virciniya
ştatı), Yel (1701), Prinston (1746) və Pensilvaniya (1749)
universitetləri fəaliyyətə başlayıb.
Digər universitetlər ərazilərə
görə (Orta Qərb, Şimal, Cənub və Qərb
bölgələri) bölünürlər. Bu sıraya öz ştatlarının büdcəsindən
maliyyələşən dövlət universitetləri,
ayrı-ayrı şəxslərin və ya fondların maliyyə
vəsaiti hesabına fəaliyyət göstərən özəl
universitetlər daxildir.
Dünya universitetləri reytinqində
ABŞ universitetləri həmişə yüksək pillələri
tuturlar. "Times Higher Education World University
Rankings"in 2010-cu il üzrə
dünyanın ən nüfuzlu universitetləri arasında
apardığı araşdırmaya əsasən
dünyadakı 100 ən yaxşı universitetin 51-i
ABŞ-dadır. Reytinqin ilk beşliyində də ABŞ
universitetləri (Harvard Universiteti, Kaliforniya Texnologiya
Universiteti, Massaçusets Texnologiya Universiteti, Stanford
Universiteti və Prinston Universiteti) qərar tutur.
"QS World University Rankings"in
hesabatına əsasən isə dünyadakı 100 ən
yaxşı universitetin 31-i ABŞ-da yerləşir. Bu reytinqdə
ilk onluğa daxil olan universitetlərin altısı (Harvard
Universiteti -2, Yel Universiteti - 3, Massaçusets Texnologiya
Universiteti - 5, Çikaqo Universiteti - 8, Kaliforniya Texnologiya Universiteti - 9, Prinston
Universiteti - 10) Amerikanın payına düşür.
Təhsilin sonunda bakalavr, magistr və
doktorluq dərəcələri verilir. Kollec və universitetlər veriləcək dərəcələri
və onları alacaq tələbələri özləri
müəyyənləşdirir.
Amerika universitetləri tədris
binaları, laboratoriyalar, kitabxanalar, yataqxanalar, müəllimlər
üçün evlər, kafe və yeməkxanalar, idman və
mədəni
kampuslar, təhsil şəhərcikləri ilə əhatə
olunur. Tədris ili 2 və ya 3 semestrdən
ibarətdir.
Mühazirələrdə, adətən,
minədək tələbə iştirak edir. Hər tələbənin şəxsi tədris
planı olur. Universitetlərdə daimi
qruplar yoxdur. Müəllimlər adətən
mühazirənin surətini tələbələrə
payladıqları üçün konspekt tutmağa ehtiyac
olmur. Hər semestrin sonunda imtahan və
zaçotlar verilir. Bu zaman nailiyyət
qazana bilməyən tələbələr universitetlərdən
çıxarılmırlar. Onlara
imtahanı bir neçə dəfə yenidən vermək
imkanı yaradılır.
Dördillik
kolleclər statusuna görə universitetlərə bərabər
tutulurlar. Onların bəziləri
müstəqil təhsil müəssisələri olsa da, digərləri
universitetlərin tərkibində fəaliyyət göstərirlər.
Kolleclərlə universitetlər arasında yeganə
fərq kolleclərin yalnız bakalavr proqramı əsasında
tədris aparmasından ibarətdir. Təhsilini
magistraturada davam etdirmək istəyən tələbə
universitetin magistr (Graduate) proqramına qəbul oluna bilər.
Bundan əlavə, ABŞ-da
ştatdaxili regional kolleclər də fəaliyyət göstərir. XX əsrin əvvəllərində yaradılan
regional kolleclərdən ibarət sistemin əsas məqsədi
məktəblə universitet arasında keçid
yaratmaqdır. Bu kolleclərdə təhsil 2 il davam edir və Associate degree (Aralıq dərəcə)
alınması ilə başa çatır. Bu dərəcə
tələbələrə bakalavr dərəcəsi almaq
üçün öz təhsillərini universitetlərdə
davam etdirmək imkanı yaradır. Regional
kolleclərin özünəməxsusluğu, onların ümumtəhsil
proqramları və texniki sahələr üzrə
ixtisasartırma kursları təklif etməsindən ibarətdir.
