Qərbi Avstraliya Universiteti
Yerləşir: Avstraliya, Qərbi Avstraliya
ştatı, Pert şəhəri
Yaranma tarixi: 1911-ci il
Tipi:
Dövlət
Müəllimlərin ümumi
sayı: 4000 nəfər
Tələbələrin ümumi
sayı: 20000 nəfər
İllik gəlirləri: 750290000 Avstraliya dolları
İllik xərcləri: 697374000 Avstraliya dolları
Rəsmi saytı: www.uwa.edu.au
Qərbi Avstraliya Universiteti (
Böyük
Britaniyanın "Times Higher Education Supplement - QS World
Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə əsasən,
Qərbi Avstraliya Universiteti 100 ən yaxşı ali məktəb
arasında 84-cü yerdə olub. "QS World University
Rankings"in açıqlamasına görə, 2010-cu il
üzrə dünyanın ən nüfuzlu universitetləri
arasında Qərbi Avstraliya Universiteti 89-cu yerdə qərarlaşıb.
Qərbi
Avstraliya Universiteti Avstraliyanın "Səkkizlik Qrupu"nun,
Cənub-Şərqi Asiya Ali Təhsil Müəssisələri
Assosiasiyasının (ASAIHL), Beynəlxalq Universitetlər Şəbəkəsinin
(WUN) və Matariki Universitetləri Şəbəkəsinin
(MNU) üzvüdür.
Tarixi
Qərbi
Avstraliya Universiteti 1911-ci ildə ştatın ilk universiteti
olaraq yaradılıb. Ştatda universitet yaradılması təşəbbüsü
ilk dəfə sahibkar və "Qərbi Avstraliya" qəzetinin
baş redaktoru Con Uintrop Hakett tərəfindən irəli
sürülüb. O, universitetin yaradılmasında əsas rol
oynayan Kral komissiyasının sədri idi. Sonradan Con Uintrop
Hakett yeni yaradılmış universitetin kansleri təyin olunur.
Con Uintrop şəxsi büdcəsindən Qərbi Avstraliya
Universitetinin inkişafı və Pert şəhərində
universitet binalarının tikintisi üçün 425000
funt-sterlinq dəyərində vəsait ayırır.
Universitet
yaradıldığı dövrdə Pert şəhərinin əhalisi
121000 nəfər təşkil edirdi və onun iqtisadiyyatı
kənd təsərrüfatı və dağ-mədən sənayesinə
əsaslanırdı. Bunun nəticəsi olaraq universitet müəllim
seçimində kənd təsərrüfatı, dağ-mədən
sənayesi və maşınqayırma, geologiya, riyaziyyat və
fizika, kimya, tarix və iqtisadiyyat, biologiya və ingilis dili
üzrə mütəxəssislərə üstünlük
verir. Həmçinin ali məktəbdə klassik və qədim
tarix, fransız, alman dilləri, psixi və əxlaq fəlsəfəsi,
baytarlıq, eləcə də digər sahələr üzrə
müəllimlər işə cəlb olunurlar. Universitetdə
3 fakültə (Mühəndislik, Dəqiq elmlər və
İncəsənət) fəaliyyətə başlayır.
Artıq
1913-cü ildə universitet tələbələrinin sayı
184 nəfərə çatır. Universitetin yeni
binalarının tikintisinin ləngiməsi səbəbindən
həmin tələbələrə dərslər İrvin
küçəsindəki taxta binada keçilir.
Birinci
Dünya müharibəsinin başlanması universitetin
inkişafını xeyli ləngidir. Bir çox tələbə
və müəllim könüllü olaraq müharibəyə
yollanır və universitetin fəaliyyətində durğunluq
yaşanır. Müharibə bitdikdən sonra ali məktəb
inkişaf yoluna qədəm qoyur, universitetin çoxlu sayda
binalarının tikintisinə başlanılır. 1927-ci ildə
bu ali təhsil müəssisəsinin sayca dördüncü
olan Hüquq fakültəsi açılır. 1931-ci ildə
universitetin qotik üsluba aid Sent Corcs Kolleci, 1932-ci ildə isə
Hakett Holl və inzibati binaları inşa olunur. 1925-ci ildə
Qərbi Avstraliya Universitetinin Krouli kampusunun tikintisinə
başlanılır və tikinti işləri 1932-ci ildə
başa çatdırılır.
