London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi 

 

Yerləşir:                                                 Böyük Britaniya, İngiltərə, London şəhəri   

Yaranma tarixi:                                      1895-ci il

Tipi:                                                        Dövlət 

İşçi heyəti:                                             3000 nəfər

Tələbələrin ümumi sayı:                       10298 nəfər

İllik gəlirləri:                                         220918000 funt-sterlinq

İllik xərcləri:                                         201689000 funt-sterlinq 

Rəsmi saytı:                                          www.lse.ac.uk

 

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (London School of Economics and Political Science, qısaca LSE) Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşir və sosial elmlər üzrə ixtisaslaşmış dövlət tədqiqat universitetidir. Məktəb ictimai elmlərin tədrisi üzrə dünyada Harvard, Berkli və Stanford universitetləri ilə bir sırada dayanır.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi 100 ən yaxşı ali məktəb arasında 67-ci yerdə olub. "Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, bu ali təhsil müəssisəsi 86-cı, "QS World University Rankings"in açıqlamasına görə isə 80-ci yerdə qərarlaşıb.

 

Tarixi

 

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin yaranma tarixi 1895-ci ilə təsadüf edir. 1894-cü il avqustun 4-də Fabian Cəmiyyətinin (Britaniya Sosialist Hərəkatı) üzvləri olan Vebbs ailəsi, Qrem Uelles və Corc Bernard Şou yeni məktəb yaradılması ideyasını müzakirə edirlər. Bu insanların şəxsi vəsaiti, eləcə də Fabian Cəmiyyətinin digər üzvü - hüquqşünas Henri Hant Hatçinsonun vəsiyyət etdiyi 20000 funt-sterlinq hesabına yeni məktəb açılır və yeni ali təhsil müəssisəsi London İqtisadiyyat Məktəbi adlandırılır. 1900-cü ildə London Universiteti tərəfindən tanınan məktəb həmin universitetin iqtisadiyyat fakültəsi kimi fəaliyyət göstərməyə başlayır, iki il sonra burada elmi dərəcələr verilir. Məktəbdə yeni sosial elmlər, coğrafiya, fəlsəfə, beynəlxalq əlaqələr, tarix, hüquq, psixologiya fənləri tədris edilir. Fəaliyyətinin ilk vaxtlarında bir binadan digərinə köçən ali məktəbin 1920-ci ildə ilk binasının təməlqoyma mərasimində kral V Georq iştirak edir. Hauton küçəsində yerləşən və hazırda Qədim bina adlanan tikilinin açılışı 1922-ci ildə baş tutur. Qədim Roma şairi Vergili "Georgiklər" əsərindən götürülmüş "Əşyaların səbəblərini bilmək" sözləri universitetin devizi, əməksevərlik rəmzi olan qunduz isə talismanı kimi qəbul olunur.

1920-ci illərdə London İqtisadiyyat Məktəbi və Kembric Universitetinin iqtisadçıları birgə fəaliyyət göstərirlər, lakin 1930-cu illərdə onlar arasında (məktəbin professoru Fridrix Avqust Hayek və Kembric Universitetinin professoru Con Meynard Keyns) iqtisadi debatlar aparılır. Bu debatlar elmi dairələrdə məşhurlaşır. Mübahisələr iqtisadiyyatın tarixi, iqtisadçının cəmiyyətdə rolu, kimliyi (şəxsi ekspert və ya əməli məsləhətçi) və s. məsələləri əhatə edir. Həmin debatlar nəticəsində iki əsas iqtisadi məktəb meydana gəlir.

II Dünya müharibəsi dövründə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi Kembric Universitetinin Piterhaus binasına köçürülmək məcburiyyətində qalır və yalnız 1945-ci ildə London şəhərindəki binasına qayıdaraq fəaliyyətini davam etdirir. Həmin ildən məktəb sürətli inkişaf yoluna qədəm qoyur.

2004-cü ildən London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi bir sıra Asiya forumlar təşkil edir. Bu forumlar Asiyanın sürətlə inkişaf edən ölkələri ilə mütəmadi əlaqələr saxlamaq və mövcud əlaqələri möhkəmləndirmək məqsədi daşıyır. 2010-cu ilin martında Pekin şəhərində beşinci forum keçirilib. 

