Hindistan Federativ Respublikasının təhsil sistemi

 

Hindistan Federativ Respublikası

      

Ərazisi:                                    3287263 kv.km. 

Əhalisi:                                    1 mld. 210 mln. nəfər

Paytaxtı:                                  Dehli şəhəri

Dövlət dili:                               hind və ingilis dili (və digər 17 dil)

Pul vahidi:                                rupi

 

Təhsil sistemi

 

Hindistan Federativ Respublikası Cənubi Asiyada, Hindistan yarımadasında yerləşir. Ötən əsrin ortalarında müstəqilliyinə qovuşan Hindistan 28 ştatdan, 7 muxtar ərazidən ibarətdir. Hindistan qədim və zəngin tarixi, elmi, mədəni ənənələrə malik ölkədir.

Bir milyarddan artıq əhalisi olan ölkədə əhalinin böyük hissəsini gənclər təşkil edir. Əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi üçün Hindistanda geniş təhsil sistemi təşəkkül tapıb.

2005-ci ilin statistik məlumatlarına görə, Hindistanda 410 milyondan çox 6-24 yaşlı gənc var. Bu da ümumi əhalinin təxminən 38 faizini təşkil edir. Onların yalnız 237 milyon nəfəri təhsilə cəlb olunub. Ölkə üzrə müəllimlərin ümumi sayı isə 7 milyon nəfərə yaxındır.

Hindistanda əhalinin ümumi savadlılıq səviyyəsi təxminən 64,8 faiz təşkil edir. Qadınların savadlılıq səviyyəsi isə 53,7 faizə bərabərdir. Əhalinin 85 faizi ibtidai təhsilə, 39 faizi orta təhsilə, 9 faizi isə ali təhsilə cəlb olunub.

Ölkədə məktəbəqədər təhsil sistemi geniş inkişaf etmədiyindən uşaqların məktəbə hazırlığında müəyyən çatışmazlıqlar özünü büruzə verir. Konstitusiyaya əsasən 14 yaşına qədər uşaqlara icbari təhsil almaq hüququ verilir. İbtidai və orta təhsil pilləsində 6-18 yaş arasındakı uşaqlar təhsil alır. 8 il davam edən ibtidai təhsilə 6-14 yaşlı uşaqlar cəlb olunur.

Bəzi ştatların qanunvericiliynə əsasən məktəb təhsili, yaşlıların təhsili və qeyri-formal təhsil üzrə müvafiq vəzifələr yerli idarəetmə qurumlarına (pançayatlar və bələdiyyələr) həvalə edilib. İbtidai təhsil pilləsində ana dilinin tədrisi üzrə müvafiq şəraitin yaradılması ştat hökuməti və yerli idarəetmə orqanlarının əsas vəzifələrindəndir. Evdə təhsil Hindistanda qanuni təhsil formalarından biridir.

Hindistanda 367 Texnologiya, İdarəetmə, İnformasiya Texnologiyaları institutları, Mərkəzi universitetlər və digər çoxsaylı ali məktəblər fəaliyyət göstərir. Həmçinin, demək olar ki, bütün ixtisaslar üzrə mütəxəssis hazırlayan 18000-dən artıq kollec var ki, onların da 1902-si yalnız qadınların təhsil aldığı tədris müəssisəsidir.

Ölkədə ali təhsil müddəti ixtisaslardan asılı olaraq 3-6 il arasında dəyişir. Bir çox ixtisaslar üzrə ali təhsilin bakalavriat pilləsi 3, magistratura pilləsi isə 2 il davam edir.

Hindistanda yaşlıların təhsili müxtəlif proqramlar və qrantlar çərçivəsində həyata keçirilir. Bu baxımdan savadsızlığın ləğvi üzrə milli strategiya əsas rol oynayır. Yaşlıların təhsili sahəsində QHT-lər də fəal iştirak edir, hər kəsə həyatboyu təlim imkanının yaradılması istiqamətində ciddi səylər göstərilir. Əhalinin aztəminatlı təbəqələri üçün nəzərdə tutulmuş peşə təlimi proqramları və qadınların savadlılıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir.

