Pedaqogika elminin fəxri

 

Hər hansı elm onun yaradıcıları ilə tanınır və inkişaf edir. Müasir dövrdə Azərbaycanda pedaqogika elminin yaradıcılarından və onu inkişaf etdirənlərdən biri professor Hüseyn Mustafa oğlu Əhmədovdur. Bu yazıda onun şərəfli həyat yolundan söz açmağa çalışacağam.  Hüseyn Mustafa oğlu Əhmədov 1926-cı ilin iyul ayında Qərbi Azərbaycanın Krasnoselski rayonunun Toxluca kəndində anadan olmuşdur. Uşaq yaşlarından müəllimliyə dərin hörmətlə yanaşan Hüseynə VII sinfi bitirdikdən sonra oxuduğu məktəbin ibtidai siniflərində dərs deməyi tapşırırlar. Üç il ərzində praktik yolla ilkin müəllimlik təcrübəsi toplamış Hüseyn Kirovabad (indiki Gəncə) şəhərindəki K.Setkin adına Pedaqoji Texnikumun III kursuna daxil olur. 1947-ci ildə texnikumu "əla" qiymətlərlə bitirən Hüseyn H.Zərdabi adına Kirovabad Pedaqoji İnstitutuna daxil olur və 1951-ci ildə oranı bitirir. Hüseynin bacarığına bələd olan rektorluq onu institutda saxlayır. Gənc Hüseyn bununla da kifayətlənmir, onda alim olmaq meyili yaranır.

 

1952-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) aspiranturasına daxil olan H.Əhmədov Zaqafqaziyada pedaqogika üzrə ilk alimlik dərəcəsi almış Əhməd Seyidov, yaradıcı pedaqoq Mehdi Mehdizadə, Mərdan Muradxanov və başqa görkəmli alimlərin fəaliyyət göstərdikləri kafedrada - əlverişli elm aləmində az vaxt içərisində çox şey öyrənir.

H.Əhmədov aspirantura dövrünü başa vurduqdan sonra (1957-1958-ci illərdə) Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda  (indiki APTPİ) kiçik elmi işçi vəzifəsində işləmişdir. O zaman mən də həmin institutun aspiranturasını yenicə bitirdiyimdən Hüseyn müəllimlə yaxından əməkdaşlıq edirdik. Tezliklə Hüseyn Əhmədovun pedaqoji tədqiqatlarının öz orijinallığı ilə fərqləndiyini hiss etdim. Anladım ki, məktəbin, təhsilin tarixindən yazmaq uzun müddət arxivdə işləməyi, rus, ərəb, erməni, gürcü dillərində tarixi sənədləri diqqətlə araşdırmağı, dövrün siyasi-ictimai tələblərindən baş çıxarmağı, onları dəyərləndirməyi tələb edir. Bu prosesdə sadəcə təsvirə əsaslanmaq deyil, düşünülmüş müqayisələr aparmaq, mühakimə yürütmək, ağıllı ümumiləşdirmələrə əsasən əqli nəticəyə gəlmək tələb olunur.

H.Əhmədov 1958-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun kafedra müdiri, professor Əhməd Seyidovun rəhbərliyi ilə "İbtidai məktəb şagirdlərinin kommunist əxlaqı tərbiyəsində nümunənin rolu və ondan istifadə etmək yolları" mövzusunda namizədlik dissertasiyası, 1972-ci ildə akademik Mehdi Mehdizadənin məsləhəti ilə "XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, axtarışlarında, pedaqogika tarixçisi kimi, üstünlüyü milli pedaqogikanın incilərini üzə çıxarmağa vermişdi. O, Azərbaycan maarifçilərinin, pedaqoji fikir nümayəndələrinin, xüsusilə N.Tusi, A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov, H.B.Zərdabi, S.Ə.Şirvani, S.M.Qənizadə, A.O.Çernyayevski, N.Nərimanov, Ü.Hacıbəyov, R.B.Əfəndiyev, R.Əfəndizadə, Ə.Seyidov və başqalarının ideyalarını öyrənib ümumiləşdirmiş, müasir dövrdə gənc nəslin tərbiyəsində onların ideyalarından istifadənin əhəmiyyətini dəyərləndirmişdi.

