2009-2010-cu dərs
ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş
buraxılış imtahanlarında Azərbaycan dili və ədəbiyyat fənni üzrə nəticələr
barədə
Bütün
ölkələrdə tədris olunan fənlər
sırasında ana dilinin öyrədilməsi
birinci sırada durur. Bu, ilk növbədə, xalqın dilinə,
mədəniyyətinə, milliliyin qorunmasına yönəldilmiş məqsəd
kimi görünsə də, həm də dilin mükəmməl
bilinməsi digər fənləri də yaxşı öyrənməyə,
fikrin ətrafdakılara daha rahat, səlis və dolğun çatdırılmasına kömək
edir. Öz dilini yaxşı bilən şəxs digər dilləri
də asan qavrayır. Nitqi və yazısı gözəl
olanları cəmiyyət həmişə hörmətlə
qarşılayır.
Bu mənada
orta məktəblərdə ana dili və ona paralel olaraq, ədəbiyyatın
tədrisinin əsas bir neçə məqsədini göstərmək
olar:
1.
Şagirdlərin şifahi və yazılı nitqinin mükəmməlliyini
təmin etmək;
2.
Dilin yaxşı mənimsədildiyi şəraitdə
başqa elmləri də daha asan öyrənmək;
3.
Müvafiq ali məktəblərə qəbul zamanı tələb
olunan bilik meyarlarına lazımınca cavab vermək.
Fənnin
tədrisində qarşıya qoyulan məqsədə çatmaq
üçün dövlət və müvafiq strukturlar
lazımi tədbirlər görür. Belə ki, ana dilinin tədrisi
birinci sinifdən tutmuş on birinci sinif də daxil olmaqla
bütün siniflərdə aparılır. Sistemli tədris
isə V-XI sinifləri əhatə
edir. Buna görə də istər buraxılış, istərsə
də qəbul imtahanlarının sualları həmin siniflərdə
öyrədilənlərin əsasında hazırlanır. Ədəbiyyat
fənnindən isə əsas kurs X-XI siniflərdə
keçildiyindən suallar da bu siniflərin proqram və dərslikləri
əsasında hazırlanır.
Buraxılış
imtahanlarında şagirdlərə Azərbaycan dilindən 17,
ədəbiyyatdan 8 sual təqdim edilir. Suallar dilçiliyin
proqramda olan bütün bölmələrini, nəzəri və
praktik sahələrini əhatə edir. Relevantlığa
görə test tapşırıqları faktoloji, terminoloji, məntiqi-izahedici,
ümumiləşdirici, bədii mətnin məzmunu üzrə
hazırlanmışdır.
2009-2010-cu
dərs ilində mərkəzləşdirilmiş qaydada
keçirilən buraxılış imtahanlarında Azərbaycan
dili və ədəbiyyatdan şagirdlərə təklif
edilmiş test tapşırıqlarının statistik təhlili
respublikamızda bu fənnin tədrisinin vəziyyətini,
şagirdlərin mənimsəmə səviyyəsini izləməyə
imkan verir.
Həmin
test tapşırıqlarından
bəzilərinə nəzər salaq:
1. Cümlələrin birinin tərkibində
konkret isim işlənməmişdir:
A)
Yaralı zabit ağrının şiddətinə hələ
də dözürdü.
B)
Dağlıq ərazilər xəritədə xüsusi rənglə
göstərilir.
C) Gözəllik
ondur, doqquzu dondur.
D)
Uşaqlıqdan müəllimlik ixtisasına yiyələnmək
mənim də arzum olmuşdur.
E) Az
keçmişdi ki, ikinci avtobus gəldi.
Bu test
tapşırığı VI
sinifdə tədris olunan "Morfologiya" bölməsinin
isim bəhsinə aiddir. Ümumən, şagirdlər bu
mövzunu o qədər də pis bilmirlər. Ancaq bir incə
məqamda bəziləri çətinlik çəkirlər.
