Ana dilinə Yunis Əmrə sevgisi ilə
21 fevral - Beynəlxalq Ana Dili
Günü Bakıdakı 264 nömrəli orta məktəbdə
böyük sufi şairi, ilahi eşqin alovlu tərənnümçüsü,
övliya Yunis Əmrənin həyat və
yaradıcılığına həsr olunmuş tədbirlə
qeyd olundu. Ana dili günündə böyük
türk şairinin yada salınması təsadüfi deyildi.
Çünki məhz bu müqtədir söz
ustasının türk şeirinin və ədəbi dilinin
yaranması və inkişafında mühüm rolu
olmuşdur. Onun əfsanəyə dönmüş
ömrü və zəngin ədəbi
yaradıcılığı Vətənə, ana dilinə
sonsuz məhəbbətin simvoluna çevrilmişdir.
Məktəbin gənc və istedadlı Azərbaycan
dili-ədəbiyyat müəllimi İlahə Mehdizadənin rəhbərliyi
altında VII "B" sinif şagirdlərinin
hazırladıqları və böyük məharətlə
təqdim etdikləri ədəbi-musiqili kompozisiya onların hər
birinin qəlbində ana dilinə məhz Yunis Əmrə
sevgisinin qərar tutduğunu
nümayiş etdirdi.
Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları
Adilə Mahmudova, Günel Seyidova,
Xətai Rayon İcra Hakimiyyətinin şöbə
müdiri Pənah İmanov, "Çağ" Öyrətim
İşlətmələri, "Araz" hazırlıq kurslarının
Xətai rayonu üzrə rəhbəri Mustafa Kamal Özcan,
şairlər Gülxani, Narıngül, Xətai rayonunda yerləşən
bir sıra məktəblərin direktorları,
valideynlər iştirak
edirdilər.
Mərasimin keçirildiyi akt zalında Yunis Əmrənin
şəkli və əsərlərindən
ibarət guşə yaradılmışdı.
Tədbiri məktəbin direktoru Sevda Qocayeva açaraq
qonaqları salamladı, onları belə bir gündə məktəblərində
görməsindən məmnunluq duyduğunu bildirdi. Tədbirin məqsədi,
onun həsr olunduğu beynəlxalq ana dili günü
haqqında məlumat verən S.Qocayeva diqqətə
çatdırdı ki, YUNESKO-nun qərarı ilə 2000-ci ildən
başlayaraq fevralın 21-i bütün dünyada beynəlxalq
ana dili günü kimi qeyd olunur. Ölkəmizdə
isə həmin gün 2003-cü ildən bayram kimi
keçirilir. "Bu günü qeyd etməklə
biz hər birimiz doğma ana dilimizə öz sevgimizi izhar edir,
onu inkişaf etdirməyə, yad təsirlərdən
qorumağa hazır olmaq əzmimizi nümayiş etdiririk.
Tariximizi, ədəbiyyatımızı, mədəniyyət
və incəsənətimizi məhz ana dilimiz vasitəsi ilə
yaradır və dünyaya çatdırırıq".
Sonra söz
tədbirin təşkilatçısı, məktəbin Azərbaycan
dili və ədəbiyyat müəllimi İlahə Mehdizadəyə və şagirdlərə verildi.
Sazın həzin səsi salonu doldurdu. Tədbir
iştirakçılarını Yunis Əmrənin məşhur
"Bu dünyadan gedər olduq, qalanlara salam
olsun!" misraları ilə salamlayan İ.Mehdizadə bu
böyük sufi şairin haqqında qısa məlumat verərək
onun XIII əsrin sonu - XIV yüzilliyin əvvəllərində
yaşadığını, ilahi eşqi tərənnüm edən
əsərləri ilə insanları haqqın yoluna,
saflığa çağıran bir dərviş-övliya
kimi tanındığını bildirdi. Qeyd etdi ki, öz qəlbinin
işığını, həyata sevgisini, dilinə, dininə,
türkçülüyə məhəbbətini Anadolu
türkcəsi ilə birləşdirən Yunis Əmrə
türk dilinin yüksək səviyyəyə qaldırılmasında
böyük xidmətlər
göstərmişdir.
Şagirdlər öz çıxışları
ilə müəllimlərinin
məlumatını daha
da genişləndirdilər
və zənginləşdirdilər.
Yunis Əmrənin doğulduğu zaman və məkan haqqında onun müasirlərinin dediklərinə
əsasən dəqiqləşdirmələr
apardılar.
Tədbirdə şagirdlər Yunis
Əmrənin müxtəlif
şeirlərini ifa etdilər, türk müğənniləri tərəfindən
onun sözlərinə
yazılan mahnıların
ifa olunduğu videoçarxlar nümayiş
etdirildi. Şagirdlər
habelə ünlü şairimiz Bəxtiyar Vahabzadənin, istedadlı
söz ustası Zəlimxan Yaqubun Yunis Əmrəyə həsr olunmuş şeirlərini söylədilər,
onun haqqında aforistik sözləri diqqətə çatdırdılar.
Tədbir
boyu Yunis Əmrənin yaradıcılığı
da təhlil olundu. Şagirdlər onun sənətkarlığının
əsas xüsusiyyətlərini
açıb göstərdilər,
şeirlərindən söylədikləri
parçalarla deyilən
nəzəri fikirləri
təsdiqlədilər.
Ədəbi-musiqili kompozisiya tədbir
iştirakçılarının böyük marağına
səbəb oldu və onlar tərəfindən
alqışlarla qarşılandı.
Ədəbiyyat müəllimlərinin
rəhbərliyi altında
şagirdlər, doğrudan
da, əsil tədqiqat işi aparmış, böyük
şairin həyat və yaradıcılığını
dərindən araşdırmışdılar.
Tədbirin sonunda söz alan Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, "Çağ" Öyrətim
İşlətmələri, "Araz" hazırlıq kurslarının Xətai rayonu üzrə rəhbəri Mustafa Kamal Özcan, AMEA-nın əməkdaşı, folklorşünas
Gülxani Şükürova,
147 nömrəli liseyin
direktoru Həlimə Mehdiyeva və başqaları bu fikri xüsusi qeyd edib, tədbiri
yüksək qiymətləndirdilər,
onun hazırlanmasında
əməyi olanlara, təhsil ocağının
direktoru Sevda Qocayevaya minnətdarlıqlarını
bildirdilər, belə
tədbirlərin böyük
tərbiyəvi təsir
gücünə malik
olduğunu vurğulayıb,
tez-tez keçirilməsini
tövsiyə etdilər.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.-
25 fevral.- S.10.