Ölkə konstitusiyasına əsasən milli azlıqların təhsili vətəndaşların bərabərliyi prinsipinə uyğun olaraq təşkil edilir. Hökumət etnik azlıqların təhsil imkanlarının artırılmasına xüsusi diqqət yetirir. Bu baxımdan həyata keçirilən tədbirləri müəyyənləşdirən Milli Azlıqların Təhsili üzrə Milli Monitorinq Komitəsi 2004-cü ildə təsis edilib. Bu quruma insan resurslarının inkişafı naziri sədrlik edir. Komitənin tərkibi etnik azlıqların nümayəndələrini təmsil edən tanınmış təhsil işçiləri, alimlər, parlament üzvləri və dövlət rəsmilərindən ibarətdir.

Hindistanın İnsan Resurslarının İnkişafı Nazirliyi təhsilin idarə olunmasını yerinə yetirən əsas dövlət qurumudur. Bu nazirlik iki şöbədən ibarətdir. Məktəb təhsili və savadlılığı şöbəsi və Ali təhsil şöbəsi. Məktəb təhsili və savadlılıq şöbəsi ibtidai, orta təhsil və yaşlıların təhsilinə məsuldur. Ali təhsil şöbəsi isə ali təhsilə, ali texniki peşə təhsilinə, milli azlıqların təhsilinə, dərslik və müəllif hüquqları məsələlərinə cavabdehdir.

Mərkəzi hökumət 9,77 milyard ABŞ dolları həcmində olan ümumi təhsil büdcəsinin 65,6 faizini ibtidai təhsilə (6,41 milyard ABŞ dolları), 9,9 faizini orta təhsilə (964,48 milyon ABŞ dolları), 2,9 faizini yaşlıların təhsilinə (278,75 milyon ABŞ dolları), 9,5 faizini ali təhsilə (931,36 milyon ABŞ dolları), 10,7 faizini ali texniki peşə təhsilinə (1,05 milyard ABŞ dolları), yerdə qalan 1,4 faizini (139,04 milyon ABŞ dolları) isə digər məqsədlər üçün ayırır.

 

Məktəbəqədər təhsil

 

Hindistanda 493000-dən çox məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Qeyd olunan tədris ocaqlarına cəlb edilmiş uşaqların sayı təxminən 27 milyon nəfərə yaxındır. Onların 12 milyon nəfərindən çoxunu qızlar təşkil edir.

Hindistanın Təhsil üzrə Milli Strategiyasında məktəbəqədər təhsilin vacibliyinə xüsusi diqqət yetirilir. Məktəbəqədər təhsil müəssisələri Qadın və Uşaqların İnkişafı Nazirliyinin tabeliyindədir.

Sarva Şikşa Abhiyan Proqramı çərçivəsində də məktəbəqədər təhsil müəssisələri qismən maliyyələşir. Hindistanda müvafiq yaş qrupundakı uşaqların çox az hissəsi məktəbəqədər müəssisələrə cəlb olunub.

Ölkənin məktəbəqədər təhsil müəssisələrində təhsil aşağı və yuxarı mərhələ olmaqla, iki pillədən ibarətdir. Aşağı pillə 3-4, yuxarı pillə isə 5-6 yaşlı uşaqları əhatə edir.

Məktəbəqədər təhsil müəssisələri bir çox hallarda məktəblərin tərkibində yerləşir. Belə məktəbəqədər təhsil müəssisələrində nisbətən erkən yaşlı uşaqlar da (2 yaşlı) bağçaların bir hissəsi olan xüsusi qayğı qruplarında təhsil alırlar. İqtisadi cəhətdən daha çox kasıb olan bölgələrdə isə uşaqlar daha tez körpələr evinə verilir. Ancaq belə müəssisələrin sayı olduqca məhduddur.

 

İbtidai təhsil

 

Hindistanda ibtidai təhsil pilləsinə uşaqların qəbulu 6 yaşdan başlayır. 8 illik pulsuz ibtidai təhsil icbaridir.