Azərbaycan xalqının böyük dövlət xadimi, maarifçi Nəriman Nərimanov pedaqoji irsinin tədqiqi H.Əhmədovun axtarışlarının parlaq səhifələridir. Xüsusi məhəbbətlə bu tədqiqata qoşulan alim hər cür əziyyətə qatlaşaraq Nəriman Nərimanovun təhsil aldığı Qori Seminariyasındakı, ilk dəfə müəllimlik etdiyi Borçalının Qızılhacılı kəndindəki fəaliyyətini öyrənmək üçün Tbilisi arxivində, başqa yerlərdəki fəaliyyətini öyrənmək üçün İrəvan, Həştərxan, Leninqrad, Moskva arxivlərində araşdırmalar aparmış, onun pedaqoji fikirlərinə həsr olunmuş iki kitab çap etdirmişdir.

H.Əhmədovun namizədlik dissertasiyasının elmi rəhbəri professor Ə.Seyidov onu təsadüfən yüksək qiymətləndirməmişdir. O yazmışdır ki, H.Əhmədov xalqımızın məktəb təhsili sahəsində bir əsrdə qazandığı tarixi nailiyyətləri və xarakterik nöqsanları metodoloji və pedaqoji əsasdan düzgün aydınlaşdıraraq məktəb və pedaqoji fikir tariximizin daha da zənginləşməsində çox qiymətli iş görmüşdür. Tədqiqat işi digər Zaqafqaziya xalqları, habelə SSRİ xalqlarının pedaqoji fikir tarixi üçün də son dərəcə faydalı hesab edilməlidir.

H.Əhmədovun doktorluq işinin elmi məsləhətçisi akademik Mehdi Mehdizadə onun tədqiqatı haqqında yazmışdır: "Tədqiqat məktəb təhsilinin ümumpedaqoji sahəsinin böyük bir hissəsini əhatə edir. Azərbaycanda rus dili təlim edilən məktəblərin yaranması və inkişafı tarixi, rus məktəblərinin obyektiv müsbət rolu, "rus-tatar"(Azərbaycan - red.) məktəblərinin tarixi, ana dilində ilk məktəbin yaranması və uşaqların öz ana dilində təhsil almaları və digər aktual məsələlər əsərdə geniş işıqlandırılmışdır. Müəllifin əməyi ondadır ki, o, XIX əsrin məktəb təhsili ilə əlaqədar məsələləri aşkar etmişdir. H.M.Əhmədovun dissertasiyası yaradıcı axtarışların məhsuludur".

Beləliklə, H.Əhmədov bütün fəaliyyətini Azərbaycan təhsilinin tarixi ilə, xüsusilə XIX-XX əsrlərdə məktəbin, təhsilin, pedaqoji ideyaların inkişafı ilə bağlayan vətəndaş alim kimi məşhurlaşmışdır.

Professor H.Əhmədovun elmi diapazonu geniş və rəngarəngdir. Buna əmin olmaq üçün onun yazdığı 500-dən artıq monoqrafiya, kitab, proqram, dərslik, dərs vəsaiti, seçilmiş əsərləri, irihəcmli məqalələr siyahısını nəzərdən keçirmək kifayətdir. Diqqəti cəlb edən cəhət odur ki, bu əsərlərdəki ideyaların bir qismi rus və Avropa xalqlarının dillərində öz əksini tapmışdır.

H.Əhmədov haqlı olaraq Qərbi Avropa pedaqoqları Y.A.Komenski, C.Lokk, J.J.Russo, İ.H.Pestalotsi, R.Ouen, rus pedaqoqları K.D.Uşinski, A.S.Makarenko, N.K.Krupskaya və başqalarının  irsini hərtərəfli öyrənib təhlil etmişdir. Maraqlı cəhət budur ki, o, həmin maarifpərvərlərin ideyalarına yaradıcı yanaşmışdır. Özünəqədərki pedaqoqların ideyalarını mənimsəyərək yaradıcı şəkildə inkişaf etdirən, praktik pedaqogikanın banisi K.D.Uşinskinin pedaqoji ideyalarının təbliğinə xüsusi diqqət yetirmişdir. K.D.Uşinskiyə həsr olunmuş "Uşinski və Azərbaycan" adlı monoqrafiyası Azərbaycan və Rusiya pedaqoji ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.