 

Büdcəsi və təhsil haqqı

 

2009-2010-cu tədris ilində London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin illik gəlirləri ümumilikdə 220918000 funt-sterlinq olub. Bu məbləğin 106613000-ni təhsil haqları və təhsil müqavilələri, 30616000-ni Maliyyə Şurasının qrantları, 23856000-ni tədqiqat qrantları və sazişlər, qalanlarını isə digər gəlirlər təşkil edib. Həmin ildə universitetin illik xərcləri 201689000 funt-sterlinq olub. Xərclərin 117905000-ni işçilərin əməkhaqları, 5421000-ni qiymətdən düşmə, qalanlarını isə digər məsrəflər təşkil edir. 

2010-2011-ci tədris ilində Böyük Britaniya və Avropa Birliyi ölkələrini təmsil edən tələbələrin bakalavr pilləsində təhsil haqqı 3290 funt-sterlinqdir. Bu tədris ilində əcnəbi tələbələrin təhsil haqqı 13680 funt-sterlinq təşkil edir. Magistratura və doktorantura pillələrində yerli və Avropa Birliyi ölkələrindən olan, eləcə də əcnəbi tələbələrin təhsil haqqı proqramdan asılı olaraq dəyişir (19224 funt-sterlinq  yerli və əcnəbi, 9888 funt-sterlinq  yerli, 14904 funt-sterlinq əcnəbi tələbələr üçün). Burada əyani və ya qiyabi oxuyan tələbə fərqli təhsil haqqı ödəyir. Qeyd edək ki, ali məktəbdə təhsil haqqı  ildən-ilə artmaqdadır.

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində tələbələrə kredit və qrantlar şəklində dövlət yardımları, təqaüdlər təklif olunur. Londonda ailəsindən uzaqda yaşayan ingiltərəli tələbələrə dövlət tərəfindən 6928 funt-sterlinq məbləğində kredit, 2906 funt-sterlinq dəyərində xidmət qrantları (təqaüd) verilir. Həmçinin İngiltərədə yaşayan və valideynlərindən biri olmayan, ailəli, maliyyə durumu çətin olan, sağlamlıq imkanları məhdud tələbələrə dövlət tərəfindən xüsusi qrantlar ayrılır. Uels, Şotlandiya və Şimali İrlandiyadan olan tələbələr üçün müxtəlif dövlət maliyyə yardımları mövcuddur. Avropa Şurası ölkələrini təmsil edən tələbələr Böyük Britaniyanın dövlət qrantlarını almaq imkanına malik deyil. Əcnəbi tələbələrə də Böyük Britaniyanın dövlət qrantları verilmir, lakin onların təmsil etdiyi ölkələr tələbələri üçün bir sıra yardımlar təklif edir. Məktəbə qəbul olunmazdan öncə 3 il Böyük Britaniya ərazisində yaşayan, Avropa Şurası ölkələrini təmsil edən tələbələr kredit və qrantlara iddia edə bilərlər.

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin təqaüdləri aztəminatlı ailədən olan tələbələr üçün nəzərdə tutulub. Yerli tələbələr üçün 3 illik proqram üzrə təqaüdün məbləği 7500 funt-sterlinq təşkil edir. Ali məktəbin təqaüdünün maksimal məbləği ildə 2500 funt-sterlinqdir. Biznes fənləri üzrə təhsil alanlara ildə 5444 funt-sterlinq məbləğində Stelios təqaüdü verilir. 

 

Universitet bu gün

 