İbtidai təhsil pilləsi iki dövrə bölünür: ibtidai pillə və yuxarı ibtidai pillə. İbtidai pillə I-V sinifləri (6-11 yaşlı uşaqları) əhatə edir. Bəzi ştatlarda bu pilləyə I-IV siniflər daxildir. Yuxarı ibtidai pillə isə VI-VIII sinifləri (11-14 yaşlı uşaqları) əhatə edir. Bəzi ştatlarda bu pillə VII sinifdə başa çatır.

Hökumət 2001-ci ildən ibtidai təhsilin kütləviliyinin artırılması və keyfiyyətin yüksəldilməsi üçün müxtəlif proqramların həyata keçirilməsini təmin edir. Bununla da müəllim-şagird nisbətinin tənzimlənməsi, müəllimlərin ixtisasartırma təhsilinə cəlb edilməsinin intensivləşdirilməsi, yeni tədris materiallarının və dərsliklərin hazırlanması məsələlərinin həllində ciddi irəliləyiş müşahidə olunur. Hökumətin səylərinə baxmayaraq, hələ də qarşıya qoyulmuş vəzifələr tam olaraq həllini tapmayıb. Bu da yoxsulluq, təhsil alanlara qarşı əhalinin müəyyən təbəqəsində formalaşmış qınayıcı təsəvvürlərin olması, mövhumat və digər səbəblərlə bağlıdır. İlbəil qadınların savadlılıq səviyyəsinin yüksəlməsinə baxmayaraq, qızların yalnız bir qisminin təhsil alması qadın və kişilər arasındakı savadlılıq fərqinin böyük olmasına, ibtidai təhsilin kütləviləşməsinə maneə yaradan ən böyük problemlərdən biridir.

Statistikaya görə, Hindistanda bütün ibtidai təhsil müəssisələrinin təxminən 80 faizini dövlət məktəbləri təşkil edir. Lakin dövlət təhsil müəssisələrində təhsilin keyfiyyəti aşağı olduğu üçün uşaqların 27 faizi özəl məktəblərdə oxuyur. Hətta ən kasıb ailələrdən olan uşaqlar da dövlət məktəblərində təhsilin pulsuz olmasına baxmayaraq, bəzən özəl məktəblərdə oxumağa üstünlük verirlər.

 

Orta təhsil

 

Hindistanda 4 illik orta ümumi təhsil pilləsi IX-XII sinifləri (14-18 yaş) əhatə edir. Bu təhsil pilləsi iki yerə bölünür: orta məktəb pilləsi və yuxarı orta məktəb pilləsi. Orta məktəb pilləsi, əsasən IX-X sinifləri (14-16 yaş), bəzi ştatlarda isə VIII-X sinifləri əhatə edir. XI-XII siniflər isə yuxarı orta məktəb pilləsi adlandırılır.

Bu təhsil pilləsinin əsas məqsədi gəncləri gələcək iş həyatına və ali təhsil müəssisələrinə hazırlamaqdır. X və XII sinifləri bitirmiş bütün orta məktəb şagirdləri dövlət imtahanlarına cəlb olunur.

Tədris ili bütün ştatlarda 200 gündən çox davam edir. Müxtəlif ştatlarda tədris ili ayrı-ayrı vaxtlarda başlayır. Bəzi ştatlarda yay tətili, bəzi ştatlarda isə qış tətili üçün uzun istirahət müddəti verilir.

Ölkənin Təhsil üzrə Milli Strategiyasında müəyyənləşdirilmiş ənənəvi fənlər bütün orta təhsil müəssisələrində tədris olunur. Statistikaya görə, Hindistanda 90 milyona yaxın 14-18 yaşlı uşaq var ki, onların da yalnız 31 milyonu orta təhsilə cəlb olunub. Bu isə orta təhsil yaşlı uşaqların üçdə iki hissəsinin təhsildən yayınması deməkdir.

