Təhsil Nazirliyinin kollegiyasında korrupsiyaya qarşı mübarizə məsələləri
müzakirə edilib
Son bir ildə 108 təhsil
işçisi vəzifəsindən azad olunub
Fevralın 15-də Təhsil
Nazirliyində "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya (2007-2011-ci illər)"nın
icrası mövzusunda kollegiya iclası keçirilib.
İclasda
nazir müavinləri, nazirliyin müvafiq struktur bölmələri
və şöbələrinin, ali və orta ixtisas təhsili
müəssisələrinin rəhbərləri, rayon və
şəhər təhsil şöbələrinin müdirləri,
qeyri-hökumət təşkilatlarının nümayəndələri,
bir sıra texniki peşə və ümumtəhsil məktəblərinin
direktorları iştirak ediblər.
Kollegiya
iclasında təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr
olunmuş iclasında korrupsiyaya qarşı mübarizə məsələsinə
də toxunulub və bu baxımdan dövlət
qurumlarının qarşısında ciddi vəzifələr
qoyulub. Azərbaycan Respublikasının dövlət siyasətində
korrupsiyaya qarşı mübarizənin əsas prioritetlərdən
biri olduğunu vurğulayan təhsil naziri son illər ərzində
bu sahədə qəbul olunmuş normativ-hüquqi sənədlərin
əhəmiyyətindən bəhs edib, müvafiq qurumlarla birgə
əməkdaşlıq sayəsində həyata keçirilən
tədbirləri nəzərə çatdırıb.
Ölkə
Prezidenti tərəfindən təsdiq olunmuş "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya (2007-2011-ci illər)"ya uyğun
olaraq görülmüş işlərə diqqət çəkən
Misir Mərdanov 2006-cı ildən Təhsil Nazirliyində QHT
nümayəndələrinin də təmsil olunduğu
Korrupsiyaya Qarşı Mübarizə üzrə
İşçi Qrupunun, korrupsiya halları ilə əlaqədar
vətəndaşların müraciətlərinin operativ qəbulu
və baxılmasının təmin edilməsi məqsədilə
"Qaynar xətt" xidmətinin fəaliyyət göstərdiyini
bildirib. Misir Mərdanov 2010-cu ildə Təhsil Nazirliyinə vətəndaşlardan
və dövlət qurumlarından 51552 məktub, müraciət,
ərizə və şikayətin daxil olduğu, 7251 nəfərin
qəbul edildiyi haqda məlumat verib, ayrı-ayrı rayonlar
üzrə vətəndaşların ərizə və
müraciətlərinin sayı, mövzusu barədə
statistik göstəriciləri nəzərə
çatdırıb, yerlərdə vətəndaşların
müraciətlərinə baxılması vəziyyətinin
monitorinqinin aparılmasının zəruriliyini söyləyib.
Hər
ilin sonunda Təhsil Nazirliyinin mərkəzi aparatının və
nazirliyin tabeliyindəki struktur bölmələrin
hesabatlarının dinlənildiyini, nəticələr barədə
KİV-də məlumatların verildiyini bildirən təhsil
naziri rayon və şəhər təhsil şöbələrinin,
ali və orta ixtisas təhsili müəssisələrinin də
bu prosesə cəlb edilməsinin nəzərdə tutulduğunu
deyib. 2008-ci ildən başlayaraq həm Təhsil Nazirliyinin mərkəzi
aparatında, həm də rayon və şəhər təhsil
şöbələrində dövlət
qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi
sisteminin tətbiq edildiyini vurğulayan Misir Mərdanov
hazırlanmış etik davranış standartlarının
bütün təhsil müəssisələrinə təqdim
olunduğuna diqqət çəkib, eləcə də müəllimlərin
işə qəbulunun tam şəffaflıq və müsabiqə
əsasında həyata keçirilməsinin razılıqla
qarşılandığını söyləyib. Nazir deyib
ki, 2010-2011-ci tədris ili üzrə ölkənin ümumtəhsil
məktəblərində müəyyənləşdirilmiş
vakant yerləri tutmaq üçün kompüter vasitəsilə
keçirilən imtahanlarda iştirak edən 1815 nəfərdən
288-i işə qəbul olunub, ümumtəhsil məktəblərində
direktor vəzifəsinə işə qəbul sahəsində
də yeni mexanizm tətbiq edilib.
Təhsil
müəssisələrində imtahanların aparılması
mexanizminin təkmilləşdirilməsi, şəffaflığın
artırılması və bu prosesə ictimai nəzarətin
gücləndirilməsi məsələsinə toxunan təhsil
naziri hər bir tədris ocağında "Qaynar xətt"
xidmətinin yaradılmasının zəruriliyini söyləyib.
Misir Mərdanov bütün ali və orta ixtisas təhsili məktəblərində
imtahan sessiyaları ərzində qərargahların,
"Qaynar xətt" xidmətlərinin təşkil
olunduğunu, aşkarlığı və şəffaflığı
təmin etmək üçün imtahanların gedişi
prosesinə KİV-lərin və QHT koordinatorlarının,
Korrupsiyaya qarşı Mübarizə Fondu, "Şəffaflıq
Azərbaycan" Cəmiyyəti, Müasir Təhsil və Tədrisə
Yardım Mərkəzi, Dövlət Quruculuğu
Araşdırmalar Mərkəzinin nümayəndələrinin
cəlb edildiyini diqqətə çatdırıb. Nazir həmçinin bildirib ki, son illər imtahan
sessiyalarında neqativ halların qarşısını almaq,
obyektivliyi və şəffaflığı təmin etmək
məqsədilə imtahanlar yazılı forma ilə
yanaşı, həm də test tapşırıqları əsasında
kompüter vasitəsilə həyata keçirilir. Ötən
il Moskva Dövlət Açıq Universitetinin Bakı
filialında və Azərbaycan Beynəlxalq Universitetində
aşkar olunmuş ciddi nöqsanlara görə onların
lisenziyalarının ləğv edilməsi barədə
söz açan Misir Mərdanov bu ali məktəblərdə
qanuni yolla təhsil almış tələbələrin digər
özəl universitetlərə
köçürüldüyünü bildirib.
Kollegiya
iclasında Misir Mərdanov Təhsil Nazirliyi tərəfindən
təhsil orqanları və müəssisələrində
neqativ halların, qanun pozuntularının, korrupsiyaya şərait
yaradan faktların aşkar edilməsi, nöqsanlara yol
vermiş məsul şəxslər barədə intizam tənbehinin
tətbiqi sahəsində müntəzəm iş
aparıldığını nəzərə
çatdırıb. Nazir qeyd edib ki, ötən il 4 rayon təhsil
şöbəsinin müdiri, 72 məktəb direktoru, 5 direktor
müavini, 1 məktəbdənkənar müəssisə rəhbəri,
6 peşə məktəbi direktoru, 1 ali məktəb müəllimi,
10 uşaq bağçası müdiri, 9 baş mühasib,
ümumilikdə, 108 nəfər vəzifəsindən azad
olunub, 41 nəfərə sonuncu xəbərdarlıqla şiddətli
töhmət, 115 nəfərə töhmət verilib.
Daha
sonra qarşıda duran vəzifələrdən, təhsilin
keyfiyyətinin yüksəldilməsi, müəllimin, məktəbin
nüfuzunun qorunması məsələlərindən bəhs
edən təhsil naziri iclas iştirakçılarına bir
sıra tapşırıq və tövsiyələrini
verib.
Y.ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.-
18 fevral.- S.4.