Təhsil Nazirliyində görüş

 

İyunun 2-də təhsil naziri Misir Mərdanov Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko ilə görüşüb

 

Təhsil naziri Misir Mərdanov qonağı səmimi salamlayaraq Azərbaycanla Ukrayna arasında səmərəli əlaqələrin mövcudluğunu və təhsil sahəsinin bu əlaqələrdə xüsusi yeri olduğunu qeyd edib. İkitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin məqsədəuyğunluğundan söz açan nazir istər universitetlərarası, istərsə də orta təhsil sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətini nəzərə çatdırıb.

Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirən səfir Aleksandr Mişşenko Azərbaycan təhsilinin inkişafı və əldə olunmuş müsbət təcrübə barədə məlumatı olduğunu qeyd edib. Ölkəsinin ali məktəbləri haqqında ətraflı məlumat verən Aleksandr Mişşenko Ukrayna universitetlərinin bir çox ixtisaslar üzrə kadr hazırlığı baxımından qazandığı nailiyyətləri qeyd edib, müvafiq sahədə əməkdaşlığın məqsədəuyğunluğunu önə çəkib.

Azərbaycan və Ukrayna ali məktəbləri arasındakı qarşılıqlı əlaqələrə toxunan səfir bu baxımdan Bakı Slavyan Universitetinin rolunu xüsusi olaraq diqqətə çatdırıb. Təhsil işçilərinin qarşılıqlı səfərlərinin təşkili məsələsindən söz açan Aleksandr Mişşenko qeyd olunan istiqamətdə bir sıra təkliflərini irəli sürüb. Azərbaycanda orta təhsil sahəsində aparılan islahatların tədrisin keyfiyyətinin yüksəlməsində özünü büruzə verdiyini vurğulayan qonaq Bakı Avropa Liseyinin iş təcrübəsini xüsusilə təqdir edib, bu tədris ocağının ən yüksək meyarlara cavab verdiyini bildirib.

Misir Mərdanov ali məktəblər arasında daha sıx əlaqələrin yaradılması üçün geniş imkanların olduğunu vurğulayıb və azərbaycanlı gənclər üçün Ukrayna universitetlərinin doktorantura pilləsində təhsil imkanlarının yaradılmasının daha məqbul hesab edildiyini önə çəkib. Nazir orta təhsil müəssisələri arasında da əlaqələrin qurulmasının və qarşılıqlı səfərlərin səmərəli olacağını bildirib.

Daha sonra bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün müvafiq təkliflər irəli sürülüb.

  

 

 Azərbaycan müəllimi.- 2011.- 3 iyun.- S.2.