Hüseyn Əhmədovun bütün qüvvəsini Azərbaycanda məktəb tarixi və pedaqoji fikrin təbliğinə, elmi-pedaqoji kadrların hazırlanmasına həsr etməsi daim diqqəti cəlb etmişdir. Bununla belə, onun fəaliyyətini yalnız pedaqogikanın tarixi sahəsindəki axtarışlarla məhdudlaşdırmaq olmaz.

Tədqiqata pedaqogikanın nəzəri problemi - tərbiyə nəzəriyyəsi sahəsində axtarışlarla başlayan H.Əhmədov sonralar müəlliflərindən biri və redaktoru olduğu "Pedaqogikaya giriş" dərs vəsaitində pedaqogikanın metodoloji məsələlərini işləməyə səy göstərmişdir.

Həmin kitabda pedaqogikanın mövzusu, vəzifələri, mənbələri, tədqiqat metodları sistemi və s. məsələlər yeni aspektdə işlənmişdir. Onun lPedaqogikada qanun və qanunauyğunluq" əsərində, adından məlum olduğu kimi, mühüm nəzəri məsələlər əhatə olunmuşdur. Alimin gənc nəslin tərbiyəsi, ailə tərbiyəsi sahəsindəki yazıları da diqqəti cəlb edir.

H.Əhmədovun ictimai fəaliyyəti də təqdirəlayiqdir. O, doğma pedaqoji universitetdə müxtəlif ictimai işləri bacarıqla yerinə yetirmişdir. Onun Azərbaycan Bilik Cəmiyyətində pedaqogika və psixologiya bölməsinə rəhbərlik etməsi daha çox yadda qalıb. Həmin bölmənin üzvü kimi onunla Bakı, Gəncə, Naxçıvan şəhərlərində, respublikanın bir çox rayonlarında keçirilən tədbirlərdə iştirak edərkən pedaqoji-psixoloji biliklərin yayılması, təhsil ocaqlarında təlimin keyfiyyətinin yüksəldilməsi sahəsində onun xüsusi xidmətlərinin şahidi olmuşam.

Professor H.Əhmədov tədqiqatlarında məktəb, ümumiyyətlə, təhsil problemlərinin öyrənilməsinə xüsusi əhəmiyyət vermişdir. Bu, onun əslən müəllim olmasından irəli gəlir. Onun aşağıda sadalanan əsərləri fikrimizi sübut edir: "XIX əsrin əvvəllərində Azərbaycanda xalq maarifi və məktəb" (1967), "XIX əsrin 40-cı illərində Azərbaycanda xalq maarifi və məktəb" (1968), "Azərbaycanda "rus-tatar" məktəbinin tarixinə dair" (rus dilində, 1969), "Ana dili" dərsliyi tərtibində ilk mərhələ (1930-1980)" (1970), "Azərbaycanda kənd ümumtəhsil məktəbləri tarixi" (1970), "Azərbaycanda orta təhsil müəssisələrinin meydana gəlməsi tarixinə dair" (1970), "XIX əsrdə Azərbaycanda qadın təhsili vəsaitləri tərtibi tarixinə dair" (1970), "XIX əsrdə Azərbaycan dilində dərslik və tədris vəsaitləri tərtibi tarixindən" (1970), "Azərbaycanda sənət məktəblərinin təşkili tarixinə dair" (1971), "XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi" (1972) və s.

