İndoneziyada da Xocalı faciəsi qurbanlarının xatirəsi
anılıb
Azərbaycanın İndoneziyadakı səfirliyindən
AzərTAc-a bildirmişlər ki, bu ölkənin Kharisma Bangsa Qlobal Təhsil Mərkəzində Xocalı
soyqırımının 19-cu ildönümü
ilə bağlı tədbir
keçirilmişdir.
Əvvəlcə
tədbir iştirakçıları Azərbaycanın Xarici
İşlər Nazirliyindən, "Xocalıya ədalət"
kampaniyasının təşkilat komitəsindən göndərilmiş
fotolardan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə, Xocalı soyqırımına dair
kitab və nəşrlərdən ibarət sərgiyə
baxmışlar. Ölkəmizin
İndoneziyadakı səfiri İbrahim Hacıyev Xocalı
soyqırımı, eləcə də Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı
məlumat vermişdir. Diplomat Ermənistanın hərbi təcavüzü
nəticəsində torpaqlarımızın 20 faizinin
işğal olunduğunu, bir milyondan artıq azərbaycanlının
qaçqın və məcburi köçkünə
çevrildiyini, bu ərazilərdə tarixi və mədəniyyət
abidələrinin, məktəblərin, səhiyyə
ocaqlarının, kitabxanaların məhv edildiyini diqqətə
çatdırmışdır.
Tədbirdə
İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası
dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən "Xocalıya ədalət"
kampaniyası haqqında da ətraflı məlumat
verilmişdir. Beynəlxalq kampaniyanın www.justiceforkhojaly.org
İnternet saytının, eləcə də burada yerləşdirilmiş
ABŞ Prezidenti və Konqresi, Avropa Komissiyasının sədri,
Avropa Parlamenti, İKT-yə üzv ölkələrin
parlamentlərinə ünvanlanmış Xocalı
soyqırımının insanlığa qarşı cinayət
kimi tanınması ilə bağlı müraciətin təqdimatları
keçirilmiş, tədbir iştirakçıları bu
müraciətə qoşulmağa dəvət olunmuşlar. Mərkəzin
professor-müəllim heyətinin, tələbələrin,
KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə
"Xocalı genosidi" filmi də göstərilmişdir.
Sonda
səfirlik tərəfindən nəşr edilmiş Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında kitablar,
diplomatik nümayəndəliyimizin hazırladığı
"Xocalıya ədalət" süarı və
kampaniyanın İnternet ünvanı ilə köynəklər
və döş nişanları, müxtəlif beynəlxalq təşkilatların
Xocalı soyqırımı ilə bağlı qətnamələr
toplusu iştirakçılara təqdim olunmuşdur.
Azərbaycan müəllimi.- 2011.-
25 fevral.- S.1.