Təhsil Nazirliyində görüş

 

Fevralın 23-də təhsil naziri Misir Mərdanov Estoniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aivo Oravla görüşüb.

Təhsil naziri Misir Mərdanov qonağı səmimi salamlayaraq Estoniya ilə əlaqələrin hələ keçmiş Sovetlər Birliyi dönəmində mövcudluğunu və bu əlaqələrdə təhsil sahəsinin də xüsusi yeri olduğunu qeyd edib. Nazir ötən il Azərbaycanın Estoniya Respublikasında yeni səfirliyinin açılmasının iki ölkə arasında təhsil sahəsində də səmərəli əməkdaşlığın qurulmasına əlverişli imkan yaradacağını diqqətə çatdırıb. Təhsil naziri, eyni zamanda Azərbaycanla Estoniyanın Təhsil nazirlikləri arasında ötən il imzalanmış əməkdaşlıq haqqında sazişin bu istiqamətdə ikitərəfli əlaqələr üçün hüquqi baxımdan geniş imkanlar açdığını vurğulayıb. Mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin məqsədəuyğunluğundan söz açan nazir, istər universitetlərarası, istərsə də alim və tələbələrin mübadiləsinin qarşılıqlı münasibətlərin inkişafına xüsusi töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonra Misir Mərdanov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində azərbaycanlı gənclərin Estoniyanın ali təhsil müəssisələrində təhsil alması məsələsinə toxunub və bu məqsədlə qeyd olunan ölkənin seçilmiş universitetlərinin müvafiq siyahıya əlavə edilməsi üzrə iş aparıldığını qonağın diqqətinə çatdırıb. İki ölkənin orta təhsil müəssisələri arasında əlaqələrin qurulmasının müsbət əhəmiyyətindən danışan təhsil naziri birgə olimpiada və yarışların keçirilməsinin önəmli olduğunu bildirib. Nazir, həmçinin alim və tələbələrin qarşılıqlı səfərlərinin, birgə elmi simpozium və konfransların  təşkil olunması təklifini irəli sürüb.

Təhsil naziri Misir Mərdanov bu günlərdə Estoniyadakı uşaq bağçalarının birində baş verən yanğın zamanı 10 nəfər uşağın həlak olması ilə əlaqədar səfirə başsağlığı verib.

Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirən səfir Aivo Orav Azərbaycanda Estoniya Respublikasının səfirliyi olmadığından Bakıya tez-tez gələcəyini vurğulayıb. Hələ sovet dövründə çoxlu sayda azərbaycanlı gənclərin Estoniyanın universitetlərində təhsil aldığını qeyd edən səfir bu ənənənin davam etdirilməsinin əhəmiyyətini nəzərə çatdırıb. Aivo Orav Estoniyanın XVII əsrdə formalaşmış mükəmməl universitet sisteminə malik olduğunu, hazırda bu ali məktəblərin informasiya texnologiyaları, mühəndislik, eləcə də tibb sahəsində kadr hazırlığı baxımından zəngin təcrübə  qazandığını qeyd edib. Səfir, eyni zamanda Estoniyada informasiya texnologiyalarının təhsildə tətbiqi üzrə yüksək nəticələr əldə edildiyini nəzərə çatdıraraq, bu sahədə əməkdaşlığın məqsədəuyğunluğunu önə çəkib.

Səfir təhsil nazirinin iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində irəli sürdüyü təkliflərlə həmrəy olduğunu da açıqlayıb.  

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə səfirə ölkəmizin təhsil sistemi, son dövrlərdə bu sahədə aparılan islahatlar, Dünya Bankı ilə birgə görülən işlər, ali təhsil müəssisələrinin adambaşına maliyyələşdirmə sisteminə keçməsi və digər bu kimi məsələlər barədə məlumat verilib.

  

 

 Azərbaycan müəllimi.- 2011.- 25 fevral.- S.4.