Axtarışlarda
keçən ömür sahibi
Tahir Musa oğlu Pənahov 10 iyun 1936-cı
ildə Qərbi Azərbaycanın Dağ Borçalısının
Soyuqbulaq kəndində anadan
olmuşdur. 1955-ci ildə
Gürcüstanın Bolnisi rayonunun adlı-sanlı
Faxralı kənd orta məktəbini
fərqlənmə ilə bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət
Pedaqoji Universiteti -
ADPU) fizika-riyaziyyat fakültəsinə
qəbul olunmuşdur.
T.Pənahov hələ
tələbəlik illərindən elmi axtarışlara meyilli idi və Azərbaycan
Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində oxuduğu illərdə tələbə elmi konfranslarında riyaziyyat və
fizika tədrisində
tarixi elementlərin öyrədilməsi məsələlərini
əks edən məruzələri
ilə diqqəti cəlb etmişdi.
1960-cı ildə ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra təyinatla Azərbaycan Politexnik İnstitutunun fizika kafedrasına baş laborant göndərilmişdir. 1962-ci ildə Respublika MEA-nın Fizika İnstitutunda aspiranturaya qəbul olunmuş və həmin il M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilmiş, 1962-ci ildə AzPİ-də baş müəllim vəzifəsinə keçmişdir.
1964-cü ildə dəvətnamə ilə Aşqabad şəhərinə, Türkmənistan Dövlət Universitetində fizika fakültəsində ixtisas dərslərində mühazirə oxumaq üçün ezamiyyə olunmuşdur. O,1966-cı ildə "NizFe ərintisinin qalvonomaqnit və termomaqnit effektinə tantal və molibdenin təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Tahir müəllimin namizədlik müdafiəsindən sonrakı 12 ili axtarışlarda, xarici ölkələrdəki konfranslarda keçib. Müxtəlif illərdə Sverdlovsk, Krasnoyarsk, Xarkov, Perm, Tula, Donetsk, Tomsk, Kiyev, Zveniqorod, Tbilisi, Aşqabad, Mahaçqala şəhərlərində maqnit hadisələri fizikası, atom nizamlılığı və onun ərintilərin xassələrinə təsiri, mikroelektronika üçün yeni maqnit materialları, metallik sistemlərin həll diaqramları, elektrotexnika polad və ərintilərin metalşünaslığı və fizikası və s. mövzularda məruzə və çıxışları ilə həmkarlarının diqqətini cəlb etmişdir. O, araşdırmaları mövzusunda Yaşovets (Polşa) və Budapeşt (Macarıstan) şəhərlərində çalışan həmkarları ilə fikir mübadiləsi aparmışdır.
1975-ci il sentyabr ayının 15-dən Azərbaycan Politexnik İnstitutundan indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ayrıldı. Həmin vaxtdan o, AzMİU-da işləyir.
1988-ci ildə "Nikel əsasında ikiqat və üçqat ərintilərin strukturu və fiziki xassələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almış və sonra professor vəzifəsinə seçilmişdir.
O,1991-ci ildə dövlət büdcəsindən maliyyələşən "Metal və ərintilər fizikası" ETL-nin AzMİU-da açılmasının təşəbbüskarı olmuşdur. Elmi baza üçün EPR, Universal Optik və maqnito-optik qurğusunu hazırlamış, maqnit və elektrik xassələri ölçmək üçün qurğunu işə salmışdır.
Elmi baza yaratdıqdan sonra kadrlar hazırlayıb, ölkənin inkişafı üçün çox vacib olan 1991-ci ildə "Metallar fizikası" istiqamətində mütəxəssis hazırlamaq üçün ixtisas açmış, sonra Materiallar fizikası kafedrasında bakalavr və magistr istiqaməti üzrə kadr hazırlığı aparmışdır.
İran, Türkiyə və digər xarici ölkələrdən magistraturaya təhsil almağa gəlirlər.
Heydər Əliyev adına Ali Hərbi Məktəbdə 2002-ci ildən tədris və
elmi işlər bölməsində əvəzçi işləyərək,
Azərbaycan Təhsil Nazirliyi və Ədliyyə Nazirliyinin köməyi ilə təhsildə bir sıra məsələlərin
yerinə yetirilməsində məsləhətlər vermiş, elmi əsərlərin çap
edilməsinə yaxından
köməklik göstərmişdir. İxtisasartırma kursunun açılmasına
və tədris plan və proqramların
hazırlanmasına kömək etmiş və kursantların fəal
işləmələri üçün məsləhətlər vermişdir.
Bakıda
Zabrat Oksigen Zavodunda açıq səhmdar cəmiyyəti
yaradıldıqda T.Pənahov orada böyük laboratoriya
işə salmış, laboratoriyanı müasir
avadanlıqlarla təchiz etmiş, cihazların işləmə
qaydalarını hazırlamış və kadrla təmin
etmişdir. Tahir müəllimin rəhbərliyi ilə araya-ərsəyə
gətirilmiş qurğular öz analoqlarından sadəliyi,
etibarlılığı ilə seçilir. Bu
laboratoriyada
hazırlanmış universal voltmetr də öz əhəmiyyəti
və dəyəri ilə diqqəti cəlb edir. Bu cihaz vasitəsilə
sabit gərginliyi, cərəyan şiddətini, aktiv
müqaviməti ölçmək mümkündür.
Havadan
azot, oksigen, arqon və hidrogenin alınma texnologiyası, maye və
qaz halında kimyəvi, fiziki xassələri dəqiq təhlil
etməklə satışda müsbət nəticə
alınmışdır.
