Alimin yubileyi qeyd edildi

  

Fevralın 22-də Azərbaycan Dillər Universitetinin böyük Akt zalında universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusovun 60 illik yubileyinə həsr edilmiş tədbir keçirildi. Əvvəlcə yubilyarın həyat və fəaliyyətini əks etdirən videoslayd nümayiş etdirildi. Azərbaycan Respublikası təhsil nazirinin müavini İradə Hüseynova təhsil naziri Misir Mərdanovun təbriklərini yubilyara çatdırdı. D.Yunusov haqqında ürək sözlərini deyən İ.Hüseynova "Qabaqcıl təhsil işçisi" diplomunu döş nişanını, həmçinin müəllifi olduğu "Qafqaz ensiklopediyası" kitabını  yubilyara təqdim etdi.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ADU-da professor D.Yunusovun yubileyinin təntənəli şəkildə keçirilməsini yubilyarın özünə verdiyi hesabat, eləcə də tədbirdə iştirak edən gənclər üçün örnək olduğunu bildirdi. Müəlliminin yubileyində iştirak etməkdən qürur duyduğunu deyən millət vəkili YAP Nəsimi rayon təşkilatının təbrikini diqqətə çatdırdı.

ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov D. Yunusovun 60 yaşının tamam olmasına baxmayaraq, onu zahirən gənc, müasir, enerjili insan kimi tanıdığını bildirdi. Qeyd etdi ki, bilik, bacarıq, Azərbaycan dəyərləri bu insanda vəhdət şəklində birləşib. D.Yunusovun sayəsində universitetdə nüfuzlu elmi konfransların keçirildiyini söyləyən rektor onun rəhbərlik etdiyi elmi hissənin xüsusi sözlərə layiq olduğunu bildirdi. Rektor S.Seyidov yubilyarla uzun müddət çiyin-çiyinə işləməyindən fəxr etdiyini dedi.

Tədbirdə yubilyarın ünvanına Azərbaycandan, eləcə də dünyanın bir çox müxtəlif  ölkələrindən ünvanlanan təbrik məktubları oxundu.

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov ADU-nun uğurlarında Dünyamin Yunusovun böyük əməyi olduğunu qeyd etdi.

ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Məsməxanım Qazıyeva Dünyamin Yunusovun ömür yolundan və pedaqoji fəaliyyətindən bəhs etdi. O, yubilyarın dilçilik sahəsində yazdığı əsərlərdən də danışdı.

Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzəxan Cəfərzadə, AMEA-nın Dilçilik İnstitutu Lüğətçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dillər kafedrasının müdiri, professor Akif Bayramov və başqaları yubilyara öz səmimi və xoş təbriklərini çatdırdılar və ona fəaliyyətində uğurlar arzuladılar.

Sonda professor Dünyamin Yunusov ona deyilən xoş sözlərə görə hamıya öz təşəkkürünü bildirdi. Əmək kitabçasında yalnız bir ünvanın - ADU-nun olduğunu qeyd edən və bununla fəxr edən D.Yunusov bundan sonra da elm yolunda fəaliyyət göstərəcəyini bildirdi. 

Yubiley mərasimi konsert proqramı ilə başa çatdı.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 25 fevral.- S.11.