"Amerikada keçirilən festivalda qalib olduq"

 

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində keçirilmiş IV Beynəlxalq Uşaq Festivalına Bakı şəhəri Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin gənc rəssamları da qoşulmuşlar.

Mərkəzin direktoru Lalə Qətinin sözlərinə görə,  Beynəlxalq Uşaq İncəsənət  Fondunun təşəbbüsü ilə "Ən sevdiyim idman növü" mövzusunda keçiriləcək festivala 8-12 yaş arası rəsm çəkən azərbaycanlı uşaqlar da qatılmalı idi.  Mərkəzin rəsm dərnəyinin üzvləri arasında bu mövzuda müsabiqə elan etdik. Uşaqlar ən çox sevdikləri idman növlərini rənglərin dili ilə təsvir etdilər. Ən layiqli və məzmunlu 19 rəsm işi festivala göndərildi.

İyun ayında mərkəzə xoş xəbər gəldi ki,  rəsm dərnəyinin üzvü 12 yaşlı Nərmin İsmayılzadə festivalın qaliblərindən biri olub. Onun qədim və milli idman növü sayılan güləşə həsr etdiyi şəkil milli kolorizmi, məzmunu, orijinallığı və rəng çalarlarına görə təşkilat komitəsi  üzvlərinin  diqqətini cəlb etmiş və o, qaliblər sırasına daxil olmuşdur.

Qeyd edim ki, Qubanın Uşaq Yaradıcılıq Mərkəzinin gənc rəssamı Jalə Rizvanova da festivalın qaliblərindəndir.

17-24 iyun tarixlərində Nərmin İsmayılzadə, gənc rəssamın yetişməsində böyük əməyi olan dərnək rəhbəri  Nərmin Abdullayeva, eləcə də qubalı gənc rəssam Jalə və onun dərnək rəhbəri Ramin müəllimlə birgə dünyanın ən böyük,  nüfuzlu  incəsənət və idman proqramı sayılan festivalda iştirak etmək üçün Vaşinqton şəhərində olduq. Vaşinqtonun Milli Mərkəzində keçirilən festivalda 30-a yaxın  ölkənin nümayəndələri iştirak edirdilər. Azərbaycanı isə Nərmin və Jalə təmsil edirdilər.

Maraqlı tədbirlərdən biri də iyunun 21-də keçirildi. İştirakçılara tapşırıq verilmişdi ki, böyük bir pannoda uşaqlar öz ölkələrinin heyvanat aləmini təsvir etsinlər. Nərmin və Jalə təbiət qoynunda ceyran və qaranquş rəsmini  təsvir etdilər. Dünya uşaqlarının birgə yaratdığı bu əsər yekun tədbirdə nümayiş etdirildi. Elə həmin tədbirdə  qaliblərə sertifikat təqdim olundu.

Lalə  xanım onu da qeyd etdi ki, səfər boyu Azərbaycanın Amerikadakı səfirliyinin nümayəndələri bizi müşayiət etdilər. Bizi Vaşinqtonun tarixi və görməli  yerləri, muzeyləri ilə tanış etdilər. İyunun 23-də Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə səfirliyin təşkil etdiyi böyük tədbirə  biz də  dəvət olunduq.  Tədbirə toplaşan qonaqlar festivalda qazandıqları uğura görə uşaqları təbrik etdilər.

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2011.- 1 iyul.- S.8.