Güllələnmiş
arzular
"Anamı qətlə yetirən
ermənilərin o murdar sifətləri indi də gözlərim
önündədir"
- Ceyhun, istərdik ki,
oxucularımıza özün barədə kiçik bir bilgi
verəsən.
-
1984-cü il iyunun 5-də Bakıda doğulmuşam. Orta təhsilimi
Bakı Avropa Liseyində almışam. Əvvəlcə Xəzər
Universitetinin tibbi biologiya fakültəsinə qəbul
olunmuşam. Sonra isə Azərbaycan Beynəlxalq Universitetinin
eyniadlı fakültəsinə
köçürülmüşəm. 2005-ci ildə oranı
bitirmişəm. 2003-cü ildən isə ANS televiziyasında
əvvəlcə reportyor, hazırda isə "Xəbərçi"
proqramında aparıcı işləyirəm. Evliyəm, 4
yaşında Amid Əhməd adlı dəcəl bir oğlum
da var.
- Ananı
necə xatırlayırsan?
- Əvvəlcə
onu deyim ki, anam 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində
dünyaya gəlib. 1979-cu ildə Bakı şəhərindəki
M.Müşfiq adına 18 nömrəli orta məktəbi
bitirib, elə həmin il Azərbaycan Neft və Kimya
İnstitutuna daxil olub. Sonra müxtəlif ictimai yerlərdə
çalışıb. Lap sonda isə "Baku",
"Molodyoj Azerbaydjana" qəzetlərində müxbir
işləyib, müxtəlif mövzulu yazılarla
çıxışlar edib. Tez-tez Qarabağa-cəbhə
bölgəsinə gedərək qaynar nöqtələrdən
operativ yazılar hazırlayıb. 1990-cı ilin sentyabrında
Ağdamda ezamiyyətdə olarkən ən təhlükəli
yerlərə can atıb. Başının üstündən
şütüyən güllələrə məhəl
qoymadan öz peşəkarlığı ilə vəzifəsini
yerinə yetirib. 1991-ci il yanvarın 9-u Laçından
Şuşaya gedərkən yolun 6-cı kilometrliyindəki
Qaladərəsi kəndi yaxınlığında erməni
silahlı qüvvələrinin mühasirəsinə
düşüb, onun olduğu maşın yaxın məsafədən
şiddətli güllə atəşinə tutulub. Beləliklə
də anam erməni qatilləri
tərəfindən qətlə yetirilib.
O,
çox qayğıkeş, mehriban, ədalətli bir insan idi. Qocalara, əlillərə, kimsəsizlərə
bacardığı qədər kömək edərdi. Poeziyanı,
musiqini və kitab oxumağı çox sevərdi. Bir sözlə,
insana xas olan ən müsbət
keyfiyyətlərin hamısı onda var idi. Məni isə
hamıdan, hər şeydən çox istəyirdi. Anam məni
hər gün bağrına basıb əzizlərdi. Özümü
dünyanın ən xoşbəxti sanardım.
- Anan qətlə yetiriləndən
sonra kimin yanında qaldın. Səni kim böyütdü, kim
oxutdu?..
- Məni
atamın atası və anası böyüdüb. Onların
ilk nəvəsi olduğumdan məni çox istəyirdilər.
Mənə böyük qayğı göstərirdilər.
Heç nəyə ehtiyacım olmurdu, təkcə Ana
qayğısından, Ana nəvazişindən başqa. Analı
günlərimi indi də axtarıram, özü də o
günlər üçün burnumun ucu göynəyir. Hərdən
öz-özümə fikirləşirəm ki, mən tez-tez
anamdan qaçıb gizlənərdim, o, məni elə
həmin andaca tapardı. Amma anam məndən elə gizləndi
ki, mən onu ömrümün axırına kimi tapa bilməyəcəyəm.
- Səni anasız qoyan o erməni qatillərinə
qarşı qəlbində hansı hisslər yaşayır?
- Məni
anasız qoyan o ermənilərin murdar sifətləri indi də
gözlərim önündədir. Yəqin ki,
xatırlayırsınız, elə o vaxtlar anamı qətlə
yetirən həmin erməni quldurları tutulub Bakıya gətirilərək
Ağır Cinayətlərə Dair İşlər üzrə
Məhkəmədə onları mühakimə etdilər. 11 nəfər
idilər. Məhkəmə iclaslarından birinə məni də
aparmışdılar. Yaxşı yadımdadır ki,
iclasın sonunda erməni qatillərinin əyləşdiyi
yerin önündən keçəndə ermənilərdən
birinin əlinin üstündən var gücümlə
çimdik götürdüm və üzünə tüpürdüm. O zaman mənə
elə gəldi ki, anamın qatillərindən qismən də
olsa qisasımı aldım. Əlbəttə, o vaxt 6
yaşlı bir uşaq idim və bu, mənim üçün
böyük bir intiqam kimi görünürdü. Onu da deyim
ki, anamı qətlə yetirən əsas 2 erməni elə türmədə
olarkən gəbərmişdi. Qalanları isə ermənilərin
əlində olan əsirlərimizlə dəyişdirildi.
- Salatın xanım mətbuatda
işləyərkən yazılarına Ceyhun Salatın
imzası qoyardı.
- Bu
o istəkdən irəli gəlirdi ki, anam bizi bir-birimizdən
ayrı təsəvvür belə etmirdi. Bir dəfə anam həm
mənə, həm də özünə diktofon
almışdı. O
zamanlar bulvarla üzbəüz "Qızıl
açar" adlı
bir restoran var idi. Mən oranı
çox sevərdim.
Ona görə ki, orada Kiyev kotletini
əla hazırlayırdılar.
Bir dəfə həmin restoranda yemək yeyəndə bizdən kənardakı masada 2 qız
əyləşmişdi. Birdən
anam mənə dedi ki, diktofonunu
işə sal və get o qızlardan müsahibə al. Mən də gedib həmin
qızlara bir-iki sual verdim. Onlar da mənə bir qolbaq və bir dənə qələm bağışladılar.
Mən qolbağı
anama hədiyyə etdim. Elə həmin andaca,
"oğul hədiyyəsidir",
deyib onu qoluna bağladı. Anam Qarabağda qətlə yetiriləndə
həmin o qolbaq onun qolunda idi..
Bəli, doğrudan da o məni jurnalist görmək istəyirdi. Çalışırdı ki, məni uşaqlıqdan bu sahəyə yönəltsin.
Onu da deyim ki,
mənim ana babam həkim olub. Uşaq vaxtı həmişə
deyərdim ki, həkimliyi oxuyacağam, amma jurnalist işləyəcəyəm. Elə də oldu. Bu gün fəxr
edirəm ki, anamın güllələnmiş
arzularından birini yaşadaraq onun yolu ilə gedirəm
və çalışıram
ki, bu peşəni
ona layiq olan tərzdə davam etdirim.
- Ölümündən
sonra Salatın Əsgərovaya Azərbaycanın
Milli Qəhrəmanı
adı verildi...
- Bəli, mən onunla qürur duyuram. Fəxr edirəm ki,
anam hamımızın
ziyarətgahı sayılan
Şəhidlər xiyabanında
dəfn olunub. Bakı şəhərində
adına küçə var. Bakı
buxtasındakı gəzinti
katerlərindən biri
onun adını daşıyır. Təfəkkür Universitetində büstü
qoyulub. Yaşadığı binaya barelyefi
vurulub. Əlbəttə, bütün bunlar
üçün dövlətimizə
və xalqımıza
minnətdaram.
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2011.-
25 fevral.- S.32.