İxtisasartırma
kurslarında "açıq dərs"lər
İyun ayında Bakı
Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutu orta ümumtəhsil məktəbləri müəllimlərinin
kurslarını təşkil etmişdir. Kimya müəllimlərinin
190 nömrəli məktəbdə təşkil olunan kursunda
70 nəfərdən artıq müəllim iştirak
etmişdir. 98 saatlıq kursun 76 saatı "kimya və onun tədrisi
metodikası" üzrə mühazirə və seminar məşğələlərinə
ayrılmışdır.
Məşğələlərdə
kimya fənn kurikulumunun mahiyyəti və məzmunu, təlim
strategiyaları ilə bağlı daha ətraflı məlumat
verilmişdir. Kurs tədbirlərində qabaqcıl kimya müəllimlərinin
iş təcrübəsindən, təlim və tədrisin
müasir tələblərindən mühazirə və
seminar məşğələləri
aparılmışdır. Uzun illərin əldə olunmuş iş təcrübəsinə
əsaslanaraq kursun
iştirakçıları ilə "açıq dərs"lərin
təşkili və keçirilməsini məqsədəuyğun
hesab etdik.
Sabunçu rayonundakı 107 nömrəli
məktəbin kimya müəllimi Mayıl Məmmədovun XI
siniflərdə tədris olunan "Aminturşular, quruluşu
və xassələri" mövzusuna aid dediyi dərs müəllimlərin
marağına səbəb oldu. 90
dəqiqəlik məşğələnin 45 dəqiqəsi dərsin
gedişinə, qalan 45 dəqiqəsi isə dərsin müzakirəsinə həsr
olundu. Müəllim dərsin əvvəlcədən
hazırlanmış planını və gedişinin mərhələlərini
elan edir. Qrupda olan müəllimləri yarımqruplara
ayırır. Keçən dərslə bağlı olaraq
müəllimlərlə frontal sorğu keçirir və yeni
mövzunun mənimsənilməsini
təmin edən işçi vərəqlərini müəllimlərə
paylayır. 10-15 dəqiqə müddətində tədqiqat
aparılır və nəzərdə tutulan təcrübələr
yerinə yetirilir. Təcrübələr üçün
lazım olan resursları Mayıl müəllim özü ilə
gətirmişdi. Müəllim dərsin sonunda yarımqruplarda
aparılan tədqiqat prosesinin nəticəsini
araşdırmaq məqsədi ilə frontal sorğu apardı.
Mövzunun tədrisində nəzərdə tutulan məqsədə
necə nail ola bilməsini Mayıl müəllim qeyd etdikdən
sonra dərsin gedişi kursun müəllimləri tərəfindən
mərhələlərlə
müzakirə edildi.
Daha bir iş günündə IX sinfin proqram materialı əsasında
"Fosfor, təbiətdə yayılması, allotropik şəkildəyişmələri,
alınması və xassələri"nin tədrisinə həsr
olunan dərsin gedişi dinlənildi. Nəsimi rayonundakı 111 nömrəli məktəbin
kimya müəllimi Aynur Şahvələdova dərsin
gedişini MİMİO lövhədən istifadə etməklə
təşkil etmişdi. Dinləyicilərin fəallığını
təşkil etmək məqsədi ilə Aynur müəllim müsahibəli şərh və
BİBÖ təlim üsullarından da istifadə edə bilmişdir. Dərsin
gedişində İnternetdən götürülən
materiallardan istifadə etməklə nümayiş etdirilməsi
mümkün olmayan təcrübələrin göstərilməsinə
nail olan Aynur müəllim
fosforun allotrop şəkildəyişmələrini,
onların xarakter xassələrini, fosforun sənayedə necə
alınmasını göstərdi. Müəllimlərin fəallığının
yaradılması
üçün mövzu ilə bağlı olan suallar
MİMİO lövhədə verildi, sinifdən müxtəlif
cavablar alındıqdan sonra daha düzgün cavablar lövhədə
göstərildi. Kimya dərslərində elektron vəsaitlərdən
istifadə etmək tədris prosesini daha maraqlı edir və
öyrənənlərin bilik və bacarıqlarının
inkişaf etməsinə yaxşı təsir göstərir.
X sinifdə "Etilenin quruluşu,
alınması və xassələri" mövzusunda olan
"açıq dərs"i
Binəqədi rayonundakı 182 nömrəli məktəbin
müəllimi Zərövşən Ömərova maddənin
fiziki və kimyəvi xassələrinin onun molekulyar
quruluşu ilə əlaqələndirilməsinə həsr
etmişdi. Qabaqcadan hazırlanmış dərsin planı ilə
müəllimlər tanış edildi.
Mövzu: Etilen, onun molekul quruluşu,
alınması, xassələri və tətbiqi.
Məqsəd: 1.Etilenin molekulunun sadə
və elektron quruluşu, molekulundakı rabitələrin təbiəti.
2.Etilen karbohidrogenlərinin homolojı
sırası və izomerliyi.
3.Etilenin alınması, xassələri və
tətbiqi.
