"Ümid qapısı, mərhəmət
ünvanı" adlı kitabın təqdimat mərasimi keçirildi
İyunun
29-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi
Elmi Kitabxanasında tarix üzrə fəlsəfə doktoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, dosent
Sevinc Budaqovanın "Ümid qapısı, mərhəmət
ünvanı" (Bakı:
"Elm və təhsil", 2011, 260 səh.) kitabının təqdimatı
keçirildi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya həsr
edilən "Ümid qapısı, mərhəmət
ünvanı" kitabının təqdimat mərasimində
respublikanın görkəmli alimləri, millət vəkilləri,
AMEA Tarix İnstitutunun əməkdaşları və digər
şəxslər iştirak edirdilər. Kitabın elmi məsləhətçisi
AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, elmi redaktoru isə
tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovdur.
Tədbiri
giriş sözü ilə açan AMEA-nın Tarix
İnstitutunun direktoru Yaqub Mahmudov kitabın Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Mehriban Əliyeva
fenomeninin öyrənilməsi baxımından olduqca əhəmiyyətli
olduğunu söylədi. Mehriban xanım Əliyevanın
ictimai-siyasi fəaliyyətindən söhbət açan alim
onun Heydər Əliyev Fondunun prezidenti, millət vəkili kimi
mədəniyyət, incəsənət, təhsil,
maarifçilik, eləcə də cəmiyyətimizin digər
sahələrində gördüyü işlər, həyata
keçirdiyi xeyriyyəçilik əməllərindən
danışdı. O, həmçinin Mehriban xanım Əliyevanın
təşəbbüsü və təbliği ilə ölkəmizdə
və onun hüdudlarından kənarda görülən məqsədyönlü
işlərdən də söhbət açdı. Y.Mahmudov
bildirdi ki, kitab Mehriban xanım Əliyevanın və onun rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin öyrənilməsi
və gələcək nəsillərə ötürülməsinə
öz töhfəsini verəcək.
Tədbirdə
çıxış edən Azərbaycanın
tanınmış elm adamı, akademik Budaq Budaqov kitabın
çox aktual bir mövzuya həsr olunduğunu və əsərin mərkəzində
Mehriban xanım Əliyevanın dayandığını
bildirdi. Qeyd etdi ki, kitabda Mehriban xanım Əliyevanın fəaliyyəti
obyektiv şəkildə işıqlandırılıb. Belə
əsərlərin çox olmasını təqdirəlayiq
hal hesab edən B.Budaqov Mehriban xanım Əliyevanın gələcəkdə
də Azərbaycanın ictimai-siyasi həyatında
mühüm rol oynayacağını bildirdi.
Mərasimdə
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya
elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli, akademik Bəkir
Nəbiyev, millət vəkilləri Gülər Əhmədova
və Qənirə Paşayeva, tarix elmləri doktoru Tamilla
Musayeva və tarix üzrə fəlsəfə doktoru Sevinc
Budaqova çıxış edərək elmimizi, təhsilimizi,
mədəniyyətimizi daim qoruyan, xalqımızın
rifahı naminə çalışan, milli mənafeyimizi hər
şeydən uca tutan Mehriban xanım Əliyevanın fəaliyyəti
haqqında məlumat verdilər.
Tədbirdə
Mehriban xanım Əliyevanın həyat və fəaliyyətini
əks etdirən sərgi nümayiş olundu.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2011.-
1 iyul.- S.3.