O, uzunömürlü məktəblərin yubileyləri ilə əlaqədar kitablar yazıb çap etdirmişdir. "100 yaşlı Yuxarı Salahlı kənd məktəbi" (1978), "100 yaşlı Qarğabazar məktəbi" (1983), "150 yaşlı Şəki məktəbi" (1983), "Salyanda ilk məktəb" (1969), "Qutqaşen məktəbinin 90 yaşı var" (1972), "Dağkəsəmən məktəbinin yaşı yüzdür" (1976), "Lənkəranda ilk dünyəvi təhsil məktəbi" (1982), "Yüz yaşlı Vəndam məktəbi" (1984), "Qubadlıda 100 yaşlı məktəb" (1984) və s. kitabça və məqalələr sırf praktik əhəmiyyət daşıyır. Həmin məktəblərin tarixi inkişaf yolunu araşdıran müəllif oxuculara Azərbaycanda təhsilə marağın mənzərəsini təqdim etmiş və onların rəğbətini qazanmışdır.

Onun yazdığı "XIX əsr Azərbaycan məktəbi" monoqrafiyası millətimizin yüzillik təhsil tarixinin müfəssəl və möhtəşəm salnaməsidir.

H.Əhmədov həm də məharətli müəllimdir. Onun müəllimlik taktı həmişə auditoriyanı razı salmışdır.

O, ömrünün 60 ilini Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlamışdır. Orada assistent, baş müəllim, dosent, kafedra müdiri vəzifəsində işləyən H.Əhmədov gənc müəllim kadrlarının yetişdirilməsində böyük əmək sərf etmişdir.

H.Əhmədov müxtəlif vaxtlarda, müxtəlif yerlərdə müdafiə şuralarının üzvü, sədr müavini və sədri kimi fəaliyyət göstərmişdir. Bununla da o, pedaqoji elmlər üzrə yüksək ixtisaslı kadrların yetişdirilməsində bilavasitə iştirak etmişdir. Onun rəhbərliyi və məsləhəti ilə 50-dən artıq elmlər namizədi və doktoru yetişmişdir.

Azərbaycanda məktəb və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı olan H.Əhmədov həm də onun layiqli təbliğatçısıdır. Onun təşkil etdiyi beynəlxalq konfranslar Azərbaycan pedaqoji aləmini bir çox ölkələrdə aparılan tədqiqatlarla tanış etdiyi kimi, Moskva, Leninqrad, Kiyev, Riqa, Daşkənd, Səmərqənd, Tbilisi, Poltava, Penza, Ulyanovsk və başqa şəhərlərdə keçirilmiş simpozium və konfranslarda Azərbaycanda pedaqoji tədqiqatların nəticələrini təbliğ etmişdir.

Hüseyn Əhmədovun fəaliyyətini şöhrətləndirən cəhətlərdən biri məhz onun öz ideyalarını təbliğ etməsidir. Onun təşəbbüsü ilə keçən əsrin 70-ci illərində lAzərbaycan məktəb və pedaqoji fikir tarixi" adlı proqram hazırlanmış (professor M.Muradxanov və Ə.Tağıyevlə birgə), həmin adda kurs formalaşmış, H.Əhmədov Azərbaycan və rus dillərində dərsliklər tərtib etmiş və pedaqoji təmayüllü ali təhsil ocaqlarında tədrisinə nail olmuşdur.

O, Azərbaycan ETPEİ-də hazırlanıb Moskvada çap olunmuş "Azərbaycan pedaqoji fikir antologiyası"nın, "SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər"in I və IV cildlərinin, ikicildlik pedaqoji lüğətin, Azərbaycan Sovet Ensiklopediyasının IV və X cildlərinin  müəlliflərindən biri olmaqla milli məktəb və pedaqogikamızın doğma Vətənimizin hüdudlarından kənarda təbliğinə dair çox iş görmüşdür.

Onun "XIX əsrdə Azərbaycan məktəbi", "Azərbaycan pedaqogika tarixi", "N.Nərimanovun pedaqoji ideyaları" adlı kitabları Azərbaycan pedaqoji elminin qızıl fonduna daxil olmuşdur.

