BSU-nun Məktəb-Lisey Kompleksində təcrübəçi tələbələr üçün nümunəvi dərslər günü

 

Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksində ənənəvi olaraq pedaqoji təcrübədə olan tələbələr üçün "açıq dərs"lər təşkil edildi. Dərslərin keçirilməsində məqsəd təcrübədə olan tələbələrə müasir tədris metodları və texnologiyalarını aşılamaq, şagirdlərlə və texniki avadanlıqlarla işləmək bacarığını inkişaf etdirmək, onların ayrı-ayrı fənlər üzrə milli kurikulumun məzmunu ilə tanışlığına şərait yaratmaq idi. Dərslər bütün siniflərdə riyaziyyat, coğrafiya, fizika, biologiya, Azərbaycan tarixi, rus dili, məntiq, ingilis dili, nəğmə, əmək təlimi, rəsm, fiziki tərbiyə fənləri üzrə aparıldı. Təcrübəçi tələbələrlə yanaşı, dərslərin gedişini izləmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından, Rusiya səfirliyindən, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutundan, Bakı Slavyan Universitetinin müxtəlif strukturlarından qonaqlar, həmçinin Nəsimi, Səbail, Yasamal, Xətai və Suraxanı rayonlarındakı bir sıra orta məktəblərdən müəllimlər dəvət olunmuşdu. Dərsləri izləyənlər arasında valideynlər də var idi. Kompleksin müəllimləri hər bir dərs zamanı olduğu kimi, bu dəfə də "açıq dərs"lərdə metodik bacarıq nümayiş etdirdilər. Dərslər başa çatdıqdan sonra onların müzakirəsi aparıldı. Müzakirədə dərslərdəki yenilik və müəllimlərin metodik bacarıqları ilə yanaşı, çatışmayan cəhətlər də nəzərə çatdırıldı. Bakı Slavyan Universitetinin filologiya fakültəsinin dekanı, dosent İbrahimpaşa Babayev, pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Nazim Mirzəyev təcrübəçi tələbələrə gələcəkdə öz sənətlərinin öhdəsindən layiqincə gəlmələrini  arzuladılar. Tələbələr isə öz çıxışlarında müəllim sənətinin məsuliyyətli olduğunu vurğuladılar. VI sinifdə indidən məntiq dərslərinin keçilməsi də xüsusi olaraq qeyd edildi.

Xocalı faciəsinə həsr edilmiş dərs də böyük maraqla qarşılandı. Bununla yanaşı, kompleksdə həm də Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir də keçirildi. Tədbirdə dilimizə həsr olunmuş şeirlər və mahnılar şagirdlər tərəfindən səsləndirildi. Səməd Vurğunun "Vaqif" dramından bir parça ifa olundu. 

 

 

Leyla ƏMİRASLANOVA

 

Azərbaycan müəllimi.- 2011.- 25 fevral.- S.11.