"Məhəmmədhüseyn
Şəhriyarın sənət dünyası" mövzusunda beynəlxalq elmi
konfrans
Naxçıvan Dövlət Universitetində
İran İslam Respublikasının Naxçıvandakı
Baş Konsulluğunun mədəniyyət mərkəzi ilə
birlikdə böyük Azərbaycan - İran şairi Seyid Məhəmmədhüseyn
Şəhriyara həsr olunmuş lMəhəmmədhüseyn
Şəhriyarın sənət dünyası» mövzusunda
beynəlxalq elmi konfrans keçirildi.
Ali məktəbin rektoru, akademik İsa Həbibbəyli qonaqları salamlayaraq konfransın
keçirilməsində məqsədin iki qonşu ölkə
arasında mədəni əlaqələrin, dostluq münasibətlərinin
möhkəmləndirilməsindən ibarət olduğunu
bildirdi. Qeyd olundu ki, şeiri həyatın ən böyük
möcüzəsi adlandıran «Şərq
dünyasının hafizi» -
Şəhriyar öz möhtəşəm
poeziyası ilə sərhədsiz söz dünyamızın
mənəvi bütövlüyünün daha möhkəm,
daha əzəmətli olmasına əvəzsiz xidmətlər
göstərmiş, Yaxın Şərq ədəbiyyatını
təravətli obraz və ifadə vasitələrilə zənginləşdirmiş,
dünya poeziyasına «Heydərbabaya salam» kimi yüksək dərəcədə
xəlqi və sənətkarlıq baxımından nadir əsərlərdən
birini töhfə vermişdir.
İran İslam Respublikasının
Naxçıvandakı baş konsulu Məhəmmədtağı
Məhəmmədəli konfransın əhəmiyyətini
vurğulayaraq Şəhriyarın yazdığı
bütün üslublarda yalnız bir mövzunun - Vətənin
mənəvi bütövlüyünü görmək, can
qardaşlarının xoş sədasını eşitmək
mövzusunun üstünlük təşkil etdiyini və
hansı dildə yazmasından asılı olmayaraq həmişə
vicdanın səsinə qulaq asan, başından keçən
fikirləri səmimiyyətlə əks etdirən dahi bir sənətkar
olduğunu dedi.
Sonra məruzələr dinlənildi.
Naxçıvan Dövlət Universitetinin tədris işləri
üzrə prorektoru, filologiya üzrə fəlsəfə
doktoru, dosent Hüseyn Həşimlinin «Şəhriyar şeirlərinin
janr xüsusiyyətləri», Təbriz Universitetinin Ədəbiyyat
kafedrasının müəllimi, filologiya elmləri doktoru,
dosent Əbülfəz Əli Mühəmmədinin «Şəhriyarın
ədəbi məktəbi», Naxçıvan Dövlət
Universitetinin «Qeyrət» nəşriyyatının direktoru,
tarix üzrə fəlsəfə doktoru Vaqif Məmmədovun
«Ustad Şəhriyara ithaf olunan şeir və nəzirələr»,
Urmiya Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Məhbub Taleyinin «Ustad Şəhriyarın
sözlərində nöqtələr, dəyərlər və
irfaniyyə», Naxçıvan Dövlət Universitetinin Azərbaycan
ədəbiyyatı kafedrasının dosenti Xanəli Kərimlinin
«Azərbaycan poeziyasında Şəhriyar mövzusu» adlı məruzələri
dinlənildi. Urmiya Universitetinin Ədəbiyyat
kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə
doktoru Mənsur Şükrinin, həmin kafedranın müəllimi,
filologiya üzrə fəlsəfə doktoru Müzəffər
Xudavəndigar Muğanın, Ərdəbil Universitetinin Ədəbiyyat
kafedrasının dosenti, filologiya üzrə fəlsəfə
doktoru Əsgər Şahinin
ifasında Şəhriyara həsr olunmuş şeirlərinin
bədii qiraəti səsləndi, İran Mədəniyyət
şöbəsinin müdiri Əli Əkbər Talehi Mətinin
çıxışı oldu. Sonda xatirə hədiyyələri
təqdim olundu.
Konfrans öz işini İran İslam Respublikasının
Poldəşt şəhərində davam etdirdi. Naxçıvan
nümayəndə heyəti ustad Şəhriyarın Poldəşt
şəhərindəki heykəlini ziyarət edərək əklil
qoydu. Sonra şəhərlə
tanışlıq oldu.
Nərmin
CƏFƏROVA
Azərbaycan
müəllimi.- 2011.- 22 iyul.- S.5.