Türkiyədəki Mustafa Kamal Universitetində Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

 

Türkiyədəki Mustafa Kamal Universitetində "Erməni problemi və Xocalı soyqırımı" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə universitetin professor-müəllim heyəti və tələbələri Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Universitetin araşdırma mərkəzinin direktoru, dosent Nəcati Bozkurt bildirmişdir ki, Xocalı qətliamı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törədilmiş soyqırımı və bəşəriyyətə qarşı ağır bir cinayətdir. "Memorial" insan haqları mərkəzi, "Nyu-York Tayms" qəzeti və "Taym" jurnalının o zaman yazdıqlarına görə, bu qətliam Ermənistan və Dağlıq Qarabağdakı erməni quldur dəstələri tərəfindən törədilmişdir. Nəticədə Xocalının 613 dinc sakini vəhşicəsinə öldürülmüşdür.

Universitetin rektoru, professor Hüsni Salih vurğulamışdır ki, Xocalıda insanların yaşamaq hüquqları əllərindən alınmış, dünyanın bir çox ölkələri bu dəhşətli cinayətə biganə qalmışlar. Bu qətliam bir soyqırımıdır və dünya ictimaiyyəti tərəfindən tanınmalıdır. Təəssüf ki, 19 il ərzində BMT və digər beynəlxalq təşkilatlar Xocalı soyqırımına lazımi qiymət verməmişlər. Əgər bu soyqırımına siyasi-hüquqi qiymət verilməsə, Dağlıq Qarabağ problemi həll olunmasa və işğal altında olan Azərbaycan torpaqları azad edilməsə, Cənubi Qafqaz bölgəsində heç vaxt sülh və sabitlik olmayacaqdır.

Türkiyənin Atatürk Universitetinin Türk-Erməni Münasibətlərinin Araşdırılması Mərkəzinin direktoru, professor Ərol Kürkçüoğlu çıxışında demişdir ki, daşnak quldur dəstələri Anadolu torpaqlarında on illər boyu dinc əhaliyə qarşı qətliamlar törətmişlər. Saxta "soyqırımı" iddiaları ilə dünyanı təngə gətirmiş ermənilərin Xocalıda törətdikləri faciə bütün türklərə qarşı bir cinayətdir. Ermənilərin bədnam fəaliyyəti artıq tarixi cizgidən çıxmış, siyasi bir rəng almışdır. Onlara qarşı mübarizə aparmaq üçün Xocalı soyqırımı və digər qətliamlar sənədlərlə və faktlarla bütün ölkələrin parlamentlərində yayılmalıdır.

  

 

 Azərbaycan müəllimi.- 2011.- 25 fevral.- S.1.