Universitetin
inkişafını donduran digər hadisə İkinci
Dünya müharibəsi olur. Müharibədən sonra tezliklə
universitet bərpa olunmağa başlanır. 1946-cı ildə
Stomatologiya, 1956-cı ildə isə Tibb fakültələri
yaradılır. 1947-ci ildə Pedaqogika, 1954-cü ildə
İqtisadiyyat fakültələri İncəsənət
fakültəsindən ayrılır və müstəqil fəaliyyət
göstərməyə başlayır, 1950-60-cı illərdə
iqtisadi sıçrayış ali məktəbə tələbə
axınını sürətləndirir. 1962-ci ildə
artıq ali məktəbin tələbələrinin sayı
3800-ü ötür, əməkdaşların sayı isə
1966-cı ildə 91-dən 247-yə yüksəlir. 1999-cu ildə
kənd təsərrüfatı üzrə təhsil və tədqiqatların
həyata keçirilməsi məqsədi ilə universitetin
Olbani Mərkəzi yaradılır. 2005-ci ildə Kurtin
Texnologiya Universiteti Olbani Mərkəzi ilə birləşdirilir.
2009-cu ilin mayında ali məktəbin Biznes Məktəbi
açılır və tibbi tədqiqatların
aparılması üçün yeni binanın tikintisinə
başlanılır.
Büdcəsi və təhsil
haqqı
2010-cu ildə
Qərbi Avstraliya Universitetinin ümumi gəlirləri 750290000
Avstraliya dolları olub. Həmin gəlirlərin 341948000-ni
Avstraliya hökumətinin maddi yardımı, 43661000-ni Qərbi
Avstraliya ştatı hökumətinin yardımı, 33930000-ni
müxtəlif tədqiqat qrantları və sazişlər,
112435000-ni təhsil haqqı və digər yığımlar,
qalanlarını isə digər vasitələr hesabına əldə
olunan gəlirlər təşkil edib.
Ali məktəbin
xərcləri həmin ildə 697374000 Avstraliya dolları olub.
Xərclərin 441428000-ni əməkdaşların əməkhaqqı,
40037000-ni tələbələr üçün xərclənən
vəsait, 29696000-ni xammal və müxtəlif materiallar,
36486000-ni amortizasiya və qiymətdən düşmə,
11141000-ni təmir və texniki xidmət, qalanlarını isə
digər məsrəflər təşkil edib.
Qərbi
Avstraliya Universitetində təhsil haqqı tələbənin
oxuduğu fakültədən asılı olaraq dəyişir.
Əcnəbi tələbələrin təhsil haqqı
bakalavriatura səviyyəsində ildə 24000-27000 (İncəsənət,
humanitar və sosial elmlər fakültəsi), 24500-27500 (Biznes
Məktəbi), 22350-26000 (Pedaqogika fakültəsi), 27000-29000
(Mühəndislik, hesablama və riyaziyyat fakültəsi),
24500-27000 (Hüquq fakültəsi), 26000-28500 (Həyat və
fiziki elmlər fakültəsi), 27500-46000 (Tibb, stomatologiya və
səhiyyə fakültəsi), 26400-28500 Avstraliya dolları (Təbiət
və kənd təsərrüfatı elmləri fakültəsi),
magistratura və doktorantura səviyyələri üzrə
11500-46000 Avstraliya dolları arasında dəyişir.
Qərbi
Avstraliya Universitetində oxuyan tələbənin illik xərcləri
onun qənaətcil olub-olmamasından asılıdır, lakin
istənilən həyat tərzinə üstünlük verən
tələbəyə ildə orta hesabla 19200-24000 Avstraliya
dolları kifayət edir. Bu məbləğə təhsil
haqqı, tibbi sığorta, dərslik və aviabilet xərcləri
daxil edilmir. Ailəli tələbələr üçün
universitetdə təhsil almaq ildə minimum 34000 Avstraliya
dollarına başa gəlir.
Universitetdə
oxuyan tələbələrə bir sıra təqaüdlər
təklif olunur. Tələbələr üçün
universitetdə müxtəlif məbləğli AMEC Minproc
Mühəndislik (ildə 3000 Avstraliya dolları), Acergy
Avstraliya Mühəndislik (ildə 10000 Avstraliya dolları),
Aqed Kare Tibb bacısı (1 semestr ərzində 5000 Avstraliya
dolları), Apaçi Enerji Geoelmlər (ildə 5000 Avstraliya
dolları), Alkoa Avstraliya Mükafatı (1000 Avstraliya
dolları), Olbani Ticarət-Sənaye Palatası (1000 Avstraliya
dolları) və s. 203 təqaüd mövcuddur. Eyni zamanda
universitetdə maddi durumu çətin olan, əlil, aborigen,
region və kəndlərdən olan tələbələrə
xüsusi təqaüdlər verilir.
