Respublikanın ilk peşə-ixtisas təhsili müəssisələrinin 2011-ci il üçün şagird qəbulu və buraxılış planları barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikasında bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət və qeyri-dövlət müəssisələrinin ixtisaslı fəhlə kadrların hazırlanması ilə bağlı  sifarişlərini, həmçinin Nazirlər Kabinetinin 27.06.2002-ci il tarixli 679 nömrəli qərarı ilə təsdiq olunmuş "Peşə təhsili sahəsində ixtisas və ixtisaslaşma klassifikatoru"na uyğun olaraq ilk peşə-ixtisas təhsili müəssisələrinin müvafiq peşələr üzrə kadrlara olan tələbatını nəzərə alaraq

 

ƏMR EDİRƏM:

 

1. 2011-ci il üçün ayrı-ayrı ilk peşə-ixtisas təhsili müəssisələri üzrə şagird qəbulu planı ümumilikdə 16895 nəfər, o cümlədən dövlət vəsaiti hesabına 14190 nəfər, ödənişli əsaslarla 2705 nəfər, buraxılış planı 14468 nəfər, o cümlədən ödənişli əsaslarla 1793 nəfər olmaqla təsdiq edilsin (şagird qəbul planı əlavə olunur).

2. Ağdam, Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarının və Şuşa şəhərinin fəaliyyəti müvəqqəti dayandırılmış peşə məktəblərinə (24, 126, 131, 144, 72 nömrəli texniki peşə məktəbləri) şagird qəbulu məsələsinə həmin məktəblərin  fəaliyyəti tam bərpa olunduqdan sonra baxılsın.

3. İqtisadiyyat şöbəsi  (Ş.Əliyev), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) ilk peşə-ixtisas təhsili müəssisələri üzrə təsdiq edilmiş şagird qəbulu planı daxilində ayrı-ayrı peşələr üzrə şagird qəbulunun planlaşdırılmasını və bu zaman aşağıdakı meyarların əsas kimi götürülməsini, habelə təhsil bazasının müəyyənləşdirilməsini və bu barədə məlumatların müvafiq təhsil müəssisələrinin nəzərinə çatdırılmasını təmin etsinlər:

3.1. Ümumtəhsil fənlərindən buraxılış imtahanlarında müvəffəqiyyət səviyyəsi 50%-dən aşağı olan ilk peşə-ixtisas təhsili müəssisələrində ümumi orta təhsil bazası üzrə 3 illik təhsil qruplarının azaldılması;

3.2. Məzunların məşğulluq səviyyəsi 60%-dən yuxarı olmayan ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planının artırılmaması.

4. Peşələr üzrə şagird qəbulu planında dəyişiklik edilməsi zərurəti yarandıqda, bu məsələ  təsdiq edilmiş ümumi qəbul planı  daxilində həll edilsin.

5.  Aidiyyəti ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılsın:

5.1. Şagird qəbulu planının sentyabr ayının 15-nə qədər yerinə yetirilməsini təmin etsinlər.

5.2. Şagird qəbulu və buraxılışına dair statistik hesabatları müəyyən edilmiş müddətlərdə nazirliyə təqdim etsinlər.

6. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və digər bütün rayon (şəhər) təhsil şöbələri ilk peşə-ixtisas təhsili müəssisələrinə  şagird qəbulu ilə bağlı lazımi köməklik göstərsinlər.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Sənətkar" jurnalında dərc edilməsini təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

15 iyul 2011-ci il

 

Azərbaycan müəllimi.- 2011.- 22 iyul.- S. 2.