Dərslik -  əhəmiyyətli təhsil vasitəsi

 

Mükəmməl hazırlanmış dərslik həm müəllimlərə, həm də şagirdlərə böyük faydalı olması ilə bərabər tədris-təlim prosesinə  bələdçilik edir.  Dərslik hər vaxt əhəmiyyətli bir təhsil vasitəsi olmaqla yüksək qiymətləndirilmişdir.  Sivilizasiyalı bir cəmiyyətin meydana gəlməsində, müasir, azad və tənqidi düşünmə gücünə, geniş bir dünyagörüşünə sahib, cəmiyyətə qarşı məsuliyyət duyan, insan hüquqlarına hörmət edən, şüurlu, yaradıcı nəsillərin yetişməsində dərsliklərin rolu böyükdür. Çünki dərsliklər təhsilin məqsədlərini reallaşdırmaq üçün şagirdin öyrənmə fəaliyyətinə istiqamət verən, geniş şəkildə istifadə edilən, hətta bəzi hallarda tək tədris vasitəsidir.

 

Öyrətmə və öyrənmə müddətində şagirdlərin nələr öyrənə biləcəyini və müəllimlərin isə nələr öyrədəcəyini müəyyən edən dərsliklər əhəmiyyətli gücə malikdir.

Azərbaycanda da dərsliklər əsas məlumat qaynağıdır.

Dərsliklər içində "Azərbaycan dili"nin müstəsna yerinin olduğunu söyləməklə səhv etmərəm. Çünki ana dilinin öyrənilməsi şagirdlərin ünsiyyət qabiliyyətlərini genişləndirir, onlarda nitq fəaliyyətlərinin növləri ilə yanaşı, düşünmə, öyrənmə və danışma bacarıqlarını formalaşdırır.

Ana dili uşağın yaşadığı ətraf aləmin  və bağlı olduğu ictimai mühitin məhsuludur. Uşaq ətrafı, cəmiyyəti və bu cəmiyyətin qoruyub saxladığı, inkişaf etdirdiyi mədəni təcrübəsini ana diliylə qəbul edib qavrayır.

Şagirdlər bu fənn vasitəsilə milli mədəniyyət nümunəsi kimi ana dilini öyrənir, onun səs sisteminə, lüğət ehtiyatına, üslubi-qrammatik xüsusiyyətlərinə yaxından bələd olur, elmi, bədii, publisistik və diqər üslublarda yaradılmış ədəbiyyat nümunələri ilə tanış olmaqla yanaşı, eyni zamanda öyrənəcəkləri digər fənlərin daha yaxşı mənimsənilməsinə zəmin yaradır. Bütün bu bacarıqlar isə ibtidai təhsil pilləsindən etibarən qazandırılmağa başlanılır.

Müasir dövrdə  təhsildə gedən islahatlar, Milli Kurikulum və fənn kurikulumunun tətbiqi bu işi bir daha aktuallaşdırır. Ana dili kurikulumunda nəzərdə tutulan fənn məqsəd və vəzifələrini müəyyənləşdirən standartların reallaşması, şagirdlərə ana dilini sevdirəcək əlifbanın öyrədilməsi, oxu və yazı texnikasının, hüsnxət qaydalarının, düzgün, sürətli, şüurlu və ifadəli oxu üzrə ilkin bacarıqların mənimsənilməsi, lüğət ehtiyatının tədricən zənginləşdirilməsi, ən zəruri qrammatik qaydaların və ədəbi tələffüz normalarının tətbiq olunması, ekspressiv nitq bacarıqlarının formalaşdırılması, Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti və adət-ənənələri haqqında ilkin anlayışların yaradılmasını təmin edəcək dərsliklərə daha çox üstünlük verməliyik.

Bu səbəbdən ibtidai təhsil pilləsindəki uşaqlar üçün yazılacaq dərsliklərin xüsusiyyətləri ön plana çıxmalıdır. Ənənəvi proqrama görə hazırlanan dərsliklərdə şagirdlərə məlumatlar hazır verilməkdə idi. Müəllim və şagirdin sinif içində fəaliyyətləri dərslikdəki məlumatlarla kifayətlənirdi. Bu vəziyyət müəllimin  azad və sərbəst hərəkət etməsini məhdudlaşdırırdı. Şagird təqdim edilən məlumatları öyrənirdi. Bu isə şagirdləri əzbərçiliyə sövq etməklə yanaşı passivliyə aparırdı.

 Ana dili kurikulumunda isə  hər bir  mövzuda verilən biliklərin  həyatda istifadə edə biləcəyimiz bacarıqlardan ibarət olduğunu bilərək, dərsliklərdə o bacarıqların əldə olunmasını təmin edəcək məlumatlar və çalışmalar olmalıdır. Bu baxımdan, yeni dərsliklər şagirdlərin müxtəlif fəaliyyətlər yolu  ilə öyrənilməsi lazım olan məlumatları özlərinin əldə  edərək  öyrənməsini təmin edir. Beləcə fəaliyyətlər şagirdləri araşdırmağa, düşündürməyə yönəldir. Ayrıca yeni dərsliklər demokratik anlayışın formalaşmasına  xidmət edərək  müasir təfəkkürə malik şəxsiyyətlərin formalaşmasına zəmin yaradır.