Universitet bu gün
Qərbi
Avstraliya Universiteti Pertdə ən böyük əraziyə
sahib müəssisələrdən biridir. Universitetin 65 hektar ərazidən
ibarət olan Krouli kampusu Suon çayının sahilində
Pert şəhərinin mərkəzindən 5 km aralıqda
yerləşir. Burada tikilmiş universitet binalarının əksəriyyəti,
xüsusilə roman üslubuna aid Uintrop Holl əhəng
daşından inşa edilib. Binalar Batmış Bağ və
Tropik Ağaclıq meşəlik ərazisində,
yaşıllıq və bağların arasında yerləşir.
Kampusun əsrarəngiz gözəlliyi buranı toyların
keçirildiyi ən populyar məkana çevirib. Şəhərcikdəki
diqqətçəkən tikililərdən biri də İncəsənət
fakültəsinə aid Fortuna Yeni Teatr binasıdır. Pert
zooparkı da universitetin tanınmış məkanlarındandır.
Berndt Antropologiya Muzeyi aborigenlərin mədəniyyət və
tarixinə aid materialların saxlandığı ən zəngin
muzeydir.
Hazırda
universitetin kampusunda yerləşən əsrarəngiz
binaların əksəriyyəti Con Uintrop Hakettin
ayırdığı vəsait hesabına tikilib və
kampusdakı bir çox binalar həmin səxavətli şəxsin
adını daşıyır. Con Uintrop Hakettin tikdirdiyi
binalara qədər Pert şəhərinin mərkəzindəki
İrvin küçəsində, Hey və Sent Corcs Terras
küçələri arasında universitet binaları yerləşirdi.
Bu binalar 1932-ci ildə universitetin Krouli ərazisinə
köçürüldüyü vaxtadək universitet şəhərciyi
rolunu oynayıb. Həmin tikililər bu günümüzədək
qorunub saxlanır və hazırda yerləşdiyi yerə
görə "İrvin küçəsi tikililəri"
adlandırılır.
Qərbi
Avstraliya Universitetinin Nedlends ərazisində Stirlinq şosesi
boyu bir-biri ilə yeraltı keçidlərlə birləşdirilmiş
müəssisələri mövcuddur. 2005-ci ildə Qərbi
Avstraliya Universiteti Edit Kouen Universitetinin Klermont ərazisində
yerləşdiyi bir sıra obyektini əldə edib. Bu ərazi
universitetin əsas kampusu olan Kroulidən 5 km qərbdə yerləşir
və universitet tərəfindən kampus deyil, "QAU (Qərbi
Avstraliya Universiteti) Klermont" adlandırılır.
Qərbi
Avstraliya Universiteti 9 fakültədən ibarətdir.
Memarlıq, mənzərə və
vizual incəsənət fakültəsində memarlıq, mənzərə
arxitekturası, şəhər dizaynı və təsviri incəsənət
sahələri üzrə tədqiqatlar həyata
keçirilir. Fakültənin nəzdində Memarlıq, Mənzərə
və Vizual İncəsənət Məktəbi fəaliyyət
göstərir.
İncəsənət, humanitar və
sosial elmlər fakültəsinə Humanitar, Musiqi, Sosial və Mədəni
Tədqiqatlar Ali məktəbləri, Konfutsi İnstitutu,
Kollevey, Orta Əsrlər və Erkən Yeni Dövr Tədqiqatları,
Müsəlman Dövlətləri və Cəmiyyətləri,
Sosial Zəif Uşaqlar və Ailələr, Evrika Arxeoloji Tədqiqatlar
və s. mərkəzlər daxildir.
Mühəndislik, hesablama və
riyaziyyat fakültəsi Vətəndaş və Mühəndislik Resursları,
Kompüter Elmləri və Proqram Təminatı Mühəndisliyi,
Elektrotexnika, Elektronika və Hesablama Texnikası, Ekologiya Sistemləri
Mühəndisliyi, Riyaziyyat və Statistika,
Maşınqayırma məktəblərindən ibarətdir.
Həyat və fiziki elmlər
fakültəsinin nəzdində İnsan Anatomiyası və
Biologiyası, Biotibbi, Biomolekulyar və Kimya Elmləri, Fizika,
Psixologiya, İdman Elmləri, Məşq və
Sağlamlıq məktəbləri fəaliyyət göstərir.
Tibb, stomatologiya və səhiyyə
fakültəsinə Stomatologiya, Tibb və Əczaçılıq, Pediatriya
və Uşaqların Sağlamlığı, Patalogiya və
Laborator Tibb, Əhalinin Sağlamlığı, İlkin,
Aborigen və Kənd Sağlamlığı, Psixiatriya və
Kliniki Neyroelmlər, Cərrahiyyə, Qadın və Körpələrin
Sağlamlığı məktəbləri aiddir.