Hindistan orta təhsil sisteminin qarşısında duran başlıca məsələlərdən biri də cəmiyyətin kasıb təbəqəsinin orta təhsilə cəlb olunmasını təmin etməkdən ibarətdir. Bu baxımdan İnsan Resurslarının İnkişafı Nazirliyinin tabeliyində olan bir çox qurumlar orta təhsil pilləsinin əhatə dairəsinin genişləndirilməsi üçün səylərini artırırlar.

Bu qurumların sırasına Təhsil Tədqiqatı və Təlimi üzrə Milli Şura, Orta Təhsil üzrə Mərkəzi Şura, Açıq Təhsil üzrə Milli İnstitut, Təhsil Texnologiyaları Mərkəzi İnstitutu və digərləri daxildir.

Hindistan orta təhsil sisteminin əsas cəhətlərindən biri də ondan ibarətdir ki, bu təhsil pilləsində şagirdlər öz seçimlərinə uyğun iş tapmaq üçün peşəyönümlü ixtisaslara yiyələnə bilərlər. Təhsil Tədqiqatı və Təlimi üzrə Milli Şuranın dəstəyi ilə yaradılmış Peşə Təhsili Mərkəzi İnstitutu orta təhsilin peşə baxımından ixtisaslaşdırılmasına cavabdeh olan yüksək səviyyəli tədqiqat və inkişaf təşkilatıdır. Bu institut peşə proqramlarına birbaşa və akademik dəstək verir, istehsal müəssisələrində işləyən mütəxəssisləri təhsil ocaqlarına dəvət edir.

 

Ali təhsil

 

Hindistanda Texnologiya, İdarəetmə, İnformasiya Texnologiyaları institutları, Mərkəzi universitetlər və digər çoxsaylı ali məktəblər (367 ali təhsil müəssisəsi) fəaliyyət göstərir. Mərkəzi hökumət ali təhsil sahəsində inkişaf strategiyasının hazırlanması, ali məktəb standartlarının, elmi-tədqiqatların, elmi və texniki müəssisələrin işinin əlaqələndirilməsi və istiqamətləndirilməsi üzrə mühüm səlahiyyətlərə malikdir.

Hökumət Universitet Qrant Komissiyasına qrantlar verir və ölkədə Mərkəzi universitetləri təsis edir. Həmçinin Universitet Qrant Komissiyasının tövsiyələrinə əsasən hökumət tərəfindən bəzi təhsil müəssisələrinin "Universitet hesab edilənlər" qrupuna daxil olmasına icazə verilir.

Ştatlarda universitetlərin və kolleclərin təsis olunması yerli hökumətlərin səlahiyyətləri çərçivəsindədir. Bu müəssisələrin inkişafı və saxlanılması üçün planlaşdırılmış qrantlar ayrılır. Ştatlar arasında təhsil sahəsində koordinasiya işi Təhsil üzrə Mərkəzi Məşvərət Şurası vasitəsilə həyata keçirilir. Eləcə də ölkədə Ümumhindistan Texniki Təhsil Şurası, Tibb Şurası, Peşə Şurası, Kənd Təsərrüfatı Tədqiqatı Şurası, Müəllimlərin Təhsili üzrə Milli Şura, Stomatologiya Şurası, Əczaçılıq Şurası, Uşaqlara Qayğı Şurası, Vəkillər Şurası, Homeopatiya üzrə Mərkəzi Şura, Hind Müalicəsi üzrə Mərkəzi Şura, Memarlıq Şurası, Distant Təhsil Şurası, Reabilitasiya Şurası, Ali Təhsil üzrə Dövlət Şurası fəaliyyət göstərir.

İnsan Resurslarının İnkişafı Nazirliyinə tabe olan Mərkəzi universitetlər Universitet Qrant Şurasının verdiyi qrantlar hesabına maliyyələşir. İndira Qandi Milli Açıq Universiteti isə birbaşa İnsan Resurslarının İnkişafı Nazirliyi tərəfindən maliyyələşdirilir.