Moskva
Dövlət Universitetində, Budapeşt Texniki Universitetində,
Aşqabad Dövlət Universitetində dəfələrlə
təcrübə mübadiləsində olmuş və
mühazirələr oxumuşdur. Dünyanın bir çox
elm və təhsil mərkəzləri ilə əlaqəli elmi iş
aparmışdır.
Moskva
Dövlət Universiteti, Yekaterinburq Metallar Fizikası
İnstitutu, Ekaterinburq Dövlət Universiteti (ETU), EA Metallar
Fizikası İnstitutu, Ukrayna Dövlət Universiteti,
Budapeşt Texniki Universiteti, Türkiyədə bir çox
universitetlər, İran İslam Respublikasının (Təbriz
və Tehran) bir çox universitetlərində təcrübə
mübadiləsində olmuşdur.
Keçmiş
İttifaqın bərk cisimlər, maqnit hadisələri
fizikası üzrə mütəxəssislərindən
akademik S.V.Vonsovski, akademik V.Q.Baryaxtar, SSRİ Dövlət
mükafatı laureatı E.İ.Kondorski, A.V.Deryaqin,
Q.S.Krinçik, N.V.Volqenşteyn, R.P.Ozerov, B.Q.Livşits, V.E.Zinovyev,
Azərbaycan SSR EA-nın müxbir üzvü Y.M.Seyidov,
akademik E.M.Şaxtaxtinski və başqaları onun doktorluq
dissertasiyasına yüksək qiymət vermişlər.
60-dan
çox beynəlxalq və respublika elmi konfransında məruzələrlə
çıxış etmiş, 20-dən çox müəlliflik
şəhadətnaməsi və patentin, ixtiranın, 360-dan
çox elmi məqalənin, 15 monoqrafiya, dərs vəsaiti və
metodiki vəsaitin müəllifi kimi "Metallar
fizikası", "Maqnit hadisələri fizikası" sahəsində
ilk dəfə atom və maqnit nizamlı struktura malik dəmir-nikel
tərkibli ərintilərə 3d, 4d, 5d və 4f elektron
quruluşuna malik keçid və nadir torpaq elementləri ilə
leqirləməklə geniş konsentrasiya sahəsində maqnit
yumşaq ərintilər sintez etmiş və onların
strukturunu, maqnit, elektrik, istilik və digər fiziki xassələrini
termik emaldan asılı olaraq tədqiq etmiş və nəticədə
yüksək texniki parametrlərə
malik olan, istehsalatda geniş tətbiqini tapmış permalloy
strukturlu ərintilər almış, tədqiqat praktik cəhətdən
əsaslandırılmışdı. Belə ki, alınan elmi
nəticələr ölkənin bir çox iri müəssisələrində
- Moskva Elektromaqnetizm Zavodunda, Moskva Elektromexanika və Avtomatika
İnstitutunda, SSRİ EA-nın Yüksək Temperaturlar
İnstitutunun xüsusi konstruktor bürosunda, Bakının Azərelektromaş
Birliyində, Bakı Radio Zavodunda və bir çox başqa
müəssisələrdə geniş tətbiq edilmiş və
istehsalata milyonlarla effekt vermişdir. Bu işlərin nəticəsi
kimi çoxlu müəlliflik şəhadətnaməsi
almışdır. Amorf maqnit yumşaq ərintiləri tədqiq
etmək üçün Budapeşt Texniki Universitetində
ezamiyyədə olmuşdur.
Amorf
maqnit yumşaq ərintilərin (Fe-Ni-Si-B) tədqiqi nəticəsində
yüksək maqnit nüfuzluğu, maqnit induksiyası və
xüsusi elektrik müqaviməti böyük olan materiallar
alınmış, onların fiziki xassələri öyrənilmiş,
müşahidə olunan anomaliyaların, faza keçidlərinin,
polimorf çevrilmələrin elmi-nəzəri əsasları
işləmiş və istehsalata tətbiqini təmin
etmişdir.
İstehsalatla
bağlı 18 elmi-tədqiqat işi tövsiyə etmişdir.
Həmçinin arqon qazının qarışıq qazlardan
ibarət daha keyfiyyətli arqomiks qazı qaynaq istehsalında tətbiq
edilmiş, yeni ixtira kimi patent almışdır.
1960-cı
ildən indiyədək 15-dən çox aspirantı,
dissertantı namizədlik, 20-dən çox yetirməsi magistr
dissertasiyası müdafiə etmişdir.
Alim
üçün əsərlər, ictimai fəaliyyət, tələbə
hörməti başlıca amillərdir. Tahir müəllim o
qədər də rahat olmayan, ağrılı-acılı,
çətin günləri olan 75 illik ömrünün təxminən
50 ilini müəllim kimi auditoriyalarda, alim kimi laboratoriya və
istehsalat müəssisələrində, bir dost-qardaş kimi
onu sevənlərin yaddaşında yaşayır. Tahir Pənahov
inadlı və gərgin zəhməti, səmimiyyət və
qayğıkeşliyi, xeyirxahlığı və
işgüzarlığı ilə bunları qazanıb...
Bu uğurlarda onun
ailəsinin də rolu vardır. Ömür-gün yoldaşı N.Pənahova
müəllimdir. Oğlu N.Pənahov
elmlər namizədidir,
qızı M. Pənahova
ailəlidir.
Tahir Musa
oğlu metal və ərintilər sahəsində
yeni istiqamət yaratmış alimdir.
Abdulla MEHRABOV
Azərbaycan müəllimi.-
2011.- 1 iyul.- S.8.