Təbiət və kənd təsərrüfatı
elmləri fakültəsində Kənd Təsərrüfatı və
Resurs İqtisadiyyatı, Heyvan Biologiyası, Yer və Ekologiya
Elmləri, Bitki Biologiyası məktəbləri, Kənd Təsərrüfatı,
Yer Ekosistemlər Tədqiqatı Təşəbbüsü,
Okeanoqrafiya, Regional İnkişaf, Energetika və Faydalı
Qazıntılar institutları mövcuddur.
Pedaqogika fakültəsinə Ali Pedaqogika Məktəbi,
Uşaq və Yeniyetmə Pozulmaları, İbtidai Məktəb
Göstəriciləri, İnteraktiv Kompüter Sistemləri
Qiymətləndirilməsi, Avstraliya Düşünmə Elmləri
mərkəzləri, Pirson Psixometriya Laboratoriyası aiddir.
Hüquq fakültəsi Hüquq Məktəbindən,
İstehlak Tələbinin Öyrənilməsi, Dağ-Mədən,
Enerji və Təbii Ehtiyatlardan İstifadə Hüququ, Cinayət
Tədqiqatı mərkəzlərindən ibarətdir.
Biznes Məktəbi Avstraliyanın MBA üzrə
təhsil verən ən güclü ali təhsil
ocaqlarından biridir. Məktəb biznes, maliyyə, menecment,
iqtisadiyyat və s. üzrə akademik proqramlar təklif edir.
Qərbi
Avstraliya Universitetində 9 əsas fakültə ilə
yanaşı, Yerli Əhali Tədqiqatları
Məktəbi fəaliyyət göstərir. Məktəbin
məqsədi aborigenlərə və Torres körfəzi
adaları sakinlərinə bərabər və ədalətli
ali təhsil verməkdən ibarətdir.
Qərbi
Avstraliya Universiteti kitabxanası Qərbi Avstraliyada ən zəngin
və qədim kitabxanalardandır. Kampusun ərazisində
universitetin 7 kitabxanası fəaliyyət göstərir.
Onların arasında ən böyüyü Reyd
kitabxanasıdır. Bu kitabxana 1964-cü ildə
yaradılıb və universitetin sabiq kansleri Aleks Reydin şərəfinə
adlandırılıb. Reyd kitabxanası 1973-cü ildə yerləşdiyi
binanın gözəlliyinə görə Memarlıq
mükafatına layiq görülüb. Kampus ərazisində
digər kitabxanalardan Uiqmor Musiqi, Bisli Hüquq, Tibb və
Stomatologiya, 2009-cu ildə açılmış Dəqiq elmlər,
Biologiya elmləri, Geologiya, Riyaziyyat və Fizika elmləri
kitabxanaları fəaliyyət göstərir. Ümumilikdə
universitet kitabxanaları 2 milyona yaxın kitab, 55000 dövri nəşr,
eləcə də minlərlə sənəd, rəqəmsal
və elektron resursa malikdir. Kitabxananın əlyazma
kolleksiyasına məşhur Avstraliya
yazıçıları Robert Dryu, Albert Fasi, Con Kinsella, Treysi
Rayan və Piter Kouenin əsərləri, universitetin tarixinə
aid materiallar daxildir.
Qərbi
Avstraliya Universitetində idarəedici orqan 21 üzvdən ibarət
Senatdır. Onlardan 4-ü ştatın qubernatoru tərəfindən,
digər 4-ü iclas əsasında, 3-ü professor-müəllim
heyəti arasından, 1-i inzibati heyət arasından, 1-i Elmi
Şura üzvləri arasından, 2-si tələbələrdən,
1-i Magistrant və Doktorantlar Assosiasiyasından seçilmiş
şəxslərdir, 3-ü
kooptasiya (hər hansı bir seçilən orqanın öz
heyətinə seçkisiz olaraq yeni üzv daxil etməsi)
üzvləri, kansler və vitse-kanslerdir. Universitetin kansleri 4
il müddətinə seçilir və Senata sədrlik edir.
Hazırda Qərbi Avstraliya Universitetinin kansleri məşhur
Avstraliya biznesmeni Maykl Çeyni, vitse-kansleri isə professor
Alan Robsondur. Vitse-kansler vəzifəsi də 4 il müddətinə
nəzərdə tutulub və kanslerin müavini kimi müəyyən
olunur. Universitetdə ümumilikdə 4000-ə qədər
professor-müəllim heyəti çalışır.