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin mərkəzi kampusu London şəhərində Kler bazarı və Hauton-strit ərazilərində yerləşir. Universitetin Qədim bina adlanan əsas inzibati binası bu kampusdadır. Hazırda burada 30-a yaxın məktəb binası mövcuddur. Binalar bir-biri ilə körpülərlə birləşdirilib. Kampus ərazisində çoxlu sayda müxtəlif heykəllər qoyulub. Onların əksəriyyəti məzunların hədiyyəsidir. Kampusun genişlənməsi, əsasən sabiq direktor Entoni Giddensin rəhbərliyi dövründə (1996-2003) həyata keçirilib: Aldviç ərazisində yerləşən Konnot və Kliment binaları, IV Georq İctimai binası həmin dövrdə universitet tərəfindən əldə olunub, Layonel Robbins binası 35 milyon funt-sterlinq vəsait hesabına təmir edilib. Hazırda həmin binada Britaniya Siyasi və İqtisadiyyat Elmləri kitabxanası, eləcə də məktəbin digər kitabxanaları yerləşir. Britaniya Siyasi və İqtisadiyyat Elmləri kitabxanası ali məktəbin aparıcı elmi kitabxanasıdır. Məktəbin Yeni Akademik korpusu Böyük Britaniyanın ən ekoloji təmiz binasıdır. Qədim bina, Linkoln İnn Filds, Sent Kliment binaları, Yeni Akademik korpus, Qrosvernor Studiyaları Evi, Nortumberlend Evi, Hay-Holborn yataqxanaları, Britaniya Siyasi və İqtisadiyyat Elmləri kitabxanasının binaları memarlıq üslubu ilə seçilirlər.

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində 23 akademik bölmə - Mühasibatlıq, İqtisadiyyat, İqtisadiyyat tarixi, Maliyyə, Coğrafiya və ətraf mühit, Antropologiya, Hökumət, Beynəlxalq inkişaf, Beynəlxalq tarix, Beynəlxalq münasibətlər, Hüquq, İdarəetmə, Riyaziyyat, Media və kommunikasiya, Fəlsəfə, məntiq və elmi metod, İctimai siyasət, İctimai psixologiya, Sosiologiya, Statistika fakültələri, Avropa, Gender, Metodologiya institutları, Dil Mərkəzi; 19 tədqiqat mərkəzi - Asiya, Yaxın Şərq, Bioelmlər və Cəmiyyət, Şəhərlər,  İqtisadiyyat, İqlim Dəyişməsi və Siyasət, Diplomatiya və Strategiya, İqtisadi Göstəricilər, İqtisadiyyat və Əlaqəli Fənlər, Maliyyə Bazarları, Qlobal İdarəetmə, Səhiyyə və Sosial Təminat, Hüquq, Beynəlxalq Artım, Təbiət Fəlsəfəsi və Sosial Elmlər, Risk və Qayda, Sosial Ayrılıq (Ədalətsizlik), Məkan İqtisadiyyatı, Vaxt Sıraları mərkəzləri, Qrant Elmi-Tədqiqat İnstitutu fəaliyyət göstərir.

Ali təhsil müəssisəsində 1989-cu ildən Yay Məktəbi mövcuddur. Burada bakalavr pilləsi üzrə 50-dən çox proqram təklif olunur və tədris iyul-avqust aylarında aparılır. Yay Məktəbinin tələbələri də yataqxanalarda məskunlaşırlar. 

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi dünyanın müxtəlif universitetləri ilə əməkdaşlıq edərək, beynəlxalq tədqiqat əlaqələri qurur, elmi tədqiqatlar üçün yeni maliyyə mənbələri cəlb edir. Oksford, Harvard, Yel, Çikaqo, Nyu-York, Berkli, Kaliforniya universitetləri, İmperial Kolleclə olan çoxlu sayda sazişlərə əlavə olaraq, bu ali təhsil müəssisəsi Kolumbiya (Nyu-York), Keyptaun (Cənubi Afrika), Sciences Po (Paris), Sinqapur Milli, Pekin universitetləri ilə akademik müqavilə imzalayıb və Qlobal Dövlət Siyasəti Şəbəkəsinin üzvüdür. 

