Universitet ənənəsi: dünən,
bu gün və sabah
Bu gün
universitet anlayışının əsas zəmini kimi istifadə
olunan "universe" termini kainat, aləm, dünya
qarşılığını ifadə edərək əsrlər
boyu cəmiyyətin, sosiumun magistral inkişaf xətlərini,
sivilizasiyaların intibah çevrəsini müəyyənləşdirmişdir.
Dünyada modern universitet anlayışı yeni biliklərin,
innovativ düşüncənin, çevik alqoritmik təfəkkürün
toplandığı və istehsal olunduğu yerdir.
Çünki universitet inkişaf lokomotivinə qoşula bilən,
sintez və analiz yolu ilə düşüncələrini ifadə
edə bilən insanları yetişdirən qurumdur. Universitet fəlsəfəsinə
bir tərəfdən bütünləşdirici,
uzlaşdırıcı, digər tərəfdən fərqli
və yenilikçi, qeyri-standart yanaşmaların məcmusu
kimi baxsaq, bir qurum kimi sosiuma xidmət etmək və cəmiyyətin
perspektiv viziyonunu müəyyənləşdirən missiyaya
sahibdir. Bu gün dünyanın inkişaf standartlarının
Avropadan qaynaqlanması ideyası bu qitənin klassik universitet ənənəsinə
sahib olması ilə bağlıdır. Sirr deyil ki, Avropa
inkişaf modelinin ana xətləri əsası hələ
8-10 əsr bundan əvvəl qoyulan Avropa universitetlərində
cızılmışdır. Bu yanaşmada Avropanın, eləcə
də dünyanın ən qədim universitetlərindən
biri olan, əsası 1386-cı ildə qoyulmuş
Almaniyanın Heydelberq Universitetinin giriş qapısında
yazılan "həqiqətin, ədalətin və
insanlığın canlı ruhu" təkcə poetik ritorika
deyil, həm də universitet düşüncəsinin milli var
olmanın və dünyaya açılmanın
kodlaşmış invariantları idi. Digər bir nümunə
Avropanın ən qədim universitetlərindən biri olan, əsası
1575-ci ildə Hollandiyada qoyulan Leyden Universitetinin yaranması ilə
bağlıdır. Belə ki, Elmi İntibah ərəfəsində
ispanların hücumlarını böyük şücaətlə
dəf etdiklərinə görə Hollandiyanın Leyden şəhərinə
şahzadə Viliam tərəfindən mükafat verilir. Həmin
mükafat ilk holland universitetinin bu şəhərdə
yaradılması olur. Tarixçilərin qeyd etdiyinə
görə,
Eləcə
də Almaniyanın Berlin Universitetinin yaranma mühiti çox
maraqlıdır. Belə ki, Berlin Universiteti Steyn və
Hardenberq kimi dövlət xadimlərinin maarifçilik
missiyası və siyasi iradəsi ilə yaranıb. Buna vüsət
verən əsas hadisə isə 1806-cı ildə
fransızların alman torpaqlarını zəbt etməklə
həyata keçirdikləri hərbi ekspansiya oldu.
Berlin
Universitetinin yaradılması ideyasını o dövrdə
fransızlar tərəfindən zəbt olunmuş əzəli
alman torpağı Yenasız təsəvvür etmək
mümkün deyildi. Əsas məqsəd Kral III Fridrix Vilhelmin
ifadəsi ilə desək, "itirdiyimiz
torpaqlarımızın əvəzində intellektual
gücü"müzü qüvvətləndirmək və
məğlubiyyət sindromundan xilas olmaqla Prussiyanın
nüfuzunun bərpa edilməsi idi.
Əsası
1810-cu ildə qoyulmuş və əvvəlcə Kralın
adını daşıyan bu ali məktəb insanlara özlərini
realizə etmək, eləcə də maariflənmiş vətəndaş
və dövlətin effektiv şəkildə idarə edilməsi
üçün zəruri olan vərdişlər qazanmaq
imkanı verirdi. Yeni universitet qurucuları Steyn və Hardenberq
ali təhsili milli dirçəliş layihəsinin əsası
hesab edirdilər. Böyük alman filosofu Fixte universitetin ilk
rektoru və fəlsəfə kafedrasının rəhbəri
təyin olunanda təkcə onun intellektual gücünü,
Kantın ona məhəbbətini deyil, həmçinin onun
fransızlar tərəfindən işğal olunmuş Berlində
1808-ci ildə verdiyi silsilə mühazirələri ilə
alman təhsil sistemində islahatlar barədə səsləndirdiyi
fikirləri nəzərə alındı. Böyük filosof
Fixte işğal nəticəsində məğlubiyyətə
uğramış almanların milli ruhunu qüvvətləndirməyin
başlıca yolunu yalnız təhsildə islahatlar aparmaqda
görürdü. Fixtenin təhsillə bağlı
düşüncələri alman milli düşüncəsində,
cəmiyyətin harmonik inkişaf fəlsəfəsində dəyişiklik
üçün bir çağırış oldu. Bu xətt
həm də Almaniyada yaranan yeni universitet düşüncəsinin
əsas leytmotivini təşkil edirdi.