İnsan Resurslarının İnkişafı Nazirliyinin nəzdindəki Mərkəzi universitetlərdən başqa Kənd Təsərrüfatı Nazirliyinin, Dəniz Nəqliyyatı Nazirliyinin, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Mərkəzi universitetlər də mövcuddur.

Ştat universitetləri yerli qanunvericiliyə əsasən təsis olunur. Hindistanda 220-yə yaxın ştat universiteti fəaliyyət göstərir. Universitet Qrant Komissiyası bu universitetlərin yalnız bir hissəsinə planlaşdırılmış büdcə vəsaitləri ayırır. Digər ştat universitetləri, o cümlədən mühəndislik və texnologiya şöbələri olan kənd təsərrüfatı universitetləri üçün xüsusi qrantlar verilir.

Universitet statusu olmayan, lakin spesifik sahə üzrə yüksək standartlara uyğun təhsil verən ali təhsil müəssisələri Universitet Qrant Komissiyasının tövsiyəsinə əsasən mərkəzi hökumət tərəfindən "Universitet hesab edilənlər" qrupuna daxil olunur. "Universitet hesab edilənlər" qrupuna daxil olan ali təhsil müəssisələri akademik statusa malikdir və onlara universitetlərə məxsus imtiyazlar verilir. Universitet hesab edilən ali təhsil müəssisələrində tibb, fizika, balıqçılıq, dil, ictimai elmlər, demoqrafiya, statistika, yeyinti sənayesi, meşə sənayesi, silah texnologiyası, dənizçilik, idman, musiqi, informasiya texnologiyaları üzrə təhsil və tədqiqat imkanları yaradılır. İnsan Resurslarının İnkişafı Nazirliyinin Ali təhsil şöbəsi universitet hesab edilən müəssisələr üçün qrantların verilməsi prosesində şəffaflığın təmin olunmasına nəzarət edir.

Universitet Qrant Komissiyası, həmçinin müstəqil universitetlərarası mərkəzlər təsis edir. Belə ilk tədqiqat mərkəzi 1994-cü ildə təsis olunmuş Nüvə Elmi Mərkəzidir. Hazırda universitetlərdə 6 müstəqil universitetlərarası mərkəz fəaliyyət göstərir.

1994-cü ildə Universitet Qrant Komissiyası tərəfindən təsis olunmuş Milli Qiymətləndirmə və Akkreditasiya Şurası müstəqil qurumdur. Şuranın əsas məqsədi ali təhsil müəssisələrinin, universitet və kolleclərin, onların şöbələrinin, fakültələrinin, tədris proqramlarının qiymətləndirilməsini və akkreditasiyasını həyata keçirməkdir.

Ali texniki peşə təhsili müəssisələrində hazırlanan yüksək ixtisaslı mütəxəssislər sənaye məhsuldarlığının artırılmasına layiqli töhfələr verirlər. Bu təhsil müəssisələri ölkənin insan resurslarının inkişafında mühüm rol oynayır.

Ali texniki təhsil mühəndislik, texnologiya, idarəetmə, memarlıq, şəhərsalma, əczaçılıq, tətbiqi sənət, otelçilik, ictimai iaşə sahələrini əhatə edir. Bu müəssisələr 3 qrupa bölünür: mərkəzi hökumətdən maliyyələşən universitetlər, ştatdan maliyyələşən universitetlər və özünü maliyyələşdirən universitetlər.

Texniki təhsil müəssisələrinin fəaliyyəti, yeni kursların açılmasına 1945-ci ildə təsis olunmuş Ümumhindistan Texniki Təhsil Şurası icazə verir. Şura müvafiq müəssisələrin və proqramların akkreditasiyası vasitəsilə texniki təhsilin keyfiyyətinin yüksəldilməsini təmin edir. Şuranın baş iqamətgahı Dehlidə yerləşir və 7 regional idarəsi fəaliyyət göstərir.

Ümumhindistan Texniki Təhsil Şurası mühəndislik təhsili və biznes məktəblərinin monitorinq və akkreditasiyasını həyata keçirir. Hindistan Tibb Şurası isə tibb təhsili müəssisələrinin monitorinq və akkreditasiyasını aparır. Kənd Təsərrüfatı Tədqiqatı Şurası, Müəllimlərin Təhsili üzrə Milli Şura isə ölkədəki bütün müvafiq təhsil müəssisələrinin monitorinqini həyata keçirir.

