Bu qan yerdə qalmayacaq
Çağdaş
tariximizə ermənilərin xalqımıza qarşı
törətdikləri soyqırımı aktı kimi
düşmüş Xocalı faciəsinin 19-cu
ildönümü Bakıdakı İ.Hacıyev adına
"Tərəqqi" texniki-humanitar təmayüllü liseydə
silsilə tədbirlər və anım mərasimi ilə qeyd
olundu. Təhsil Nazirliyinin "Xocalı
soyqırımının on doqquzuncu ildönümünün
təhsil müəssisələrində qeyd olunması
haqqında" 10 fevral 2011-ci il tarixli əmrinə müvafiq
olaraq hələ faciənin
ildönümü ərəfəsində liseydə xüsusi
tədbirlər planı hazırlanmış, bütün
müəllim kollektivi və şagirdlər həmin planda nəzərdə
tutulan tədbirlərin həyata keçirilməsinə cəlb
olunmuşdur. Nəticədə bütün yuxarı siniflərdə
Xocalı faciəsinə həsr edilmiş divar qəzetləri
buraxılmış, liseyin foyesində soyqırımından
bəhs edən, onun ayrı-ayrı epizodlarını
canlandıran çap materiallarından, fotoşəkillərdən
ibarət guşə yaradılmışdır.
Dərslərdə,
dərsdənkənar tədbirlərdə faciənin
başvermə səbəbləri, erməni faşistlərinin
Xocalıda törətdikləri amansız qətliamın
ürək ağrıdan nəticələri barədə
şagirdlərlə söhbətlər
aparılmışdır. Fevralın 25-də ilk dərslərin
Xocalı soyqırımına həsr olunması, faciə
qurbanlarının xatirəsinin bir dəqiqəlik
sükütla anılması, Xətai rayonunda
soyqırımı qurbanlarının xatirəsinə
ucaldılmış abidə kompleksinin ziyarət olunması nəzərdə
tutulmuşdur.
Liseydə
keçirilmiş anım mərasimi isə silsislə tədbirlərin
ən təsirlisi olmuşdur. Mərasim Azərbaycanın
Dövlət himninin ifası və faciə qurbanlarının
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə
başlamış, Xocalı hadisələrindən, ermənilərin
bir gecədə şəhərin dinc əhalisinə
tutduqları divandan bəhs edən
slaydlar nümayiş olunmuşdur.
Mərasimdə
liseyin direktoru, əməkdar müəllim Məhbubə Məmmədova çıxış edərək
Xocalı hadisələrinin başvermə səbəblərindən,
düşmənin mənfur niyyətlərindən, Xocalı
hadisələri ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində
görülən işlərdən
danışmışdır. M.Məmmədova bildirmişdir
ki, ermənilər öz məkrli niyyətlərini həyata
keçirmək üçün Xocalını təsadüfən
seçməmiş, bu şəhərin mühüm strateji əhəmiyyətə
malik olmasını, bölgədə yeganə aeroportun burada
yerləşməsini nəzərə
almışdılar. M.Məmmədova ermənilərin
fevralın 25-dən 26-na keçən gecə Xocalıda
törətdikləri vəhşilikləri tarixdə misli
görünməmiş soyqırımı kimi qiymətləndirdi,
bu cinayətin dünya ictimaiyyəti
tərəfindən soyqırımı kimi
tanınması üçün dövlətimizin, Heydər Əliyev
Fondunun həyata keçirdikləri tədbirlərin, xüsusən
də Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə keçirilən "Xocalıya ədalət"
kampaniyasının mühüm əhəmiyyət kəsb
etdiyini vurğulamışdır.
Liseyin
direktoru çıxışında Xocalı
soyqırımının xalqımız tərəfindən
heç vaxt unudulmayacağına inamını ifadə
etmiş, keçirilən tədbirlərin şagirdlərdə
düşmənə nifrət hissinin aşılanmasında,
onların vətənpərvərlik ruhunda tərbiyəsində
mühüm rol oynadığını bildirmişdir.
Sonra
söz məktəblilərə verilmişdir. Liseyin VII-XI
siniflərində təhsil alan istedadlı şagirdləri təşkilatçı
Mehriban Salahovanın, dil-ədəbiyyat müəllimi Zemfira Əsgərovanın
rəhbərliyi və yaxından köməyi ilə hazırladıqları
ədəbi-bədii kompozisiyanı təqdim etmişlər.
Şagirdlərdən
Nərmin Əfəndizadənin, Fidan Arzumanlının, Emin Təhməzovun,
Baba Babayevin və başqalarının ifa etdikləri "Cənab
leytenant", "İgid əsgər, möhkəm
dayan!", "Torpağın səsi" mahnı və
marşlar, Xocalıya həsr olunmuş mənsur şeirlər,
digər musiqili nömrələri tədbir
iştirakçılarına hüznlü anlar yaşatmaqla
yanaşı, onların qəlbində düşmənə
qarşı güclü nifrət və qəzəb hissləri
yaratmışdır.
Tədbirdə
Xocalı faciəsi barədə həqiqətləri öz
kamerası vasitəsi ilə dünyaya çatdırmağa
can atan telejurnalist, Milli Qəhrəman Çingiz Mustafayevin
xidmətləri də qeyd olunmuş, şagirdlər onun şəninə
qoşulmuş şeirlər ifa etmişlər.
Mərasimdə
o müdhiş gecədə günahsız insanların
axıdılmış qanlarının yerdə
qalmayacağına, soyqırımı törədənlərin,
nəhayət, öz cəzalarını alacaqlarına, 19
ildir ki, düşmən caynağında qalan Xocalının
azad olunacağına inam hissi ifadə olunmuşdur.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.-
25 fevral.- S.13.