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin kitabxana sisteminin əsas hissəsi Britaniya Siyasi və İqtisadiyyat Elmləri kitabxanasıdır. Bu, iqtisadiyyat, ictimai və siyasi elmlər üzrə materialların toplandığı dünyanın ən böyük kitabxanasıdır. 1896-cı ildə yaradılmış kitabxana beynəlxalq mahiyyətə malikdir. Hər gün kitabxananın kolleksiyalarından 7000-ə yaxın tələbə və müəllim istifadə edir. Bununla yanaşı, kitabxanadan ildə 12000-dən çox digər istifadəçi yararlanır. Kitabxana kolleksiyasına 5 milyona yaxın kitab, 90000 tarixi kitabça, 31000 jurnal, 15000 elektron jurnal daxildir. Bütün materiallar eyni yerdə, Layonel Robbins binasında yerləşir. 2000-ci ildə binanın yenidən qurulmasına başlanılıb, 2001-ci il noyabrın 27-də isə rəsmi açılışı olub. 2002-ci ildə bina şahzadə Anna tərəfindən Vətəndaş Etibarı Mükafatı alıb. 20000 m² ərazini əhatə edən binanın oxu zalı 2000-ə yaxın oxucu tutumuna malikdir.

Kitabxananın atriumu (ictimai binaların mərkəzi işıqlı hissəsi) şüşəli gümbəzlə örtülüb və bu, içəriyə maksimal gün işığının düşməsinə imkan yaradır. Kitabxananın damındakı işığı əks etdirən panellər aşağı mərtəbələrin də işıqlandırılmasına imkan yaradır. Binanın 4-5-ci mərtəbələrində məktəbin LSE Tədqiqat Laboratoriyası yerləşir.  

Bernard Şounun adını daşıyan kitabxana Qədim binada yerləşir. Burada, əsasən, bədii ədəbiyyat, asudə vaxt və əyləncə üçün nəzərdə tutulmuş materiallar toplanıb. Corc Bernard Şou tərəfindən Fabian Cəmiyyətinin banilərinə həsr olunmuş məşhur boyalı şüşə - Fabian Pəncərəsi bu kitabxanada yerləşir. Həmin vitraj 1978-ci ildə kitabxanadan oğurlanıb, 2005-ci ildə isə sabiq baş nazir Toni Bleyerin təşəbbüsü ilə tapılaraq kitabxanaya qaytarılıb.

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin kitabxana sistemi 1946-cı ildən BMT kitabxanasının depoziti kimi fəaliyyət göstərir. Məktəbin arxivində siyasi, biznes, sosializm, iqtisadiyyat, statistika, siyasi nəzəriyyə, nəqliyyat və digər sahələri əhatə edən sənəd və məktublar, şəkil və lent yazıları, nadir kitablar və tarixi əsərlər qorunub saxlanılır. Kitabxana sisteminin elektron resursları istifadəçilərə geniş spektrdə informasiya xidmətləri təklif edir. Elektron resurslara 20000-dən çox elektron jurnal, minlərlə kitab, sənəd, dövlət nəşrləri, statistik məlumatlar, məruzə və tezislər, məqalələr, qəzet və mətnlər, verilənlər bazası aiddir. 

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin kitabxanalarından London Universiteti kolleclərinin bütün tələbələri istifadə edə bilər.

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin direktoru iqtisadçı Hovard Devisdir. Məktəbin idarəetmə orqanı Şuradır. Məktəbdə ümumilikdə 3000-ə yaxın işçi çalışır. Onların 1400-ə qədərini professor-müəllim, qalanlarını isə inzibati heyət təşkil edir.  Əməkdaşların 45%-i xarici ölkələrdən olan şəxslərdir.  

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinə qəbul prosesi rəqabətli şəkildə aparılır. Bir yer uğrunda 15-20-dən çox abituriyent mübarizə aparır. Hazırda məktəbdə 10298 nəfər tələbə təhsil alır. Tələbələrin 4267 nəfərini bakalavr, 5960 nəfərini magistr və doktorantlar, 71 nəfərini isə əlavə tələbələr təşkil edir. Universitetdə dünyanın 140 ölkəsindən 6885 nəfər əcnəbi tələbə qeydə alınıb. Universitetin kampusunda tələbələr 100-dən çox dildə danışır. Hazırda dünyanın 196 ölkəsində ali məktəbin 97500 nəfər məzunu çalışır.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin magistratura pilləsində Nəzrin Etibar qızı Qədimova beynəlxalq münasibətlərin tarixi, Əli Natiq oğlu Cəfərov isə iqtisadi inkişaf ixtisasları üzrə təhsil alırlar. 2009-2010-cu tədris ilində həmin proqram çərçivəsində dörd azərbaycanlı gənc - Nərgiz Çingiz qızı Abdullayeva hüquq, antropologiya və cəmiyyət, Samirə Maksim qızı Cavadova idarəetmə və strategiya, Çingiz Asif oğlu Əliyev beynəlxalq biznes hüququ, Aynur Yusif qızı Seyidyusif isə Avropa Birliyində idarəçilik ixtisasları üzrə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin magistratura pilləsinin məzunları olublar.