ABŞ-da tibbi təhsil ən
bahalı təhsillərdən hesab edilir. Tələbələrin bir hissəsi təhsil
haqqı ödəmək iqtidarında olmadıqlarından, əsasən
təhsil kreditləri hesabına oxuyurlar. Statistikaya
əsasən, təhsilin sonunda Amerika Tibb Məktəbi məzunlarının
əksəriyyətinin 100 min dollardan artıq borcu olur. Buna baxmayaraq, məzunların təcrübi və tədqiqat
fəaliyyətlərinin ilk aylarında aldıqları
yüksək məvaciblər təhsilə xərclənmiş
vəsaiti ödəmək imkanı yaradır.
ABŞ-ın ən məşhur tibb məktəbləri
arasında Oreqon Tibb və Elm Universiteti (Oregon Health & Science
University), Miçiqan Dövlət Universiteti Osteopatik Tibb
Kolleci (Mich. State U. College. of Osteopathic Medicine), Minnesota
Universiteti (University of Minnesota), Con Hopkins Universiteti (Johns Hopkins
University), Kolumbiya Universiteti Terapiya və Cərrahiyyə
Kolleci (Columbia U. College of Physicians and Surgeons) və digər tədris
ocaqlarının adlarını çəkmək olar.
Amerika ali təhsilindən
danışarkən biznes təhsilini qeyd etməmək
mümkün deyil. Belə ki, dünyada ilk biznes
məktəbi - Tak Biznes Məktəbi (TuckTs School of Business) məhz
ABŞ-da yaradılıb. Bu gün
dünyanın aparıcı biznes məktəblərinin təxminən
60 faizi Amerikadadır. Bu ölkədə
alınmış MBA (Master of Business Administration) diplomu
bütün dünyada gələcək uğurlu karyeranın
zəmanəti hesab edilir.
ABŞ-da 1500-dən artıq təhsil
müəssisəsi MBA proqramları təklif edir. Amerikanın ən məşhur biznes-proqramlarına
marketinq, maliyyə, beynəlxalq və İnternet biznesi,
sahibkarlıq, pərakəndə satış və digər
sahələr üzrə proqramlar aiddir. ABŞ biznes-məktəblərində
təhsil iki il davam edir. Təhsil
haqqı ildə təxminən 50 min dollardır. Amerika biznes məktəbinə daxil olan hər kəs
qəbul komissiyasına təhsil haqqını ödəmə
qabiliyyətinin olması ilə bağlı zəmanət təqdim
etməlidir.
İlk MBA məktəbləri olan
Harvard, Stenford və Barton məktəbləri uzun illərdir
ki, dünya universitetlərinin reytinq siyahısında ilk
üç pilləni tuturlar. Bəzən
onlar reytinq siyahısında bir-birini əvəz edirlər.
Onu da qeyd edək ki, ABŞ-da 16-24
yaşlılar arasında təhsilini yarımçıq
qoyanlar 2009-cu ildə 8,1 faizə qədər
azalıb. Tələbələr arasında qızların
sayı (10,9 milyon) oğlanlardan (8,3 milyon)
çoxdur. Bütün tələbələrin 11,9 milyonu əyani təhsil, 7,2 milyonu isə
qiyabi təhsil alır.
Əcnəbi tələbələr
ABŞ universitet və kolleclərdə təhsil
alan əcnəbi tələbələrin
sayına görə dünya lideridir. Tələbələrin
Amerikanı seçməsinin bir sıra səbəbləri var.
Amerikada geniş ixtisas seçimi və güclü elmi-tədris
bazası mövcuddur. Amerika universitetləri sadəcə
ali təhsil müəssisələri
deyil. Onların hər biri elmin müxtəlif
sahələri üzrə qabaqcıl tədqiqatların
aparıldığı və kəşflərin edildiyi mərkəzlərdir.
