Bakıda ilk dəfə orta məktəb məzunlarına həsr olunmuş möhtəşəm tədbir
keçirildi
İyunun
30-da paytaxtımızdakı "Buta" sarayında Bakı
Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı
ilə ilk dəfə olaraq "Məzun - 2011" tədbiri
keçirildi. Tədbirdə Bakı şəhəri ümumtəhsil
orta məktəblərinin 11-ci siniflərini bu il bitirmiş ən
nümunəvi, istedadlı, müxtəlif sahələr
üzrə yarış və müsabiqələrin qalibləri
olan 650 məzun iştirak edirdi. Məzunların bayram sevinclərini
bölüşmək üçün tədbirə Təhsil
Nazirliyindən, digər dövlət qurumlarından nümayəndələr,
millət vəkilləri, tanınmış ziyalılar, təhsil
müəssisələrinin rəhbərləri, KİV təmsilçiləri
dəvət olunmuşdular.
Tədbir
Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi
ilə başlandı.
Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
müdiri, respublikanın əməkdar müəllimi Nailə
Rzaquliyeva on bir illik məktəb
mühitindən müstəqil həyata ilk
addımlarını atan gəncləri təbrik etdi.
Çıxışında
təhsilin cəmiyyət həyatının ən önəmli
sahələrindən biri, millətin gələcəyini təmin
edən başlıca amil olduğunu söyləyən
N.Rzaquliyeva ölkəmizin tərəqqisinin məhz cəmiyyətin
gələcək qurucuları olan gənclərdən
asılı olduğunu diqqətə çatdırdı. Qeyd
etdi ki, ulu öndərimiz Heydər Əliyev həmişə
Azərbaycan gəncləri ilə fəxr edirdi. O, gənclərə
müraciətlə deyirdi: "Fəxr edirəm ki, bizim Azərbaycanın
gözəl, göyçək,
istedadlı balaları, övladları var. Fəxr edirəm
ki, Azərbaycanın gələcəyi bu qədər gözəl
təməl əsasında qurulur. Siz bugünkü həyatınızla,
təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə
Azərbaycanın gələcəyinin binasını
qurursunuz...".
N.Rzaquliyeva
"Biz maddi kapitalı insan kapitalına çevirməliyik"
deyən Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin təhsilə xüsusi önəm
verdiyini, ona xüsusi qayğı və diqqət göstərdiyini,
gənclərin savadlı, vətənpərvər, milli-mənəvi
dəyərlərimizi qiymətləndirməyi və
qorumağı bacaran vətəndaşlar kimi yetişməsini
təhsil işçiləri qarşısında əsas vəzifə
kimi qoyduğunu qeyd etdi. Bildirdi ki, bu gün Azərbaycan təhsili,
onun tərkib və avanqard hissəsi olan Bakı təhsili
sürətlə inkişaf edir, yeni-yeni uğurlara imza
atır. Gündən-günə inkişaf edən təhsil
infrastrukturu, əlverişli maddi-texniki baza, yüksək səviyyəli
müəllim potensialı bu uğurların
qazanılmasına imkan yaradır.
Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi ilə birlikdə
keçirilən tədbirlər, müsabiqələr və sərgilər
istedadlı gənclərin yetişməsində, püxtələşməsində
mühüm rol oynayır.
Sonra
N.Rzaquliyeva Bakı təhsilinin uğurlarından söz
açdı. Bildirdi ki, son 4 ilin nəticələrinin
müqayisəsi ali məktəblərə tələbə qəbulunda
Bakı abituriyentlərinin qəbul faizinin durmadan yüksəldiyini
göstərir. Belə ki, bu göstərici 2006-cı ildəki
35 faizə qarşı 2010-cu ildə 45 faiz olmuş, məzunlarımızın
orta balı 232-dən 264-ə yüksəlmişdir. 2010-cu ildə
2 məzunumuz 700, hər 15 abituriyentdən biri 600-dən, hər
4 abituriyentdən biri isə 500-dən yuxarı bal
toplamışdır. Fənn
olimpiadalarının respublika turunda qalib gələn
şagirdlərimizin sayı 2006-cı ildə 48 nəfər
olduğu halda, 2011-ci ildə 108 nəfər olmuşdur. İnanırıq
ki, 2011-ci il məzunları bundan da böyük uğurlar
qazanacaqdır.
N.Rzaquliyeva
təhsilimizin hamisi, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili
Mehriban xanım Əliyevanın təhsilimizə diqqət və
qayğısını da xüsusi vurğulayaraq bütün
bunların təhsil işçilərini daha böyük
uğurlar qazanmağa ruhlandırdığını söylədi.
