Niderlandda təhsil sistemi
Niderland Krallığı
Ərazisi: 41,528 min kv.km.
Əhalisi: 16,7 milyon nəfər
Paytaxtı: Amsterdam şəhəri
Dövlət dili: Holland dili
Pul vahidi: Avro
Ölkənin rəsmi adı
Niderlanddır. Mənası "alçaq ərazi" deməkdir.
Belə ki, ölkə ərazisinin böyük hissəsi dəniz
səviyyəsindən aşağıda yerləşir. 12 əyaləti
olan ölkənin yalnız iki qərb əyalətinin
(Şimali və Cənubi Hollandiya) adı Hollandiyadır. Bu əyalətlər
tarixən ölkənin ən inkişaf etmiş əraziləri
olub və hazırda da dövlətin siyasi, iqtisadi və mədəni
həyatında aparıcı rol oynayırlar. Bu səbəbdən
Niderland əvəzinə ölkəni Hollandiya da adlandırırlar. Hollandiyada təhsil müəssisələrinin
70 faizi özəl, 30 faizi dövlətə məxsusdur. Buna
baxmayaraq, dövlət bütün təhsil müəssisələrinin
tədris proqramları üzərində nəzarəti həyata
keçirir. Hollandiyanın Təhsil, Mədəniyyət və
Elm Nazirliyi mütəmadi olaraq ölkənin təhsil
sisteminin monitorinqini aparır və standartları müəyyən
edir. Bu isə, öz növbəsində, bütün məktəb
və universitetlərdə təhsilin yüksək səviyyədə
aparılmasını təmin edir.
Hollandiya
ingilis dilində təhsil təklif edən ilk qeyri-ingilisdilli
ölkədir. Bu ölkənin ali təhsil müəssisələri
ingilis dilində təxminən 1150 tədris proqramı təklif
edir. Onların böyük əksəriyyəti bakalavr və
magistr proqramları, qalanları isə qısamüddətli
kurslar və ixtisasartırma proqramlarından ibarətdir.
Ölkənin
ilk ali təhsil müəssisəsi olan Leyden Universiteti
(Universiteit Leiden) 1575-ci ildə yaradılıb. Hollandiyanın
14 dövlət universitetinin 10-u "Times Higher Education World
University Rankings"in hesabatında dünyanın ən
nüfuzlu 200 universiteti arasında qərarlaşır.
Kiçik
ölkə olmasına baxmayaraq, Hollandiyanın kimya, fizika,
tibb, iqtisadiyyat və sülh sahələri üzrə 18 Nobel
mükafatçısı var. Onlardan 1-i Nobel sülh
mükafatı, 9-u fizika, 3-ü kimya, 3-ü tibb, 2-si isə
iqtisadiyyat sahələri üzrədir.
Məktəbəqədər təhsil
Hollandiyada
4 yaşdan aşağı uşaqlar üçün məktəbəqədər
təhsil nəzərdə tutulmayıb. Onlar üçün
xüsusi uşaq qayğı mərkəzləri fəaliyyət
göstərir. Ölkədə təxminən 300 min uşaq
3500-dən (2004-cü ilin statistikasına əsasən)
qayğı mərkəzinə gedir. Bu mərkəzlər
hökumət və valideynlər tərəfindən maliyyələşdirilir.
Qayğı mərkəzləri 6 aydan 3 yaşadək
uşaqlar üçün nəzərdə tutulub.
İbtidai təhsil
Hollandiyada
ibtidai təhsil (Primair onderwijs, PO) 8 il (4 yaşdan 12 yaşadək)
davam edir. İbtidai məktəblər özəl və ya
dövlətə məxsus təhsil ocaqlarına
bölünürlər. Bu iki məktəb arasında yeganə
fərq ondan ibarətdir ki, özəl məktəblər
uşaqları qəbul edərkən seçim apara bildikləri
halda, dövlət məktəbləri bu imkandan məhrumdur.
Dövlətə
məxsus təhsil ocaqlarında təhsil pulsuzdur. Valideynlər
yalnız məktəbin saxlanılmasına və əlavə
tədbirlər üçün müəyyən məbləğdə
vəsait verirlər. Bu məktəblərdə uşaqlar dərsliklərlə
pulsuz təmin olunurlar.