ABŞ Dövlət Departamentinin Təhsil
və Mədəniyyət İşləri üzrə
Bürosunun dəstəyi ilə Beynəlxalq Təhsil
İnstitutunun (Institute of
International Education, IIE) hazırladığı illik
hesabatına əsasən 2009-2010-cu tədris ilində ABŞ
universitetlərinə 202 mindən çox əcnəbi tələbə
qəbul olunub. Ümumlikdə, 2009-2010 - cu tədris ilində
ABŞ universitetlərində 700 minə yaxın əcnəbi
tələbə təhsil alıb ki, bu da 2008-2009-cu ilin tədris
ili ilə müqayisədə 2,9 faiz çoxdur.
ABŞ-da təhsil alan əcnəbi tələbələrin
böyük əksəriyyəti Çin (18,5
faiz), Hindistan (15,2 faiz) və Cənubi Koreya (10,4 faiz) vətəndaşlarıdır.
Bu üç ölkədən olan tələbələr
əcnəbi tələbələrin ümumi sayının təxminən
44 faizini təşkil edir. Əgər
2008-2009-cu tədris ilində əcnəbi tələbələr
arasında hindistanlıların sayı çoxluq təşkil
edirdisə, 2009-2010-cu tədris ilində çinlilər
ön mövqeyə çıxıb. Bundan əlavə,
ABŞ-da təhsil alan əcnəbi tələbələrin
statistikasında ilk onluğa Kanada (4,1 faiz), Tayvan (3,9 faiz),
Yaponiya (3,6 faiz), Səudiyyə Ərəbistanı (2,3 faiz), Meksika
(1,9 faiz), Vyetnam (1,9 faiz) və Türkiyə (1,8 faiz) daxildir.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində 26 azərbaycanlı
gənc ABŞ-ın ən nüfuzlu ali təhsil müəssisələrinə
göndərilib. Artıq onlardan 9 nəfəri təhsillərini
başa vuraraq
ölkəmizə qayıdıb.
ABŞ-da təhsil alan əcnəbi tələbələrin
əksəriyyəti Cənubi Kaliforniya Universitetində
(University of Southern California, 8 minə qədər), İllinoys
- Urbana Şampeyn Universitetində (University of Illinois -
Urbana-Champaign, təxminən 8 min), Nyu-York Universitetində (New
York University, 7,3 min), Perdyu Universitetində (Purdue University, 6,9
min), Kolumbiya Universitetində (Columbia University, 6,8 min),
Miçiqan Universitetində (University of Michigan - 6,1 min),
Kaliforniya Universitetində (University of California, 5,7 min),
Miçiqan Dövlət Universitetində (Michigan State
University, 5,4 min), Texas Universitetində (University of Texas, 5,3 min)
və Boston Universitetində (Boston University, 5,2 min) təhsil
alırlar.
ABŞ-da təhsil alanların 21,1 faizi
(145,5 min nəfər) biznes və menecment sahələrinə,
18,4 faizi (127,4 min nəfər) mühəndislik elmlərinə,
8,9 faizi (61,285 min nəfər) fizika və həyat haqqında
elmlərə, 8,8 faizi (təxminən 61 mini) riyaziyyat və
kompüter elmlərinə, 8,7 faizi (təxminən 60 mini)
ictimai elmlərə üstünlük verirlər.
Beynəlxalq Təhsil İnstitutunun (
Təhsil və
yaşayış haqqı
ABŞ universitetlərində təhsil
haqqı bir sıra meyarlardan asılıdır. Bu baxımdan təhsil ocağının statusu
(dövlət və ya özəl, kollec və ya universitet),
nüfuzu və konkret fakültə əsas
götürülür. Ən
aşağı qiymətlər dövlət kollecləri və
universitetlərindədir. İlk ildə təhsilin məbləği
orta hesabla 7 min, ikinci il 9-10 min ABŞ
dolları ola bilər. Məsələn, Berkli
Universiteti kifayət qədər tanınsa da, burada təhsil
ildə təxminən 14-20 min dollar təşkil edir.