Bildirdi ki, məhz bu diqqət və qayğı nəticəsində
həyata keçirilən təhsil islahatı öz ilkin nəticələrini
göstərir. Azərbaycan təhsili sürətlə
dünya təhsil sisteminə inteqrasiya olunur. Bizim məzunlarımızın
sorağı indi dünyanın ən nüfuzlu universitetlərindən
gəlir. Bu gün belə gənclərimizin sayı 10000-dən
çoxdur.
Bu
günlərdə daha bir xoş xəbərin onları
sevindirdiyini deyən N.Rzaquliyeva Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 28
iyun 2011-ci il tarixli sərəncamları ilə Bakı şəhərinin
22 məktəbinin "Ən yaxşı ümumi təhsil
müəssisəsi" müsabiqəsinin, 49 müəllimin
isə "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi elan edildiyini diqqətə çatdırdı, bu
yüksək nəticələrin əldə edilməsində
məzunların da payı olduğunu vurğuladı, təhsilə
və təhsil işçilərinə göstərdiyi diqqət
və qayğıya görə dövlətimizin
başçısına minnətdarlığını
bildirdi.
Bakı
təhsilinin rəhbəri üzünü məzunlara tutaraq
dedi:
"Bu
gün cənab Prezidentin qeyd etdiyi insan kapitalı sizlərsiniz,
sizlərin təhsildə qazandığı uğurlardır.
Lakin sizin bundan sonra qazanacağınız uğurlar, həyatda
tutacağınız mövqe çox önəmlidir. Çünki
o uğurlar sonda millətin gələcəyinə xidmət
edəcəkdir. 11 illik məktəb həyatında
qazandığınız bilik və bacarıqları daha da
inkişaf etdirmək, elmin və həyatın müxtəlif
sahələrində özünü təsdiq etmək sizin
qarşınızda duran ən böyük məqsəd olmalıdır.
Biz
inanırıq ki, siz Azərbaycanın layiqli vətəndaşı
kimi harada olmağınızdan asılı olmayaraq Vətəni
ləyaqətlə təmsil edəcək, Azərbaycanın ərazi
bütövlüyü, suverenliyi və Qarabağın
işğaldan azad olunması uğrunda fəal mübarizlər
olacaqsınız".
Sonra
ümummilli lider Heydər Əliyevin və ulu öndərin
siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin
gənclərə göstərdikləri diqqət və
qayğını əks etdirən viteomaterial nümayiş
olundu.
Tədbirdə
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər
Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın
məzunlara təbriki oxundu. Təbrikdə qeyd edilir ki, gənclər
siyasəti hər bir dövlətin siyasətinin ən
mühüm tərkib hissələrindən biridir. Bu siyasətin
qayəsi ölkənin parlaq gələcəyinin təmin
edilməsidir. Onun uğurla həyata keçirilməsi isə
siz məzunlardan - bu gün həyata təzəcə qədəm
qoyan oğlan və qızlardan asılıdır... Qarşıda
sizi təkcə universitet divarları arasında deyil, həyatda
da ciddi sınaqlar, böyük işlər, yeni vəzifələr
və yeni uğurlar gözləyir. Siz artıq
özünüzə peşə seçmək ərəfəsindəsiniz.
Hansı sahəni seçmənizdən asılı olmayaraq
yüksək səviyyəli mütəxəssis olmaq əsasdır.
Çünki müasir dünyada cəmiyyəti yalnız
fundamental bilik və bacarığı olanlar irəli
aparır.
Sonra
meydan istedadlı uşaq və gənclərə verildi. Onlar
maraqlı konsert proqramı ilə çıxış etdilər.
Tədbirdə
bu il Bakı şəhərinin orta məktəblərini əla
təhsillə və nümunəvi davranışla bitirən
29 məzuna qızıl və gümüş medallar təqdim
olundu.
Buraxılış
gecəsində təhsil naziri Misir Mərdanov, Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının sədri
Məleykə Abbaszadə, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri, millət vəkili
Səttar Mehbalıyev çıxış edərək
müstəqil ölkəmizin təhsil tarixində ilk dəfə qızıl və
gümüş medallara layiq görülən məzunları
təbrik etdilər, onlara gələcək həyatlarında
və təhsillərində uğurlar arzuladılar.
Məzunlar onların əməyinə
verilən böyük qiymətə görə təşəkkürlərini
bildirdilər, ölkəmizdə yaradılan əlverişli təhsil
şəraitindən səmərəli istifadənin vacibliyini
qeyd etdilər. Dövlətin təhsilə diqqət və
qayğısının gənclər tərəfindən ruh
yüksəkliyi ilə qarşılandığını
bildirən məzunlar göstərilən etimadı
doğruldacaqlarını vurğuladılar.
"Məzun - 2011" tədbiri
geniş konsert proqramı və disko-əyləncə ilə
davam etdi.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.-
1 iyul.- S.2.