"Təhsilin əsasları" fənni üzrə təlim kursunu bitirmiş mütəxəssislərə sertifikatlar təqdim olundu 

 

Fevralın 11-də Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində "Təhsilin əsasları" fənni üzrə təlim kursu keçmiş mütəxəssislərə sertifikatlar təqdim edildi. Bu münasibətlə keçirilən mərasimdə təhsil naziri Misir Mərdanov iştirak edirdi.

Tədbirdə öncə kursun rəhbəri, Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Afət Süleymanova "Təhsilin əsasları" fənnini tədris edən bir qrup müəllimin cəlb olunduğu növbəti treninqin məqsədi, 3 həftəlik praktik təlim kursu dövründə müdavimlərin apardıqları tədqiqat yönümlü işlər barədə məlumat verdi. Qeyd olundu ki, uzun illər ölkəmizdə pedaqoji kadr hazırlığında nəzəri biliklərin öyrədilməsi ilə kifayətlənilmiş, nəticədə gənc müəllim öyrətməyin sirlərinə bələd olmadan pedaqoji fəaliyyətə başlamışdır. Lakin bu gün, təhsilə yeni tələblər verildiyi bir zamanda, "işləyə-işləyə öyrənər" yanaşması özünü doğrultmur. İndi sinfə daxil olduğu ilk gündən pedaqoji fəaliyyətini müvəffəqiyyətlə qura bilməsi üçün müəllimin mühüm nəzəri biliklərlə yanaşı, praktik bacarıqlara yiyələnməsi və təcrübəyə malik olması vacibdir. Bu səbəbdən də "Təhsilin əsasları" fənninin tədrisinə ehtiyac yaranmış və Təhsil Nazirliyinin 19 avqust 2009-cu il tarixli əmri ilə 3 ali təhsil müəssisəsinin (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti) bakalavr pilləsində bu iş pilot layihə olaraq tətbiq edilməyə başlanmışdır. Tətbiq ərəfəsində "Təhsilin əsasları" fənnini tədris edəcək müəllimlər treninqlərdən keçirilmişdir.

A.Süleymanova bildirdi ki, artıq iki ildir hər semestr başlamazdan əvvəl ADPU, AMİ, onun filiallarının və GDU-nun pedaqogika kafedrasının müəllimləri müvafiq kurslara cəlb olunurlar. Hazırkı kursda isə əvvəlki 3 semestrdə auditoriya şəraitində öyrənilmiş məsələlər məktəbdə təcrübədən keçirilmişdir. Təlim kursu 132-134 nömrəli Təhsil Kompleksində təşkil olunmuş, təcrübə zamanı məktəbdəki mövcud şərait, məktəb rəhbərliyinin aparılan islahatlarla bağlı məlumatlılıq səviyyəsi və ona münasibət, məktəbin idarə edilməsində rəhbərliyin əldə əsas tutduğu prinsiplər, məktəbdə kollektiv üzvlərinin qarşılıqlı münasibətləri və əməkdaşlığın səviyyəsi tədqiq edilmişdir. Təcrübə zamanı habelə, məktəb şurasının, direktorun, onun müavinlərinin, metodbirləşmə sədrinin və sinif müəllimlərinin iş planları, onların icrası yolları, icra müddətləri araşdırma obyekti olmuşdur.

Təcrübə müddətində həm də siniflərdə mövcud vəziyyət araşdırılmış, bununla əlaqədar şagirdlərin fiziki və fizioloji sağlamlığı, idrak səviyyəsi, mənəvi-psixoloji, sosial vəziyyəti, hazırlıq səviyyəsi, maraq və ehtiyacları və s. öyrənilməsi istiqamətində də iş aparılmış, məktəb rəhbərliyinə, müəllimlərə müvafiq tövsiyələr verilmişdir.

Diqqətə çatdırıldı ki, təcrübə zamanı müdavimlər 48 saat dərs demiş, aparılan dərslərin məktəbin müəllimləri ilə birlikdə müzakirəsi keçirilmişdir.