Özəl ali təhsil müəssisələrində
isə (məsələn, Stenford və ya Harvard universitetlərində)
qiymətlər 30 min dollardan (qiymətlər tədris ilinə
görə fərqlənə bilər) başlayır. Texniki ixtisaslar bahalı laboratoriya
avadanlıqlarından istifadəni nəzərdə tutduğu
üçün humanitar elmlərə nisbətən daha
çox xərc tələb edir. Qeyd
etdiyimiz kimi, Amerikada ən yüksək təhsil haqqı tibb
ixtisası üzrədir.
Yaşayış qiymətləri isə
universitetin yerləşdiyi ərazidən asılıdır. Həyat səviyyəsinə görə ölkənin
ən bahalı şəhərləri Nyu-York, Los-Anceles və
Çikaqodur. Ən ucuz yaşayış
ölkənin kiçik əyalət şəhərlərindədir.
Tələbələrin xərclərinin
əsas hissəsini yaşayış xərcləri təşkil
edir. Universitet kampusundakı
yataqxanalardakı otaqlarda qalmaq ildə 5-12 min dollara
(universitetin yerləşdiyi ərazidən asılı olaraq)
başa gəlir.
Təqaüd
proqramları
ABŞ hökuməti Amerikada təhsil
almaq istəyən əcnəbi tələbələr
üçün xeyli sayda təqaüdlər təklif edir. Onların böyük hissəsi magistr və doktor
proqramlarının iştirakçıları
üçün nəzərdə tutulub. Lakin
bakalavrlar üçün də təqaüdlər
mövcuddur.
Qlobal Bakalavr Mübadiləsi
Proqramı (UGRAD) çərçivəsində təqaüd
I-III kurs tələbələrinə verilir. Bu, 1 və
ya 2 il ərzində kənd təsərrüfatı,
biznes, informatika, pedaqogika, iqtisadiyyat, beynəlxalq əlaqələr
və digər istiqamətlər üzrə təhsil almaq
imkanı yaradır. 1995-ci ildən bu proqramda
200-dən çox azərbaycanlı tələbə
iştirak edib.
Fulbrayt Proqramı (Fulbright Program) çərçivəsində
magistraturada təhsil üçün incəsənət,
humanitar və ictimai elmlər, texniki və təbiət elmləri,
eləcə də ABŞ tarixi, hüquq, jurnalistika, psixologiya,
kinematoqrafiya, teatr və incəsənət, sosiologiya,
memarlıq və digər sahələr üzrə təqaüd
ayrılır. Eləcə də bu proqram
çərçivəsində Amerika universitetlərində
magistr (MA- Master of Arts) dərəcəsinin alınması
üzrə ikiillik qrantlar təklif edilir. Bundan
əlavə, proqram Amerika universitetlərində və arxivlərində
namizədlik dissertasiyası üçün material toplamaq məqsədilə
elmi-tədqiqat işləri aparmağa birillik qrantlar
ayırır.
Fulbrayt Proqramı üzrə təqaüdlər
Azərbaycan vətəndaşları üçün də
verilir. Bu proqram üzrə təqaüdlərin
verilməsi açıq müsabiqə yolu ilə
ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən
hər tədris ilində həyata keçirilir. Ali təhsili (ən azı bakalavr dərəcəsi)
olan, ingilis dilini bilən Azərbaycan vətəndaşları
bu proqrama qoşulmaq üçün ərizə verə bilərlər.