İbtidai
məktəbdə hər qrupa bir müəllim təyin olunur.
Müəllim günün proqramını özü tərtib
edir, riyaziyyata, cografiyaya və digər fənlərə, eləcə
də istirahətə nə qədər vaxt
ayıracağına müstəqil qərar verir. Odur ki,
ibtidai təhsil müəssisələrində dəqiq dərs
cədvəli yoxdur. Uşaqların bütün kitab və dəftərləri
məktəbdə qalır. 12 yaşadək şagirdlərə
ev tapşırıqları da verilmir.
İbtidai
məktəbin ilk 2 ilində uşaqlara əsasən oxu,
yazı və hesab fənləri tədris olunur. Sonra isə
uşaqlara tarix, coğrafiya, fizika, riyaziyyat, holland dili və
digər fənlər keçilir. Bundan əlavə,
uşaqlar ingilis dilini öyrənməyə
başlayırlar.
Hollandiyada
tədris proqramları mürəkkəbliyi ilə fərqlənir.
Məsələn, ana dili, riyaziyyat, fizika, kimya, biologiya kimi əsas
fənlərlə yanaşı, başqa ölkələrdə
adətən universitetlərdə tədris olunan təhsilin
metodikası, tibbin əsasları, iqtisadiyyat, mühasibat
uçotu kimi fənlər də Hollandiya məktəblərində
tədris olunur. Məktəb proqramlarına ingilis, alman və
fransiz dilləri ilə yanaşı, latın və yunan dilləri
də daxil edilib.
Orta təhsil
Hollandiyada
təxminən 700 orta məktəb fəaliyyət göstərir.
Orta məktəblərə (Voortgezet Ondernijs) şagirdlər
12 yaşından sonra qəbul edilirlər. Uşaqların məktəbə
getməsi icbaridir.
Səkkizillik
ibtidai təhsildən sonra şagirdlər test imtahanları
verirlər. İmtahanlar iki gün davam edir. Test imtahanının
nəticəsi və müəllimin zəmanəti
uşağın hansı istiqamət üzrə təhsil
alacağını müəyyənləşdirir. Şagirdlər
orta məktəbdə təhsillərini əsasən 4 istiqamət
üzrə davam etdirirlər.
1. Birinci
istiqamət (VWO - pre-university education) üzrə təhsil alan
şagirdlər universitetlərə hazırlanır. Burada təhsil
6 il davam edir.
2.
İkinci istiqamət (HAVO) üzrə təhsil alan şagirdlər
ali peşə məktəblərinə hazırlanır.
Burada təhsil 5 il davam edir.
3.
Üçüncü istiqamət (VMBO) üzrə isə
şagirdlərə 4 illik peşə təhsili təklif
olunur.
4.
Dördüncü istiqamətə 6 illik təhsili nəzərdə
tutan praktiki təhsil (Practical training-PRO) daxildir.
Üçüncü istiqamət (VMBO) üzrə təhsil
alan şagirdlər nailiyyət qazana bilmirlərsə,
onları əmək bazarına daxil olmağa hazırlayan
praktiki təhsilə (dördüncü istiqamət - PRO) yiyələnə
bilərlər.
Orta məktəbi
birinci istiqamət üzrə bitirən şagirdlər
universitetlərə daxil ola bilərlər. İkinci və
üçüncü istiqamətlər üzrə oxuyan
şagirdlər isə keçid proqramları vasitəsilə
universitetlərə daxil olmaq imkanı əldə edirlər.
Ümumi
orta təhsili gimnaziyalarda və real orta məktəblərdə
də (təhsil müddəti 6 ildir) almaq mümkündür.
Bu məktəblərin məzunları da universitetlərə
daxil olmaq hüququ qazanırlar.
Hollandiyada
fiziki və əqli cəhətdən zəif uşaqlar
üçün xüsusi məktəblər fəaliyyət
göstərir. Bu tədris ocaqlarının şagirdləri
sadə tədris planı üzrə təhsil alırlar.
İlk təhsilini
digər ölkədə başlamış uşaqlar
üçün Hollandiyada beynəlxalq məktəblər fəaliyyət
göstərir. Bu məktəblərdə bütün fənlərin
tədrisi ingilis, fransız və alman dillərində
aparılır.