Çox vaxt gözəllik, təmizlik, yaxşılıq və
s. kimi sifətdən düzələn sözlərin mücərrəd
mənalı düzəltmə isim olduğunu unudurlar. Mövcud
tapşırığın A bəndində zabit, B bəndində
xəritə, C bəndində don, E bəndində avtobus sözləri konkret isimdir. D bəndində
isə işlənən dörd isimdən (uşaqlıq,
müəllimlik, ixtisas, arzu) heç biri konkret deyil. Onları
gözlə görmək mümkün
olmadığından mücərrəd
isimlərdir. Orta
ağırlıq dərəcəsində olan faktoloji bu test
tapşırığına şagirdlərin cəmi
39,05%-i doğru cavab vermişdir. 49,66%-i isə
düzgün cavabı müəyyən edə bilməmişdir.
Doğru cavab: D
2. Say və sifət
aşağıdakılardan ancaq birinə aid ola bilər:
A) təmkinlə
B) ingiliscə
C)
xeyli
D)
oxunan
E) məqsəd
VI sinfin
materialları əsasında hazırlanan bu test
tapşırığı relevantlığına görə
ümumiləşdirici, ağırlıq dərəcəsinə
görə isə çətin testlər sırasına
aiddir. Şagirddən nitq hissələri, onların
xüsusiyyətləri, bir-biri ilə əlaqəsi, oxşar
və fərqli cəhətlərini bilməyi, nümunə əsasında
müəyyənləşdirməyi tələb edir.
Şagird bilməlidir ki, həm sifət, həm də say isimlə
bağlı olur, ondan əvvəl gəlir və onu müxtəlif
cəhətdən izah edir.
Bunlar nəzərə alınsa, görünər ki, A,
B, C, D bəndlərindəki sözlərin heç biri isim
deyil, onların əvvəlinə nə sifət, nə də
say artırmaq olmur. Yalnız E bəndindəki məqsəd
sözü isimdir, onun əvvəlinə sifət də
(böyük məqsəd), say da (bir neçə məqsəd)
artırmaq olur. Şagirdlər bu suala o qədər də
yaxşı cavab verməyiblər: 24,49% düz, 70,27%
yanlış.
Doğru cavab: E
3. Eyniköklü sözlər cərgəsini
göstərin.
A)
yarışçı, yarışdakı, yarışan
B) məktəbli,
məktəbimiz, məktəb
C)
aşxana, aşırım, aşdakı
D)
görüş, görüşdəki, görünmək
E)
gül, güllü, güləndə
Test
tapşırığı V sinfin "Söz
yaradıcılığı" bölməsi əsasında
hazırlanmışdır. Çətin testlər
sırasına aiddir. Ümumiləşdirici testdir. Burada
şagird sözun tərkib hissələrini: kök, leksik və
qrammatik şəkilçiləri, eyniköklü sözlərlə
eyni sözün müxtəlif formalarını fərqləndirməyi,
konkret şəraitdə tətbiq etməyi bacarmalıdır.
Əgər şagird bilirsə ki, eyniköklü sözlər
leksik şəkilçilərlə düzəlir və
quruluşca yalnız düzəltmə olur, sadə və mürəkkəb
olmur, onda A bəndində yarışan, B bəndində məktəbimiz,
məktəb, E bəndində gül, güləndə
sözlərinin sadə olduğunu asanlıqla görər. C
bəndində aşırım sözünün kökü
aş feli digər iki sözün kökündəki aş
ismi ilə omonim olduğundan onlar da eyniköklü hesab oluna
bilməz. D bəndindəki sözlərin üçü də
düzəltmədir, hər üçünün
kökü gör felidir, hər birinin leksik mənası fərqlidir.
Çətin
tapşırıqlardan olduğu üçün bu suala
şagirdlərin 36,64%-i doğru, 57,74%-i isə səhv cavab
vermişdir.
Doğru cavab: D
4. Xitabla bağlı hansı fikir
doğrudur?
A) Hal şəkilçisi
qəbul edən xitablar da idarə əlaqəsində olur.