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin Tələbə Təşkilatı Milli, London Universiteti tələbə təşkilatlarının, eləcə də Milli Diplomdansonra Komitəsinin filialı olaraq böyük nüfuza malik gənclər birliyidir. Tələbə Təşkilatı gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların məskunlaşması, əyləncəli tədbirlərin təşkili və s. işlərə cavabdehlik daşıyır. Təşkilat daxilində 200-dən çox cəmiyyət, 40 idman klubu, onlarca müxtəlif qruplaşmalar  fəaliyyət göstərir. Tələbə Təşkilatı ölkənin ən qədim tələbə qəzetlərindən biri olan "The Beaver" (qunduz) həftəlik qəzeti, "Clare Market Review" tələbə jurnalı dərc edir. 1999-cu ildən təşkilatın "Pulse" radiostansiyası, 2005-ci ildən isə LooSE Televiziyası fəaliyyət göstərir. Məktəbin idman komandaları Böyük Britaniya Universitetləri və Kollecləri İdman Birliyinin (Bucs) üzvüdür. Məktəbin idman komandaları ümumilikdə "fırfırlar" (qıp-qırmızılar) adlandırılır. 

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin Londonun mərkəzi rayonlarında 11 yataqxanası mövcuddur. Bu yataqxanalarda ümumilikdə 4000-nə yaxın tələbə məskunlaşa bilər. Məktəb London Universitetinin kolleclərinin 8 yataqxanasından istifadə etmək imkanına malikdir. Bu yataqxanalarda əsasən birinci kurs tələbələri yerləşdirilir. Lakin yenə də universitet bütün tələbələrini yerləşdirmək imkanına malik deyil, xüsusi ilə magistr və doktorantların yerləşdirilməsində müəyyən problemlər yaranır. Məhz buna görə də onlar özəl mənzillərdə məskunlaşırlar.

Məktəbin ən böyük yataqxanası olan  Banksayd 1996-cı ildə açılıb. Temza çayının yaxınlığındakı səkkizmərtəbəli bu yataqxanada 617 nəfər tələbə yerləşir. İkinci böyük yataqxana Hay-Holborndur və kampusdan 10 dəqiqəlik məsafədə yerləşir. Digər böyük yataqxanalardan Tauer körpüsünün yaxınlığındakı Uorf Batler, Londonun İslinqton dairəsində yerləşən Rozberi, Karr-Sonders Hollu, Temza sahilindəki yeni Nortumberlend Evini qeyd etmək olar. 2005-ci ildə məktəbin bütün tələbələrini yerləşdirmək məqsədi ilə üç yeni yataqxana tikilib. Həmin ildə açılmış Qrosvenor Evi 169 otaqdan ibarətdir və hər otağın xüsusi kiçik vanna otağı, mətbəxi mövcuddur. 2006-cı ildə isə 360 nəfər tələbə tutumuna malik Lilian Nouls yataqxanası istifadəyə verilib.

Bütün yataqxanalarda qiymətlər otaqlardan asılı olaraq dəyişir (1 həftə qalmaq qiyməti 70-250 funt-sterlinq təşkil edir) və ödəniş hər semestrin ikinci həftəsində edilməlidir. Tələbələrin əksəriyyəti özəl mənzillərdə yaşamağa üstünlük verir. Bunun üçün tələbələr dərslər başlamazdan minimum 2 həftə əvvəl Londona gəlməlidirlər. Ali məktəbin əməkdaşları Karr-Sonders, Ankoric, Banksayd, Qrosvenor Evi, Hay-Holborn, Nortumberlend, Pasfild, Rozberi yataqxanalarında məskunlaşdırılır.