Şərqdə
də universitet anlayışı bu cür ideallara xidmət
edib. Burada da elmi dərketmə səviyyəsi təkcə
dövrün reallığı ilə deyil, həm də gələcək
düşüncə çevrəsində dərk olunurdu və
universitetdə öyrədilən biliklərin mahiyyətinə
uyğun azadlıq ab-havası hakim idi. Bu örnəklərdən
biri Osmanlı sultanı Fateh Sultan Mehmetlə bağlı idi.
Bir gün Fateh Mehmet mədrəsədə dərs zamanı
odaya daxil olarkən, müəllimdən "niyə ayağa
qalxmadın?" - deyə soruşur, müəllim isə
cavabında "mən öyrəncilərimə elmin
padşahlıqdan üstün olduğunu öyrətdim. Onlara
söylədiyimin tərsini edərəmsə, mənə
güvənc və inamları qalmaz", - demişdir. Bu
cavabın qarşısında Mehmet Fateh "haqlısan
xocam", - deyə bildirmiş və çıxıb
getmişdir.
Eləcə
də bu gün dünyanın ən yaxşı universitetlərindən
sayılan İstanbul Universitetinin əsası 30 may 1453-cü
ildə, Konstantinopolun türklər tərəfindən
tutulmasından bir gün sonra Fateh Sultan Mehmet tərəfindən
qoyulmuşdur. Deməli, universitetlər hansı qitədə
yerləşməsindən və necə adlanmasından
asılı olmayaraq bütün əsrlər boyu bilik
axtarışını doğru düşünməyi və
intibah missiyasını ehtiva edərək böyük dəyişikliklərin
lokomotivi olmuşdur.
Bu gün
İntellektual kapitalı özündə ehtiva edən ali təhsil
qlobal biliklər iqtisadiyyatının ayrılmaz tərkib hissəsidir.
Bu yanaşmada iqtisadi rəqabətin ən mühüm
komponentlərindən biri kimi R&D araşdırma və
inkişafa ayrılan vəsaitlərin həcmi rol oynayır.
Deməli, universitet təhsili həm də ölkələrin
iqtisadi infrastrukturunun ayrılmaz hissəsidir. Dogrudur, son
zamanlarda dünyada baş verən qlobal iqtisadi böhran bir
sıra ölkələrdə ali təhsilə
yatırılan investisiyaların azalmasına səbəb
olmuşdur.
Bununla belə,
məsələn, 2007-2008-ci tədris ilində Böyük
Britaniyada ali təhsilə ayırmalar 33,4 milyard funt-sterlinq
olmuşdur ki, bu da ölkənin ÜDM-nin 2,3%-ni təşkil
edib.
Universitet
təhsilinin insanların həyatında vacib rol oynaması
amili getdikcə artır. Məsələn, qlobal iqtisadi
böhranın başlandığı dövrdən bu yana
ABŞ-da 2008-2009-cu illərdə 18-24 yaş arasında gənclərin
ali təhsilə cəlb olunmaları 39%-dən 41%-dək
artmışdır. Hindistanda təhsilin həm də
yoxsulluğun aradan qaldırılmasında vacib şərt
olduğunu dərk edərək əhalinin 2020-ci ilədək
30%-nin ali təhsilə cəlb olunması hədəflənmişdir.
Bunun üçün Hindistan dövləti çoxsaylı əlavə
ali təhsil şəbəkəsini (müxtəlif təşkilati
formalarda) açmağı planlaşdırır.
Avropa
ölkələrində də insan inkişafı indeksinin
vacib indikatorlarından olan ali təhsil şəbəkəsinin
həm məzmun, həm də forma baxımından genişləndirilməsi
perspektivi əsas məqsədlərdən hesab olunur. Məsələn
Böyük Britaniyada 2009-cu ildə ali məktəblərə
qəbul yerlərinin sayı 7,8%
artırılmışdır. Çinin Təhsil, İqtisadi
İnkişaf və İslahatlar komissiyasının məlumatına
görə, 2009-cu ildə magistr dərəcəsi alan
müdavimlər 5% artmışdır.