Hollandiya
orta təhsil sistemində fənlər və tədrisin məqsədləri
müvafiq qanunla tənzimlənir. Bu, hökumətə
ölkə üzrə vahid təhsil standartlarını
saxlamaq imkanı verir.
Texniki peşə təhsili
Hollandiyada
40 regional peşə təhsili mərkəzi fəaliyyət
göstərir. Onlar mühəndislik və texnologiya,
iqtisadiyyat, səhiyyə və sosial müdafiə sahələri
üzrə peşə təhsili təklif edir. Kənd təsərrüfatı,
ekologiya və qida sənayesi sahəsində peşə təhsili
kənd təsərrüfatı üzrə təhsil mərkəzləri
tərəfindən verilir. Bu mərkəzlər ölkənin
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
maliyyələşdirilir. Həmin mərkəzlərin nəzdində
700-dən artıq peşə təhsili kursları fəaliyyət
göstərir. Bu kurslara 16 yaşdan yuxarı şəxslər
qəbul edilir.
Bundan əlavə,
Hollandiyada sosial sahələr üzrə 200-dən artıq tədris
proqramı təklif edən 43 kollec mövcuddur.
Ali təhsil
Hollandiyada
üçpilləli ali təhsil sistemi mövcuddur. Birinci pillədə
üçillik və dördillik bakalavr proqramları təklif
edilir. Təhsilin sonunda humanitar (Bachelor of Arts, BA) və ya təbiət
elmləri (Bachelor of Science, BS) bakalavr dərəcəsi
verilir. Dərəcənin alınması üçün
üçillik təhsildə 180
və ya dördillik təhsildə
240 kredit (Avropa Kredit Transfer Sisteminə əsasən) almaq
lazımdır.
İkinci
pillədə magistr proqramları təklif olunur. Burada təhsil
1 və ya 2 il davam edir. Magistr dərəcəsinin
alınması üçün müvafiq olaraq 60 və ya 120
kredit qazanmaq lazımdır. Təbiət elmləri və
texnologiyalar sahəsi üzrə ikiillik proqramlar nəzərdə
tutulub.
Ali təhsilin
üçüncü pilləsinə doktorluq (Dr., PhD-nin
analoqu) proqramı daxildir. Bu pillədə təhsil almaq istəyənlərin
magistr dərəcəsinin olması zəruridir. Doktorluq dərəcəsi
yalnız universitetlər tərəfindən təklif olunur.
Bu pillədə təhsil ən azı dörd il davam edir.
Doktorluq dərəcəsinin alınması üçün təhsilin
sonunda dissertasiya işi müdafiə olunmalıdır.
Ali təhsil müəssisələri
Qeyd
etdiyimiz kimi, Hollandiya ingilis dilində təhsil təklif edən
ilk qeyri-ingilisdilli ölkədir. Bu ölkənin ali təhsil
müəssisələri ingilis dilində təxminən 1150 tədris
proqramı təklif edir. Bu proqramların əksəriyyəti
bakalavr, magistr, doktorluq dərəcələri, diplom və ya
sertifikatların verilməsi ilə başa çatır.
Hollandiyada
ali təhsil müəssisələri kimi universitetlər
(Wetenschappelijk Onderwijs, WO), Beynəlxalq Təhsil
İnstitutları (Internationaal Onderwijs, IO) və ali peşə
təhsili universitetləri (Hoger Beroepsonderwijs, HBO) fəaliyyət
göstərir.
Klassik
universitetlər (WO) əsasən humanitar elmlərin tədrisi
və elmi-tədqiqatların aparılması ilə məşğul
olur.
Ölkədə
fəaliyyət göstərən 11 Beynəlxalq Təhsil
İnstitutu (Internationaal Onderwijs, IO) digər ali təhsil
müəssisələrindən fərqli olaraq, yalnız
bakalavr proqramları təklif edirlər. Hər il bu institutlara
təxminən 13 min əcnəbi tələbə daxil olur. Bu
təhsil ocaqlarında təhsil müddəti 18 ay davam edir.