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin məzunları arasında 16 nəfər Nobel mükafatına layiq görülüb. Onlardan ilk laureat məktəbin yaradıcılarından biri olmuş Corc Bernard Şoudur (1925-ci il), sonuncusu isə universitetin professoru Kristofer Pissaridesdir (2010). Ümumilikdə 34 nəfər dünya lideri, hazırda Böyük Britaniya İcmalar Palatasının 31, Lordlar Palatasının isə 42 üzvü bu ali məktəbdə təhsil alıb və çalışıb.

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi kütləvi mühazirələri ilə tanınır.  Məktəbin hər həftə təşkil etdiyi mühazirələrdə tələbələr, məzunlar və digər geniş ictimaiyyət iştirak edə bilər. Mühazirələrdə milli və beynəlxalq məruzəçilər, səfirlər, yazıçılar, ölkə rəhbərləri, parlament üzvləri, aparıcı professor   dövlət xadimləri çıxış edir. Son dövrlər məktəbdə Dmitri Medvedev, Kofi Annan, Toni Bleyer, Bill Klinton, Nelson Mandela, Meri Robinson, Havyer Solana, Corc Soros, Stiv Ballmer, Sebastyan Pinyer və digər məşhur şəxslər mühazirələr oxuyub. Məktəbin məzunları burada təşkil olunan kütləvi mühazirələri "London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi təhsilinin müstəsna üstünlüyü" kimi dəyərləndirir.

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi Birlik Ölkələri Universitetləri,  Professional Məktəblər Beynəlxalq Əlaqələr assosiasiyalarının, Təhsilin İdarəolunması Qlobal Alyansının, Rassel, Böyük Britaniya Universitetləri, "G5" (Böyük Britaniyanın 5 ali məktəbindən ibarət qeyri-formal qrup) qruplarının üzvüdür.

 

Universitetin məşhur məzunları

 

  II Marqaret                                Danimarka kraliçası   

  Con  Kennedi                             ABŞ-ın sabiq prezidenti        

  Pumarejo Alfonso Lopez           Kolumbiyanın sabiq prezidenti  

  Şri Narayanan                           Hindistanın sabiq prezidenti  

  Con Atta Mills                           Qananın prezidenti   

  Kvame Nkruma                         Qananın sabiq prezidenti  

  Hilla Limann                              Qananın sabiq prezidenti  

  Como Kenyata                           Keniyanın ilk prezidenti  

  Lord Ettli Böyük                        Britaniyanın sabiq baş naziri   

  Pyer Trüdo                                 Kanadanın sabiq baş naziri  

  Kim Hon Kempbell                    Kanadanın sabiq baş naziri  

  Romano Prodi                            İtaliyanın sabiq baş naziri  

  Taro Aso                                    Yaponiyanın sabiq baş naziri  

  Moşe Şarett                               İsrailin sabiq baş naziri  

  Marek Belka                             Polşanın sabiq baş naziri   

  Yevgeniya Çarlz                         Dominikanın sabiq baş naziri  

  Errol Uolton Barrou                   Barbadosun sabiq baş naziri   

  Thanin Kraivichien                    Tailandın sabiq baş naziri  

  Yan Çjeçi                                    Çinin 10-cu xarici işlər naziri  

  Corc Bernard Şou                      ədəbiyyat üzrə Nobel mükafatı laureatı  

  Bertran Rassel                          ədəbiyyat üzrə Nobel mükafatı laureatı  

  Ralf Banç                                   sülh üzrə Nobel mükafatı laureatı   

  Filip Noel Beyker                      sülh üzrə Nobel mükafatı laureatı  

  Con Hiks                                    iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  

  Fridrix Fon Hayek                     iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  

  Ceyms Mid                                iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  

  Artur Lüis                                  iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  

  Merton Miller                           iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  

  Ronald Kouz                             iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  

  Amartya Sen                             iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  

  Robert Mandell                        iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  

  Corc Akerlof                             iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  

  Leonid Hurvits                          iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  

  Pol Kruqman                             iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  

  Kristofer Pissarides                  iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  

 

 

Hazırladı: Lamiyə ƏLİYEVA

 

Azərbaycan müəllimi.- 2011.- 25 fevral.- S.18-19.