B)
Qeyri-müəyyən təsirlik halda olan xitablar da idarə əlaqəsində
olur.
C) Xitabla
xəbər arasında uzlaşma əlaqəsi pozulmur.
D) Feli sifətlə
ifadə olunan xitablar adlıq
halda olmalıdır.
E)
Bütün nitq hissələri xitab yerində
çıxış edə bilir.
Test
tapşırığı VIII sinfin "Sintaksis" bölməsindəndir.
Orta ağırlıq dərəcəsindədir. Şagirdin
xitab haqqında bildiklərini yoxlamağa yönəldilmişdir.
Şagird bilməlidir ki, xitablar yalnız adlıq halda olur.
Onda A və B bəndlərindəki fikirlərin səhv
olduğu üzə çıxar. Xitabın heç bir
üzvlə sintaktik əlaqəyə girmədiyini bilən
şagird C bəndinin də doğru cavab
olmadığını tapar. Xitabın bütün nitq hissələri
ilə ifadə oluna bilmədiyi də əksəriyyətə
məlumdur. Xitabın adlıq
halda olduğunu, feli sifətin xitab kimi işləndiyini bilən şagird doğru cavabı
tapmaqda çətinlik çəkməməlidir. Şagirdlərin
33,68%-inin düz, 45,84%-nin səhv cavab verməsi o qədər
də uğurlu nəticə deyil.
Doğru cavab: D
5. Məntiqi cəhətdən
uyğunsuzluq yaradan termini müəyyən edin. nida, isim,
qoşma
A) təyin
B) zərf
C)
hallanma
D) məsdər
E) sifət
Məntiqi-izahedici,
eyni zamanda terminoloji test hesab oluna bilən bu test
tapşırığı "Qrammatika" bəhsi əsasında tərtib edilmişdir. Statistika
göstərir ki, şagirdlər üçün çətin
görünmüşdür. Belə olmasaydı, verilən
cavabların cəmi 17,58%-i doğru,
71,44%-i səhv çıxmazdı. Görünür,
şagirdlərin böyük əksəriyyəti morfoloji
vahidlərlə sintaktik vahidləri tam ayıra bilmir. Sualda
verilən nida, isim, qoşma terminləri morfologiyaya məxsus
terminlərdir. Distraktorlarda verilən zərf, hallanma, məsdər,
sifət sözləri də bu qəbildəndir. A bəndindəki
təyin isə sintaktik vahiddir. Həmin söz
yuxarıdakı məntiqi sıranı pozur.
Deməli, doğru cavab: A
6. Rus mətbuatında Azərbaycan ədəbiyyatına
dair qiymətli məqalələrlə cıxış
etmiş, İrəvan gimnaziyasında
çalışmışdır:
A) A.Sur
B)
S.Hüseyn
C)
F.Köçərli
D) N.Vəzirov
E) C.Məmmədquluzadə
XI sinif ədəbiyyat
fənnindən "Yeni dövr Azərbaycan ədəbiyyatı,
III mərhələ" bölməsindəndir. Orta səviyyəli
faktoloji test tapşırığıdır. Şagirddən konkret faktı müəyyənləşdirməyi
tələb edir. N.Vəzirov və C.Məmmədquluzadənin ədəbiyyatşünaslıqla
məşğul olmadıqları məlumdur. Digər
üç nəfərdən yalnız F.Köçərli
İrəvan gimnaziyasında çalışmışdır.
Peşəkar ədəbiyyatşünaslıqla məşğul
olmuş, çox sayda məqalə və monoqrafiyalar
yazmışdır. Suala cavab verənlərin 33,13%-i etalonu
qavramış, 46,27%-i isə dəqiq
cavabını müəyyənləşdirə bilməmişdir.
Doğru cavab: C
7. Qətran Təbrizi ilə
bağlı doğru fikri müəyyən edin.
A) Bir
neçə vəzndə əsərlər
yazmışdır.
B) Divan
müəllifi olmuşdur.