Ali məktəbdə
təhsil alan tələbələrin sayı isə 20000-dən
çoxdur. Tələbələrin 15000-dən çoxunu
bakalavr, 5000-ə qədərini isə magistrant və
doktorantlar təşkil edirlər. Universitetdə təhsil alan
tələbələrin əksəriyyəti Qərbi
Avstraliya ştatından və Pert şəhərindən olan
gənclərdir. Universitetdə dünyanın bir sıra
ölkələrindən 4000-ə yaxın tələbə
oxuyur. Əcnəbi tələbələr arasında Cənub-Şərqi
Asiyanı təmsil edən gənclər çoxluq təşkil
edirlər.
Qərbi
Avstraliya Universiteti tələbələr üçün
geniş imkanlara malik yataqxana təklif edir. Krouli kampusundakı
Karri Holl, Triniti, Sent Katerina, Sent-Tomas Mor, Sent Georq yataqxana
kolleclərində 1000-dən çox tələbə məskunlaşa
bilər. Hazırda universitetin bu kampusunda 1150-dən çox tələbə
yaşayır. Yataqxanada qalmaq tələbəyə zəngin
həyat təcrübəsi bəxş edir, yuxarı kurs tələbələri və müəllimlərlə
yaxından tanışlıq onların təhsildə irəliləməsinə
səbəb olur.
Qərbi
Avstraliya Universiteti dünyaya yüzlərlə alim, iş adamı,
Rods və bir neçə Nobel mükafatı laureatı bəxş
edib. Universitet müəllim, tələbə, tədris
materialı və metodu mübadiləsi, birgə tədqiqat
layihələrinin həyata keçirilməsi üzrə
dünyanın 44 müəssisəsi ilə əməkdaşlıq
edir. Sinqapur, Malayziya, İndoneziya, Filippin və s. kimi ölkələrdə
universitet bir neçə proqramını tədris edir. 2010-cu
ilin mayından Qərbi Avstraliya Universiteti Dermut Kolleci
(ABŞ), Darem (Böyük Britaniya), Kraliça (Kanada), Otaqo
(Yeni Zellandiya), Tübingen (Almaniya),
Uppsala (İsveç) universitetləri ilə birgə
Matariki Universitetləri Şəbəkəsinin
üzvüdür. Müxtəlif transmilli proqramların həyata
keçirilməsi Qərbi Avstraliya Universitetinin, həqiqətən,
beynəlxalq nüfuza malik elmi-tədqiqat müəssisəsi
olduğunu sübut edir.
Qərbi
Avstraliya Universiteti şəxsiyyətə yönəldilmiş
yüksək səviyyəli universitet təhsili və məhsuldar
tədqiqatları ilə beynəlxalq aləmin diqqətini
özünə cəlb edə bilən ali təhsil
ocağıdır. Universitetin idarəetmə keyfiyyəti və
planlı təhsili dünya tərəfindən müsbət
dəyərləndirilib. Qərbi Avstraliya Universitetinin beynəlxalq
reytinqlərdə yüksək yerləri tutması, mükafat
və qrantlara layiq görülməsi bütün bu
sadalananların sübutudur. Ali məktəbin verdiyi tədris
və təhsil Avstraliya Universitetləri Keyfiyyət Agentliyi tərəfindən
yüksək qiymətləndirilib.
Universitetin məşhur məzunları
Stiven
Smit Avstraliyanın müdafiə
naziri
Kim
Bizli Avstraliyanın
ABŞ-dakı səfiri, Avstraliyanın
baş nazirinin
sabiq müavini
Kolin
Barnett Qərbi Avstraliya
ştatının baş naziri
Bob
Houk Avstraliyanın sabiq baş
naziri
Alan
Karpenter Qərbi Avstraliya
ştatının sabiq baş naziri
Riçard Kort Qərbi Avstraliya
ştatının sabiq baş naziri
Ceff
Qallop Qərbi Avstraliya
ştatının sabiq baş naziri
Peter
Durek Avstraliyanın sabiq
general-qubernatoru
Yeo
Çeo Tonq Sinqapurun sabiq nəqliyyat
naziri
Əmir
Əli Avstraliya İslam
Şuraları Federasiyasının sabiq rəhbəri
Barri
Marşall tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı
Robin
Uorren tibb və fiziologiya üzrə
Nobel mükafatı laureatı
Uqo
Ritveld Avstraliyalı fizik, Ritveld
metodunun yaradıcısı
Hazırladı: Lamiyə
ƏLİYEVA
Azərbaycan müəllimi.- 2011.-
1 iyul.- S.6-7.