Azərbaycanın Milli Qəhrəmanları

 

Səlimov Araz Bahadur oğlu

 

1960-cı il iyunun 1-də Xocalı şəhərində anadan olub. Orta məktəbi də orada bitirərək sovet ordusu sıralarında hərbi xidmətə çağırılıb. Araz 1980-ci ildə Çelyabinsk vilayətində hərbi xidmətini başa çatdırıb ordudan tərxis olunaraq Xocalıya qayıdıb. 1988-ci ildə  doğma Azərbaycanın başı üzərini qara buludlar alıb  qanlı hadisələr başlayan zaman o da Vətəni müdafiə etmək üçün silaha sarılıb. 1990-cı ildə könüllü olaraq Xocalı özünümüdafiə batalyonuna yazılıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus olan o dövrdə Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-cı alayın iştirakı ilə Xocalıya  hücum  edən zaman Araz da son gülləsi qalana qədər vuruşub.

Erməni yaraqlıları  yaralı halda olan Arazın izinə düşərək onu vəhşicəsinə qətlə yetiriblər.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 553 nömrəli Fərmanı ilə Səlimov Araz Bahadur oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ağdam şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.

 

Səmədov Pərviz Əbdüləhəd oğlu

 

1970-ci il mayın 5-də Gəncə şəhərində anadan olub. 1985-ci ildə səkkizinci sinfi bitirərək, təhsilini 15 nömrəli texniki peşə məktəbində davam etdirib və avtomobil çilingəri peşəsinə yiyələnıb. Pərviz 1988-ci ildə sovet ordusu sıralarına hərbi xidmətə çağırılaraq iki il Çita şəhərində xidmət edib. 1990-cı ildə əsgəri xidmətini başa çatdıraraq doğma yurdu Gəncəyə qayıdıb. O, 1992-ci ildə könüllü olaraq Ağdam bölgəsinə gələrək,  kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətə başlayıb. P.Səmədov Şelli, Naxçıvanik, Aranzəmin, Pircamal kəndlərinin müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən ağır döyüş əməliyyatlarının həyata keçirilməsində misilsiz xidmətlər göstərib.

P.Səmədov 1992-ci il mayın 15-də Ağdamın Gülablı kəndində işğalçı erməni yaraqlılarına qarşı gedən qanlı döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək, döyüş yoldaşlarına  yardım edib, özü isə qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Səmədov Pərviz Əbdüləhəd oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Gəncə şəhərində dəfn olunub. Gəncə şəhərində adına küçə var.

 

Səfərov Cəlil Əziz oğlu

 

1962-ci il yanvarın 28-də Gürcüstan Respublikasının Marneuli rayonunun Lejbəddin kəndində anadan olub. 1977-ci ildə Sumqayıt şəhər 10 nömrəli orta məktəbin səkkizinci sinfini bitirərək, C.Naxçıvanskı adına Hərbi Liseyə qəbul olunub. Təhsilini başa çatdıraraq Vladiqafqaz Hərbi Raket-Zenit Komandirləri Məktəbinə daxil olub. 1984-cü ildə təhsilini başa çatdırdıqdan sonra leytenant rütbəsi ilə Qazaxıstanın Priozyorsk Balxaş şəhərlərindəki hərbi hissələrdə çalıçıb. Cəlil 8 ildən sonra Vətənə qayıdaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Operativ İdarəsində baş zabit vəzifəsinə təyin edilib. Dağlıq Qarabağa, Şuşa döyüş bölgələrinə hərbi əməliyyatlara göndərilib.

C.Səfərov 1992-ci il mayın 15-də Şuşa şəhərinin Turşsu-Zarıslı istiqamətində gedən ağır döyüşdə iştirak edib qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Səfərov Cəlil Əziz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Sumqayıt şəhərindəki 10 nömrəli orta məktəb onun adını daşıyır. Gürcüstan Respublikasının Marneuli rayonunun Lejbəddin kəndində abidəsi ucaldılıb.

 

Səfərov Sərdar Mədəd oğlu

 

1960-cı il avqustun 12-də Kəlbəcər rayonunda anadan olub. 1977-ci ildə orta təhsilini başa çatdırıb. 1979-1981-ci illərdə ordu sıralarında xidmət edib. Sərdar 1982-ci ildə Bakı Avtomobil Zavodunda işə düzəlib. Sonra 3 il Qusar Rayon Daxili İşlər Şöbəsinin mühafizə bölməsində milis nəfəri kimi fəaliyyət göstərib. 1991-ci ildə isə həmin rayonun Daxili İşlər Şöbəsində sahə müvəkkili kimi xidmətini davam etdirib. O, hər bir əməliyyatın yerinə yetirilməsində xüsusi fəallıq göstərib.    1991-ci ildə Əskəran rayonu ərazisində baş vermiş hadisə yerinə göndərilən istintaq qrupunun tərkibində olan Sərdar geri qayıdarkən "Ağa körpüsü"ndə erməni yaraqlılarının təcavüzünə məruz qalıb.

S.Səfərov elə bu hadisə zamanı yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olub.

Ailəli idi. Ölümündən 3 ay sonra bir övladı dünyaya gəlib.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Səfərov Sərdar Mədəd oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Kəlbəcər rayonunda dəfn olunub. Kəlbəcər şəhərində adına küçə var.

 

Senyuşkin Sergey Aleksandroviç

 

1957-ci il sentyabrın 15-də Samara vilayətinin Sızran şəhərində anadan olub. 1974-cü ildə Sızran şəhər 21 nömrəli orta məktəbi bitirdikdən sonra Sızran Politexnik İnstitutuna daxil olub. Sergey 1975-ci ildə təhsilini Ali Hərbi Təyyarəçilər Məktəbində davam etdirib, 1979- cu ildə məktəbi bitirərək Belorusiya Hərbi Dairəsinə göndərilib. 1989-cu ildə Zaqafqaziya Hərbi Dairəsindəki hərbi hissələrdən birinə komandir müavini təyin edilib. 1992-ci ildən xidmətini Azərbaycanda davam etdirən S. Senyuşkin 843 nömrəli hərbi hissənin təlim məşq mərkəzinin təyyarəçi- təlimatçısı vəzifəsinə təyin edilib. Qarabağda erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında fəal iştirak edib. Erməni yaraqlıları tərəfindən ev-eşiyindən didərgin salınmış insanların təhlükəsiz yerlərə daşınmasında müstəsna xidmətləri olub.

S.Senyuşkin 1992-ci il fevralın 29-da qəhrəmancasına həlak olub.

Evli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 nömrəli Fərmanı ilə Senyuşkin Sergey Aleksandroviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Samara vilayətinin Sızran şəhərində dəfn olunub. Bakının Xətai rayonunda adına küçə var.

 

 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzinin materialları əsasında hazırladı:

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2011.- 25 fevral.- S.30.