Ali
peşə təhsili universitetləri (Hoger Beroepsonderwijs, HBO)
isə tələbələri konkret peşə sahələri
üzrə hazırlayırlar.
Hazırda
Hollandiyada dövlət tərəfindən tanınmış
14 klassik universitet fəaliyyət göstərir. Onlardan
üçü (Delft, Tvent və Eyndhofen universitetləri)
texniki ali təhsil müəssisələridir. Bundan əlavə,
ölkə ərazisində 42 ali peşə təhsili
universiteti (universities of professional education) mövcuddur. Universitetlər
əsasən tələbələrin (6 mindən 30 minədək)
sayına görə fərqlənir. Ümumilikdə,
Hollandiya ali təhsil müəssisələrinə ildə təxminən
185 min tələbə qəbul olunur.
Onu da qeyd
edək ki, digər ölkələrdən fərqli olaraq,
Hollandiyada nüfuzlu universitet anlayışı yoxdur. Ölkənin
bütün universitetlərinin diplomu eyni dəyərə
malikdir və digər ölkələr tərəfindən qəbul
edilir. Bu səbəbdən də universitetlər məşhurluğuna
görə deyil, tələbənin yiyələnmək istədiyi
ixtisasa uyğun olaraq seçilir.
Hollandiyada
2002-ci ildə qəbul olunmuş ali təhsil haqqında Qanuna əsasən,
universitetlər tərəfindən təklif edilən
bütün tədris proqramları akkreditasiyadan keçirilir.
Akkreditasiyanın əsas məqsədi universitetlər tərəfindən
təklif olunan proqramların yüksək standartlara
uyğunluğunu təmin etməkdir.
Əcnəbi tələbələr
Bir il ərzində Hollandiya universitetlərinə
təxminən 559 min tələbə daxil olur. Onlardan təxminən
42 mini əcnəbi tələbələrdir. Bu tələbələrin
arasında Almaniya, Belçika, Çin, İndoneziya və
Vyetnamdan olanlar üstünlük təşkil edir. Əcnəbi
tələbələr əsasən biznes və idarəçilik,
sosial elmlər, səhiyyə, mühəndislik, incəsənət
sahələrinə üstünlük verirlər. Hollandiya
hökuməti hər il əcnəbi tələbələr
üçün təqaüd proqramlarına təxminən 5
milyon avrodan artıq vəsait ayırır.
Hollandiya universitetlərinə daxil olmaq istəyən əcnəbi tələbələr ilk növbədə müvafiq təhsil proqramını seçməlidirlər. Bu ölkədə oxumaq istəyənlər orta təhsil haqqında attestatı, TOEFL (500-550 bal) və ya IELTS (6 baldan yuxarı) imtahanları və müvafiq kurslar üzrə alınmış qiymətlərə dair sənədləri (ingilis dilində oxumaq istəyənlər) ali məktəblərə təqdim etməlidirlər. Bütün bu sənədlər ingilis dilinə tərcümə olunmalı və notariat qaydasında təsdiqlənməlidir.
Hollandiyada
təhsil inkişaf etmiş digər ölkələrlə
müqayisədə ucuzdur. İllik təhsil haqqı
Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin vətəndaşları
üçün təxminən 1500 avro təşkil edir.
Avropa İttifaqına üzv olmayan ölkələrdən gələn
tələbələr üçün isə qiymətlər nisbətən
yüksəkdir.
Holland
dilində ali təhsilin qiyməti ildə orta hesabla 1,5 - 5 min
avro təşkil edir. İngilisdilli proqramlara əsaslanan təhsil
nisbətən bahadır. Məsələn, Amsterdam
Universitetində Avropa İttifaqına üzv olmayan dövlətlərin
vətəndaşları üçün illik bakalavr təhsili
orta hesabla 7 min avro, magistr təhsili isə 9 min avro təşkil
edir. Bir tələbə üçün dərslik və tədris
materiallarının illik xərci isə 800-1000 avro
civarında dəyişir.