ABŞ Konqresi tərəfindən
1992-ci ildə təsis edilmiş Edmund S.Maski Magistr
Proqramının (Edmund S.Muskie Graduate Fellowship Program) məqsədi
Avrasiya ərazisində iqtisadiyyatın və demokratiyanın
inkişafına yardım göstərməkdir. Bu,
ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət
İşləri üzrə Bürosunun proqramı olsa da, IREX tərəfindən
həyata keçirilir. Proqram Azərbaycan, Rusiya,
Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova,
Tacikistan, Türkmənistan, Ermənistan, Özbəkistan və
Ukraynadan olan aspirantlara və
mütəxəssislərə ABŞ-da 1 il dərəcəsiz,
1 və ya 2 il müddətində isə dərəcə
almaq üçün təhsil təklif edir.
1998-2008-ci illər ərzində təqribən
280-ə yaxın azərbaycanlı gənc bu proqramda
iştirak edib. Proqram
iştirakçıları magistr dərəcəsi almaqla
yanaşı, bitirdikləri universitetdə ixtisasları
üzrə 12 həftəlik təcrübə keçmək
imkanı da qazanırlar. Ali təhsili (ən azı bakalavr
dərəcəsi) olan, ingilis dilini bilən və biznes idarəçiliyi,
iqtisadiyyat, hüquq, ictimai idarəetmə, ictimai siyasət, ətraf
mühit, beynəlxalq əlaqələr,
kitabxanaçılıq, təhsil və jurnalistika
ixtisaslarından birinə yiyələnmək istəyən
istənilən Azərbaycan vətəndaşı proqram
üzrə təqaüd almaq üçün müraciət
edə bilər.
Gələcək Liderlərin
Mübadiləsi Proqramı (FLEX) ABŞ Dövlət
Departamentinin təşəbbüsü ilə həyata
keçirilir. Bu proqram çərçivəsində
MDB ölkələrindən hər il
yüzlərlə X və XI sinif şagirdləri
ABŞ-ın orta məktəblərində təhsil alır və
bu ölkədə yaşayır. Proqram üzrə
seçim prosesi ingilis dilini bilmə, şəxsi keyfiyyətlər,
akademik nailiyyətlər və rəhbərlik potensialı
kimi meyarlara əsaslanır. Seçilmiş şagirdlər
Amerika haqqında kurslar keçir və bir il
müddətində Amerikanın orta məktəblərində
tam kursu bitirirlər.
1998-ci ildən başlayaraq FLEX Proqramı
üzrə hər il 55 azərbaycanlı
şagird ABŞ-da təhsil alır. İndiyədək
800-dən artıq şagirdimiz bu proqramda iştirak edib.
FLEX Proqramı çərçivəsində ABŞ-da bir il təhsil almaq hüququ qazanan məktəblilər
arasında təkcə Bakı şəhərinin deyil,
Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir,
Quba, Şəki, Lənkəran məktəblərinin də
şagirdləri var.
Gənc Müəllimlərin
İnkişafı Proqramı (JFDP) gənc ali
məktəb müəllimləri üçün nəzərdə
tutulur. Bu layihə tədris proqramlarının
hazırlanması və tədris metodikasının təkmilləşdirilməsi
sahələrini əhatə edir. Həmin proqram çərçivəsində
müəllimlər ABŞ və Azərbaycanın ali məktəbləri ilə sıx əməkdaşlıq
əlaqələri yaradırlar. Birillik akademik
proqramda 2 aylıq stajkeçmə də nəzərdə
tutulur. Qeyd etmək lazımdır ki, bu
proqram elmi dərəcə alınmasını nəzərdə
tutmur. 1999-2007-ci illərdə Azərbaycandan
35 nəfər bu proqramda iştirak edib.
2010-2011-ci tədris ili üzrə Gələcək
Liderlərin Mübadiləsi Proqramı (FLEX) çərçivəsində
42, Gənc Müəllimlərin İnkişafı Proqramı
(JFDP) üzrə 5, "Open World" Proqramı çərçivəsində
50, Qlobal Bakalavr Mübadiləsi Proqramı (UGRAD) çərçivəsində
10, Edmund S. Maski Proqramı çərçivəsində isə
15 nəfər ABŞ-a göndərilib.