Ölkədə bir sıra mühəndislik, idarəetmə və tibb təhsili müəssisələri İnsan Resurslarının İnkişafı Nazirliyi tərəfindən idarə olunur. Hindistanda əksər təhsil müəssisələri əcnəbi tələbələr üçün çox az yer ayırır.

1972-ci ildə Parlament tərəfindən təsis edilmiş Memarlıq Şurasında ölkədəki bütün memarların qeydiyyatdan keçməsi nəzərdə tutulur. Memarlıq Şurası memarların qeydiyyatını aparmaqla yanaşı, ekspertlər komitəsi vasitəsilə memarlıq sahəsi üzrə ixtisaslaşmış təhsil müəssisələrində müvafiq standartlara riayət olunmasına da nəzarət edir.

İstedadlı tələbələrin stimullaşdırılmasına xidmət edən bir sıra təqaüdlər xüsusilə innovativ metodların istifadə olunduğu ali təhsil müəssisələrinə və gənclərin xarici ölkələrdə təhsil almasına yönəldilir. Mədəni Mübadilə Proqramları çərçivəsində xarici ölkələrdə təhsil almaq istəyən hindistanlı tələbələr üçün müəyyən olunmuş xarici təqaüdlərə İnsan Resurslarının İnkişafı Nazirliyi nəzarət edir. Tələbələr bu təqaüd vasitəsilə prioritet hesab edilən ixtisaslar üzrə xaricdə təhsil ala bilərlər. Təqaüdə layiq görülən tələbələr müvafiq fənn ekspertlərindən ibarət Seçim Komitəsi tərəfindən müəyyənləşdirilir. Təqaüdlərin əksər hissəsi təhsilin doktorantura pilləsi üçün nəzərdə tutulur.

 

Beynəlxalq əməkdaşlıq

 

 Hindistan təhsil sahəsində xarici ölkələrlə əməkdaşlığın inkişafına xüsusi önəm verir. 118 ölkə ilə təhsil sahəsində əməkdaşlığı tənzimləyən Mədəni Müqavilə imzalanıb. Eləcə də müxtəlif ölkələrlə 75 Mədəni Mübadilə Proqramı həyata keçirilir.

Təhsil sektorunun inkişafını və təhsilin beynəlmiləlləşməsini nəzərə alaraq İnsan Resurslarının İnkişafı Nazirliyində Beynəlxalq Əməkdaşlıq Şəbəkəsi yaradılıb. Beynəlxalq Əməkdaşlıq Şəbəkəsi təhsil sektorunda ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələlərini, müxtəlif ölkələrlə Təhsil Mübadilə Proqramlarının hazırlanmasını, icrasını koordinasiya edir.

Bundan əlavə, Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində Dehli şəhərində dünya səviyyəli beynəlxalq ali təhsil müəssisəsi olan Cənubi Asiya Universiteti təsis edilib. Hindistan  ilə Avropa İttifaqı arasında 2008-ci və 2009-cu illərdə müştərək deklarasiyalar imzalanıb. YUNESKO ilə əməkdaşlıq üzrə Hindistan Milli Komissiyası səmərəli fəaliyyət göstərir.

Hindistan 32 ölkə ilə Təhsil Mübadilə Proqramları həyata keçirir. Bu proqramlar nəinki xaricdə təhsil məsələlərini, eləcə də xarici universitetlərin verdiyi dərəcələrin və ixtisasların tanınmasını əhatə edir.

 

 

Bəşarət MƏMMƏDOV,

 

Ramil HÜSEYNOV

 

Yazının hazırlanmasında Hindistan Federativ Respublikası İnsan Resurslarının İnkişafı Nazirliyinin rəsmi materiallarından istifadə olunub.

 

Azərbaycan müəllimi.- 2011.- 1 iyul.- S.4-5.