Tibbi kadrların hazırlanması məsələləri müzakirə edildi

 

Naxçıvan Dövlət Universitetində tibb təhsili üzrə mütəxəssis hazırlığının vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilmişdir.

NDU-nun rektoru, akademik İsa Həbibbəyli yığıncaqda çıxış edərək ümummilli lider Heydər Əliyevin və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun xüsusi qayğısı ilə 1999-cu ildə universitetin təbiətşünaslıq fakültəsinin nəzdində pediatriya ixtisası kimi yaradılan, 2003-cü ildən müstəqil fakültə kimi fəaliyyət göstərən tibb fakültəsinin muxtar respublikada ali təhsilli həkimlərin hazırlanmasında böyük rol oynadığını bildirmişdir. Belə ki, tanınmış həkimlərin, tibb elmləri namizədlərinin çalışdığı, 3 kafedranın, 4200 kitab fonduna malik sahəvi kitabxananın, İnternet zallarının fəaliyyət göstərdiyi fakültədə mükəmməl ali tibb təhsili üçün hərtərəfli şərait var.

Naxçıvanda səhiyyənin inkişafına, yerli tibbi kadrların yetişdirilməsinə göstərilən yüksək diqqət və qayğının təzahürüdür ki, tələbələr Türkiyə Respublikasının Elazığdakı Fırat, İzmitdəki Kocaeli, Kayseridəki Erciyez, Ərzurumdakı Atatürk, Van 100-cü il, Qars, Ankara universitetlərində elmi-istehsalat təcrübələri, internatura kursları keçirlər.

2002-ci ildən fəaliyyətə başlayan kliniki xəstəxana, fiziologiya, mikrobiologiya və bakterioloji laboratoriyalar əhaliyə səhiyyə xidməti göstərməklə bərabər tələbələr üçün praktiki baza rolu oynayır. Fakültənin maddi-texniki bazası ən müasir tibbi avadanlıqlarla daim yenilənir.

Rektor muxtar respublika rəhbərliyinin tibb ixtisası üzrə mütəxəssislərin hazırlanmasına böyük qayğı göstərdiyi, məzunların iş yerləri ilə təmin olunması haqqında söz açaraq fakültənin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması məqsədilə müəyyən tövsiyə və tapşırıqlar da verdi. Belə ki, fakültədə laboratoriyaların yenilənməsi, mütəmadi videodərslərin keçirilməsi, bölgədəki səhiyyə ocaqları ilə əlaqələrin möhkəmləndirilməsi, tibb sahəsinə aid ingilis, türk və rus dillərində dövri mətbuata abunə yazılışı, kadr dəyişiklikləri məsələləri müzakirə edildi.

Tibb fakültəsinin dekanı Bəhruz Məmmədov, Pediatriya kafedrasının müdiri Adil Mirişli, Təməl tibb fənləri kafedrasının müdiri Saleh Məhərrəmov çıxış edərək qarşıda duran vəzifələrdən danışdılar. 

 

 

Mehriban SULTAN

 

Azərbaycan müəllimi.- 2011.- 25 fevral.- S.6.