C) N.Gəncəvi
ilə görüşmüşdür.
D) Bir qəzəl
üçün şahlardan bir xəzinə
almışdır.
E)
Şirvanşahlar sarayında yaşamışdır.
X sinfin ədəbiyyat
fənni əsasında tərtib olunmuş test tapşırığıdır.
Şagird bir neçə fikri dəqiqləşdirməli,
müqayisə aparmalı, doğru cavabı tapmalıdır.
Bunun üçün Q.Təbrizinin nə vaxt
yaşadığını bilmək vacibdir. Şagird onun
1012-1088-ci illərdə yaşadığını bilsə,
aydınlaşdıracaq ki, bu dövrdə yalnız əruz vəznindən
istifadə edilmişdir. Deməli, A bəndi səhvdir. N.Gəncəvi
onun vəfatından xeyli sonralar doğulduğundan onların
görüşü baş tuta bilməzdi. Bir qəzəli
üçün bir xəzinə alan M.Gəncəvidir. Q.Təbrizi
Şirvanşahlar sarayında da yaşamamışdır. B bəndində göstərildiyi
kimi, "Divan" müəllifidir, bizə
"Divan"ı gəlib çatan ilk şairdir.
Şagirdlər
bu sualın cavabını müəyyənləşdirməkdə
çətinlik çəkməmişlər. Doğru və
yanlış cavabların nisbəti müvafiq olaraq 62,74% və 26,9%-dir.
Doğru cavab: B
8. Doğma sözünü nə
üçün sətirdən sətrə keçirmək
mümkündür?
A) Azərbaycan
mənşəli olduğu üçün
B) iki
hecalı olduğu üçün
C) kök
və şəkilçidən ibarət olduğu
üçün
D) ahəng
qanununa tabe olduğu üçün
E)
hecaları ancaq saitdən ibarət olmadığı
üçün
Bu, V sinif
həcmində olan və "Fonetika" bəhsinə aid
düşündürücü test
tapşırığıdır. Tapşırıq məzunların sözün sətirdən sətrə keçirilməsi barədə
biliyini yoxlamaq məqsədi daşıyır. Şagirdlərin
64 %-i bu sualı yanlış, 31 %-i doğru
cavablandırmışdır.
Doğru cavab: E
9. Qarabağ düzləri birləşməsində
hansı sintaktik əlaqə növü vardır?
A) idarə
B) uzlaşma və idarə
C) yanaşma
D) idarə və yanaşma
E) yanaşma və uzlaşma
VIII sinif
həcmində "Sintaktik əlaqələr" bölməsinə
aid səviyyəcə orta sayıla bilən test
tapşırığıdır. Bu həm də "Söz
birləşmələri" bəhsində öyrədilir.
Bu tapşırıq məzunların tabelik əlaqəsinin tiplərinin göstəricilərini,
olduğu yerləri tapmağı yoxlamaq məqsədi
güdür. III növ təyini söz birləşməsi
olduğundan həm uzlaşma, həm də idarə əlaqəsi
mövcuddur. Şagirdlərin 53%-i bu suala müsbət cavab
vermişdir.
Doğru cavab: B
10. Budaq cümləsi sintaktik təhlil
sxeminə uyğun gələn cümləni müəyyən
edin.
A) Əgər
ünvanı öyrənsək, vaxtında çatarıq.
B)
Danışdılar, eşitdik.
C) Biz
getdik, ancaq uşaqlar dayandılar.
D) Onlar evə
çatsalar da, qapını açmadılar.
E) Ana dedi
ki, oğlu qayıdacaq.
IX sinif həcmində
olan və "Mürəkkəb cümlə" fəslinə
aid olan çətin test tapşırığıdır. Bu
tapşırıq şagirdlərin mürəkkəb cümlə barədə təsəvvürlərini,
onun növlərini, tiplərini necə mənimsədiklərini
və necə tətbiq edə bilmək bacarıqlarını
yoxlamaq məqsədi daşıyır. Həm də bu
tapşırıqda baş cümləni budaq cümlədən
ayırmaq, sintaktik təhlil etmək
bacarığını yoxlamaq da hədəfdir.