Bunlardan əlavə, Amerikada hər
universitetin öz təqaüd proqramı mövcuddur. Bir çox hallarda onlar əcnəbi tələbələrə
də şamil edilir. Bəzən təhsildə və ya
idmanda yüksək göstəricilər qazanmaq təqaüd
almaq üçün əsas ola bilər. Adətən, bu cür təqaüdlərin məbləği
yüksək olmur və təhsil xərclərinin yalnız
bir qismini ödəyir.
Elmi tədqiqatlar
ABŞ-da elmin idarə edilməsi təcrübəsi
xeyli maraq doğurur. Çünki söhbət
təhsil, iqtisadiyyat sahələri və müxtəlif
dövlət orqanları ilə sıx inteqrasiya edən
dünyanın ən iri Elmi-Texniki Kompleksindən gedir. Burada universitetlərin tədqiqat mərkəzləri,
sənaye korporasiyaları, milli dövlət laboratoriyaları,
azad tədqiqat təşkilatları, kiçik və orta
kommersiya və mühəndis şirkətləri, kooperativ təşkilatlar
daxildir. Hökumət ETK-nın müstəqil
fəaliyyətinin səmərəliliyini təmin edir, həmçinin
elmi-texniki siyasətin formalaşması işinin təşkili
ilə məşğul olur.
Milli Elm Fondu (MEF) federal hökumət
tərkibində elm və texnikanın inkişafına məsul
olan yeganə qurumdur. MEF əsasən universitetlərdəki
kiçik, orta kommersiya və mühəndis
firmalarındakı fundamental tədqiqat proqramlarını
maliyyələşdirir.
Federal hökumətin büdcə
maliyyəsi nəzəri elmin inkişafını
stimullaşdıran əsas mənbə hesab olunur. Federal hökumətin maliyyəsi universitetlərin
fundamental tədqiqat xərclərinin 65 faizini və qeyri- təhsil
xərclərinin isə 60 faizini təşkil edir. Dövlət bu investisiyanı bütün elm sahələrində
liderliyi saxlamaq məqsədilə ayırır.
Ali təhsil müəssisələri
qabaqcıl fundamental tədqiqatların həyata keçirilməsində
və yüksək ixtisaslı elmi kadrların yetişdirilməsində
əsas rola malikdir. ABŞ ali məktəblərində
təhsil prosesi ilə yüksək keyfiyyətli elmi tədqiqatlar
bir-birilə sıx birləşir.
Bundan əlavə, ölkədə
bir sıra elmi-tədqiqat institutları fəaliyyət göstərir. Bu müəssisələrin məqsədi tədqiqatların
aparılması, biliklərin dərinləşdirilməsidir.
Bu institutlar arasında 1916-cı ildə yaradılmış
Dövlət Tədqiqatları İnstitutu (Institute for
Government Research) və 1927-ci ildən fəaliyyət göstərən
Brukinqs İnstitutu (Brookings Institution) daha məşhurdurlar.
Nobel
mükafatçıları
Birləşmiş Ştatlar
dünya elmində lider mövqeyə malikdir. Nobel laureatları arasında amerikalıların
sayı mütləq çoxluq təşkil edir. Belə ki, dünyada olan 817 Nobel
mükafatçısının 316-sı amerikalıdır.
Con Bardin (fizika) və Linus Paulin (kimya və
sülh) Nobel mükafatına iki dəfə layiq
görüldüyündən, ümumilikdə,
amerikalıların aldıqları mükafatların sayı
318-dir.
Amerikalılar kimya üzrə 62,
iqtisadi elmlərə görə 47, ədəbiyyat sahəsi
üzrə 11, fizika üzrə 84, fiziologiya və ya tibb
üzrə 93, Nobel sülh mükafatına isə 21 dəfə
layiq görülüblər.
Hazırladı: Leyla
HEYDƏROVA
Yazının hazırlanmasında ABŞ-ın Federal Təhsil
Departamentinin rəsmi məlumatlarından istifadə olunub
Azərbaycan
müəllimi.- 2011.- 18 fevral.- S.14-17.