Tələbələrin XVI Respublika fənn
olimpiadası
Mayın
27-də Azərbaycan Dövlət İqtisad Universitetində Təhsil
Nazirliyi və Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı
ilə keçirilən tələbələrin XVI Respublika fənn
olimpiadasının açılış mərasimi oldu.
Tədbiri
təhsil naziri Misir Mərdanov açaraq hamını burada
görməkdən məmnunluq hissi keçirdiyini söylədi.
Nazir tələbələrin respublika fənn
olimpiadasının ölkəmizin
ali məktəblərində təhsil alan tələbələrin
müxtəlif fənlərə marağının
artırılmasına, həmçinin həmin fənlər
üzrə onların hazırlıq səviyyəsinin
nümayiş etdirilməsinə imkan və şərait
yaratdığını, istedadlı gənclərin aşkara
çıxarılmasında müstəsna əhəmiyyət
daşıdığını bildirdi.
Tələbələrin
fənn olimpiadasına böyük maraq göstərdiyini və
ildən-ilə bilik yarışında iştirak etmək istəyənlərin
sayının artdığını deyən nazir bununla
bağlı statistik rəqəmləri diqqətə
çatdırdı. Məlumat üçün bildirdi ki,
olimpiada iştirakçıları 12 fənn üzrə
(riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan
tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, fransız dili,
alman dili və rus dili) öz biliklərini nümayiş etdirəcəklər.
Olimpiada ənənəvi olaraq 2 turda təşkil edilib. I tur
bu ilin aprelində ali təhsil
müəssisələrində keçirilib və burada 2000-ə yaxın tələbə
iştirak edib. Olimpiadanın yekun turunda 28 dövlət və
8 qeyri-dövlət ali təhsil müəssisəsindən 684
tələbə iştirak etmək hüququ qazanıb. Bilik
yarışına Bakı şəhərində
yerləşən ali təhsil müəssisələri ilə
yanaşı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir,
Lənkəran və respublikamızın digər şəhərlərində
fəaliyyət göstərən ali təhsil ocaqları da
qatılıb.
Təhsil
naziri son illər ölkəmizdə gənclərin yüksək
bilik və təhsil almaları üçün hər cür
şərait yaradıldığını söyləyərək
ölkə başçısı cənab İlham Əliyev
tərəfindən xüsusi istedada malik uşaq və gənclərin
yaradıcılıq potensialının inkişafı istiqamətində
görülən işləri diqqətə
çatdırdı. Azərbaycanda kifayət qədər
istedadlı gənclərin olduğunu bildirən nazir Misir Mərdanov
hazırda çoxlu sayda azərbaycanlı tələbənin xarici ölkələrin nüfuzlu
ali məktəblərində uğurla təhsil
aldığını qeyd etdi. Ölkəmizdə gənclər
siyasətinin dövlətin prioritet istiqamətlərindən
biri olduğunu, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və
mədəni həyatında gənclərimizin fəal
iştirak etdiyini söyləyən nazir olimpiada
iştirakçıları olan tələbələrə
bir sıra tövsiyələr verdi, onlara uğurlar
arzuladı.
Nazir
Misir Mərdanov tələbələrin fənn olimpiadasının münsiflər
heyətində respublikamızın tanınmış alim və
pedaqoqlarının təmsil olunduqlarını deyərək
onların adlarını çəkdi və
bütövlükdə bilik yarışının
keçirilməsində əməyi olanlara təşəkkürünü
bildirdi.
Çıxış
üçün söz alan Gəncə Dövlət
Universitetinin rektoru Elman Məmmədov ölkəmizdə təhsilin
uğurla inkişaf etməsindən, belə olimpiadaların
bilikli və yüksək intellektə malik gənclərin
üzə çıxarılmasında mühüm rol
oynamasından, Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin
müavini Şaiq Əsgərov təmsil etdiyi qurumla Təhsil
Nazirliyi arasında qurulmuş əməkdaşlıqdan, birgə
həyata keçirilən tədbirlərdən
danışdılar.
Sonra
təhsil nazirinin müavini
İradə Hüseynova təşkilati məsələlərlə
bağlı geniş məlumat verdi. Nazir müavini müxtəlif
səpgidə olimpiadaların, bilik yarışlarının,
müsabiqələrin həyata keçirilməsinə təhsil
nazirinin hər zaman dəstək
olduğunu, onlara yüksək diqqət və qayğı ilə
yanaşdığını bildirərək nazir Misir Mərdanova minnətdarlıq
etdi. Çıxışının sonunda İradə
Hüseynova olimpiada iştirakçılarına müvəffəqiyyətlər
dilədi.
Digər
çıxış edənlərdən Bakı Dövlət
Universitetinin professoru Məcnun Babayev, Bakı Slavyan
Universitetinin prorektoru Məmməd Əliyev tələbələrin
fənn olimpiadasının keçirilməsinin əhəmiyyətinə
toxunaraq, gənclərə ən xoş istəklərini
çatdırdılar.
Mərasimdə
olimpiada iştirakçısı olan tələbələr
də çıxış edərək ölkə
başçısı cənab İlham Əliyev tərəfindən
gənclərə göstərilən diqqət və
qayğıdan söz açdılar. Gənclər
olimpiadanın keçirilməsində zəhməti olan
bütün şəxslərə minnətdarlıqlarını
bildirdilər.
Elə
həmin gün respublikanın 36 ali məktəbindən 684 tələbə
12 fəndən öz bilik və bacarığını
nümayiş etdirdi.
Onu
da qeyd edək ki, olimpiadanın qaliblərinə Azərbaycan
Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən
diplomlar, hədiyyələr və pul mükafatları təqdim
olunacaqdır.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2011.-
3 iyun.- S.2.