2006-cı
il mayın 1-dən ölkədə Davranış Kodeksi (Code
of Conduct) qüvvəyə minib. Kodeks Hollandiyanın ali təhsil
müəssisələrinin əcnəbi tələbələrlə
iş üzrə siyasətini müəyyən edir. Bu kodeksi
imzalayan ali təhsil ocaqları əcnəbi tələbələrə
yüksək keyfiyyətli tədris proqramları təklif
etdiklərinə zəmanət verirlər. Yalnız
Davranış Kodeksinə qoşulan universitetlər Avropa
İttifaqına üzv olmayan ölkələrdən tələbə
qəbul edə bilər.
Davranış
Kodeksinin tələblərinə əsasən, ali təhsil
müəssisəsi əcnəbi tələbələrə
öz tədris proqramları haqqında ətraflı məlumat
verməlidir. Buraya təhsil müəssisəsinin
akkreditasiya statusu, tədris prosesinin keyfiyyəti, qəbul
şərtləri, eləcə də əcnəbi tələbələr
üçün maraqlı və vacib olan digər qaydalar
haqqında məlumatlar daxildir. Əcnəbi tələbələr
üçün nəzərdə tutulmuş məlumat ingilis
dilində və ya əcnəbi tələbənin ana dilində
olmalıdır. Təhsil müəssisəsi əcnəbi tələbəyə
hansı xidmətləri (məsələn, vizanın
alınması, yaşayış yeri ilə təmin edilməsi
və digər) göstərəcəyi barədə ətraflı
məlumat verməlidir. Avropa İttifaqına üzv olmayan
ölkələrdən gələn tələbələrə
Davranış Kodeksini qəbul etməyən ali məktəblərdə
təhsil almaq üçün viza verilmir.
Hollandiyada
təhsil almaq istəyənlər holland dilində tədris
olunan milli və ya ingilis dilində tədris edilən beynəlxalq
proqramı seçə bilərlər.
Hər
il təxminən 12 min hollandiyalı tələbə xarici
ölkələrdə təhsil alır. Onların 6 mindən
çoxu dövlətdən və ya Avropa
İttifaqının həyata keçirdiyi proqramlar çərçivəsində
təqaüd alırlar. Hollandiya hökuməti xaricdə təhsil
alan tələbələrə ildə təxminən 2 milyon
avro (2004-2005-ci illərin statistikasına əsasən) vəsait
ayırır.
Onu
da qeyd edək ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində Hollandiya
universitetlərinə 21 azərbaycanlı tələbə
göndərilib. Onlardan 2 nəfər yüksək
ixtisaslı mütəxəssis kimi təhsillərini başa
vurublar.
Təqaüdlərin
alınması
Hollandiyada
təhsil almağın ən asan yolu tələbə
mübadiləsi proqramlarıdır. Ölkə universitetlərinin
əksəriyyəti dünyanın bir çox ölkələrinin
ali təhsil müəssisələri ilə tələbə
mübadiləsi üzrə əməkdaşlıq sazişi
imzalayıb.
Hügens adına təqaüd (Huygens Scholarship Program və ya HSP) bakalavr və ya magistr pillələrinin sonuncu kursunda təhsil alan tələbələrə verilir. Bu proqram çərçivəsində doktorluq dərəcəsi üzrə təqaüd ayrılmır. HSP proqramı Hollandiyanın ali təhsil sahəsi üzrə beynəlxalq əməkdaşlıq təşkilatı (Nuffic) tərəfindən reallaşdırılır. Proqram Hollandiyanın Təhsil, Mədəniyyət və Elm Nazirliyi tərəfindən maliyyələşdirilir. Nazirlik təqaüd çərçivəsində əcnəbi tələbələrə hər il dörd milyon avro məbləğində vəsait ayırır. Bu məbləğin bir hissəsi holland dilini öyrənən tələbələr üçün nəzərdə tutulur. Təqaüd 6 və ya 24 ay müddətinə təqdim olunur. Proqrama əsasən, bir tələbəyə 900 avro məbləğində aylıq təqaüd (tibbi sığorta daxil olmaqla), təhsil haqqı, viza alınması üçün rüsum və təyyarə biletinin dəyərinin kompensasiyası verilir.
Hügens
adına təqaüd çərçivəsində təhsil
almaq istəyənlərdən bakalavr diplomu, Hollandiya
universitetindən proqramı qazanması haqqında
arayışın alınması və yaş həddinin 35-i
keçməməsi tələb olunur. Namizəd təhsilin
aparılacağı dili (ingilis və ya holland) bilmə səviyyəsini
təsdiqləyən sənədi də təqdim etməlidir.