Düşündürücü olduğundan 51% şagird səhv,
35% şagird doğru cavab vermişdir.
Doğru cavab: E
11. Dil haqqında verilənlərdən
biri düzgün deyil:
A) əşyalara
ad vermək
B) insanlar
arasında əlaqə yaratmaq
C) fikir
ifadə etmək
D) yeganə
ünsiyyət vasitəsi olmaq
E) ən
mühüm ünsiyyət vasitəsi olmaq
X sinif həcmində
olub, "Dil haqqında ümumi məlumat" bəhsinə
aid, səviyyəcə asan hesab oluna bilən test
tapşırığıdır. Bu tapşırıq məzunların
dil haqqında hansı məlumatları bilməsi, dilin
funksiyalarını necə mənimsəməsi, ünsiyyətə
xidmət edən hansı vasitələrin olduğunu yoxlamaq məqsədi
daşıyır. 60 % şagird bu suala doğru cavab
vermişdir.
Doğru cavab: D
12. Aşağıdakılardan birinin
əmr vermək səlahiyyəti yoxdur:
A) nazirin
B) sinif rəhbərinin
C) ali məktəb
rektorunun
D) məktəb
direktorunun
E) zavod rəhbərinin
XI sinif həcmində
"Üslubiyyat" bölməsinə aid səviyyəcə
çətin olmayan test tapşırığıdır. Bu
test tapşırığı məzunların əməli
yazı növlərindən biri olan əmrin necə
hazırlanması, kimlər tərəfindən verilə bilməsi
barədə biliyini yoxlamaq məqsədi daşıyır.
Şagirdlərin 60%-i suala doğru, 32%-i yanlış cavab
vermişdir.
Doğru cavab: B
13. "Koroğlu" eposunda Eyvazla
birlikdə Bağdada durna teli gətirməyə gedən igidlər
kimlərdir?
A) Dəli
Həsən, Dəmirçioğlu
B) Bəlli
Əhməd, Halaypozan
C)
Aşıq Cünun, Dəli Həsən
D)
Tanrıtanımaz, Tüpdağıdan
E) Dəmirçioğlu,
Bəlli Əhməd
X sinif ədəbiyyat
fənninə, "Koroğlu" eposuna aid olan asan səviyyəli
test tapşırığıdır. Məqsəd eposun
qolları, onlarda hansı hadisələrin olmasına aid bilikləri
şagirdlərin necə mənimsədiyini üzə
çıxarmaqdır. Ədəbiyyat müntəxəbatlarına
aid tapşırıqları şagirdlər yaxşı
oxumadıqları üçün
nəticə yüksək deyildir. Şagirdlərin 46%-i
doğru, 41%-i səhv cavab vermişdir.
Doğru cavab: E
14. Müəllifi İ.Əfəndiyevdir,
avtobioqrafik səciyyə daşıyır, povest
janrındadır.
A)
"Üçatılan"
B)
"Mahnı dağlarda qaldı"
C) "Məhv
olmuş gündəliklər"
D)
"Geriyə baxma, qoca"
E)
"Dağlar arxasında üç dost"
XI sinfin həcmində
İ.Əfəndiyev yaradıcılığına aid olan
test tapşırığıdır. Orta səviyyəlidir.
Belə ki, İ.Əfəndiyev
yaradıcılığına aid olsa da, epik
yaradıcılığın nə olduğunu yaxşı mənimsəyən
şagird çətinlik
çəkməməlidir. Bu test
tapşırığında məqsəd şagirdlərin
yazıçının dramatik yaradıcılığı
ilə epik
yaradıcılığını fərqləndirmək
bacarığını yoxlamaqdır. 53 % şagird bu suala
müsbət cavab vermişdir.
