"Gənc istedadlar" liseyi: uğurlar, ənənələr

 

İntellektual potensialın inkişaf etdirilməsi və onun qorunub-saxlanması hər bir dövlətin öz qarşısında qoyduğu əsas məqsəddir. Mövcud olduğu 90 il ərzində Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmiş Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyi də məhz bu məqsədlə, BDU-nun rektoru, akademik A.Məhərrəmovun təşəbbüsü ilə 2007-ci ildə yaradılmışdır. Bu qısa müddət ərzində lisey kollektivi kifayət qədər uğurlar qazanmışdır. Şagirdlər bir sıra intellektual, bilik və idman yarışlarının, respublika olimpiadasının qalibləri olmuşlar. Liseydə BDU-nun 90 illik yubileyinə həsr olunmuş "Müasir şəraitdə orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzusunda I Respublika elmi-metodiki konfransı keçirilmiş, həmçinin liseyə daxil olmaq istəyən şagirdlər üçün testlər toplusu çap olunmuşdur. Bu siyahını davam etdirmək olar. Amma liseyimizin ən böyük uğuru 2009-cu və 2010-cu ildə məzunlarımızın hamısının yüksək balla ali məktəblərə qəbul olmalarıdır.

Liseyin fəaliyyətini akademik A.Məhərrəmovun tövsiyələri əsasında quran direktorluğun pedaqoji sistemi düzgün idarə edərək tədris prosesini səmərəli təşkil etməsi, şagird - müəllim - valideyn münasibətlərini düzgün tənzimləməsi, həmçinin BDU-nun professor-müəllim heyətinin X-XI siniflərdə ayrı-ayrı fənlər üzrə mühazirə və seminarlarda yaxından iştirakını təmin etməsi öz nəticəsini göstərir. Liseyi bitirən 42 məzundan 9 nəfər 600-700 bal, 16 nəfər 500-600 bal, 10 nəfər 400-500 bal toplamışlar. Onlardan Rəcəb Rəcəbov Prezident təqaüdünə layiq görülüb və hazırda Türkiyə Ortadoğu Texniki Universitetində təhsil alır. Məzunlardan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 2, BDU-da 16, Azərbaycan Dövlət İqtisad Universitetində 7, Azərbaycan Tibb Universitetində 4, Azərbaycan Dövlət Neft Akademiyasında 4 nəfər təhsil alır. Qalan məzunlar Heydər Əliyev adına Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası, Milli Aviasiya Akademiyası, MDU-nun Bakı filialı, Azərbaycan Dövlət Texniki Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində əyani şöbədə təhsil alırlar. Onlarla əlaqə saxlayıb semestr imtahanları barədə maraqlananda da xoş təəssürat yarandı. Həmin tələbələrdən 8 nəfəri dərs əlaçısıdır. Qalanları isə yaxşı oxuyurlar. Deməli, liseydə tədris prosesinin səmərəli təşkili öz bəhrəsini vermişdir. Bəlkə də buna görədir ki, "Gənc istedadlar" liseyində təhsil almaq istəyənlərin sayı ilbəil artır və ümidvarıq ki, liseydə görülən işlər və əldə olunan nailiyyətlər daha geniş vüsət alacaq.

Liseydə ənənəyə çevrilən tədbirlərdən biri məzunlarla görüşlərdir. Fevralın 9-da keçirilmiş görüşdə pedaqoji kollektivin üzvləri, məzunların böyük qrupu və şagirdlər iştirak etmişlər. Görüşdə ali məktəb və lisey həyatından xatirələr danışılmışdır. Məzunlardan Azərbaycan Tibb Universitetinin tələbəsi Nigar Tağızadə, Bakı Dövlət Universitetinin tələbəsi Orxan Rüstəmov çıxış etmişlər.

Tədbirin sonunda xatirə şəkli çəkdirilmişdir.

 

 

Y.QƏHRƏMANLI

 

Azərbaycan  müəllimi.- 2011.- 18 fevral.- S.6.