Bu gün Azərbaycan dili dərsliklərinin ciddi araşdırılması və qiymətləndirilməsi onları daha da  mükəmməl  edir.

Hər sinif üçün dərsliyin komplekt hazırlanması müasir təhsil islahatlarının ən əhəmiyyətli yeniliklərindən biridir.

Dərslik komplektlərinin əhəmiyyəti çox böyükdür:

* Təhsil prosesində müəllim-şagird fəaliyyətinin  tam təsəvvür olunmasını və üzvi şəkildə əlaqələndirilməsini təmin edir.

* Müəllimin planlaşdırmadan qiymətləndirməyə  qədər  bütün fəaliyyətini istiqamətləndirir.

* Təlim prosesində şagirdlərin müstəqilliyinin və tətbiq bacarıqlarının genişlənməsinə imkan yaradır.

* Təlim marağını gücləndirir, şagirdləri axtarışlara, yeni məlumatlar əldə etməyə sövq edir.

* Məntiqi və yaradıcı təfəkkürü inkişaf etdirir.

* Tətbiqi xarakter daşımaqla zəruri həyati bacarıqların formalaşmasına zəmin yaradır.

* Fəndaxili və fənlərarası inteqrasiya  imkanlarını genişləndirir.

* Fəal təlim şəraitinin yaradılmasını tələb edir.

* Şagirdlərin fərqli idraki imkanlarının nəzərə alınmasına şərait yaradır.

Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsi yeni dərsliklərin hazırlanması və qiymətləndirilməsində bu kriteriyaları əsas tutur. Dərsliklərin qiymətləndirilməsində obyektiv olaraq məzmun standartlarını özündə cəmləşdirən, şagirdlərin müstəqilliyini, tətbiq bacarıqlarını təmin edən və onların məntiqi və yaradıcı təfəkkürlərini inkişaf etdirən, həyati bacarıqları formalaşdıran ən mükəmməl dərslikləri şagird və müəllimlərin ixtiyarına verir.  Elə bu istiqamətdə aparılan çoxsaylı işlərin məntiqi ardıcıllığı olaraq  2011-ci ilin 13-19 fevral tarixlərində 16 nəfərdən ibarət işçi qrupu Türkiyə Respublikası Təhsil Nazirliyi Təlim-Tərbiyə Kuruluna ezam olunmuşduq.  Mənim də qatıldığım bu qrupda müxtəlif fənlər üzrə dərsliklərin qiymətləndirmə komissiyalarında  iştirak etdik.

Biz türkcə qiymətləndirmə komissiyasında həmkarlarımızın təcrübəsi ilə yaxından tanış olmağa, fikir mübadiləsi etməyə və öyrənməyə çalışdıq. Öyrəndiklərimdən bir qismini qeyd edirəm:

* Mətnlər gündəlik həyatdan alınmalı;

* Dərslik komplektinin bir-birinə uyğunluğu;

* Şəkillərə geniş yer verilməli;

* Şəkillər mətnin  mənasının başa düşülməsini asanlaşdırmalı;

* Öz fikrini ifadə etmə və mətnqurma fəaliyyətlərinə daha çox yer verilməli;

* Çalışmalar şagirdin diqqətini çəkməli, mövzuya marağı  artırmalı;

* Mövcud çalışmalar qrammatika terminləri əzbərçilikdən qurtararaq praktik hala gətirməli;

* Dərslər əyləncəli və daha öyrədici hala gəlməli;

* Mövzuların ardıcıllığı asandan-çətinə doğru olmalı;

* Verilən çalışmalar şagirdlərdə məfhumların daha erkən yaşlarda müqayisə etmə bacarığı meydana gəlməsini təmin etməli;

* Qrammatik qaydaların lazımi miqdarda öyrədilməsini təmin edən çalışmalar olmalı;

* Məqsəd ilə qiymətləndirmə meyarları arasında əlaqə olmalı;

* Qiymətləndirmə  daha sadə və tətbiq oluna bilən hala gətirilməli;

* Sinifdənxaric oxunun qiymətləndirilməsi üçün hekayə, şeirs. kimi materiallarla təmin edilməli;

* Bir dərs saatı boyunca müəllimin dərsdə verəcəyi bütün fəaliyyətlər detallarıyla, bir qismi təkliflər şəklində verilməli;

* Çalışmalar şagirdlərin maraq, tələb və ehtiyaclarına uyğun verilməli;

* Fənlərarası inteqrasiyaya yer verilməli;

* Məzmun şagirdyönümlü  nəticəyönümlü olmalı;

* Şagirdləri araşdırmağa və texnologiyadan faydalanmağa yönləndirməli;

* Digər dərslərlə əlaqələndirilməlidir.

Araşdırmalar göstərir ki, respublikamızda dərsliklərin tərtibatı və hazırlanmasında dünya pedaqoji təcrübəsində mövcud olan bir çox müasir və mütərəqqi cəhətlər nəzərə alınır. Yuxarıda göstərilən kriteriyaların fənn kurikulumu tətbiq olunan siniflər üçün olan  dərsliklərdə öz əksini tapması, türkcə qiymətləndirmə komissiyasında bizim təqdim etdiyimiz 3-cü sinif Azərbaycan dili dərsliklərinə verilən qiymət də bunu təsdiq edir.     

 

İradə BAYRAMOVA

Azərbaycan müəllimi.- 2011.- 29 iyul.- S.5.