Doğru cavab: A
2010-2011-ci
tədris ilinin buraxılış imtahanlarında Azərbaycan
dili və ədəbiyyat fənlərinə aid inteqrativ test
tapşırıqlarından da istifadə etmək nəzərdə
tutulur. Məqsəd bu fənlərə şagirdlərin
marağını, məsuliyyətini artırmaq, onların
digər qabiliyyət göstəriciləri ilə bərabər,
həm də fənlərarası əlaqə yaratmaq qabiliyyətini
yoxlamaqdır. Təqdim olunan bu test modelləri mürəkkəblik
səviyyəsinə görə çətin
tapşırıqlar hesab olunur.
1. Ədəbi dilimizdə publisistik
üslubun yaranması ilə bağlı doğru fikri müəyyən
edin.
Azərbaycan ədəbiyyatının
..........
A) yeni
dövrünün ikinci mərhələsinin əhatə
etdiyi dövrdə yaranmışdır.
B) orta
dövrünün əhatə etdiyi dövrdə
yaranmışdır.
C) intibah
dövründə yaranmışdır.
D) ən
yeni dövründə yaranmışdır.
E)
şifahi qolu vasitəsi ilə yaranmışdır.
2. Tərkibinə görə
..........təhlil sxeminə uyğun gələn hansı əsərin
müəllifi C.Məmmədquluzadədir?
A) "Ölülər"
B) "Kamança"
C) "Çıxıbdır"
D) "Üçatılan"
E) "Uçurum"
3. Azərbaycan ədəbi dilində
bədii üslubun şeir dilinə aid ilk nümunənin məxsus
olduğu sənətkar kimdir?
A) N.Gəncəvi
B) Q.Bürhanəddin
C) İ.Həsənoğlu
D) M.Füzuli
E) Ş.İ.Xətai
4. Azərbaycan ədəbiyyatında
ilk realist bədii nəsr nümunəsi haqqında doğru
fikri müəyyən edin.
A) Müəllifi
C.Məmmədquluzadədir.
B) Söz
birləşməsi ilə ifadə olunan adının
asılı tərəfi feli sifətlə ifadə
olunmuşdur.
C) Adı
mürəkkəb sözlə ifadə olunmuşdur.
D) Komediya
janrından əvvəl yaranmışdır.
E)
Adının ifadə olunduğu söz ahəng qanununa tabedir.
5. Azərbaycan ədəbiyyatının
nümayəndəsi olan hansı sənətkarın
yaradıcılığında Azərbaycan ədəbi
dilinin funksional üslublarına aid nümunə yoxdur?
A) N.Gəncəvi
B) Ə.Nəvai
C) M.Ş.Vazeh
D) Q.Bürhanəddin
E) X.Natəvan
6. Söz sırasının
pozulduğu hansı nümunənin müəllifi Aşıq
Ələsgərdir?
A) "Gəl
tərpətmə yaralanmış könlümü"
B) "Toy-bayramdır
bu dünyanın əzabı"
C)
"Bir şagird ki, ustadına kəm baxa"
D) "On
iki şagirdim işlər hər yana"
E) "Əsər
yellər, qəhr eləyər yaz qara"
7. N.Gəncəvinin neçənci
poemalarının adında bağlayıcıdan istifadə
edilmişdir?
A) birinci və üçüncü
B) üçüncü və
beşinci
C) ikinci və üçüncü
D) birinci və dördüncü
E) dördüncü və beşinci
Məktəblərdə
buraxılış imtahanlarına qədər məktəbdaxili
qiymətləndirmə zamanı bu modellərə uyğun
test tapşırıqlarından istifadə edilməsi məqsədəuyğundur.
Çünki bu tipli test tapşırıqları ilə eyni
zamanda iki fəndən -Azərbaycan dili və ədəbiyyatdan
şagird nailiyyətlərini qiymətləndirmək
mümkündür.
Təhsil Nazirliyinin Monitorinq və
qiymətləndirmə şöbəsi
Azərbaycan müəllimi.- 2011.- 18
fevral.- S.10-11.