Azərbaycanın elm, təhsil mədəniyyəti ilə əlaqədar sənədlərin dəyərini düzgün qiymətləndirən H.Əhmədov belə bir qənaətə gəlmişdir ki, onların mikrofilmlərinin kompüter vasitəsilə kağıza köçürülməsi (təxminən 40 cilddən ibarət) gənc tədqiqatçıların işini xeyli yüngülləşdirər. Bu, pedaqogika elminə qiymətli hədiyyədir.

Professor Hüseyn Əhmədovun fəaliyyətinin özünəməxsus cəhətlərindən biri pedaqoji tənqidin olmadığı hazırkı dövrdə mətbuatda bir neçə dəyərli  tənqidi məqalə ilə çıxış etməsi, söylənilən fikirlərdə dəqiqliyin, obyektivliyin gözlənməsini tələb etməsidir. O, həmkarlarını fikir söyləyərkən diqqətli olmağa çağırır.

Hüseyn Əhmədov pedaqogika tarixi sahəsindəki dəyərli axtarışlarına, gərgin əməyinə görə nəinki doğma Vətənində, həmçinin MDB ölkələrində, xaricdə ən çox tanınmış alimdir.

H.Əhmədovun dəfələrlə keçmiş SSRİ PEA-nın Rəyasət Heyətinin yığıncaqlarında dərin məzmunlu çıxışlarının necə heyrət doğurmasının şahidi olmuşam. Görkəmli pedaqogika tarixçiləri həmişə onunla razılaşırdılar.

Rusiya Təhsil Akademiyasının prezidenti, akademik N.D.Nikandrov yazır: "Hüseyn Əhmədovun geniş yaradıcı diapazonu, pedaqogika tarixi və nəzəriyyəsinin aktual problemlərinin həlli sahəsində onun cəsarətli addımları, alimin orijinal  ideyaları pedaqoji fikir mühitində böyük hörmət qazanmağa imkan vermişdir. O, respublikada mükəmməl məktəb yarada bilmişdir".

Belə yüksək xidmətlərinə görə H.Əhmədovun əməyi həmişə layiqincə qiymətləndirilmişdir. Onun yalnız elmi xidmətlərinə görə aldığı adların, təltiflərin tam olmayan siyahısını nəzərdən keçirək: Hüseyn Əhmədov 1973-cü ildə "Azərbaycan SSR qabaqcıl maarif xadimi", 1977-ci ildə "SSRİ maarif əlaçısı" döş nişanları ilə təltif edilmişdir. 1981-ci ildə ona "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı verilmiş, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilmişdir. O, 1990-cı ildə SSRİ PEA-nın müxbir üzvü, 1993-cü ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının, həm də Beynəlxalq PEA-nın həqiqi üzvü seçilmişdir. 1998-ci ildə Beynəlxalq Pedaqoji Akademiyanın "Y.A.Komenski adına Böyük Qızıl Medalı" ilə, 2005-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk dünyasına hizmet" qızıl medalı ilə təltif edilmişdir. 2006-cı ildə "El gücü" Beynəlxalq Humanitar Assosiasiyasının qərarı ilə Heydər Əliyev adına "Əsrin Akademiyası"na həqiqi üzv qəbul olunmuşdur. Həmin ildə Amerika Beynəlxalq Ekspert və Bioqrafiya Araşdırmalar İnstitutu tərəfindən pedaqogika elminin məharətli bilicisi elan edilmişdir. O, zəngin və çoxcəhətli axtarışları ilə Azərbaycan pedaqoji fikrinin korifeyi səviyyəsinə yüksəlmişdir.

Azərbaycanın heç bir pedaqoqu belə yüksək qiymətə layiq görülməmişdir.

Ömrünün müdrik çağında qocaman pedaqoq yenə də gənclik həvəsi ilə çalışır, təhsilimizin, millətimizin gələcək inkişafı naminə axtarışlar aparır. 85 illik yubileyi münasibətilə səmimi, mehriban insan kimi ürəklərdə özünə yer tapan H.Əhmədova möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıram.

 

 

Yəhya KƏRİMOV

 

Azərbaycan müəllimi.- 2011.- 15 iyul.- S.7.