Sonra kursda iştirak etmiş və təcrübə müddətində aparılmış tədqiqatlarda fəallıq göstərmiş müdavimlərdən AMİ-nin müəllimi Alimə Həşimova məktəbin şəraitinin öyrənilməsi, həmin institutun dosenti Rəşid Cabbarov məktəb sənədlərinin araşdırılması, AMİ-nin doktorantı Vüsalə Quliyeva siniflərdəki vəziyyət, AMİ-nin Quba filialının müəllimi Pərvanə Dadaşova şagirdlərin əqli və psixoloji inkişaflarının vəziyyəti, AMİ-nin Mingəçevir filialının müəllimi Səbinə Quliyeva uşaqların vəziyyəti, inkişaf dinamikası, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Gülşən Novruzova şagirdlərin maraqlarının müəyyənləşdirilməsi, AMİ-nin Cəlilabad filialının müəllimi Eyvaz Məmmədov müəllimlər tərəfindən fəaliyyətin perspektiv və cari planlaşdırılması yönündə görülmüş işlərin tədqiqatlarına həsr olunmuş təqdimatlar etdilər.

AMİ-nin Təhsilin idarəolunması və əlavə təhsil kafedrasının müdiri, professor Ramiz Məmmədzadə çıxışında Təhsil Nazirliyinin rəhbərliyi ilə "Təhsilin əsasları" fənninin tədrisi istiqamətində görülmüş işləri yüksək qiymətləndirdi, bu kursun gələcək müəllimlərin pedaqoji fəaliyyətə hazırlanmasında mühüm rol oynadığını bildirdi. Təklif etdi ki, həmin kursun təkcə ibtidai sinif müəllimlərinin deyil, fənn müəllimlərinin hazırlığında da tətbiq olunması, məktəb rəhbərlərinin bu fənn üzrə kurslara cəlb edilməsi, kursun tədrisi ilə bağlı fəaliyyətləri tənzimləmək və istiqamətləndirmək məqsədi ilə Təhsil Nazirliyində müvafiq bölmənin, bu mümkün deyilsə, AMİ-də laboratoriyanın yaradılması məqsədəmüvafiq olardı. R.Məmmədzadə çıxışının sonunda kursun təşkilində və keçirilməsində zəhməti olanlara minnətdarlıq etdi.

Təhsil naziri Misir Mərdanov mərasimdə çıxış edərək "Təhsilin əsasları" kursunun tətbiqi istiqamətində görülmüş işlərdən söz açdı, irəli sürülən təkliflərə münasibət bildirdi. Nazir qeyd etdi ki, müəllimin praktik hazırlığına yönəlmiş kursun tətbiqini müasir dövrün müəllimlərə verdiyi yüksək tələblər şərtləndirmiş, bu işə hazırlıq prosesində xarici ölkələrin təcrübəsi öyrənilmiş, ölkənin tanınmış təhsil mütəxəssisləri və ekspertləri cəlb olunmuşdur.

Kursun pilot layihə olaraq 3 ali məktəbdə tətbiqinə başlandığı vaxtdan keçən il yarım ərzində xeyli iş görüldüyünü vurğulayan nazir həmin işlərin bundan sonra da davam etdirilməsini və sistemli şəkildə aparılmasını, ona məsuliyyətlə yanaşılmasının vacibliyini diqqətə çatdırdı. Nazir "Təhsilin əsasları" fənnindən dərs deyən müəllimlər üçün təşkil olunmuş praktikyönümlü kursu təqdir edərək gələcəkdə belə kursların ən yaxşı təchiz olunmuş məktəblərlə yanaşı digər tədris ocaqlarında da təşkil olunmasını, bu istiqamətdə maarifləndirmə işlərini genişləndirməyi, kursun mövcud proqramının bir daha nəzərdən keçirilərək müvafiq təkmilləşdirmə işləri aparılmasını, kursda deyilmiş dərslərin yazılaraq metodik vəsait kimi çap olunması və müəllimlərin istifadəsinə verilməsini tövsiyə etdi, bəzi məsləhət və tapşırıqlar verdi.

Sonra nazir "Təhsilin əsasları" fənni üzrə kursu başa vurmuş müəllimlərə sertifikatlar təqdim etdi.

 

 

Yusif ƏLİYEV

 

 Azərbaycan müəllimi.- 2011.- 18 fevral.- S.3.