Strategiya:1.Təlimin forması-qruplarda
iş.
2.Təlim üsulları: Müsahibəli
şərh, Venn diaqramı ilə müqayisə, BİBÖ,
müstəqil işlər.
Resurslar: Sorğu və iş vərəqləri,
mil və kürəciklər, sınaq şüşəsi,
qazaparan şüşə boru, rezin tıxac, qatı sulfat
turşusu, spirt, bromlu su, kaliumpermanqanat məhlulu, xlorid
turşusu, lakmus məhlulu, kibrit, spirt lampası.
Dərsin gedişi: 1.Sinfin təşkili.
2.Keçən dərsə aid qiymətləndirmə. 3.Yeni
mövzunun motivasiyası və ya problemli şərhi.
4.Sorğu vərəqləri ilə tədqiqatın
aparılması və ümumiləşdirilməsi. 5.Əldə
olunan bilik və bacarıqların tətbiqi. 6.Qiymətləndirmə.
Müəllimlər yarımqruplarda
işçi vərəqləri əsasında tədqiqatlarını
aparmaqla bərabər Zərövşən müəllimin
etilenin alınmasına və kimyəvi xassələrinə
aid apardığı təcrübələrə
də diqqət verirdilər. Venn diaqramı ilə etan və
etilenin quruluşları arasında olan oxşar və fərqli
cəhətlər müqayisə edilirdi. BİBÖ cədvəlində
isə müəllimlər mövzu ilə bağlı nəyi
bildiklərini, nəyi bilmək istədiklərini və nəyi
öyrəndiklərini qeyd etməklə yeni metodik məlumatlara
yiyələndiklərini öyrəndilər.
Dərsin gedişində Zərövşən müəllim
etilenin bəzi kimyəvi xassələrinə və tətbiq
sahələrinə aid İnternetdən əldə etdiyi
materialları da kompüter və proyektorun vasitəsi ilə
nümayiş etdirməklə dərsini daha maraqlı
qurmağa çalışmışdır. Hər
üç dərsin müzakirəsində müəllimlər
fəallıq göstərdilər.
Kursların gedişində Yasamal
rayonundakı 53 nömrəli məktəbin müəllimi Kəmalə
Əfəndiyeva, 286 nömrəli məktəbin müəllimi Naibə Əhmədova,
Nəsimi rayonundakı 54 nömrəli məktəbin müəllimi
Fatma Həsənova, Binəqədi rayonundakı 182 nömrəli
məktəbin müəllimi Pərviz Mirzəyev və bir
çox müəllimlərin fəallığı qeyd
olunmalıdır.
Dərslərin müzakirəsində
müəllimlər belə bir fikrə gəldilər ki, təhsil qanununun həyata
keçirilməsinin uğurlu nəticələrindən biri
də təlim və tədris
prosesində kimya fənn kurikulumunun xarakter xüsusiyyətlərindən
və təlim strategiyasının tələblərindən
olan dərslərin müasir təlim prinsipləri əsasında təşkilinə
keçilməsidir.
Kurs məşğələləri
başa çatdıqdan sonra
kursun rəhbəri, Təbiət elmləri
kafedrasının baş müəllimi, kimya üzrə fəlsəfə
doktoru Aydın Əhmədzadənin məsləhəti ilə
yekun yığıncağı keçirildi. Tədbirdə kimya dərsliklərinin müəlliflərindən
olan pedaqoji elmlər doktoru Mütəllim Abbasov, məşğələlərin
fəal aparıcılarından olan
Təhsil Problemləri İnstitutunun əməkdaşlarından
pedaqogika üzrə fəlsəfə doktorları Akif Əliyev
və Mürşüd Fərəcov
və 70-dən artıq müəllim iştirak
etmişdir.
Yığıncaqda fənn müəllimləri
kimya dərsliklərində hər bir mövzunun sonunda çalışmaların
verilməsinin xeyli
azaldılmasından, kimya proqramında verilən laborator və
praktik işlərin yerinə yetirilə bilməməsinin
çətinliklərindən, dərsliklərə əlavə
olan kimyadan çalışma və məsələlər vəsaitinin olmamasından, belə
tədbirlərin keçirilməsinin əhəmiyyətindən
danışdılar.
Mütəllim
Abbasov müəllimlərin dərsliklərlə
bağlı olan fikirlərinə səmimi şəkildə qənaətləndirici
cavab verdi. Daha sonra müəllimlər kursun gedişi
zamanı onları təmin edən fənn
kurikulumlarının mahiyyəti və məzmunundan, kimyanın
tədrisində elektron vəsaitlərdən istifadənin
formalarından, seminar məşğələlərinin
gedişində "açıq dərs"lərin təşkilinə
daha çox diqqət verilməsindən danışdılar.
Kursun aparılmasında iştirak edən mühazirəçilərin də
fəaliyyətinə münasibət bildirildi.
Mürşüd
FƏRƏCOV
Azərbaycan
müəllimi.- 2011.- 15 iyul.- S.6.