Əcnəbi
tələbə və aspirantlar üçün ən
tanınmış təqaüd proqramlarından biri də
MTEC-dir (Matra Training for European Cooperation). MTEC proqramı CROSS
Bürosu (Hollandiya ilə Mərkəzi və Şərqi
Avropa ölkələri arasında təhsil sahəsində əməkdaşlıq
üzrə agentlik) tərəfindən 1994-cü ildən həyata
keçirilir. MTEC proqramı çərçivəsində
bir il müddətinə magistr proqramları üzrə təhsil
üçün təqaüdlər təklif edilir. MTEC təqaüdləri
bakalavr dərəcəsi almış, müvafiq sahələrdə
çalışan məzun və mütəxəssislərə
verilir.
Matra bir
neçə alt proqrama bölünür. Bu sıraya Amsterdam
Universitetinin hüquq fakültəsində Beynəlxalq və
Avropa hüququ magistrı (LL.M.), Tvent Universitetində Dövlət
idarəçiliyi magistri (MSc Public Administration), Maastrixt
Universitetinin tibb fakültəsində İctimai səhiyyə
magistri (MSc Public Health), mədəniyyət və incəsənət
fakültəsində Avropa tədqiqatları magistri (MA European
Studies) proqramları daxildir.
Bundan əlavə,
Hollandiyada TEMPUS (Trans-European Mobility Programme for University Studies)
proqramı çərçivəsində də təhsil
almaq mümkündür. TEMPUS Avropa İttifaqının ali təhsil
sahəsində yeni müstəqil dövlətlər
(keçmiş sovet respublikaları), Qərbi Balkan, Avropa
İttifaqına üzv olmayan Şərqi Avropa və
Aralıq dənizi hövzəsi dövlətləri ilə həyata
keçirdiyi əməkdaşlıq proqramıdır.
Proqramın məqsədi keçmiş sosialist düşərgəsinə
daxil olmuş ölkələrdə universitetlərin modernləşdirilməsi
və ali təhsil sahəsində islahatlara yardım göstərməkdir.
Azərbaycan
TEMPUS proqramına 1995-ci ildə qoşulub. 1998-ci ildən
Bakıda proqramın nümayəndəliyi fəaliyyətə
başlayıb. Proqram universitetlərlə əməkdaşlıq
vasitəsilə tərəfdaş ölkələrdə, o
cümlədən Azərbaycanda ali təhsilin
inkişafına dəstək göstərməklə Avropaya
inteqrasiyaya zəmin yaradır. Təhsil Nazirliyi TEMPUS-un Azərbaycandakı
milli ofisi ilə yaxından əməkdaşlıq edir.
TEMPUS
proqramının hər bir tərəfdaş ölkə
üçün müəyyən etdiyi prioritet istiqamətlər
bir-birindən fərqlənir. Azərbaycan üçün
müəyyən olunan prioritetlər, hər dəfə
proqramın yeni mərhələsi başlandıqda ali məktəblərin
təklifləri əsasında Təhsil Nazirliyi tərəfindən
Avropa Komissiyasının TEMPUS Departamentinə təqdim olunur.
Avropa
Komissiyasının həyata keçirdiyi Erasmus Mundus
proqramının məqsədi Avropa ali təhsilinin keyfiyyətinin
artırılması və Avropa İttifaqına üzv olmayan
ölkələrlə əməkdaşlığı
inkişaf etdirməkdir. Bu proqram 2008-ci ilin 21 oktyabr tarixində
Avropa Parlamenti tərəfindən qəbul olunub. Avropa
İttifaqına üzv olan və olmayan ölkələrin tələbələri
bu proqramın təqaüdü hesabına Hollandiyada da təhsil
ala bilərlər.
Hazırladı: Leyla HEYDƏROVA
Niderland Krallığının Azərbaycandakı
səfirliyinin təqdim etdiyi rəsmi materiallardan istifadə
olunub.
Azərbaycan müəllimi.- 2011.- 25
fevral.- S.14-16.