Ağa İsmayıl oğlu Sultanov

 

Ağa İsmayıl oğlu Sultanov 1901-ci ildə Bakı şəhərində anadan olub.

Güzəranın ağırlığına görə ibtidai təhsildən sonra dəmirçi yanında şagird kimi sənət öyrənməyə başlayıb. 1917-ci ildə inqilabi hərəkata qoşulub, 1919-cu ildə bolşevik partiyası sıralarına qəbul edilib.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Hacıqabul və Şamxor (indiki Şəmkir) qəza inqilab komitələrinin sədri (1920-1933), Azərbaycan diviziyasında şobə rəisi və partiya komissiyasının katibi, Stalin rayon Partiya Komitəsi təşkilat şobəsinin müdiri, Gəncə mahal Partiya Komitəsinin katibi, AK(b)P MK-nın ikinci katibi vəzifələrində çalışıb.

1931-ci ildə Ağa Sultanov Azərbaycan Sovet Sosialist Respublikasının xalq maarifi komissarı təyin edilib. Bu dövr respublika tarixində çox mürəkkəb bir dövr idi. Ümumtəhsil məktəblərinin sayı artırılmalı, pedaqoji kadr hazırlığı kəmiyyət və keyfiyyətcə yaxşılaşdırılmalı, elmi-metodik təminat istiqamətində köklü işlər görülməli idi. Sələflərinin başladıqları işi davam etdirməklə yanaşı, Ağa Sultanov yeni uğurlar naminə Xalq Maarifi Komissarlığı əməkdaşlarının imkanlarını səfərbərliyə almış, məktəb tikintisi, tədris ocaqlarının maddi-texniki təchizat sahələrində nailiyyətlər qazanılmasına çalışmışdır.

1933-cü ildə Gürcüstana göndərilib, Axalsix rayon Partiya Komitəsinin katibi vəzifəsində çalışıb. Gürcüstan K(b)P MK və UİK(b)P Zaqafqaziya Ölkə Komitəsinin üzvü olub, Gürcüstan SSR və ZSFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib.

Ağa Sultanov 1936-cı ildə dünyasını dəyişib.

  

 

Azərbaycan müəllimi.- 2011.-  8 iyul.- S.11.