Tərcümə
fənnini tədris edən müəllimlər
üçün seminar
Fevralın 1-dən 5-nə kimi Azərbaycan Dillər Universitetində
TEMPUS proqramı çərçivəsində "Azərbaycanda
yazılı və şifahi tərcümənin tədrisində
islahatlar" mövzusunda treninq keçirildi. Bu tədbirə
universitetin tərcümə fakültəsinin müəllimləri
ilə yanaşı, Gəncə Dövlət Universitetinin, Lənkəran
Dövlət Universitetinin və Naxçıvan Dövlət
Universitetinin xarici dil kafedralarının müəllimləri
də cəlb edilmişdilər. Treninq proqramına tərcümə
və tərcüməşünaslıq, tərcümənin
növləri, yazılı və şifahi tərcümənin
xüsusiyyətləri, özəllikləri, tərcüməçinin
iş şəraiti, tərcümə zamanı qarşıya
çıxan problemlərin həlli yolları və sair kimi
mövzular daxil edilmişdi.
Təlimin məqsədi Avropanın Milan Ali Tərcümə Məktəbi və Leypsiq Universiteti kimi tərcümənin tədrisi sahəsində zəngin təcrübəyə malik məktəblərin təcrübəsindən yararlanmaq idi. Belə ki, 2009-cu il 28 noyabr-11 dekabr tarixlərində ispan dili kafedrasının müəllimi Gülsüm Əliyeva, italyan dili kafedrasının müəllimi Aydan Sadıqova və sətirlərin müəllifi Milan Ali Tərcümə Məktəbində, alman dilinin tərcüməsi kafedrasının dosenti Lətifə Qurbanova, ingilis dili tərcümənin nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Təranə Məmmədova və həmin kafedrada çalışan fəlsəfə doktoru Könül Hüseynova isə Leypsiq Universitetində müəllimlər üçün təşkil olunmuş ikihəftəlik təlim kurslarında iştirak etmişlər. Həmin müəllimlər Azərbaycanın yuxarıda adıçəkilən ali məktəblərindən gəlmiş 50 nəfər xarici dil müəlliminin iştirak etdiyi beşgünlük treninqdə təlimçilər üçün təlimçi qismində çıxış edərək Avropanın tanınmış məktəblərində gördüklərini və öyrəndiklərini öz həmkarları ilə bölüşdülər. 5 günlük treninq canlı müzakirələr şəraitində keçdi. Ölkəmizi təmsil edən nümayəndələrin çıxışlarını treninq iştirakçıları maraqla qarşılayaraq mövzular ətrafında dərin müzakirələr apardılar. Kompüterin köməyi ilə tərcümə, audiovizual və ya subtitr (ekranaltı) tərcüməsi, yazılı mətndən şifahi tərcümə, şifahi tərcümənin tarixinə səyahət və s. kimi mövzular Milan və Leypsiqdə tərcümənin tədrisi ilə bağlı ən kiçik detallar belə iştirakçılarda böyük maraq oyatdı. Aydan Sadıqovanın Milanda ardıcıl tərcümə (qeydgötürmə) dərsində çəkdiyi 5 dəqiqəlik "film" isə çox yerinə düşdü və tərcümə dərslərinin quruluşu haqqında hər kəsdə aydın təsəvvür yaratdı. Xüsusilə Azərbaycanın üç bölgə universitetindən gələnlər üçün istər yazılı, istərsə şifahi tərcümə ilə bağlı hər bir məlumat yeni və maraqlı oldu. Mövzuların təqdimatı zamanı yerdən verilən suallar və sonuncu gün keçirilən yekun müzakirədə çıxış edən hər bir iştirakçının təlimçilərin ünvanına söylədiyi xoş sözlər bunu sübut etdi. LDU-nun müəllimi A.Məmmədova əcnəbilərin təşkil etdiyi bir çox treninqlərdə iştirak etdiyini, bu treninqin daha maraqlı keçdiyini və ondan daha çox faydalandığını bildirdi. GDU-dan gələn Məhərrəm müəllim isə söylədi ki, indiyə kimi treninqlərdə iştirakını təsdiq edən 18 sertifikata sahibdir, amma tərcüməyə aid olan bu birinci təlim onun işində yenidənqurmaya səbəb olacaq. Treninq iştirakçıları ADU-nun bu təşəbbüsünü və tədbirin keçirilməsini yüksək qiymətləndirərək belə tədbirlərin davamlı olmasını arzu etdilər. Hətta tərcümə tədrisində çalışan müəllimlərin Facebook-da əlaqələri davam etdirməsi təklifi də səsləndi. ADU-nun dosenti F.Abdullayeva əvvəlcə təlimçilərə rəhbərliyin etimadını doğrultduqlarına, həmçinin təlimi çox yüksək səviyyədə keçirdiklərinə görə minnətdarlıq etdi, sonra tədrisdə gözəl nəticələr qazanılması üçün bir sıra konkret təkliflər irəli sürdü.
Xədicə ƏYYUBOVA
Azərbaycan müəllimi.- 2011.- 18
fevral.- S.11.