Tarixən
universitet ideyasının dirçəlməsi və
inkişafı müvafiq "təhsilli insan" modelini nəzərdə
tutub. Doğrudur, XXI əsrdə ali təhsil onun müxtəlif
sosial təbəqələrlə əlaqədar olması mənasında
artıq elitar təhsil deyildir, lakin mahiyyətcə ali məktəblər,
xüsusilə universitetlər intellektual elita yetişdirməlidir.
"Təhsilli insan" da elitar mənada yüksək mədəniyyət
sahibi olmalıdır.
Bəs
universitet kimi və necə yetişdirməlidir? Təhsilli
insan, yoxsa peşəkar kadr?
Haqqında
çox danışdığımız universitet
böhranı, əslində universal təhsilin, xüsusilə
həmişə ya universal bilik funksiyasını, ya da
universal biliyə giriş vəzifəsini yerinə yetirən
fəlsəfənin böhranıdır. Universitet təhsilinin
yenidən qurulması təhsil fəlsəfəsinin tədrisinin
yenidən qurulması ilə bağlıdır. Bu yenidənqurma
hansı istiqamətlər üzrə aparıla bilər? Fəlsəfə
təhsil sistemində, hər halda, ikili funksiyanı yerinə
yetirir. Hər şeydən əvvəl, o, ixtisasa metodoloji
giriş verməlidir, elmin nə olduğunu, hansı tip elmi
biliklərin, elmi metodların olduğunu izah etməlidir və
s. Təbii ki, belə bir metodoloji giriş diferensiyalı
olmalı və mühəndis, təbiətşünaslıq
və humanitar ali məktəblərin spesifikasını nəzərə
almalıdır.
Bu gün
dünyanın inkişaf etmiş ölkələrində əsası
Napoleon dönəmində qoyulmuş bilik fundamentli universitet
anlayışı yeni nəsil universitet düşüncəsi
ilə əvəzlənir. Universitetlər innovasiya, sənaye
təsisatları ilə işbirliyi qurmaq, ən bilikli müəllim
və tələbəyə sahib olmaq üçün daim rəqabət
meydanında olmalıdırlar. Burada qalib gələn də,
uduzan da rəqabət nəticəsində meydana
çıxır. Yeni nəsil universitetlərin əsas özəllikləri
- sənaye təsisatları ilə işbirliyi,
araşdırma və inkişaf, aktiv olaraq ən bilikli müəllim
və tələbə heyətini cəlb etmək, eləcə
də iqtisadi güclərini artırmaq üçün
bazarda investisiya layihələrində iştirak edirlər.
Bir daha
qeyd edək ki, bu gün mövcud olan universitetlər XIX əsrdə
Berlin Universitetini quran Vilhelm fon Humboldtun əsasını
qoyduğu Humboldt modelindən qaynaqlanır. Xüsusən də
orta əsrlərdə və sonrakı çağlarda
universitetlərin əsas missiyası İntibah dövründə
meydana çıxan düşüncə cərəyanlarını
araşdıraraq ictimai fikri formalaşdırmaq idi. Bu
yanaşmada universitetlər son nəticə ilə
maraqlanmırdı. Məsələn, XIX əsrə aid əsas
texnoloji yeniliklər (buxar maşını, telefon, teleqraf,
radio və sair) universitetlərdə deyil, kənar müstəvidə
icadını taparaq ictimai həyata daxil olmuşdur.
XX əsrin
60-cı illərindən başlayaraq universitetlər klassik
Humboltd modelinin çökməsi nəticəsində həm
məzmun, həm də forma baxımından dinamik inkişaf mərhələsinə
qədəm qoyaraq innovasiya sistemlərinin yaradıcısı
qismində çıxış etməyə başladı. Nəticədə
ABŞ-da universitetlər Dell, Maykrosoft, İntel, Hewlett Packard
kimi yeni texnoloji nou-hauların əsas innovasiya mərkəzləri
kimi formalaşdı.
Qloballaşma
axını çox qısa bir müddətdə
dünyanın siyasi - iqtisadi məzmununu dəyişdi. Bu
yarışmada dünyanın müxtəlif güc mərkəzləri
öz yerini qoruyub saxlamaq, iqtisadi inkişafın əsas
indikatoru olan innovasiyaya sahib olmaq üçün yeni
universitetlərin qurulmasına start verirlər. Məsələn,
Avropa Birliyinin əsas hədəflərindən biri də
iqtisadi inkişaf tempinə görə Birləşmiş
Ştatları və Yaponiyanı üstələmək siyasətidir.
Bu məqsədlə Avropa liderləri elm, texnologiya və
innovasiya sahəsində dünyada yeni layihələrə
müəlliflik edəcək Avropa Texnologi Universitetinin
qurulması üçün fəaliyyətə
başladılar. İnnovasiya məhsulları
istehsalını əsas hədəf hesab edəcək bu
universitet layihəsi Avropada ən yaxşı professor-müəllim
heyətini və tələbələri öz orbitinə
alaraq gələcək Avropanın inkişaf oriyentirlərini
müəyyənləşdirməli idi. Avropanın müxtəlif
ölkələrindən elm adamlarının ortaq layihələrdə
iştirakını təmin edən və fərqli ölkələrdə
mövcud olan bir çox qurumun koordinasiyası ilə fəaliyyət
göstərməyi hədəfləyən Avropa Texnoloji
Universiteti Avropa Komissiyasının təhsil müşaviri Jan
Figel Denin qeyd etdiyi kimi, yeni kəşflər və innovativ təsir
gücü ilə gələcəyi düşünür. Əslində
Avropanı gələcəyi düşünmək
üçün kifayət qədər narahat edən səbəblər
var. Tarixən elmin və innovasiyanın beşiyi olan Avropa son
50 ildə bu sahədə liderliyini ABŞ və Asiya nəhənglərinə
verib. Əgər statistikaya müraciət etsək,
1901-1950-cı illərdə avropalı elm adamları Nobel
mükafatının 100-də 73-nü
qazanırdılarsa,1995-2004-cü illərdə bu faiz 100-də
19-a düşdü. Bu rəqabətdə Avropa
ABŞ,Yaponiya, Çin və getdikcə Hindistana uduzur. Deməli,
Avropa yaxın gələcəkdə öz liderliyini saxlamaq
üçün yeni istehsalat texnologiyalarının işlənməsi,enerjinin
istifadəsi və innovasiyaların tətbiqini gerçəkləşdirən
R&D siyasəti və yeni nəsil universitet düşüncəsini
strateji hədəf kimi qarşıya qoyaraq gələcəyin
optimal yol xəritəsini cızmalıdır. Doğrudur, 2
milyard avro büdcəsi ilə diqqəti çəkən
Avropa Texnoloji Universiteti layihəsinə qocaman Avropa universitetləri
- Oksford, Kembric qısqanclıqla yanaşsa da, ancaq bu təhsil
qurumunu təhsil-elm-innovasiya mərkəzi kimi görən nəhəng
şirkətlər - Microsoft, Nokia, Pirelli layihədə
iştirak etmək istəklərini bildiriblər.
Bu gün
dünyada dövlətlərin iqtisadi güc motoru və zənginlik
yaradan əsas dəyər vahidi kimi universitetlər
çıxış edir. Universitet avtonomiyasının əsas
fəlsəfəsi kimi - nəyi, necə öyrənib, tətbiq
etmək alqoritmidir. Bu gün dünyada universitet idarəetməsinin
yeni meyarları formalaşır. Bu meyarlar daha çox Amerika
modelindən qaynaqlanır. Çünki ABŞ-da nəhəng
şirkətlər universitetlərlə birlikdə R&D
(araşdırma və inkişaf) siyasəti aparırlar.
ABŞ-da R&D (araşdırma və inkişaf) şirkətlər
üçün böyük önəm daşıyır və
gəlirlərinin 8-10%-ni buna sərf edirlər. Məsələn,
2008-ci ildə 365 milyard dollar R&D yatırımı ilə
ABŞ birinci yerdə, 217 milyard dollar R&D investisiyası ilə
Çin ikinci yerdə gəlir. ABŞ-da təhsil sistemi yaradıcılıq
səhnəsidir. Bu dəyər dünyada söz sahibi olan Birləşmiş
Ştatlarda yaradıcı təhsil sisteminin və innovasiya ənənəsinin
güc qaynağı olan universitetlərin kreativ ruhunun
hesabına qazanılıb. Ona görə də təhlilçilər
haqlı olaraq deyirlər ki, Amerika ona görə
güclüdür ki,onun universitetləri güclüdür.
Bir az əvvəl qeyd etdiyim kimi, dünyanın ən
qabaqcıl universitetləri və elm adamları bir zamanlar
Avropada idilər. Amma indi ABŞ-dadırlar - Harvard Universiteti,
Massaçusets Texnologiya Unviersiteti, Stanford, Yel universitetləri
və digər özəl universitetlər. Bu universitetlərin
idarə heyətində oturan şəxslər Avropadakı
kimi akademiklər deyil, peşəkar, işgüzar sferada
özünü doğrultmuş şəxsiyyətlərdir və
qərarı onlar verirlər. Burada rektoru, dekanı akademik
çevrədən seçmirlər. Avropa universitetlərindən
fərqli olaraq ABŞ universitetləri təhsilini üç əsas
komponent üzərində qurur: - tədris, tədqiqat,
ictimaiyyətə xidmət. Əgər bu
üçüncü komponenti təhsil sisteminə gətirirsənsə,
artıq təhsilin istiqaməti və təbiəti tamamilə
dəyişir. Diqqət edin, əgər bu
üçüncü komponent yoxdursa, onda bütün elmləri
öyrənmək lazımdır. Yox, əgər bu
üçüncü komponenti təhsilə gətirirsənsə,
onda artıq tədris olunan elmləri seçməyə
başlayırsan - bəzi elmlər bizim cəmiyyətə
daha lazımlıdır, bəzilərinə isə tələbat
daha azdır. Belə olanda isə, ölkənin universitetləri
strateji əhəmiyyət daşıyan sahələri və
elmləri tədris etməyə başlayır.
Maraqlıdır ki, bu gün dünyanın istər inkişaf
etmiş Avropa ölkələri, istərsə də Asiya nəhənglərinin
ən yaxşı universitetləri bu modeldən yararlanıb
uğur qazanıblar. Məsələn, götürək
İrlandiyanı. Bu ölkədə təhsil
qurumlarının özəl sektorla yaxından işbirliyi və
yeni kurikulumların hazırlanması nəticəsini verdi.
İrlandiya ali təhsil sistemində tələbələr təhsil
aldıqları 4 il müddətinin 9 ayını şirkətlərdə
staj keçməyə sərf edirlər və onların
böyük hissəsi, təqribən 25%-i təcrübəni
ölkədən kənarda keçirlər. Geri qayıdan tələbələr
artıq işlədikləri layihəni staj keçdikləri
yerdə qarşılaşdıqları problemlərə həsr
edirlər. Bundan əlavə, tələbələrin staj
keçdikləri qurumlara bilavasitə professorlar gedir və vəziyyəti
ekspertiza edirlər. Elə vaxtlar olur ki, şirkətlərdə
tələbəyə nəzarət edən şəxs tələbədən
razılıq edir. Amma sonda məlum olur ki, tələbənin
öyrəndikləri təhsil qurumlarını o qədər
də maraqlandırmayan məsələlərdir. Beləcə,
işin dərinliklərinə gedərək, İrlandiya ali təhsil
sistemində kurikulum yenidən quruldu. İrlandiyanın məşhur
dövlət xadimi, təhsilşünası Garret Fitz
Ceraldın qeyd etdiyi kimi: "İrlandiyada bizim çox
gözəl təhsil ənənələrimiz var və
hazırda mənim rəhbərlik etdiyim İrlandiya Milli
Universiteti İrlandiyanın inkişafı üçün
böyük xidmətlər göstərib. Amma
İrlandiyanın təhsil sistemində sürətli dəyişiklik
etmək lazım idi və kök salmış təhsil ənənələrindən
fərqli bir model gətirilməli idi. Belə olanda,
İrlandiya hökuməti bu qərara gəldi ki, yeni bir təhsil
müəssisəsi yaradılsın. Fərqi yox idi, həmin
universitetin adı nə olacaqdı, əsas məsələ o
idi ki, bu universitet iqtisadi inkişafa stimul verməli , özəl
sektorla sıx işləməli idi. Biz həmin universiteti
yaradanda, düzünü deyim, ABŞ modelini
oğurladıq".
Bu gün
elm istər bütün insanlıq üçün, istərsə
də ayrı-ayrı ölkələr üçün əvvəllər
olduğundan daha çox lazımdır. Yaradıcı
yanaşmalar, yeni texnogen sivilizasiyanın önşərti kimi
elmi-texnoloji-innovasiyalar mərkəzləri olan universitetlərin
üzərinə düşür. Bu
çağırış həm də XXI əsrin bizə təklif
etdiyi yaşam tərzidir.
Cəsarət VALEHOV
Azərbaycan müəllimi.- 2011.- 25
fevral.- S.17.